Nə vaxtsa ağı qaradan seçməyin vaxtı gələcək
(Türk folklorunun estetikası və mənəvi əqidəsi)
Elizbar CAVELİDZE
Sonra Qorqud igidin və ümumiyyətlə, insanın təbiəti barəsində bizə söyləyir. O, Tanrının qaydaya saldığı təbii tələbatların hüdudlarını keçməməlidir, yoxsa mötədilliyin itirilməsi istəyini cilovlamaq mümküm deyildir. Oğuzların etik inamının məcəlləsi üçün fəxr və təkəbbürlülük qəbul edilməzdir ki, insanı, nəhayət, insani simasını itirməyə məruz qoyur və məhv də edir. Bu dini-etik tələbatları demək olar ki, gözlənilmədən həyatsayağı, praktiki təcrübə əvəz edir. Özgənin uşağının başına dolansan da böyüyəcək, başqa yerə gedəcək və sənin haqqında deyəcək ki, onu gözümün ucu ilə də görməmişəm. Bu görüş dairəsi ilə kürəkən nə etibarlıdır və nə də dəyər veriləsidir. Müəyyən olunduğu kimi, qan və genetik əlaqələr önə çəkilmişdir ki, buna da Oğuz nəsli arasında çox dəyər verilirdi.
Ozanın təcrübəsi ilə və xalqın müdrik düşüncəsi ilə insan mötədilliyi bilməlidir: “Çay nə qədər daşsa da, sahillərə çıxsa da, dənizi hər halda doldura bilməz”. Təkəbbürlü insanı Tanrı sevmir və məğrurlaşmışın üzünə tale gülmür. Ümumiyyətlə, insanın Qara dağ boyda mülkü olsa da, hər halda daha artığını əldə etmək istəyir. Özünün qismətindən artıq yeyə bilməz. Belə, odur ki, Qorqud köhnə ənənələrin bir növ müqayisəsi ilə əxlaqi-etik və estetik modelini yaradır. Lakin qədim Oğuz xalqının müdrikliyi ilə kifayətlənmir və həyatsayağı təcrübə ilə təsdiq olunmuş görüş dairələrini bu cür sadalayır (K.D.Q., səh. 29, D.K.K., səh. 1; O.D.D.K.K. səh. 19):
“Qara eşək başına uyan ursan, qatır olmaz.
Qaravaşa don geyürsən, qadın olmaz.
...
Əski panbuq bez olmaz.
Qarı düşmən dost olmaz.
Qarağuca qıymayınca yol alınmaz.
Qara polad uz qılıcı çalmayınca qırım dönməz.
Ər malına qıymayınca adı çıqmaz.
Qız anadan görməyincə ögüt almaz.
Oğul atadan görməyincə süfrə çəkməz.
Oğul atanın yetiridir, iki gözinin biridir.
Dövlətlü oğul qopsa, ocağının közidir.
Oğul daxı neyləsün baba ölüb mal qalmasa,
Baba malından nə faidə, başda dövlət olmasa.” (K.D.Q., səh. 30, D.K.K., səh. 2; O.D.D.K.K. səh. 30):.
Təbiidir ki, türkdilli xalqların praktiki görüş dairələri ki, əxlaqi-etik və elə götürək, estetik layı əhatə edir, bununla bitmir və Qorqud öz mənəvi tövsiyələrini davam etdirir. Gəlin, baxaq, Qorqud nəyi tövsiyə edir:
Sarp yürirkən Qazılıq ata namərd yigit binə bilməz,
binincə, binməsə, yeg!
Çalub-kəsər uz qılıcı müxənnətlər çalınca, çalmasa, yeg!
Çala bilən yigidə
oq ilə qılıcdan bir çomaq yeg!
Qonuğı gəlməyən qara evlər yıqılsa, yeg!
At yeməyən acı otlar bitincə, bitməsə, yeg!
Adam içməz acı sular sızınca, sızmasa, yeg!
Ata adını yüritməyən xoyrad oğul
ata belindən enincə, enməsə, yeg!
ana rəhminə düşüncə, doğmasa, yeg!
Ata adın yüridəndə dövlətlü oğul yeg!
Yalan söz bu dünyada olunca, olmasa yeg!
Gerçəklərin üç otuz on yaşını doldursa yeg!
On otuz on yaşınız dolsun!
Haq sizə yaman gətürməsün!
Dövlətiniz payəndə olsun, xanım, hey! (K.D.Q., səh. 30, D.K.K., səh. 2; O.D.D.K.K. səh. 31):
Gətirilən çıxarışda yaxşılığın nə olduğu, pisliyin nə olduğu ümumiləşdirilmiş səviyyədə düşünülüb. Və müvafiq olaraq davranış dəyərləndirilir, nəyi etmək arzu olunur və nəyi yox!
Ümumiyyətlə, Dədə Qorqud tərəfindən tövsiyələr açıqca Oğuz xalqının ağuşunda cücərmişdir. Burada aydın şəkildə iki – müsbət və mənfi aspekt müəyyən edilmişdir. Mühakimə məntiqinin strukturu da belə asanca təqdim olunub: Xalq tərəfindən artıq sınaqdan çıxarılan və bəyənilən – müsbət və məqbuldur, gündəlik məişətdə ziyanlı və pislənilən isə mənfidir, inkar olunandır. Bütün bunların hamısının əsası isə Tanrının müdrikliyi və məramıdır ki, bu da nisbi olaraq insanın davranışı və xarakterini qidalandıran düşüncəsi ilə əlaqədardır. Halbuki, düzgün yol ilə getmək və yolundan azmışı yoluna qoymaq yenə də insanın öz daxili aləmindən asılıdır. Müvafiq olaraq Dədə Qorqud da hər şeydən öncə sadə insanların başa düşməsi üçün asan məntiqə müraciət edir və hər şeyi məsləhət və əmr forması ilə bizə təqdim edir ki, bu da, eləcə də bədii xalq düşüncəsi ilə əlaqədardır.
İndi yuxarıda gətirilən tövsiyələrin müsbət və mənfi cizgiləri üzərində daha dayanmayacağam, çünki bu, mətndə aydın şəkildə bəyan edilib. Lakin mümkün deyildir ki, qeyd etməyəm: burada gətirilən xalq müdrikliyinin dərinliyi oxucunu özünün bilavasitəliyi ilə valeh edir ki, başlıcası, şeirin strukturunun sadəliyi və estetikası Dədə Qorqudun əsərinin əsasını yaradır, bugünkü oxucunu zəbt edir və onu güclü hissiyyatlı yük ilə doldurur.
Bütün bunlardan sonra Qorqud öz işini daha yaxşı bilən ozanı şöhrətləndirir. Lakin mətni söyləyənə kimi, bir növ giriş bizə təklif edir ki, burada da təqdim olunan aləmin və təbiətin yaratdıqları, canlı varlıqlar, elə götürək, şüurdan məhrumlar anadangəlmə instinkt ilə və intuisiya ilə ətraf mühiti daha yaxşı qavrayırlar və təbiətə uyğun olaraq yaşayırlar. İndi Dədə Qorqudun nəyi moizə etdiyini dinləyək:
Getdikdə yerin otlaqların keyik bilür.
Genəz yerlər çəmənlərin qulan bilür.
Ayru-ayru yollar izin dəvə bilür.
Yedi dərə qoxuların dülkü bilür.
Dünlə karvan köçdügin turğay bilür.
Oğul kimdən olduğin ana bilür.
Ərin ağzın yeynisin at bilür.
Ağır yüklər zəhmin qatır bilür.
Nə yerdə sırılur varsa, çəkən bilür.
Qafil başın ağrısın beyni bilür.
Qolca qopuz götürüb,
eldən-elə, bəgdən-bəgə ozan gəzər.
Ər comərdin, ər nakəsin ozan bilür.
İləyünüzdə çalub-ayıdan ozan olsun.
Azub gələn qəzayı Tanrı savsun, xanım, hey! (K.D.Q., səh. 31, D.K.K., səh. 2; O.D.D.K.K. səh. 30):
Gətirilən çıxarış hər şeydən öncə onunla diqqəti cəlb edir ki, Dədə Qorqud yenə və yenə də Oğuz xalqının dünyanı dərk etməsinə uyğun olaraq canlı varlıqların anadangəlmə instinktinə və təcrübəyə bir növ üstünlük verir, ozanın istedadı barədə söhbət açanda və bununla o faktı qeyd edir ki, canlı varlıqların anadangəlmə instinkti kimi ozanın anadangəlmə istedadı yoxdursa, onun mahnısı dolğun ola bilməz və ikincisi də bu epizoddan da həyatın sıx əlaqədə olduğu təbiət və heyvanlar aləminin oğuzların həyatında necə bir rol oynadığı aydın özünü büruzə verir.
Bu bir növ özünün tərifindən sonra Qorqud moizə edir, ilk növbədə Tanrını şöhrətləndirir, sonra isə Tanrının dostu din sərvəri Məhəmmədi, Məhəmmədin sağ yanında namaz qılan Əbu Bəkri, igidlərin rəhbəri, dinin yolunu açan, şahi-mərdan Əlini, Kərbala çölündə yezidilər əlində şəhid olan Həsən ilə Hüseyn qardaşlarını, yazılıb-düzülüb göydən enən Tanrı müdrikliyi Quranı, Quranı düzüb qoşan Osman Üffan oğlunu, Tanrı evini, Məkkənin zəvvarlarını, Qiyamət gününü, Cümə moizəsini möminlərin dinləməsini, müəzzini, ağsaqqalları, daim südünü əmizdirən anaların nikah gərdəyini, onun kəndirlərini, oğlunu və tayı-bərabəri olmayan, cümlə aləmləri yaradan yeganə Tanrını… Bir sözlə, burada Osman dininin əməkdar şəxsləri, Allah tərəfindən yaradılmış Quran, onu toplayanlar, İslamın əsas ritualları, moizəçilər və möminlər, elə burada ağsaqqallar və analar, həyatın başlanğıcı olan gərdək və qiyamət günü xatırlanır.
Bütün yuxarıda deyilənlər açıqca onu göstərir ki, Dədə Qorqud rəvayətlərini qələmə alan mömin müsəlmandır. Lakin elə burada o da əhəmiyyətlidir ki, o şiədir, bu isə bizi bir daha əmin edir ki, bu qəhrəmanlıq eposunun yekun dolğunlaşdırılması və onu qələm ilə lülə halında bükülmüş kağıza köçürülməsi Azərbaycan ərazisində baş verib və buna sığal çəkən azərbaycanlı salnaməçidir.
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU