Elizbar CAVELİDZE

 

Ümumxalq tərəfindən qəbul edilmişdir ki, istənilən xalqın düşüncəsini, ələlxüsus, bədbəxtlik və ədalətsizlik anında bir məqsəd qidalandırır: Bu yaramazlığın mənbəyinin qarşısını alan və məhv edən qəhrəman axtarmalı, aşkar etməli və ya, elə götürək, təsəvvürlə əmələ gətiməli, yaratmalıdır. Bu qəhrəmanlar qalereyasına türkdilli aləmdə xüsusi məhəbbətə malik olan Koroğlunu (korun oğlunu) aid etmək olar. Lakin onun populyarlığı bununla başa çatmır. Onun adı başqa, ələlxüsus isə, qonşuluqda yaşayan tayfalar, istərsə də millətlər arasında yayıldı, igidlik barədə bir çox dastan yarandı və sonra bir igidlik eposu olaraq formalaşan qəhrəmanlıq eposunun əsas personajı kimi bizə təqdim olunur.

 

Birdilli xalqların folklorunda bədii axının bu cür qarşılıqlı qaynayıb-qarışması təbiidir ki, bu da əsasən xalq folklorunda bərqərar olunan ənənənin estetik, istərsə də etik modellərinin bir-birlərini böyütməsini, bir-birindən borc almasını şərtləndirir, buna da siyasi sərhədlər, istərsə də dövlət sərhədləri maneələr törədə bilmir. Bu həqiqəti zamanın gedişi təsdiqlədi və bunu birdilli xalqların yaradıcılığında ilk növbədə dil, sonra həyatın tərzi və qaydasının bənzərliyi, əxlaqi-estetik məcəllənin eyniyyatı, millətin əmələ gəlməsinin vahid başlanğıcı və ən başlıcası, inam və genetikanın ümumi əsası şərtləndirir.

 

Lakin onu da unutmamalıyıq ki, ümumiyyətlə, insanların və müvafiq olaraq xalqların düşüncə spektrində fərqliliyə nisbətən bənzərlik daha çox nəzərə çarpır. Elə götürək müxtəlif xalqların folklorunda fəaliyyətdə olan dil çəpərini və genetik çərçivəni artıq pozan və yalnız qonşu deyil, eləcə də bir-birlərindən coğrafi olaraq, sivil-mədəni olaraq uzaqlaşan xalqların bədii düşüncə sistemində oxşarlıqlar və eyniyyət əlamət-xüsusiyyətlərini büruzə verən bədii modellər bundan xəbər verir. Bütün bu yuxarıda gətirilən baxış dairəsini ona görə xatırladım ki, yaxşıca dərk edək: Müxtəlif xalqların folklorunda elə eyni qəhrəmanın adının, onun mübarizəsinin, onun əhval-ruhiyyəsinin və çox hallarda bəzək əşyaları kimi təsvir səviyyəsini zənginləşdirən müdrik tövsiyyələrin, atalar sözlərinin, lətifələrin təkrarı və eyniliyi adi haldır. Lakin Koroğlunun adının böyük populyarlığına baxmayaraq bu eposun versiyalarının variant çoxluğu və yayılması bir növ, hər halda, təəccüb doğurur. Qısası, Azərbaycan, erməni, kürd, türk, gürcü, türkmən, özbək, ərəb, tacik, qazax, tobul-tatar, qaraqalpaq versiyaları bu günə kimi bizə gəlib çatmışdır ki, onları da iki qrupa bölmək olar: Azərbaycan versiyasından gələn Zaqafqaziya və türk versiyaları; ikincisi, başda da türkmən versiyasının durduğu Kiçik Asiya versiyası (Жирмунский В.М., Некоторое итоги изучения героического эпоса народов Средней Азии. Вопросы изучения эпоса народов СССР, М., 1958).

 

Koroğlu eposu və bu versiyaları barədə bir çox diqqətəlayiq tədqiqat mövcuddur ki, bunların da elmi dəyərləri öz mahiyyətini itirməyib (Bax: Givişvili D. Köröğli, I boy, 1887; II boy, 1891; III boy, IV boy, 1991-ci il, Tbilisi, 1971. Чиковани М.Я., Серебряков С.С., Сказаниа о Короглы и о Ашуг Гарибе в грузинском фолкьлоре, Материалы сессий, посвященной итогам археологических и этнографических исследований 1964 г. в СССР, Ваку, 1965. Церетели Г.В., Арабские диалекты средней Азии, т. I, Тбилиси, 1956. Короглы – восточный поэт-наездник, перевод с английского Пенн С.С., Тифлис, 1853. Жирмунский В.М., Новое о Короглы: Известия АН СССР, серия литературы и языка, т. XXVI, I, М., 1969. Каррыев Б.А., Эпические сказания о Кор-оглу у тюркоязычных народов, М., 1968. Фархадов Ф.К., Закавказская версия эпоса Короглы, автореферат докторской диссертации, Баку, 1968. Шопен И., Кор-оглу, Татарская легенда: “Маяк современного просвещения и образованности, Труды ученых и литераторов русских и иностранных”, СПб, 1840, 7, с.107-151 Abdülkadir [İnan], Köroğluna ait Kitabiyal, Halk Bilgisi Haberleri, 1929. Boratav P.N. Köroğlu Destanı, İst., 1935. Mollov R., Contribution a l’etude du fond socio-historique, du Destan “Koroglu”, “Etudes Balkaniques”, 7, Sofia, 1968. Çlaidze L., Koroğlu eposunun gürcü versiyası, Tbilisi, 1978 və sair). Lakin bu dəfə mənim tədqiqat obyektim Koroğlunun Azərbaycan eposudur ki, bunu da, rəhmətlik Zezva Medulaşvili çox gözəl tərcümə edib (Koroğlu-Koroğli, Tbilisi, 2010-cu il). Bizim seçimimizi növbəti səbəblər şərtləndirmişdir: Birincisi, mənim fikrimcə, bütün versiyaların (türkmən də daxil olmaqla) başlanğıc mənbəyi olaraq Azərbaycan folklorunu hesab etməliyik. İkincisi də, Azərbaycan dastanı Zaqafqaziya xalqlarının və elə götürək, Liya Çlaidzenin əsaslı şəkildə öyrəndiyi gürcü versiyasının da əsasını təşkil edir (L.Çlaidze, “Koroğlu” eposunun gürcü versiyası, Tbilisi, 1968-ci il). Elə o, “Koroğlu” qəhrəmanlıq eposunun öyrənilməsinin qısa, lakin, demək olar ki, ətraflı tarixini və bu məsələ barədə mövcud elmi ədəbiyyatın icmalını bizə təqdim etmişdir (Elə orada, səh. 5-20). Üçüncüsü, gürcü əhalisi arasında Koroğlu ədalət uğrunda mübariz qəhrəman kimi qəbul edilib və tanınıb. Dördüncüsü, Zaqafqaziya xalqlarının düşüncəsi Koroğlunun talançılığını-quldurluğunu xeyirxah davranış kimi dəyərləndirmişdir ki, bu da xeyirxah qaçaq tipini yaratmışdır. Və nəhayət, Koroğlunun dastanlar məcmuəsi orta əsrlərin türk-Azərbaycan qəhrəmanlıq eposunun bədii spesifikliliyini və ən başlıcası, o dövrdə hökm sürən etik-estetik məcəlləsi barədə bizdə müəyyən təsəvvür yaradır ki, bu da mənim əsərimin  əsas tədqiqat məqsədidir.

 

İndi qısaca “Koroğlu” qəhrəmanlıq eposu süjetinin inkişafının əsas məhvərinin necə olması və hansı prinsiplə onun istiqamətləndirilməsi barədə...

 

Ümumiyyətlə, türk qəhrəmanlıq eposu ayrı-ayrı boylardan, istərsə də dastanlardan ibarətdir ki, onlar da süjet inkişafının məhvərinin bir-birindən asılı olmayan kiçik süjet qövsünü yaradırlar. Bu həcmdəkinin öhtəsindən gəlinməsi və yaxud onları bir-birini bağlayan həlqə olaraq əsas fəaliyyətdə olan iki növ sima ilə bizə təqdim olunan personaj, istərsə də qəhrəman ortaya çıxır: Birincisi dastanda təsvir olunan hadisələrin məlumatvericisidir, müəyyən mənada bu həmgamədə iştirak edir, lakin, əsasən, hər halda bu hadisələrin sonluğunun müəyyənedicisi və dəyərvericidir. İkincisi də dastanda aparılan mübarizənin fəal iştirakçısı özüdür; qələbə, istərsə də məğlubiyyət, daha çox ondan asılıdır. Müvafiq olaraq şöhrət qazanmış qəhrəmana çevrilir ki, onun barəsində də dastanlar yazılır, ozanlar oxuyur və qəhrəmanlıq eposu yaranır. Uzağa getməyək deyə, birinci sima Dədə Qorquddur ki, qəhrəmanların taleyini irəlicədən oxuyur və müdrik təlqinçidir, bütün baş verənlərin və baş verəcəklərin qavrayıcısı, yekunlaşdırıcısıdır. Lakin problemlərin həllində (bir istisnadan başqa) bilavasitə iştirak etmir. İkincisi isə ədalətsizlikdən acizləşmiş camaatın xilaskarı olan qəhrəman Koroğludur ki, insanların taleyini bilavasitə idarə edir. Buna görə də, təbiidir ki, haq-ədalət uğrunda mübarizə onunla bağlıdır.

 

Və beləliklə, Azərbaycan (türk) xalqı iki xilaskarın adını yaratdı: biri əfsanəvi, müdrik və hər şeyi mühakimə edən Dədə Qorquddur ki, onun da adı ilə bir çox qədim oğuz igidlərinin qəhrəmanlığı və əxlaqı bağlıdır və vahid Dədə Qorqud əsərini yaratmışdır. İkincisi isə azadlıq və haqq-ədalət uğrunda fədakar qəhrəmanın – Koroğlunun mübarizələrini və sərgüzəştlərini dastan olaraq nəql eylədi, oxudu və onun adının çətiri altında birləşdirdi. Odur ki, xalqın istedadı bu iki gözəl qəhrəmanlıq eposunu yaratdı.

 

İndi isə, tədqiqatın əsas məqsədinə qayıdaq və bu qəhrəmanlıq eposunun dərin qatlarının hansı etik-estetik əqidəni qidalandırdığını daha aydın şəkildə qavramaq üçün “Koroğlu”da yerləşdirilmiş dastanların mövzu və motivlər həlqəsini nəzərdən keçirək.

(davamı burada)

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU