Skandarnovanın erotik mövzusu daha fəaldır. Onun ruhun qoynundan doğan ideyaları yoxdur. Skandarnovanın yaradıcılığı səthidir. Onun aşiqanə mahnıları tünd rəngə çalır:
“İki gözümün işığı,
Nəyə görə inciyibsən,
Qaranlığa düçar olmuşam, işıqlandır məni,
Nə qədər ki, zaman sənindir.”
Ey qızılgül, səni açmağa gəldim,
İstəyimi demək üçün sənə sözüm var.
Tikan üstündə oturmuşam,
Acı göz yaşları axıdıram!”
və sair (“Şənlik sazəndəsı”, 1870-ci il, səh. 107).
Bu şeir Skandarnovanın adını çox məşhurlaşdırdı. Kim oxumurdu. Harada oxumurdular. Vaso Abaşidze özünün “Cəngi”sində çap etdirmişdir (“Cəngi”, 1892-ci il, səh. 433), S.Çelidze “Çanquri”sində (“Çanquri”, 1901-ci il, səh. 129), İ.Ratili “İki gözümün işığı” adlı öz konsertlərində elə yaxşı oxuyurdu ki, Mixail Kipianinin dediyi kimi, “teatrı alqış səsi ilə lərzəyə gətirirdilər” (“İveriya”, 1890-cı il, №179. Çitorelidze təxəllüsü ilə dərc olunub), D.Arağişvili xalq mahnısı kimi müəllifini göstərmədən öz toplusuna yerləşdirmişdir (“Milli mahnılar”, 1909-cu il, səh. 13). Güman ki, bu xalq mahnısı olmasının günahı idi ki, İlya da öz məşhur şeiri ilə əks-səda vermişdir: “Mənim gözəl ölkəm, nəyə görə inciyibsən!” (İlyanın bu şeiri 1871-ci ildə yazılıb, G.Skandarnovanın şeiri isə 1870-ci ildə yazılıb ( “Şənlik sazəndəsı”, 1870-ci il, səh. 107). İlyanın redaktorları qeyd edirdilər ki, “Mənim gözəl ölkəm, nəyə görə inciyibsən!” onunla fərqlənir ki, əlyazmada hər üç tayepdə (şeirin sətrində ritm vahidi - M.M.) son sətri belədir: İki gözümün işığı, nəyə görə inciyibsən (Bax: M.Qedevanişvilinin nəşri, səh. XVII). Bir sözlə, bu şeir bir vaxtlar elə onun “Çıx, ey günəş”i kimi və ya da:
“Bu dünyanın küləş qədər qiyməti yoxdur,
Həyatı zorla yaşamaq bir şeyə dəymir.
İstər olsa da səndə dünyanın var-dövləti,
Bir gözəl qadına dəyməyir!”
– kimi populyar oldu.
Givişvili ilə müqayisədə Skandarnova həqiqi bohema idi. Halbuki, o bir şeirində deyir: “Sənətkardan və yazıçıdan başqa yaxşı söz deyən yoxdur”. Lakin onda prinsip, peşə əməksevərliyi yox idi. Bütün gününü bazarın işıqlarında keçirirdi, tanış dükançıların yanından ötərdi. Bir-iki atmacalı söz atardı, güldürərdi, qəh-qəhə çəkərdilər və bundan da o razı qalardı. (Bu səhlənkar xarakterə görə bir həftənin kəbin kəsildiyi arvadını boşadı. Skandarnova arvadının gətirdiyi cehizi geri aparanda zarafatından qalmamışdır. Skandarnova zurna kirayələyib arvadın gətirdiyi əşyalarını zurna ilə yola salmışdır: “Zurna ilə gətirdi, zurna ilə də aparsın” deyə Skandarnova zarafat edib).
Az cəfakeş və az əməksevər kimi o öz istedadını əyləncəli zarafatçılığa xırdalamışdır. Əyyaşsayağı ifadələri, qanadlı kəlmələri və baməzə əhvalatları danışmağı sevirdi. Onun şəfqətli bədahətən dediklərinin şərabla birgə tökülmədiyi elə bir samikitno (şərab dükanı - M.M.) qalmamışdır:
1. “Mikitan bəzzazlıq edə bilməz,
Sövdəgər ğəzzazlıq edə bilməz,
Hər bir insan öz işini bilməlidir”
və sair.
2. “Zavallı insanın apteki mikitanın dükanıdır”.
Şərabı içərdi, başqalarını da dəvət edərdi. Yaxşıca keflənərdi və... Pul? Sonra nə etməli? O ki, bohemadır? Skandarnova da Ömər Xəyyam kimi: “Cır-cındırımı şəraba görə girov qoydum” – öz paltosunu özü soyunardı və mikitana girov qoyardı:
“Bu gün də o palto padvalda durur,
Bilirsən neçəyə? Səkkiz abbası borca!”
Qələm yoldaşı David Givişvili onun üstünə belə gülür.
Skandarnovanın üzündə çox nadir hallarda təbəssümü sezərdik. Danışanda, “zarafatçılıq qələtlərini” söyləyəndə üzünün mimikası tərpənmirdi, özünü qürurlu aparardı. Skandarnova həqiqi “qaraçoxeli şah”a malik idi. Onun deklamasiyası həddindən artıq orjinal idi. Qəribə qılıncı yerə qoymaqla, mimikalarla səthi danışardı. Uşaqlıq vaxtlarında atamın meyxanasında onun Darnovadan eşitdiyim iki sətrini heç vaxt unutmaram:
“Kaş ki, sənin ola idi tutun yarpağı,
Mən də olaydım ipək qurdu!”
Bu şeir heç yerdə dərc olunmayıb!
***
Skandarnovanın təbii hünəri Givişvilininkindən daha ötkəm idi. Lakin Givişvili öz fikirlərini istər elə, istər belə, düzgün gürcücə ifadə etməyi və pozulmaz ölçü ilə şeirləşdirməyi daha çox bacarırdı. Buna görə, Skandarnovanın ayrı-ayrı sətirlərinin güclü, kəskin, damarlı olmasına baxmayaraq onun şeirlərinə nisbətən, Givişvilinin bəzi kitabının, xüsusilə “Tutuquşu”nun, bu şeirə cevrilmiş nağıllarının, nisbətən, daha çox alıcısı və oxucusu var idi.
Givişvili mövzuları seçəndə və şeirin texnikasına ehtiyatla yanaşanda, Skandarnova çox hallarda həmişə gürcü dilinin adi qanunlarına və ədəbi formasına riayət etmirdi.
Skandarnova türk dilindən “Molla Nəsrəddinin həyatı”nı tərcümə etdi və “Ailəvi-elmi yuxu yozumu”nu tərtib etdi. Skandarnova bu kitabları mənə həsr etdi. Oxudum və Qri-qri təxəllüsü ilə kiçik qeyd yazdım. Onun gürcücəsinə bir az qulp qoydum (“Xalq qəzeti”, 1913-cü il, № 984).
Ümumiyyətlə, yazıçının həyatı iki cürdür: Yazıçı var ki, özü üçün yazır və öz əsərlərini elə özü oxuyur. Lakin yazıçı var ki, yazır və xalq onun sözünü qapır, xalq onun fikirlərini mənimsəyir.
Skandarnovanın şeirlərini Tiflis əhalisinin aşağı təbəqəsi sevirdi, Skandarnovanın auditoriyası var idi və bu müəllifin bəzi qüsurunu göstərmək lazım idi ki, bizim şəffaf gürcü dilimiz bulanmayaydı.
Mən bunu öz yazımda qeyd etdim.
Doğrudan da necə bir gürcücədir:
“Göydə Tanrını şöhrətləndirirdilər
Və alahverdi söyləyirdilər” (Gürcülər arasında süfrənin bir üzvü tərəfindən deyilən sağlığın o birisinə təklif ənənəsi - M.M.)
“Hər sağlıqda
Baqrat da tuşi çalır onunla bərabər!”
“Mənə ərim bayram üçün dabansız ayaqqabıya söz verdi” (Demək lazımdır ki, G.Skandarnovanın bu məğlubiyyəti qocalıq çağlarında baş verirdi, o da erməni ədəbiyyatının tərcüməsi zamanı).
Skandarnovaya mənim iradlarım xoş getmədi və cavab olaraq mənə iki şeir yazdı.
Bu şeirləri verirəm ona görə ki, oxucu bilsin, bu şöhrətpərəst müəllif nə dərəcədə nahaqdan mənə ərk elədi. Lakin hər halda bu, G.Skandarnovanın şəhərin xalq ədəbiyyatında müvafiq yer verməyimə və onun poeziyası barəsində bir necə xoş söz deməyimə mənə mane olmur. Bax, bu da şeirlər:
I
Sevinin, qadınlar,
Dünyaya gətirin yazıçını.
Sizin yığnağınızı arzulayıram.
Sizə urcah olub yaxşı nəğməkar.
Gəncdir, hər şey nə vecinə,
Böyük düşüncə sahibidir.
Sizə romanlar da oxuyaram,
Yad kəlməlidir!
Belinskini təqlid edir,
Tənqidçiliyə başlayıb.
Köhnə xalq şairi,
Nəsə qeybətə başlayıb.
Nə olub sizə, qadınlar,
Yaxşı tərəfdar tapın,
Onun qorxusundan kim sizi məzəmmət edər.
Dilavər tapın.
Xarpux institutunda,
Dərin savada yiyələnmişdir,
Heç kimi bəyənmir,
Lovğalı edilibdir!”
və sair (“Şənlik süfrəsinin nəğməkarı”, 1913-cü il, səh. 18).
II
Sizə məsləhət görürəm, Qri-qri, daş atma mənə,
Səy ağılla işi həll etmə.
Yoxsa yaxşı məni tanıyırsan, yaxşı bilirsən
Ki, Tiflisdə sənə kir yaxaram,
Yeri, öz tayını tap
Ki, qumara qurşanan olsun.
Qəzetə niyə zorla soxuldun.
Niyə soyadını iləndirdin.
Onun üçün kitab həsr etdim
Ki, məni sancasan.
Camaat içində nəyisə cızma-qara edirsən,
Məgər bu şənlik ediləsimi haldır?
Anladığıma görə tənqidçilik edirsən.
Səy ağılla pilfitosluq edirsən (filosofluq - M.M.)
Mənim tərcüməmə qulp qoyursan,
Görünür, qeybətçilik edirsən!
Elə bilirsən ki, yazıçısan?
Gileyləri oxuyursan.
Bununla sən siçan tuta bilməzsən,
Çünki həddən artıq çığırqansan.
Bu qələti səndə qoymayacağam.
Rastına gətirəcəyəm pis bəlaları.
Givişvili bilmə məni,
Ağzını küləşlə dolduraram (“Yeni kiçik xalq cəngisi”, 1914-cü il, səh. 55 (Bu şeirdə belə bir başlıq vardır. “Xalq” qəzetində mənim haqqımda yazan Qri-qriyə mənim cavabım”).
Burada xatırlanan “Givişvili” onun müasiri və bizim üçün naməlum olan şair Givişvilidir. Bu zəmində onlar arasında şeirlə deyişmə, polemika olub. Onların yazışmalarını geniş kütlə bilmədiyindən bu iki ozanın şeirlərini bir az “geniş şəkildə” nüsxələyirik.
Ayxenvaldın dediyinə görə, “Şairlər barədə yazmaq onların şeirlərini köçürmək deməkdir”. Bu fikri xalq yazıçıları barədə demək daha yerinə düşər. İllah da ki, onların yazdıqları, bu “bazar kitabları” bizim muzeylərdə də biblioqrafik nadirliyi təşkil edir.
Skandarnova ilə Givişvilinin deyişməsi həddindən artıq diqqətə layiqdir. O dövrkü bohemik Tiflis bu polemikada aydın şəkildə özünü büruzə verir.
Deyişməni Skandarnova başlayıb. Bu, Givişvilinin cavabından görünür:
“Halbuki, uzun müddətdir ki, sənə tərif qoşmaq istəyirdim,
Lakin sənə qıymırdım, köhnə vaxtlar qardaş idik.
Əgər indi incisən, mən heç nəyi əsirgəmədim.
İlk dəfə sən məni üstələdin”... və sair.
D. Givişvili davam etdirir:
Peşə sahibi yazıçı! Əvvəlcə gürcü dilini öyrən,
Erməni ləhcəsində yazma, ey beyni dağınıq.
İkonanı moizə etməklə ədalətsiz olaraq çərənləyirsən,
On uç yaşlı usta, yoluna qoyulmuş ola bilməzsən.
Dağılmış dəyirman kimi yaramadı sənin üyütdüyün.
Gücün yetənin üstünə şeşələnirsən,
Sənin kimisi yazıçıdan əlimi üzmüşəm, məndən gedəcək.
Gəl bəhsə girək, baxaq kimə nə olacaq.
Bizim aramızda zora düşən quru ot yesin.
İki-üç saat ağaca bağlanmış olsun”... (Bax: D.Givişvilinin “Dul bakirədən nəyi ilə üstündür” kitabı, 1878-ci il, səh. 10)
G.Skandarnovanın cavabının belə bir başlığı var:
“Dolu yağdı, daşa rast gəldi”
Avlabarlı düdükçü, düdüyün yaramır,
Görünür, qulaqlardan əskiksən, gərək hündürdən bağıram.
Belə ki, mənimlə deyişirsən, ağzına qara çəkəcəyəm,
Bu dünyada məndən artıq bəla istəmə.
Cancrakları (gəzərgi qaraçıları - M.M.) məətəl eylə, Bliadzenin motalı ilə,
Onları aldatdın, Maclacununun quyruğu ilə (Məstedici yuxu ilə - M.M.).
Qara yel vurub səni, mızıldanaraq gəzirsən,
Başında baş ağırısı var, şübhə edirəm kirənc yaxşılaşdıra.
Peşəkarın üstünə niyə gülürsən? Onunla daimi çörəyi vardır.
O hər yerdə yaşaya bilər, şərab küpü hazırlamaq qabiliyyəti var.
O səni kimi gəzmir, üzünə his çəkməyib.
Dəftər ilə daydalayır Savkisinin giziri (Gizir qədimlərdə kənd məmuru, kəndxudanın əlaltısı - M.M.)
Uzaqdan xana bənzəyirsən, əbada səni görəndə (Burada D.Givişvilinin libası nəzərdə tutulur, gürcü əbası)
Ğvelieridə (Böyük pəhrizin ön həftəsi - M.M.) oturdun, yığdın şabaş.
Böyük pəhrizdə ziyarət üçün Kəbəyə get.
Bəlkə hünərini artıra Məhəmmədin piri,
Təhsildə kimin üstünə gülürsən, kimə dil uzadırsan?
Dilini dibindən kəsərəm, o danışan dilini yox edərəm.
Bu müddət ərzində xilas oldun Skandarnovanın inciməyindən.
Bir daha cürət etmə, sənə baha başa gələr (Bax: G.Skandarnovanın “Qarınqulu insanın həyatı”, 1879-cu il, səh. 49).
D.Givişvilinin cavabına cavabın belə əks başlığı vardır:
“Mən o doluyam ki, səni kimi daşı daim qıraram
Şəhərli çığırğan, nə ora-bura özünü vurursan?
Üzdən görünür, tədricən sərsəmləyirsən, yelbeyin olursan,
Vaxtında özünə çarə qıl, epilepsiya tutmasın səni,
Başından rədd eylə o tənbəl baş gicəlləmələrini,
Boş-boş, lağlağı ilə yordun çənələrini.
“Avlabarlı düdükçü” adlandırırsan məni, çalaram,
Səni kimi şeir söyləyənin, daim ağzını tikərəm,
Unudaram, bilginən, nəsə bəzək-düzək yapdığını (Burada Skandarnovanın peşəsi – маляр-lıq nəzərdə tutulur).
Qələmi yerə saldıraram, şeir iştahanı kəsərəm,
Hirsindən şıllaq at, toxmaqları başına vur.
Hədələyirsən, unlu baş, nahaqdan şişirsən,
Sənin bu cür çalarlarını həşərat bilirəm.
Şam ağacının küləşi ilə səni kimi düşmənləri müqayisə etdim,
Sənin boş başında bildirçinlər yuva qurub,
Ey sarsaq, onlara ümid olmaq sənə nə kömək edər!
Yadında deyilmi, bir vaxtlar alverçi idin?
Nədən oldu ki, salaxana rəssam oldun!
İtiribsən, ay yazıq, ağıl və dərrakə dəftərini,
Cavab ver, ey beyni yuxa, sənin qovşağın burdadır,
Tük topu yağdırmaqla nahaqdan mənimlə mübahisə edirsən.
Ədəbiyyatda özünü öyürsən, xalq şairisən!
Dəlilər arasında ağıllı, ağıllılar arasında yelbeyin.
Qoca qarı kimi ağıldan yüngül, gic, axmaqsan,
Bir daha istəmə Givişvili ilə rəqiblik etməyi,
Necə ki, həyətdə zibillikdə eşələnirsən.” (Bax: D.Givişvili “Ozan”, 1895-ci il, səh. 78. Elə bu kitabda (səh. 80) “Yenə G.S-yə cavab dərc olunmuşdur ki, bu da cinas formasında yazılıb).
Bu şeirə cavab olaraq Skandarnova tapmacanın açmasını tələb edib:
“Əgər yaxşı şeir söyləyənsənsə, gəl bir qulaq as mənə,
Bir tapmaca oxuyacağam, izah et mənə düzgün cavabı,
Əgər bu fikri açsan, çək ağzıma hisi, qurumu,
Məni özünə qul eylə, sənin qulluqçun olaram”.
Bax, bu da tapmaca:
Givişviliyə tapmaca-muğama
(Bu tapmaca hələ açılmayıb)
Bir binanın yanında bir ağac gördüm,
Torpaq kökünə kimi yarpaq açıb,
Bu ağacda Adəmin siması vardı,
Hündürlüyünə görə sanki qüllədir.
Dörd ildə yalnız bir dəfə,
O bir cür bəhrə verir.
Dadı acıdır, səfra kimi.
Həmişə o öz bəhrəsini vermir.
O ağaca mal-qara yaxın getmir,
Quş da onun üzərində yuva salmır,
Onun bəhrəsi o zaman soyuyur,
Axmaq, səfeh artanda.
Yaxşı şeir söyləyənsən, onda mənə izah et,
Əgər təbiətcə istedadın və savadın varsa,
Əgər bunu mənə izah etsən, deyərəm ki, müdriksən,
Və yoxsa da ki... tövləyə get” (Bax: “Aşiqanəlik güzgüsü”, 1890-cı il, səh. 62).
Givişvili bu dumanlı “tapmacanı” aça bilmədi. Bu tapmacanın sirrini hər ikisi özü ilə qəbrə apardı. Bazarda səda yayılmışdır ki, “ağac” olaraq Givişvili nəzərdə tutulubmuş. Belə ki, öz özlüyündə deyə bilmədi ki, “acı ağac” mənəm.
Skandarnovanın təhqir etmək metodu belə idi.
D.Givişvili hirslənir:
“Niyə özünü zora salırsan, ustad, niyə mənimlə rəqabət aparırsan?
Özündən muğayat ol, yoxsa influensiyaya (Zökəmin köhnəlmiş adı - M.M.) düçar edərəm.
Yolunu azmış insan kimi bilmirsən hara gedirsən,
Ah, sən şikəstlər arasında saçaqsan, sarsaqlar arasında qızılgül.”
Sonra vurğulayır: Aşığın mahnıda sözləri qurtardığı kimi, deyişməyə cavabın tükənəndə bu tapmacanı ona görə uydurdum:
“Mahnı üçün aşığın
sözü tükənəndə,
“Neylim-neylim”ə başlayacaq,
Və sarsaqlar da onu dinləyəcəklər.”
Doğrudan da, onların deyişməsinə çoxlu “qulaq verənlər” var idi. Onların şeirində odövrkü Tiflisin əsəbi və gündəlik həyat tərzi aydınca görünürdü. Bu şeir polemikası zamanı camaat ikiyə bölünmüşdü, həyacanlanırdı, lərzəyə gəlirdi və böyük həvəslə bu iki şairin dartışmasına, deyişməsinə qulaq asırdı. Tiflisin ədəbi bazarında bu iki deyişən ozan poeziyanın sal qayası və şah damarı idi. Camaat onların kitabına meyl edirdi, oxuyurdu, mühakimə edirdi, gülürdü, dalaşırdı, bir sözlə, Skandarnova ilə Givişvilinin deyişməsinə bütün odövrkü bazar qoşulmuşdu.
Bu deyişmə əyalətdə də əks-sədaya səbəb oldu. Soyadını da bilmədiyimiz bir nəfər telavlı keşiş bu deyişmə barədə bütöv bir kitab yazdı. O, Givişviliyə yaxşı gözlə baxdı. Skandarnova indi bu keşişin dalınca düşdü: “Bizim işimizə, mənim qardaşım, səfehcəsinə burnunu soxursan” (Bax: “Telavlı Mtsğuradzeyə cavab olaraq”, 1880-ci il, səh. 2 (Bu kitabın üz qabığında keçi şəkli çəkilib). Bu cür deyişmə qədim ədəbiyyatdan irəli gəlir. Besiki ilə Cabua Orbelianinin deyişməsini xatırlayın (Bax: S.Qorqadzenin “Besiki” əsəri, səh. 183, 185). Besikini yad bir şair də dəhşətli dərəcədə pis sözlərlə təhqir edir (Bax: E.Tağaişvilinin “Описание” əsəri, II cild, səh. 452).
Skandarnovanın cavabının belə başlığı var:
Telavlı Mtsğeradzeyə
(Vaxtın olanda bu şeiri oxu)
Ey telavlı Mtsğeradze, görüm kimə zor gəlirsən?
İrəli dur, özünü göstər, nə gizlənirsən peyində,
Kişi kimi üzərə çıx, görüm sənin gücünü,
Ona görə də belinə yükləyim kömür daşlarını.
Kimsən, kimə ilişirsən? Hansı dağdan, arandansan?
Başa düşdüyüm kimi, uzunqulaqlılar nəslindən imişsən,
Ağzına noxta keçiribsən, zirehli geyimin layiqi deyilsən sən,
Cəlayi-vətən gəzirsən, itiribsən nallarını.
Keçə papaqla gəzirsən, ağzında da salamuri,
Əgər kef azrulasan, Candarın axırına da gedərsən,
Keçi şiləplovunu yeyirsiniz, xeyirdə də, şərdə də,
Ara vermədən bağırırsınız: “Varxi-Varalalebi”ni.
Bax, bu cür şeirlər, bu cür qeyri-ixtiyari vasitə camaat arasında sual vermək istəyini doğurdu. Bu şairlərin bir çox yaxşı və pis ardıcılları və təqlidçiləri ortaya çıxdı: Ğvinoyev, Dim. Nadirov, Çakuç-oğlan, Ğazaz-oğlan, Matsakan Sitlavişvili, M.Axpatelov, Qriqoryans-Ğazaxeli, David Lazaryev, Xoyliya Sərkis, Sergey Saamov, Stopa Metevzaşvili, Qiqo Kambeçuaşvili, Sokrat Xuskivadze, Vano Esağov, Nina Navtikov, B.Axospireli (Onun yaradıcılığının ilk dövrü), Nino Ğaranqozişvili, Toyuqçu Geurq Sarkisov, Geurq Matinians, A.Matsantsreli, Arşak Akopov, Merab Ğorğanov, Xudaverdov (Anton Qanciskarelinin əsil soyadı), Xar. Xatiskatsi, İ.İvanov, Vasil Yedigarov, Nestor Abaşidze, Qr. Xitarov, Q.Pardaşvili, Ğazara Axalqoreli, Paxvala Liponava və bəzi bugünkü fəhlə-yazıçı ki, bunlar haqqında da aşağıda söhbətimiz olacaq.
Bütün bu sadalanan müəlliflərin öz şeirlər kitabları nəşr olunub.
Bir sözlə, kitab oxumağı bacaran, şeir söyləməyi bacaran hər bir kəs özünə borc hesab edirdi ki, Skandarnovanı təqlid etsin və Givişvili sayağı yazsın. İkinci dərəcəli naşirlər də peyda oldular və küçələrə sərdilər:
“Qəssab Mixuanın Kürdə boğulması”,
“Bu Nina o Ninadan üstündür”,
“Veralı Varinkanın tərifi”,
“Şuşanik Çaipxanovun şeirləşdirilmiş resepti”,
“Burda badam, orda badam, içində qur çadır”,
“Sən hara, Maresanın gözləri hara?”
“Soyuq dəyməsin, Baraşkacan” və sair.
Yuxarıda sadalanan yazıçılar pleyadasından bir-ikisi ədəbiyyatda qaldı, qalanlarının isə, özlərinin qısa ömür yaşamaları müddətində, iri addımları olmayıb. Yalnız çırpıntıları olub. Bu şairlər elə özlərinin ilk kitabları ilə getdilər.
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU