Görüşlərin birində Konstantine Qamsaxurdiya bir yaxını olaraq Qalaktion Tabidzeyə deyib:

 

– Qalaktion, sən gürcü poetik sözünün böyük estetisən və niyə öz geyiminə fikir vermirsən?

 

Şair qəhqəhə çəkir, “Böyük ustadın sağ əli” əsərinin müəllifinə barmaqları açılmış əlini göstərub deyir:

 

– Mənim Kotsiyam, mən bu beş barmağımı daimi olaraq poeziyaya həsr etdim və əlli ildən sonra pərəstişkarlarım üçün bu gün nə geyindiyimin heç bir fərqi olmayacaq!

 

 

***

Yeni ilin ikinci günündə, səhər tezdən, Qalaktion Korneli Kekelidzenin yanına getdi. Özü ilə araq və karamel qoxusu apardı. Ev sahibi yeyib-içmiş qonaqdan üzünü yan tutmağa çalışdı, amma heç nə alınmadı. Qalaktion onu bir neçə dəfə ürəkdən öpdü, sonra onun ardınca kabinetə girdi, yanına oturdu, əlini çiyninə qoydu və dedi: “Təbrik edirəm, mənim Kornelim, çox belə illər görmüş olasan, arzu edirəm, sağlam canın olsun... Bilirsən ki, biz tibanierlilər güclüyük, qocalıq bizi zəiflətmək üçün heç nə edə bilməz. Biz uca çinarlarıq, köklərimiz isə palıda bənzəyir, uzaqdan da yaxşı görünürük, daha yaxşı”...

 

Sonra o, Tibanierin çinarları haqqında bir şeir oxudu. Bu zaman Kornelinin həyat yoldaşı Minadora qonağa “qozinağ”, şirniyyat, meyvə və konyak gətirdi. Qalaktion yalnız bir dilim “qozinağ” götürdü və dedi: “Belə şirin olaraq qocalmısan, mənim Kornelim! İndi səni görməkdən başqa bir şey istəmirəm. Sabah səhər sənə baş çəkəcəyəm və mənimlə gedək. Onlar Metexi körpüsünün yanında ən yaxşı xaş hazırlayırlar. Xaşla bir-birimizin sağlığına içək”.

 

Bu təklifdən diksinən Korneli qətiyyətlə cavab verdi: “Ah, yox, Qalaktion! Mən xəstəyəm, xaş məni incidir, sən ye. Halalın olsun!” Qalaktion qətiyyətlə dedi: “Yox! Mütləq sənin yanına gələcəyəm və səni aparacağam! Xaş çox yaxşıdır!”

 

Sonra ev sahibini bir daha öpdü və bir stəkan da içmədən elə getdi. Fikrə getmiş Korneli alnını və yanaqlarını bəyaz dəsmal ilə silərək deyirdi: “Sabah qapıma gəlsə, nə edim? Gizlənməliyəm, başqa çarəm yoxdur! Elə çox maraqlı olardı, Qalaktionla mən meyxanada bir yerdə xaş yeyib bir-birimizlə araq stəkanlarını cingildədərik. Camaata qarışmazdıq ki? Yox, yox, əgər sabah yanıma gəlsə, uzun müddət əl çəkməyəcək, onun belə tərslikləri var. Yaxşısı budur, gizlənim... Gizlənsəm daha yaxşı olar”.

 

Onun gizlənməyə ehtiyacı yox idi. Ertəsi gün Qalaktion gəlmədi.

 

 

***

Qalaktion içməyi çox sevirdi. Evinin yaxınlığında kiçik bir dükan var idi və tək içməyi sevirdi. Çox vaxt sərxoş olurdu... Bir gün içəri girib sərxoş olmadan dükanın yanından keçmək qərarına gəldi; bu dükanın yanından keçdi, bir neçə metr getdi, dayandı və dedi: “Əhsən, Qalaktion, deyəsən səbirli ola bilərsən. Elə indi dükana girib bu faktı qeyd etməlisən”.

 

 

***

Terenti Qraneli Mtatsmindada yaşayırdı. Məşhur “Memento Mori” şeirini yazdığı gün evdən çox sevinmiş halda aşağıya doğru yelləndi. Təsadüfən Opera Teatrının yaxınlığındakı Qalaktiona özünü  çırpdı. Sevincdən Terenti dərhal onu salamlayaraq dedi: “Qalaktion, Qalaktion, bilirsən nə qədər gözəl şeir yazmışam?”

 

Qalaktion dedi: “Hə, əzizim? Tamam, onda bir oxu”. Qraneli də ona bir nəfəsə “Memento Mori” şeirini oxudu. Qalaktion dedi: “Əzizim, bir dəfə yenə oxu”.

 

Düzü, bu, Terentinin xoşuna gəlmədi. Təəccübləndi və yenə onun istəyini yerinə yetirdi və yeni şeiri Qalaktiona oxudu. Qalaktiondan bir növ qiymətləndirmə və ya tərif gözləyən Terenti bu cavabı aldı: “Oldu, mənim əzizim, oldu”, – Qalaktion dedi və ötüb keçdi.

 

Qraneli təəccübləndi, xoşuna gəlmədi. Və nəhayət, Qalaktiona görə bir daha qəzəbləndi.

 

O birisi gün, səhər Qalaktiondan inciyən şair təpədən enəndə Qalaktionla haradasa rastlaşmağı arzuladı!

 

Həqiqətən də, o, Opera Teatrının önündə yenidən Qalaktionla qarşılaşdı, üstünə cumdu və Qalaktion ona macal vermədi:

 

 

“İndi səhvlər daha çox buraxılır,

İndi iyun gəlir, ətrafda yaşıl otlar var.

Müqəddəs adım poeziya ilə qalacaq,

Ürəyim və qanım – bu “Memento mori”dir.

 

Bu gün iyunun üçüdür, istəyirəm ki, on üç olsun,

Məni bir qala əhatə edir – kədər məskəni.

Həyatı istəsəydim, ölümə əzab verməzdim,

Torpaq mənim üçün qara məzar olmazdı.

 

Hardasa dağ yaxınlığında yağış yağır, hardasa dağda dumandır.

Əvvəllər heç vaxt belə bir təbəssüm görməmişdim.

İndi səmaya baxıram, səmada

Ulduzlar parıldayır – ağ əbədiyyətin simvolu.

 

İndi nə edəcəyimi bilmirəm, belə olanda.

Qocalığın kölgələri ruha daldalananda.

Mən güclü bir istedadam, səmavi varlığam,

Mənim zərif vətənim – açıq göy, mavi.

 

Nə edə bilərəm, gecə zil qara, ağır və ümidsizdir.

Kəndimi xatırlayıram, səssiz yerləri.

İndi nəsə başqa bir şey istəyirəm, nəsə başqa bir şey, adsız bir şey,

Məni o ölüm gözləyir, dəqiqliyi ilə bilirəm.

 

Günlər yavaş-yavaş ötür və ayırd etmək çətindir,

Mən, əzizim, gələ bilmirəm, sənə gedən yol uzaqdır.

Soyadım: Qraneli – poeziya üçün qalacaq,

Ürəyim və qanım – bu “Memento Mori”dir”.

 

Terenti Qraneli ən yaxşı tərifi belə aldı və “Memento Mori” isə ən yaxşı qiymətini aldı.

 

Şeir o qədər yaxşı idi ki, poeziya kralı onu əzbərlədi və beləliklə, layiqli şairi alqışladı.

 

 

***

Necə deyərlər, Qoqla Leonidze bir dəfə də olsun ağzından çıxartmayıb ki, Qalaktion əyyaşdır. Yazıçılar Birliyində Qalaktiona içkini tərgitməsə ittifaqdan xaric ediləcəyi barədə xəbərdarlıq edildikdə, o, ayağa qalxıb deyib:

 

– Tutaq ki, Qalaktionu qovacağıq, onda nə edəcəyik?

 

Kimsə yerindən qışqırıb:

 

– Yazıçılar Birliyi onsuz da mövcud olacaq.

 

Qoqla gülüb:

 

– Onda gəlin bu ittifaqın adını dəyişdirək – Ayıq və İçki İçməyənlər Birliyi. Qalaktion bu ittifaqın üzvü olsun, ya olmasın, o, həmişə Qalaktion olaraq qalacaq, qoy onlar on cild nəşr etdiklərini və hələ onun şeirinə layiq bir şey yazmadıqlarını oxusunlar.

 

Qalaktion Qoqla Leonidzeni təkcə bu sözlərə görə sevmirdi, onlar mənəvi dost idilər.

 

(davamı burada)

Topladı və gürcü dilindən tərcümə etdi:

Mirzə Məmmədoğlu