(əvvəli)

Dərhal otuz nəfərlə yola düşdük, ertəsi gün Marabda çölündən bir sürü qoyun oğurladım, gətirib şahzadəyə verdim, amma o, narahat oldu:

 

– Kimin evini yıxdın, o yazığınmı?

 

– Qadan alım, artıq əlac yox idi, bəs nə etməli idim? Tanrı sizin istəyinizi yerinə yetirəndə, bu qoyun yiyəsinə birə iki qat mərhəmətlik edin, – deyə Təhməzqulu ağa söylədi.

 

Şahzadə gülümsəyərək buyurdu:

 

– Bu, sözsüz ki, belə olacaq, əgər Tanrı mənim istəyimi yerinə yetirsə.

 

Təhməzqulu ağa yenə sözünə davam etdi:

 

– Bundan dörd gün sonra bir neçə atlı ilə bir gürcü keşiş gəldi və ondan artıq atın belinə yüklənmiş çörəklə dolu torbalar və tuluqlarda şərab, bişmiş toyuq əti ilə dolu xurcunları şahzadəyə təhvil verdi.

 

Şahzadə soruşdu:

 

– Sən keşiş deyilsən ki?

 

Mən ki, gürcücə başa düşmürdüm, Xudadbəy mənim üçün tərcümə edirdi. Sonra şahzadənin sualına keşiş belə cavab verdi:

 

– Bəli, mənim hökmdarım, mən keşişəm.

 

Şahzadə yaxınlaşdı, onun əlindən öpdü və sonra soruşdu:

 

– Keşiş, hara gedirsən?

 

– Sizin yanınıza gəldim, mənim hökmdarım, eşidəndə ki, siz bura təşrif  buyurubsunuz, azuqə ilə sizin yanınıza gəldim, bəlkə lazım gəldi, bir söyləyin ki, mənə burada niyə dayanmısınız?

 

– Kürdən keçə bilmədik, daşıb, su çox gəlir. Kaxetiyə keçmək istəyirdim və burada qalmalı oldum, Kürün suyu azalana kimi.

 

– Buyurun, mənim hökmdarım, mən sizi elə keçid yerinə aparacağam ki, Kürün suyu atın topuğuna çatmır.

 

– Keşiş, sən haralısan?

 

– Mən Kartlidənəm, o biri tərəfdən.

 

– Nə vaxt istəyirsən gedək?

 

– Bu axşam qaranlıq düşəndə, onda buyurun gəlin, o zaman isə yaxşı məqamdır...

 

Keşiş o barxanadakı çörəyi, toyuğu hamımıza payladı, dörd ya beş gün idi ki, çörək görmürdük, hey qoyun əti yeyirdik və onda bizə çörək veriləndə çox ləzzətlə yedik, həm də keşişə təşəkkür edirdik. Biz tatarlar şərab içmirdik. Şahzadə isə, məncə, on gün olardı ki, şərab içmirdi və onda şərab onun çox xoşuna gəlirdi. Onun yanında olan gürcülər də çox ləzzətlə içirdilər.

 

Həmin gecə keşiş bizə bələdçilik etdi və sübh tezdən bizi bir meşəli dərəyə apardı və axşama kimi orada qaldıq. Axşamüstü keşiş harasa getdi, biz bundan narahat olduq, lakin tezcə də geri qayıtdı və şahzadəyə bildirdi:

 

– Qadan alım, çay keçidini buldum, nə lazım idisə yerinə yetirdim, indi buyurun, çay keçidi başlı-başınadır. 

 

Elə həmin an atlandıq və tələsik yola düşdük. Keşiş bizi elə yerə apardı ki, doğrudan da əla yer idi. Bir kimsə də bizə rast gəlmədi və beləcə rahat şəkildə gəlib çıxdıq. Şahzadə keşişə çox-çox minnətdarlığını bildirdi: “Sizin bu yaxşılığınızı heç vaxt unutmayacağam”.

 

Elə həmin an tərpəndik, Kaxetiyə doğru yola düşdük.

 

Keşiş, onunla olan gürcülər də oradan çıxdılar.

 

Onda Kaxetini yenə ruslar sakitləşdirdi. Kaxetililər eşidəndə ki, şahzadə Aleksandre təşrif buyurub, yenə təkrar Kaxetini alov bürüdü. Kaxetililər silahı bir yerə topladılar və ruslarla yenə döyüşlər başladı. Burada şahzadə bizə xələtlər verdi. Böyük minnətdarlıqla haradan gəldiyimiz yerə bizi yola saldı. Şahzadənin namələri ilə Axalsixeyə paşanın yanına getdik”.

 

Bu əhvalatıTəhməzqulu ağa mənə danışdı.

 

Bir dəfə bu söhbəti əmim katalikos Antonun naziri (Nazir – XVII-XVIII əsrlərdə Gürcüstanda təsərrüfat-maliyyə sahəsində məmur – Tərc.) Nikoloz Eliozaşviliyə bizim köhnə söhbətlərdə müxtəlif şeyləri danışdım. O mənə dedi: “Mən də o əhvalatı bilirəm”. Ondan sonra o keşişin kim olduğunu soruşdum. Mənə cavab verdi:

 

– Bu keşiş Zebede idi. Həmin keçidə şahzadəni aparan keşiş. Dimitri Tarxnişvili məhz elə şahzadə Aleksandreyə görə iki yüz nəfər rus kazakını bura yığmışdı. Onun gələcəyini bilirdilər və qorxurdular ki, bu keçiddən keçməsin və ona görə də bu keçidi bağlamışdılar. O keşişin adamı daha əvvəl Dimitrinin yanına gəlib dedi: “Bu gecə şahzadə təşrif buyuracaq, sən öz kazaklarınla buradan çıx, şahzadə sizə sevgi dolu salamını da ismarladı”.

 

Həmin keşişin ismarıcına görə Dimitri şahzadənin gəlişindən çox məmnun oldu və buna görə də həmin axşam öz kazakları ilə o keçiddən tamamilə çıxdılar, başqa tərəfə getdilər. Həmin keşiş axşamüstü şahzadənin yanına gələsi olduğuna görə, keçidi yoxladı. Gördü ki, orada heç kim yoxdur. Gəlib şahzadəni rahat şəkildə  apardı. Bunu da mənə o nazir Nikoloz danışdı.

 

Lakin kaxetililər yenə də bir şey edə bilmədilər və ikinci dəfə Kaxeti əhalisini sakitləşdirdilər. Oradan tutulan  tavadları bura, Tiflis şəhərinə, əli-qolu bağlı olaraq gətirdilər və buradan Sibirə göndərdilər. Bəziləri şahzadə Aleksandre ilə birgə Dağıstana üz tutdular və bəziləri Qızılbaş məmləkətinə keçdilər. Bir çoxunu ruslar bağışladı. Bu ikinci Kaxeti iğtişaşlarında bibilərim Yekaterine və Quka (Əvəllər də demişəm, Yekaterine Saqareco mouravisi tavad Tamaz Çoloğaşvilinin, Quka da Kaxeti aznauru Qocasp Natelaşvilinin həyat yoldaşı idi. Bu, şahzadə Aleksandre ilə birlikdə Dağıstana getdi, oradan da İrana keçdi və orada onunla birgə dünyasını dəyişdi. Mənim bibim Yekaterinenin oğlu gənc Tadia da bu ikinci Kaxeti ixtişaşlarına qatıldı və ruslara qarşı çox böyük iş gördü. Lakin sonda o da İrana keçdi və oradan Yermolov öz dövründə Tadianı, Sibirdən bütün tavadları Gürcüstana gətizdirdi) camaatın içinə çıxıb onları coşdururdular və başqa çoxlu qadınlar da onlara qoşulmuşdular, lakin ruslar başqalarını təqib etmədilər, o iki bibimi əli-qolu bağlı bura, Tiflisə gətirdilər və elə buradan da əli-qolu bağlı Rusiyaya yolladılar. Bibim Yekaterine orada öldü, Qukanı  yenə bura, Tiflisə gətirdilər.

(son)

 

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU