ALEKSANDRE ORBELİANİ
Gürcü şair, nasir, dramaturq, publisist, tarixçi, gürcü romantiklərin böyük nəslinin nümayəndəsi, çar II İraklinin nəvəsi, şahzadə Teklenin oğlu Aleksandre Orbeliani (Cambakur-Orbeliani) 1802-ci il mayın 24-də anadan olmuşdur.
Aleksandre Tiflis nəcib kişilər məktəbində, sonra Peterburq Hərbi Məktəbində təhsil alıb. 1828-ci ildə Tiflis qəzasının tavad-aznaurluğunun rəhbəri seçilib. Aleksandre İrana və Osmanlıya qarşı mübarizələrdə iştirak edib. 1829-cu ildə quberniya idarəsində müşavir işləyib. O, 1832-ci il sui-qəsdinin rəhbərlərindən və təşkilatçılarından biri olub ki, buna görə də həbs edilib və Orenburqa sürgün edilib.
1840-cı ildə Vətənə qayıdan kimi ictimai həyata qaynayıb-qarışıb. “Siskari” (“Dan ulduzu”) jurnalının bərpasında iştirak edib, jurnalda öz əsərlərini dərc etdirib. Gürcü teatrının dirçəlişi, jurnal-qəzetlərin təsis olunması, məktəblərin açılması qayğısına qalıb.
Aleksandre Orbeliani şeirlər, hekayələr, dramlar, memuarlar və publisist yazıların müəllifidir. Onun “Mtovare” (“Qəmər”, “Ay”) adlı hekayəsi 1832-ci ildə “Tiflis çağırış vərəqələrində ədəbi hissələr” jurnalında çap olunub. Aleksandre yeni gürcü poeziyasında sərbəst şeirin ilk müəlliflərindən biri olub. Onun kifayət qədər rəngarəng ədəbi irsi tematik olaraq, demək olar ki, bir məsələ ilə, yəni gürcülərin “yenilmiş şəxsiyyətini” aydınlaşdırmaqla bağlıdır. Yazıçının baxışı Gürcüstanın keçmişinə doğru yönəlmişdir. Keçmişi ideallaşdırmaq, onun böyüklüyünü göstərmək Aleksandrenin əsas məqsədi idi.
Aleksandre Orbelianinin “Xatirələr” əsəri, burada yazıçının Gürcüstandakı müasir vəziyyəti, o dövrün ictimai həyatını xarakterizə edən mənzərələr və “İberiyalıların kilsə nəğmələri, mahnıları və zümzüməsi ” etnoqrafik əsəri diqqətəlayiqdir. 1860-cı illərin əvvəllərində o, vahid ədəbi dilin yaradılmasının tərəfdarı olub və köhnə gürcü ədəbi dilinin bərpasını, ondan müasir yazının inkişafı üçün əsas kimi istifadə olunmasını tələb edib.
Aleksandre Orbelianinin tarixi əsərləri arasında “Gürcüstanda 1829-cu il iğtişaşları”, “Gürcüstan çarı İraklinin oğlu Levan”, “Dağıstandan ləzgilərin Gürcüstana köçü”, “Gürcüstanda çar II İrakliyə əhd”, “Xatirələr”, “Ağa Məhəmməd şah Qacarın Tiflis şəhərinə hücumu” kimi əsərlərini qeyd etmək lazımdır. Bu sonuncu əsərdə, doğrudur, bəzi ənənəviliklə, lakin diqqətəlayiq faktları göstərməklə Krtsanis döyüşü və o dövrkü Şərqi Gürcüstandakı siyasi vəziyyət təsvir edilib.
Aleksandre Vaxtanq oğlu Cambakur-Orbeliani 1869-cu ildə vəfat etmişdir.
“Yeni Yol” qəzeti Mirzə Məmmədoğlunun tərcüməsində Aleksandre Orbelianinin “Ağa Məhəmməd şah Qacarın Tiflis şəhərinə hücumu*” əsərini oxucuların diqqətinə çatdırır.
Giriş
*Aleksandre Vaxtanq oğlu Cambakur Orbelianinin “Ağa Məhəmməd şah Qacarın Tiflis şəhərinə hücumu” əsəri yarım vərəqli dəftəri əhatə edir ki, onun da 43 səhifəsi var və karandaşla yazılıb, lakin aydın və gözəl şəkildə. Bu dəftər mərhumun kağız qovluqları arasından üzərə çıxdı ki, bunu da biz müzakirə etdik və knyaginya Maryam Vaxtanq qızı Canbakur Orbelianinin icazəsi ilə digər ianə edilmiş kitablar, fərman-namələrlə birlikdə Yazmaq, Oxumaq Cəmiyyətinin kitab anbarına təhvil verdik. Məqalə 1844-cü ildə yazılıb. Sonra isə Aleksandre Orbeliani şahzadə Teymurazın “Ağa Məhəmməd şah Qacarın Tiflis şəhərinə hücumu” əsərini oxuyanda müəllif “Giriş” sözünü yazır ki, burada da o, Teymurazın əsərinə və orada gətirilən olayların həqiqiliyinə toxunur. “Giriş” 1850-ci ildə yarım vərəqli kağızda karandaşla yazılıb. A.Orbelianinin əsəri əksər hallarda çağdaş şəxslərin söylədikləri əsasında qurulmuşdur. Onlar arasında çar II İraklinin qızı, bizim əsərin müəllifinin anası şahzadə Tekle də vardır. Bu məqalədə dərc olunan qeydlər müəllifin özünə məxsusdur. Bu məqalənin nəşr olunmasının bu dəfə nə qədər lazımlı olduğunu gördük, çünki 1895-ci il sentyabrın 10-nu ilk dəfə Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumunun bir əsri tamam olur. Həmin ayın 11-də bizim paytaxt şəhərimizi viran etdi. Ağa Məhəmməd şah Qacar tərəfindən Tiflisin viran edilməsi Gürcüstanı lərzəyə saldı ki, bundan sonra da Gürcüstan qamətini düzəldə bilmədi. Hələ yenə də çox şey müəyyən olunmamışdır. İraklinin çarlığı dövründə gürcülərin Ağa Məhəmməd şah Qacar kimi düşmənləri dəfələrlə məğlubiyyətə uğratdığı bir vaxtda Ağa Məhəmməd şah Qacarın hərəkətə keçməsinin, onun qəflətən gəlməsinin və gürcülərin bu müharibədə məğlubiyyətinin səbəbi nə idi. Amma bu da məlumdur ki, daxili düşmənlər Ağa Məhəmməd şah Qacarın gəlməsində və onun qələbəsində böyük yer tutmuşlar. O bir dəstə gürcülər (70000 nəfərlik farsların qoşununa qarşı cəmi 2700 nəfər gürcü var idi) döyüş üçün düşmənin qarşısına çıxırlar, elə bir görünməmiş şücaət və qəhrəmanlıq göstərirlər ki, qəddar, amansız düşmənin özü də deyir ki, belə bir fədakarlıq və qəhrəmanlıq görməmişdik. Gürcülərin nə qədər igidlik göstərməsi oradan da görünür ki, onlar farsların ön qoşununu tamamilə məğlubiyyətə uğratdılar və Ağa Məhəmməd şah Qacar geri çəkilmək qərarına gəldi. Lakin Gəncə xanı onu əmin etdi ki, gürcülərin cəmi bir ovuc qoşunu var və şəhərin sakinləri onu tərk edirlər. O biri gün gürcülər farsları geri oturtdular və Ağa Məhəmməd şah Qacarın gözü önündə onların bayrağını əllərindən aldılar. Sonra farsların bütün qoşunu hər tərəfdən Tiflisin üstünü aldıranda farslar üç dəfə gürcülər tərəfindən geri çəkildilər. Bu qeyri-mütənasib müharibədə gürcülərin qoşununun əksər hissəsi həlak olanda farsların şəhərə soxulmasına yol açıldı. Lakin çar İrakli kişi döyüş meydanından uzaqlaşa bilmədi. O sanki, hiss etdi ki, Gürcüstanın sonu yetişib. Onun şəxsən şir kimi coşması, fədakarlığı daha bir şeyə yaramayanda düşmənin içərilərinə doğru cumdu və orada əldə qılınc düşmənə divan tutmağa başladı. Gürcüstan uğrunda özünü fəda etmək istədiyi aydın idi, lakin şahzadə İoane buna imkan vermədi. Üç yüz nəfərlə özünü İraklinin yanına yetirdi, fədakarlıqla düşmənləri dəf etdi və onu güc-bəla ilə döyüş meydanından çıxartdı. Digərləri isə orada düşmənlərlə mübarizəyə girişdilər və özlərini qəhrəmancasına qurban verdilər. Bu qəhrəmanların ruhunu yüz ildən sonra dua ilə yad etsək artıq olmaz.
E.Tağaişvili
Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU