ALEKSANDRE ORBELİANİ

 

(əvvəli)

 

Çar İrakli dərhal əyanları və övladlarını çağırdı, onların yanında yurd söhbəti etdi. Odur ki, onların hamısı and içərək dedilər:

 

– “Biz öləcəyik və Ağa Məhəmməd şah Qacardan heyif alacağıq”.

 

Çar İrakli onların qeyrətini görəndə dedi:

 

– “Bunu sübut etmək üçün bütün Gürcüstan camaatı öz arvad-uşaqları ilə bura – Tiflis şəhərinə gəlməliyik. Təkcə kişilər deyil, qadınlar da silaha sarılmalıdır. Nə ki bu şəhərin başına gətirdilər, qana-qan alınacaq”.

 

Bundan ötrü də hamı and içdi və hazırlığa başladılar.

 

Çoxu ailəliklə şəhərə gəldi, çarın ailəsi də Telavidən gəldi. Bu vaxtlar müjdəçi çar İraklinin yanında idi: Ağa Məhəmməd şah Qacarı Qarabağda öldürüblər, – dedi.

 

Bu xəbərin müjdəçisi Baydar sultanı Almaz xan idi, özü bunu nəql etdi:

 

– “Qazaxda idim. Bu xəbəri ilk dəfə orada eşitdim. Səhər yeni açılırdı. Elə həmin an ata mindim. Yaxşı bir atım var idi. Onu dördnala çaparaq şəhərə gəldim, nahar yeməyi zamanı özümü hökmdara yetirdim. Bu zaman çar yanmış, xarabaya çevrilmiş sarayının yerində dayanıb öz böyük əyanları ilə nəsə danışırdı. Atın yüyənini çəkdim və çarı çağırdım: Hökmdara salamlar olsun. Təbrik edirəm, – deyərək atdan düşdüm. Çar mənə baxdı, tanıdı və tezcə yanıma gələrək, – Nə xəbər var? – deyə soruşdu. Ağa Məhəmməd şah Qacar Qarabağda qətlə yetirilmişdir, – dedim. Hökmdar çox xoşhal oldu, başqları isə narahat oldular. Bu da bizim bədbəxtliyimizdir ki, Ağa Məhəmməd şah Qacarın öhdəsindən gələ bilmədik, – dedilər...”

 

Tatardan bu xəbəri eşitmək elə xoşuma gəldi, məni elə xoşhal etdi ki, ona hörmət əlaməti olaraq onun müjdəsini belə incəliklə yazdım. Həmin vaxtlar İraklinin əlaltıları olan tatarlar da çox sədaqətli idilər. Belə ki, həmin vaxtlar bəzi ermənilərin və bəzi gürcü tavadlarının üzündən Gürcüstan məhv oldu”...

 

Çar İrakli dərhal çariçanın yanına müjdəçi göndərdi ki, Ağa Məhəmməd şah Qacarı Qarabağda qətlə yetiriblər. Onu da dedi ki, heç də gəlmə, mən burada işlərimi bitirəndə tezliklə yanına gələcəyəm. Bundan sonra bütün kilsələrdə bayram paraklisi keçirtdirdi, Tanrıya dualar oxundu, böyük şükürlər edildi. Gürcüstan üçün çox yaxşı oldu ki, Ağa Məhəmməd şah Qacarı öldürdülər. Öldürməsəydilər daha dəhşətli xəyanətkarlıqlar hazırlanmışdı. Bütün Gürcüstan viran  edilməli idi. Ağa Məhəmməd şah Qacar böyük şah Abbas kimi bu niyyətlə gəlirdi.

 

Ağa Məhəmməd şah Qacardan sonra çar İrakli Gəncə qalasını alanda Gəncə xanı Cavad xanı ələ keçirdi (O, Ağa Məhəmməd şah Qacarın qohumu və dostu idi. Gürcüstana onu özü gətirdi) və axırda onu özünə çəkdi.  O, Gürcüstanın son dəfə viran edildiyini ona nəql etdi; Səbəbi kim idisə, onu da və çoxlu başqa şeyləri də danışdı... Bunları gələcək üçün saxlayaq. Lakin o məxvi xəbərləri eşidəndən sonra çar İraklinin üzü daha gülmədi, hətta kədərləndi.

 

Gənclik çağlarımda, hələ nikaha girməmişəm, təzəcə nişanlanmışam, həmin vaxtlar bir axşam qayınatamın kürəkəninin bacısının əri tavad Eliazar Palavandişvilinin (çar Georginin katibinin) yanında mənim qayınatamın özü  David Barataşvili, bibimin əri Niniya Melikişvili, katalikos Antonun naziri, aznaur Nikoloz Eliozişvili və çar İraklinin, çar Georginin və onların ailələrinin həkimbaşı aznaur İvane Karaevişvili və mən birlikdə olduq.

 

Əvvəllər hər halda belə idi, itlər bir araya gələndə, kütə gələndə tamamilə it əhvalatını danışırdılar.

 

İllah da ki, İraklinin, onun adi əhvalatını ortaya atdılar və guya onun yaxşı əhvalatını elə köks ötürərək danışırdılar, doğrudan da ağır idi. 

 

Sonra Niniya kədərlə dedi: – “Mən düzünü deyəcəyəm. Əgər çar İraklinin müsibəti baş verməsəydi, yəni Ağa Məhəmməd şah Qacarın bu şəhəri alması baş verməsəydi Gürcüstan camaatı qoruyub saxlamaq üçün İraklini müqəddəs tikələrə bölərdilər”. 

 

Katib Eliazarın cavabı: – “Mənim qardaşım Niniya, mən hər şeyi ətraflı bilirəm və daha gizlətməyəcəyəm, burada elə adam yoxdur ki, ondan gizli olsun. Çar İrakliyə kim nə edə bilərdi? Lakin xəyanətkarlığa nə çarə”... Ağzını açıb nələr, nələr dedi...

 

Sonra həkimbaşı İvane: – “Mən həmişə çar İraklinin və şahzadələrin yanında olmuşam. Bunu siz də yaxşı bilirsiniz və yaxşı xatırlayırsınız”. Çox danışdı və bunu da əlavə etdi: “Bunu burada deyirəm, yoxsa başqa yerdə bu barədə ağzımı mumlayardım”.

 

Qayınatam: – “Güc-bəla bir yer rastımıza çıxdı, hər şeyi doğru-düzgün deyəcəyik. Siz də yaxşı bilirsiniz ki, mən uşaqlıqdan şahzadə Davidin yanında olmuşam və ona görə də onların əhvalatını bilməliyəm”. Bu da çox şey dedi.

 

Sonda nazir Nikoloz dedi: – “Düzdür, biz belə mehriban və etibarlı söhbətə çox az rast gəlirik. Mən katolikos Antonun yetirməsiyəm, bunu siz də bilirsiniz, həm də Rusiyaya gedəndə ona qoşuldum və şəhərdən də çıxanda, bazar ertəsinin axşamı, Ağa Məhəmməd şah Qacarın zamanında mən çariçanın və katolikosun önü ilə piyada getdim. At tapa bilmədim, elə tələsik getdilər. Şahzadə, onların anası da oraya atla (əlini çiynimə qoydu) buyurmuşdu, öz qardaşı katolikos Antonun yanında. Bəli, çar İraklinin və katolikos Antonun yanında  çox söhbətlərində, onların məxvi danışıqlarında iştirak etmişəm. Onlar mənə beləcə etibar edirdilər. Onların söhbəti yaxşı yadımdadır”. Bununla başladı və daha çox danışdı.

 

Ağa Məhəmməd şah Qacarın əhvalatını yalnız onlardan eşitməmişəm. Nə qədərini də yenə başqalarından  duymuşam (bəziləri bu əsərdə də görünür), belə ki, yarısını da yazmamışam bu əsərdə. Artırmaq lazım deyil, bu da kifayətdir.

 

O it əhvalatını gənclik vaxtlarımda xatırlamağı çox sevirdim. O itlər də mənim yanımda gizlətmirdilər – nə mənim gənclik çağlarımda, nə də kişilik dövrümdə. Yanlarında oturdardılar və mənə deyərdilər: Heç kimə heç nə demə. Bəlkə bunu oxuyanlar deyəcəklər: Niyə gizlədirdilər? – Niyə gizlədirdilər, əvvəl onu izah edək.

 

 (son)

 

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU