NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK

(Türk folklorunun estetikası və mənəvi əqidəsi)

 

 Elizbar CAVELİDZE

 

 

Dünya xalqlarının folklorunu gözdən keçirsək, müxtəlif hadisələrin bu cür stereotip sxemləri və baxışları bizə tez-tez rast gəlir. Hər şeydən öncə bu, nağıllarda nəzərə çarpır ki, bu da onun quruluş strukturu ilə şərtlənir. Bununla əlaqədar olaraq daha sözümü davam etdirməyəcəyəm, lakin bir şeyi qeyd edirəm: ağzıgöyçəklər üçün mübahisə mövzusu ola bilər, ümumiyyətlə, insan və onun düşüncəsinin modeli, qarşılıqlı fərqə baxmayaraq, inkişafın müəyyən pilləsində identik və bənzər dünya baxışı ilə qidalanır. Təbiidir ki, xalqlar arasında, ələlxüsus, qarşılıqlı qonşu tayfalarında xalq deyimi, atalar sözü, idiom, aforizm, isrətsə də bu və ya digər hadisəyə münasibət və onun dərki əvəzlənir və qarşılıqlı münasibətdə inkişaf edir.

 

Lakin yuxarıda gətirilən stereotip müqayisə bu kontekstin daha dərin təhlili zamanı bizi əmin edir ki, birincisi, oğuz xalqlarının yaddaşında erkək pələngin və şirin obrazı yenilməzlik rəmzi olaraq qalmışdır, bu da ta qədimlərdə, ovla bilavasitə əlaqəsi olan zamanlar yaranmışdır. Güman ki, buna görə də onların mənşəyinin yerinin (Ağ qoyun və Aq saz məkanlarının) konkretləşdirilməsidir ki, bu da onların real olaraq mövcudluq faktından xəbər verir. İkincisi də, ümumiyyətlə, şir, pələng, ağ canavar və şahin folklor bədii söz yaradıcılığında artıq yenilməzliyin əhəmiyyətini kəsb etmişdir və müvafiq olaraq Qazan onların cinsinin mənşəyinə irad söyləyir. Mühüm cizgini unutmayaq: bu çöl heyvanlarının, istərsə də quşlarının təhlükəsi yalnız onunla kifayətlənir ki, asudə ceyranların, xam atların, ağ qoyunun və alabəzək və qara qazların məhv edilməsi istəyi öz-özlüyündə artıq qarşı duran düşmənin çəhdi demək idi. Çünki gətirilən çıxarışdan və ümumi eposun süjet kərgahı semantikasından xəbər verir ki, o dövrlər köçəri tayfaların yaşayış imkanı məhz elə yuxarıda sadalanan ev heyvanları və quşlar idi. Qısası, bu heyvanların kökünün kəsilməsi, yəni yaşayış  şəraitlərinin məhvi, nə az, nə çox, tayfanın və camaatın məhvi demək idi. Halbuki təhlil olunan kontekstin dərk edilməsi mənə ixtiyar verir ki, yekun nəticə çıxarım: O ümumi metafora səviyyəsində oxunmalıdır ki, bu da iki-üç kəlmə ilə belə verilə bilər: Hər şeyə qadir Qazan düşmənin iqtisadi, eləcə də fiziki məhvinə nail olur.

 

Müxtəlif xalqların folklorunda bu cür stereotip tayfaların, istərsə də deyimlərin mövcudluğuna gəldikdə, bunun nümunələri təhlil olunan eposda da bizə rast gəlir. Uzağa getməmək üçün igid oğlanlar adaxlılarını axtaran zaman ox atırdılar və oxun düşdüyü yerdə öz talelərini axtarırdılar. Bu motiv barədə artıq yuxarıda söhbər açdım və sözümü daha davam etdirməyəcəyəm.

 

Bu dəfə ordusunu dağıdanları axtarmağa çıxan Qazan xanın su ilə, qurdla və itlə söhbəti daha çox diqqətə layiqdir. İlk öncə, çağlayaraq qayalardan çıxan, ağac gəmiləri atıb-tutan, Həsənlə Hüseynin həsrəti, bağla bostanın zinəti, Ayişə ilə Fatimənin baxışı, şahanə atların içdiyi, qızıl dəvələrin gəlib keçdiyi, çevrəsində ağ qoyunların yatdığı suya üz tutur. Məhz elə ondan soruşur: “Ordumun xəbərin bilürmisin, degil mana! Qara başım qurban olsun, suyum, sana!” Bundan sonra bu kəlmə gəlir: “Su qaçan xəbər versə gərək?!” Sonra Qazan xan qaranlıq axşam olanda günü doğulan, qar və yağış yağanda ər kimi duran, qaracıq atları kişnəşdirən, qızıl dəvə gördükdə inləşdirən, ağca qoyun görəndə quyruğuyla qamçı çəkən, arxasıyla vurub, bərk ağılın ardını sökən, burma-axta kök qoçları alıb-tutan, qanlı quyruq üzüb çap-çap udan, ulaşması köpəkləri təşvişə salan qurda üz tutur. Bu silsilə də yuxarıda gətirilən xahişlə, hədə ilə, kəlmə ilə bitir ki, bu, şeirlər silsiləsinin nəqaratını təşkil edir.

 

Cavabsız qalmış Qazan itin arxasınca düşür. O da onu Qaraca Çobanın yanına aparır ki, bəy də onu belə xarakterizə edir: “Qaranqu axşam olanda qayğulu çoban! Qarla yağmur yağanda çaqmaqlu çoban”. Çoban isə, əksinə, onu yalançı çıxardır və kafirlərin onun arvadını, oğlunu və qoca anasını necə əsir götürdüklərinin və onları həyasızcasına qabaqlarına qatdıqlarının və onun var-dövlətini apardıqlarının mənzərəsini çəkir (Elə orada, səh. 55-56).

 

Bu geniş çıxarış bir neçə görüş dairəsinə görə diqqətə layiqdir: Birincisi, ozan ənənəyə əməl edir və yayılan stereotip süjetə əməl edir ki, ona da uyğun olaraq axtaran kəs suyun, istərsə də təbiətin başqa ünsürlərinin  vasitəsilə axtarış obyektinin durumunu, vəziyyətini bilmək istəyir. İkincisi də, bu halda ozan bilir ki, müraciət obyektləri: su, qurd və köpək heç nəyə cavab verə bilmirlər və buna uyğun olaraq qanuniləşmiş etiketi pozur və onların cavablarına diqqət çəkmir, eləcə də axtaranın baxış dairəsini, baxışını, müraciət olunanı önə çəkir. Bu dəfə mənim üçün eposun qəhrəmanlarının təsəvvür edilməsində ümumi qədəmlərini qoyan və yayılan məhz elə bu baxış dairəsi diqqətə layiqdir. Hər şeydən öncə,  çay, istərsə də su onunla bəllidir ki, nəinki çox şey görüb və çox şeyi bilir, eləcə də Həsən və Hüseynin həsrətidir, Ayişə ilə Fatimənin baxışıdır ki, bu da islamın ardıcıllarının, ələlxüsus isə, şiə imamlarının ardıcıllarının inamı ilə yaradılmışdır. Bundan başqa bu silsilə onunla da diqqətə layiqdir ki, həyatın məişət cizgiləri ilə yekunlaşdırılıb. Belə, məsələn, su bağla bostanın zinəti, şahanə atların içdiyi, qızıl dəvələrin gəlib keçdiyi və çevrəsində ağ qoyunların yatdığıdır. Bütün bunlar isə aydınca ondan xəbər verir ki, estetik emosiyanın oyadılmasını oğuzların gündəlik həyatı şərtləndirir. Eləcə də ozanın gözü ilə görünən qurdun siması: qaranlıq axşam olanda günü doğulan, qarla yağış yağanda ər kimi duran, qaracıq atları kişnəşdirən, qızıl dəvə gördükdə inləşdirən, ağca qoyun görəndə quyruğuyla qamçı çəkən, arxasıyla vurub, bərk ağılın ardını sökən, burma-axta kök qoçları alıb-tutan, qanlı quyruq üzüb çap-çap udan, ulaşması köpəkləri təşvişə salan qurd. Sözsüz ki, bu da qurd təbiətinin oğuz igidi tərəfindən qavranılmasıdır. Gələn yadı, oğrunu qorxudan, hürməyi ilə qorxudaraq hürküdən köpəyə gəldikdə, bu da başa düşülən, məişət praktikizminin  baxışı ilə yapılmışdır. Və nəhayət, (su, qurd və köpək) nə cavab verməlidir, kəlməsi o fikirlə yüklənmişdir ki, bu cavab verməməklik süjetin inkişafını gərginləşdirir və bir növ ona dramatizmlilik kəsb etdirir, bu da, Qazan xana çobanın onun ordusunun və ailəsinin yağmalanması mənzərəsini təsvir edəndə, o huşunu itirir, dünya-aləm başına qaranlıq olanda kulminasiyaya çatır. Bu isə bədbəxtliyi hiss etdirici finaldır ki, ozan mərhələ şəklində bizə çatdırmağa cəhd edirdi. 

 

Artıq qeyd etdiyim kimi, təhlil olunan eposun təcəssümlülüyü oğuzların əsrlər boyu əsasən köçəriliyinin və yaşayış yerinin əhatə edildiyi təbiətə, coğrafi məkana, istərsə də tarixi zamana əsaslanır. Lakin bu abidənin yekun redaktəsini və yazılı xeyir-duasının verilməsini, əgər fəaliyyət yerinin coğrafi məkanını və tarixi arealı nəzərə alsaq, gərək ki, Gürcüstanın yaxınlığında yerləşən ölkədə, ələlxüsus, Azərbaycanda baş vermişdir. Bu baxış dairəsi o fakt ilə etibarlıdır ki, “Dədə Qorqud”da sünni, şiə mövqeyi aydınca özünü büruzə verir. Bu barədə artıq dəfələrlə öz fikrimi bildirdim və bunun üzərində daha dayanmayacağam. Lakin yenə də təkrar etməliyəm ki, “Dədə Qorqud”un təcəssümlülüyünün gözə dəyən spesifikliyi bilavasitə gözlə görmə ilə dərk edildiyi reallıqdır və məişət həyatı ilə əldə olunan təcrübə və müdriklikdir. Budur, elə götürək bu nümunəni:

 

“Sultanımız Qanturalı, qalxıb yerindən durmadınmı?

Qarayallı Qazılıq atını minmədinmi?

Arqubeldə, Ala dağda quş ovlayıb,

Atanın ev-eşiyinə qayıdan baş

Qaravaşları inək sağanda görmədinmi?

“Buğa, buğa!” dedikləri qara inəyin buzovu deyildirmi?

İgid ərlər sənin döyüşündən qorxurdu...” (Elə orada, səh. 135).

 

Gətirilən qoşma ovçuluq səhnəsinin xatırlanması ilə başlayır ki, bunu da təhlil olunan eposda ənənəvi, yayılmış passaj olaraq, istərsə də haşiyə olaraq hesab edə bilərik. Lakin bu səhnədən sonra məhz elə məişət, inəyin sağılması və buzovun nəvaziş səhnəsi gəlir ki, bunu da oğuz igidi gündəlik həyatda görürdü. Lakin ona məişət cizgisi olaraq diqqət yetirmir. Halbuki gerçək yaradıcılıq istedadı odur ki, bu əhəmiyyətsiz, praktiki davranış ümumiləşdirilsin və sənətin yüksəkliyinə qaldırılsın. Konkret halda ozan belə davranır, o öz-özlüyündə əhəmiyyətsiz, ümum insan üçün və ələlxüsus, oğuz üçün, lakin gözlənilməz, sanki yerinə düşmədən gətirilən adi, gündəlik məişət səhnəsini xatırlayır. O, yeni semantik anlayış kəsb edir ki, bunu da bir-iki sözlə belə vermək olar: ovçuluğun çətinlikləri və döyüşçünün geri çəkilməməsi cəngavər oğuz üçün  elə adi bir şey olmalıdır, inək sağmaq və buzovu əzizləmək kimi dərk edilməlidir. Bu vasitə ilə ozan igidliyi  alçaltmır, eləcə də əksinə, onu ucaldır və gündəlik məişətin lazımi tələbi, istərsə də şərti səviyyəsinə qaldırır. Və yenə birini, ozan bu məişət səhnəsini gətirməklə real fakta, yəni sadəliyə estetik məftunluq verməyə çalışır ki, sadəlik aspektinin önə çəkilməsidir, başqa heç nə. Şəxsən məni bir oxucu kimi, sadəliyin məftunluğu  heyran etdi.

 

Halbuki sadəliyin estetik axını, ümumiyyətlə, xalq ədəbiyyatını xarakterizə edir və  heç də “Dədə Qorqud”un estetik arealı bu hisslərin dalğalarının bu çəkilməsindən məhrum deyildir. Yuxarıda artıq qeyd etdim ki, “Dədə Qorqud”un qəhrəmanlarının fəaliyyəti əsrlər boyu işlənib hazırlanan və onların həyat tərzini təşkil edən əxlaq məcəlləsi ilə müəyyən edilib. Müvafiq olaraq eposun bədii toxumasının çərçivəsinə çevrilən o həyati əşyalar, bu ailə, istərsə də döyüş silahları olsun, onların həyat tərzi ilə müəyyən edilən lazımi vasitələr, onların davranışını, zəhmətini şərtləndirən təbii hadisələr, heyvanlar, bitkilər olsun... Buna görə də hər şeydən öncə, söhbət rəngarəng (ağ, qırmızı, qara, ala) şami günlüyünün qurulmasından, ziyafət zamanı xalçaların döşənməsindən və müxtəlif içki qablarından, qonaqlar üçün malın kəsilməsindən və gözəl-gözəl, alagözlü qızlar tərəfindən onlara qulluq edilməsindən, döyüş zamanı onların silahlarından (qalxan, qılınc, nizə, ox-kaman, sapand və sair) və ovçuluq vasitələrindən və metodlarından gedir.

 

Bütün bunlar oğuz xalqının yaradıcılıq istedadının yaratdığı bədii aləmdə az-çox fərqlərlə təqdim olunub. Lakin xalq folklorunun spesifikliyi, illah da ki, orta əsrlərin eyniyyətinin estetik prinsipləri bu rəngkarlıq kətanının çəkilməsini kanonik qaydalarla nizama salır ki, bu da müəyyən mənada ona stereotip xarakterini kəsb etdirir.  

 

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU