AMKROBA (HƏMKARLIQ)
Şərqdə güclü və qüdrətli bir şah var idi. Bir dəfə o öz məmləkətini dolaşmaq və onu gözdən keçirmək niyyətinə düşür. Səfər zamanı bir kənddə adi sənətkar qızı olan gözəl bir qadın görür. Onun gözəlliyini və xeyirxahlığını həddindən artıq bəyənir və onu özünə arvad etmək istəyir. Adətə görə, onu ata-anasından istəmək lazım idi. Buna görə şah elçi göndərir. Elçi qızın atasına şahın istək və niyyətini bildirir, fikirləşir ki, qızın atası sevincdən yerə-göyə sığmayacaq, lakin sənətkar başqa bir düşüncəyə malik adam idi. Şahın kürəkənliyini başqası çox böyük xoşbəxtlik hesab edərdi. Sənətkar isə nəinki sevinmədi, hətta incidi də; diksindi, kədərləndi və nəhayət elçiyə rədd cavabı verdi: “Mənim qızımı istəyənin, şəksiz, əlində bir peşəsi olmalıdır. Başqaları fikirləşirlər ki, şahlıq bütün peşələrdən üstündür, lakin şahlıq möhkəm peşə deyildir. Bu gün şah taxtında oturur və hökm sahibidir, sabah ola bilsin ki, taxtından onu yıxsınlar, onun sarayını viran etsinlər və əliboş qoysunlar. Əlindən bir şey gəlmədiyi halda nə edə bilər, arvad-uşağını necə dolandıra bilər? Peşəni bilən insan isə həmişə başını dolandıracaq. Sənətkarın biliyini ondan heç kim oğurlaya, əlindən ala bilməz”...
Elçi geri qayıtdı və şaha sənətkarın cavabını çatdırdı. Şah həddindən artıq ağıllı və mərhəmətli idi. O, nəinki qəzəblənmədi, hətta təəccübləndi də. Sənətkarın sözləri onu düşündürdü, o bunları haqlı və həqiqi söz olaraq qəbul etdi. Şahın bundan sonra sənətkarın qızı ilə evlənmək istəyi daha da artdı. Bu cür ağıllı atanın, güman ki, qızı da dərrakəli olar, – deyə düşündü. Ürəyinin istəyinə, niyyətinə necə nail ola bilərdi? Sənətkar öz qızını xoşu ilə vermirdi və zorla onu almağı isə şah özünə rəva görmürdü. Şah sənətkarın istəyinə əməl etməyə başladı. Çox qısa bir zamanda qəşəngcə xalça toxumağı və üzərində təsvirlər hörməyi öyrəndi. Şah öz əli ilə toxuduğu xalçanı gələcək qayınatasına göndərdi. Şahın əl işi sənətkarın çox xoşuna gəldi və qızını ona verməyinə razı olduğunu bildirdi. Şah təmtəraqlı bir toy etdi.
Şah öz arvadı ilə xoşbəxt və şən bir ömür sürürdü. Ona öz peşəsindən əl çəkdirdiyi qayınatası da yanında yaşayırdı. Kürəkən şah sənətkar qayınatasına ötən vaxtları tez-tez xatırladır və onun israrla rədd cavabı verməsinə gülürdü. Lakin tezliklə bir hadisə tamamilə sənətkarı doğrultdu və sənət öyrənməyin necə bir xəzinə olduğunu aydın şəkildə şaha göstərdi.
Saray adamları hər gün məmnunluqla şaha məlumat verirdilər ki, onun təbəəliyində olanlar öz talelərindən çox razıdırlar və daim şaha dua edirlər. Lakin şah bu sözlərə nədənsə inanmırdı. O, şübhə içində idi ki, vay o günə ki, əgər mənim məmləkətimdə çoxlu yaramazlıqlar cövlan etsin və mənim məmurlarımın üzündən camaat qəm-qüssə, əzab-əziyyət içində olsun. Gerçək xəbəri bilmək üçün bir dəfə şah öz məmləkətini xəlvəti dolaşmaq və hər şeyi gözdən keçirmək istədi. Kəndli libasını geyindi, əlinə əsa aldı və qərib dərviş kimi kəndbəkənd, şəhərbəşəhər piyada gəzməyə başladı. Az getdi, üz getdi, dərə-təpə düz getdi, nəhayət, haldan düşmüş şah bir aşpaz dükanının həyətinə girdi. Onu yoxsul bir libasda görəndə bir dərviş kimi yol gələn bu adamı bəzəkli bir otağa apardılar və ona yemək təklif etdilər. Şah taxta çıxdı və bardaş qurdu. Elə yeməyə yenicə başlamışdı ki, taxt dərhal aşağı buraxıldı və şah bir qaranlıq və dərin zirzəmiyə düşdü. Bir azdan sonra zirzəmiyə balaca bir deşikdən düşən işığın sayəsində şah öz ətrafını ayırd etdi və gördü ki, zirzəmi başı vurulmuş insanlarla doludur. Şahın başına od ələndi, bilmirdi nə etsin. Bu zaman qəzəblənmiş halda birisi xəncəri siyirib şahın üstünə qışqıraraq: “Ölümünə hazırlaş” – dedi. Şah ona dedi: “Allah bilir və sənin özün də görürsən ki, heç bir günah iş görməmişəm, mən yazıq bir bəndəyəm, de görüm, məni öldürməklə əlinə nə keçəcək? Əgər məni sağ buraxsan, mən elə bir sənətkaram ki, səni varlı edə bilərəm. Mənə ipək və rəngli ipək ipi gətirin. Mən yaşayışımı burada keçirəcəyəm, qəşəng xalçalar toxuyacağam, üzərində cürbəcür dəyərli təsvirlər hörəcəyəm. Sonra siz bu xalçaları baha qiymətə satacaqsınız və varlanacaqsınız”. Quldur varlanacağından sevinərək onu öldürməkdən vaz keçdi və ürəyində fikirləşdi: Toxuma materiallarını gətirərəm və əgər məni aldatsa, burada əlimdə deyilmi, daha çox əzab-əziyyətlə öldürərəm”.
Şaha ipək və ip gətirdilər. Şah oturdu, doğrudan da elə bir qəşəng və qiymətli xalça toxudu ki, quldur təəccüblə öz-özünə dedi: “Bunun dəyərini yalnız şah ödəyə bilər, axı, başqa kim bunu ala bilər.” Quldur sevindiyindən yerə-göyə sığmırdı, lakin onun bu sevinci uzun çəkmədi. Bu quldur bir gün səhər yerindən durdu, xalçanı qoltuğuna vurub birbaş şahın sarayına apardı. Sarayda onu vəzir qarşıladı, gətirilən xalçanı yoxladı, hörülmüş təsvirlərlə güllər arasında naxışlanmış sözlər onun diqqətini çəkdi. Çözələdi və şahın başına gələnlərdən halı oldu. Vəzir dərhal zorba qulluqçularını çağırdı və bu yalançı tacirin əl-qolunu bağlatdı. Vəzir ona şahın əhvalatını və onun işgəncələrini söyləyəndə quldurun başına od ələndi. Camaat tərpəndi, şahı dardan qurtardı və quldurun evini alt-üst etdi. Günahkarlara isə layiqli cəzasını verdilər. Şah bundan sonra bütün həyatı boyu qayınatasının dərrakəsinə minnətdar idi və söyləyirdi ki, sənəti adi insan da, şah da bilməlidir.
* * *
Biz bu nağılı ona görə xatırlatdıq ki, onun məğzi, qayəsi şəhər sakinlərinin canına, qanına hopmuşdur.
Şəhərin kasıb əhalisi peşəyə böyük əhəmiyyət verirdi. Buna görə də, onlar özlərinin azyaşlı oğullarını bəzən lap elə uşaqlıqdan hansısa bir ustaya tapşırırdılar ki, peşənin nə olduğunu öyrənsin, “bir loxma çörəyi” daim olsun və necə deyərlər “adam olsun”.
Öz uşaqlarını şəyird kimi təhvil verən valideynin ustaya ilk müraciəti belə başlayırdı: ““Əti sənin, sümüyü mənim”, uşağımı öyrət, usta!”
Demək lazımdır ki, çox hallarda şəyird zəngin ailədən də çıxırdı. Varlı ata öz oğlunu qəsdən kasıb sənətkara təhvil verirdi ki, uşağı həyatın qədrini bilsin (Qeyd etmək lazımdır ki, şəyirdin halallığını sınamaq üçün sənətkarların belə bir adətləri var idi: Dükanda qəsdən yerə pul atardılar və xəlvəti onu güdərdilər, görək şəyird dükanı süpürən zaman bu pulu özü üçünmü götürəcək, yoxsa ustayamı qaytaracaq!).
Bu baxımdan amkroba müxtəlif xarakterik qaydanın, adətin və vərdişin əlaqədar olduğu köhnə vaxtların peşə təşkilatı olaraq həddindən artıq maraqlıdır.
Biz bu amkrobaya bir az ətraflı toxunacağıq.
Köhnə vaxtlar bu peşə təşkilatı “Amkari” adlandırılmırdı, bu cür birlik “Tabun”, (“Dasturlamali”, P.Umikaşvilinin redaktəsi ilə, 1886-cı il, səh. 64) bəzən isə “Əsnaf” adlandırılırdı (“Gürcüstanın qədimlikləri”, II cild, səh. 528).
Professor İ.Cavaxişvili Gürcüstanda amkrobanın quruluşunun başlanğıcını VIII əsrə aid edir. Belə ki, “Ərəbistan xilafətində həmkarlar artıq səkkizinci əsrdə mövcud idi, biz də bilirik ki, Gürcüstanda şəhər quruluşuna ərəblərin təsiri var idi. Buna görə də, düşündürücü haldır ki, həmkarlar Tiflisdə hər halda gərək ki, olmalıdırlar” (“Gürcüstanın iqtisadi tarixi”, 1907-ci il, səh. 40).
N.Berdzenovun dediyinə görə, “amkroba bizə İrandan keçib” (“Тифлис в историческом и этнографическом обшениях”, 1930-cu il, səh. 139).
İstər elə olsun, istər belə, ümumxalq tərəfindən qəbul edilibdir ki, bizdə amkroba yad millətin təsiri ilə inkişaf etdi. Elə VI əsrin özündə Mtsxeta və Tiflisdə artıq fars sənətkarlar görünür. Fəqət biz bilmirik ki, bu sənətkarlar hansı həmkarda idi, bir ittifaqda, yoxsa bir-iki sənətkar olaraq bizim torpaqda gəzib-dolaşırdılar!
Lakin biz indi amkrobanın əmələ gəlməsinin ayırd edilməsinə başlamayacağıq. Oxucunun diqqətini yalnız bu təşkilatın bəzi adət və ənənələrinə yönəldəcəyik. (Bu materialın çox hissəsi köhnə vətəndaşlardan toplanılıb. Onların söylədiklərinə, müxtəlif müəlliflərin əsərlərində səpələnmiş materiala uyğun şəkildə tənqidi olaraq yoxladım. Bu müəlliflər bunlardır: П.Шаншиев – “Два слово об амкаре”, 1857-ci il; Ю.Ахвердов – “Тифлисские амкары”, 1883-cü il; С.Егизаров – “Городские цехи” (“Записки кавказск. отдела Русск. географ. об-ва”, кн. XIV, вып. II, 1891-ci il; G.Qamkrelidze – “Gürcüstanda sənətkarlıq”, 1926-cı il və İ.Qrişaşvili – “Sayat-Nova”).
Həmkar fars sözüdür və birgə fəaliyyət deməkdir.
Sənətkarlığın hər bir sahəsinin öz həmkarı var idi.
Bu təşkilata zümrəsindən və milliyyətindən asılı olmayaraq bütün yerli sənətkarlar daxil ola bilərdi.
Həmkarın ustabaşının əncam çəkdiyi öz müdiriyyəti var idi.
Bütün həmkarların gerb və embleminin təsvir olunduğu öz xüsusi bayrağı var idi. Bu, həmkarın rəmzini təşkil edirdi. Hər bir həmkarın öz himayədarı var idi. Məsələn, çəkməçilərin bayrağında Elianın (Elçi İlya), dabbağların - Məryəm ananın, şərabsatanların bayrağında – üzüm salxımı, qəssabların bayrağında İbrahim peyğəmbər öz quzusu ilə, dülgərlərin bayrağında Nuh peyğəmbərin gəmisi və sair təsvir edilmişdir. (Memarlar, xarratlar və dülgərlər öz bayraqlarına sonradan göyərçin də əlavə etdilər. Bu “göyərçin”in tarixi belədir: Natliğeba günü Kürün kiçik qoluna xaç buraxırdılar, Kürdə atların cıdırı keçirilirdi. O tərəfində qoşun dururdu, bu tərəfində şəhərin əhalisi. Tüfəng atırdılar, zurna çalırdılar və eyni zamanda göyərçinlərin dəstəsini də buraxırdılar. Bir dəfə belə “quş uçurtma” zamanı bir göyərçin dülgərlərin bayrağına qondu. Sənətkarlar bunu möcüzə kimi qəbul etdilər və bundan sonra dülgərlərin bayrağından gümüşü balaca göyərçin fiquru də asdılar).
Ustabaşını səsvermə yolu ilə seçirdilər (Qeyd etmək lazımdır ki, ustabaşı işin həllində bir yarım səsə malik idi). Bəzilərinin fikrincə, ustabaşını dəyişmirdilər və o, bu vəzifədə ömürlük qalırdı. Əlbəttə, ustabaşının müddəti müəyyən edilməmişdi, lakin aydındır ki, dövr ilə yanaşı ustabaşılar da dəyişirdilər. Ustabaşının uzun müddət öz vəzifəsində qalması onun qabiliyyətindən və daha çox onun nüfuzundan asılı idi.
Həmkarın öz nizamnaməsi var idi ki, burada da, qeyd etmək lazımdır ki, kollegiyalılıq ciddi şəkildə qorunurdu. Məs.: həmkarın heç bir üzvü öz yoldaşı tərəfindən başlanmış işə əl qoymurdu. İşdən çıxarılmış hansısa dülgərin əvəzinə elə bu sənət həmkarının üzvü “kəsad” işə yaxın durmurdu. Bir dərzi tərəfindən ölçülüb-biçilmiş arxalığı o birisi tikmirdi və sair. Eləcə də ustanın əl buyruqçusunu və şəyirdini tovlayıb öz tərəfinə keçirmək qadağan idi.
Həmçinin demək lazımdır ki, şəyird ustanın kargahı (birinci əlaltısı, köməkçisi - M.M.) olana kimi öz peşəsindən başqa hər cür xırda işləri görürdü: Böyük ustaların əl buyruqçusu idi, dükanı süpürürdü, evdən nahar yeməyini gətirirdi və sair işləri görürdü. Şəyirdə məvacib verilmirdi. Ustadı şəyirdə yalnız yemək yedizdirirdi və onun əyin-başının qayğısına qalırdı. Şəyird peşəni öyrənəndə illik məvacib təyin olunurdu. Bəzilərinin atası isə əksinə, uşağının peşə öyrənməsi üçün özü pul ödəyirdi.
Peşə öyrənməyin müddəti müəyyən edilməmişdi, lakin şəyird adi olaraq öz peşəsini 5-6 il ərzində başa çatdırırdı. Bu, şəyirdin qoçaqlığından və peşənin çətinliklərindən asılı idi: Bəzi peşənin öyrənilməsi artıq müddət tələb edirdi, bəzisi isə asan idi, az müddət tələb edirdi.
Şəyirdi təhvil vermək yaşı ciddi şəkildə müəyyən edilməmişdi, amma adi olaraq şəyirdin götürülməsi 8 yaşdan 10 yaşadək olurdu.
Hər bir həmkarın kef məclisi üçün ildə bir dəfə yazın bir günü seçilmişdi. Demək olar ki, qırx gün ərzində (Ağdqomanın bazar ertəsi günündən Amağlebaya qədər (xristianlıqda bayram, İsa peyğəmbərin səmaya qalxması - M.M.) Ortacala və şəhərin başqa sahil həndəvərləri həmkarların bayramları üzündən səs-küylü olurdu. Şəhərin bağlarına gedirdilər, Tanrının adına qurbanlarını kəsərdilər və şiləplov hazırlayardılar. Bu şiləplov kasıb-kusub arasında paylanılardı. İri yaxşı bir qazanı özünün “cvarismama” (Kilsənin həndəvərlərindəki təndirlərdən birində bişirilən lavaş - M.M.) lavaşları ilə həbsxanaya, məhbuslara göndərirdilər. Elə həmin gün gənc şəyirdlərin xeyir-duası baş tuturdu.
Bu bayram mərasiminin təsvirinə keçməmişdən öncə demək lazımdır ki, sənətkar dərəcəsinə nail olmaq üçün iki ilkin pilləni: şəyirdilik və əl buyruqçuluğunu keçmək lazım idi. “Kargah – əl buyruqçuluğu adını almaq demək olar ki, rəsmi baş verirdi. Sənətkar ekspert olaraq ustabaşını, ağsaqqalı, igitbaşını və həmkarın bir neçə fəxri üzvünü dəvət edirdi. Şəyirdin əl işini yoxlayırdılar və müvafiq yekun nəticə çıxarırdılar. Əgər əl işi qənaətbəxş olardısa, kargahlıq dərəcəsi verilirdi, əgər olmazdısa, onda yenə şəyird olaraq qalırdı, əl işlərində fərdi bədii istedad göstərməyənə qədər.
Ustad şəyirdinin yaxşı və ya pis olmasına şəxsən məsuliyyət də daşıyırdı, çünki sənəti öyrənmək təcrübəni ötürməklə və onun təhriki ilə baş verirdi. Gənc kargah şəyirddən onunla fərqlənirdi ki, kargah hansı sənətkarla istərdisə onunla da işləmək ixtiyarı var idi. Şəyird isə valideynlərinin tapşırdığı sənətkarın yanında qalmalı idi. Kargah bir şeydə məhdudlaşdırılmışdır. O, sənətkarın dükanından başqa müstəqil işləyə və ya da sənətkara demədən sifarişlər qəbul edə bilməzdi.
Lakin sənətkar tam, püxtələşmiş usta olanda o da öz əlaltılarına – şəyird və kargahlara, ona qarşı necə davranırlardısa, eləcə davranırdı. Bir sözlə, həmkarın üzvü üçün bu ənənəvi peşəni öyrənmək bir nəsildən o biri nəslə ötürülməsinin əsasını təşkil edirdi.
Sənətkar olaraq xeyir-duanın verilməsi belə baş verirdi: Bir sahənin sənətkarlarının nümayəndələri emalatxanaya toplaşardılar, bayrağı götürərdilər və zurnanın sədaları altında irəlicədən təyin olunmuş hansısa bağa yola düşərdilər. Xeyir-dua üçün hazırlananlar həmkarın başqa üzvlərindən fərqlənirdilər ki, bu bayram toplusunun önündə bayraqdarın əynində, ipək libas, belində sartğeli (Dini xidmət kəməri - M.M.) olurdu. Bu kəməri xeyir-duadan sonra ustabaşına verirdilər. Bu kəmərə özlərinin əl aləti bərkidilmiş olurdu, məsələn, çəkməçilərin – yumruq, dülgərlərin – tərəzi, zərgərlərin – simkəş, dərzilərin – şimşə (simşəd) (xətkeş - M.M.) və sair. Bu bayramı təşkil edənlər, ona qatılanlar bağa gedirdilər, orada da ehtiyata buraxılmaq və saristi (“starostluğu” - M.M.) hüququnu vermək üçün həmkarın öncə getmiş hansısa təcrübəli və etibarlı üzvü qarşılayardı. Bir tərəfdə nəhəng qazan dururdu ki, içində də şilə-plov hazırlanırdı. O biri tərəfdə isə mavi süfrə açılırdı ki, burada da boşqablar əvəzinə üzüm, əncir və kələm yarpaqları sərilirdi, stəkanların yerinə isə gil piyalələr sıra ilə düzülürdü. Süfrənin ətrafında müqəddəs şamlar yanırdı ki, bunlar da, şəksiz, axıra kimi əriməli idi.
Bax, bu zaman bütün həmkarın iştirakı ilə gənc kargahın sənətkar olaraq xeyir-duasının verilməsi baş tuturdu. Belə ki, ona kimi həqiqi usta və həmkarın sənətkarı, tam üzvü hesab olunmurdu. Bu xeyir-duaya bu mərasimdən öncə sənətkara əxlaq dərsi keçən keşişlər də dəvət olunurdu. Ustabaşı isə ona üç dəfə şillə vurardı ki, bu da sənətkara attestatın verilməsi idi.
Şillə vurmağın da öz qaydaları var idi. Ustabaşı ilə kargah arasında böyük-kiçikliyin son həddini bildirən bu şillə belə vurulmalı idi: Ustabaşı xeyir-dua üçün hazırlanmış sənətkarın hər iki əlinin baş barmağını bir əli ilə tutar və sonra şilləni vurardı. Şilləni üç dəfə vururdular: əvvəlcə sağ yanağına, sonra sol yanağına və üçüncünü yenə sağ yanağına. Son şillə, deyilənə görə, ən kəskin, ən bərk olmalı idi (Son vaxtlar ustabaşının “əl qoyması ilə” qeyri-sənətkar da olurdu. Həmkarın ayininə inanan və ustabaşının xeyir-duasını istəyən kəs bu bayrama gedir və ustabaşından onun xeyir-duasını istəyirdi. Bu halda ustabaşı şilləyə müraciət etmirdi, bu cür xeyir-dua “proşta” (rus sözündən götürülüb, sadəcə olaraq deməkdir - M.M.) ilə baş verirdi).
Bundan sonra süfrə arxasında əyləşərdilər, şənlik və nahar başlayardı.
Bu bayram iki-üç gün davam edərdi. Birinci gün xüsusi gün, xeyir-dua günü hesab olunurdu. İkinci gün təkcə böyüklər kef edirdilər. Üçüncü gün Namtsesoba (Artıq qalmış yeməklərə gəlmək - M.M.) adlanırdı.
Bu bayramın sonu belə idi: Axşamqabağı hamı bir yerdə - gül dəstələri ilə, yanan şamlarla, çilçıraqla bağdan qayıdırdılar və yenə ilk dəfə prosesin hərəkətə gəldiyi həmin emalatxanaya yollanırdılar. İndi dükanın önündə şənlənmə keçirilirdi: mahnı, rəqs, nərə çəkmək olurdu. Əgər bağda keçirilən kef məclisində ilk sağlıqla dünyasını dəyişən ustalar yad edilirdisə və piyalə ilə şərabı çörəyin üzərinə tökürdülərsə, burada, bu yeni süfrədə bu bərk sərxoşluq nəticəsində süstləşən camaat ilk süfrənin ləzzətliliyini daha qoruya bilmirdilər və kef məclisi mənasız səs-küylə, çığır-bağırla sona yetirdi.
* * *
Məgər ustabaşının vəzifəsi yalnız şillə vurmaqdan ibarət idi? Məgər kef məclisi həmkarların bu möhkəm adətinin yeganə mənasımı idi? Bu, belə olardısa, onda şilləni də və kef məclisini də unuda bilərdik. Lakin biz hər halda bu adətləri xatırlayırıq. Xatırlayırıq ona görə ki, adətlərin bütün bu kompleksi mürəkkəb hadisədir ki, bunun da əsasında insanın vəzifəsini özünəməxsus başa düşməkliyi və özünəməxsus mənəviyyatı durur. Bizim düşüncəmizdə nəsə kobud fiziki aktın təsəvvürünə səbəb olan “şillə”dən öncə öz dərinliyi ilə dini ekstazın yüksəkliyinə qədər gedən “xeyir-dua” gəlirdi.
Bax, bu xeyir-dua da:
“Öz alın təri ilə öz çörəyini qazan. Tanrı hamını canlı yaradanda, buyurdu, öz əməyinlə, xidmətinlə dolan.
Çılpaq torpağın üzü də əməklə örtüldü, şenləndi və münbitləşdi.
Tanrı sizin əlaltılarınza qarşı həsədi və bədhaxlığı uzaq eləsin.
Biz hamımız ölümə məhkumuq, biri gedir, o birisi gəlir.
Bütün yaxşı sənətkarlar öləndə öz biliyini də özü ilə aparsaydı bu dünya nəyə bənzəyərdi? Bizə oturub üz-gözümüzü cırmaqdan savayı heç nə qalmazdı. Lakin Tanrının köməyi ilə bizim babalarımızın malik olduğu biliyə yiyələndik. Bizim hər birimiz nəyi biliriksə başqasına ötürməyə borcluyuq.
Şəyird öz böyüyünə qarşı itaətkar və üzüyola olmalıdır. Öyrənmək və tövsiyə yalnız itaətkarlıqla əldə edilir!”
Xeyir-duanın son sözləri belə idi:
“Və sən, itaətkar, vicdanlı şəyird! Bu gündən sonra sənətkar adını daşıyırsan və sənə öz əllərinin əməyi ilə yaşamaq hüququ verilir. Müdrik Süleymanın özü, peyğəmbərlər, həvariyyunlar və bütün müqəddəslər moizə edirdilər ki, insan yalnız halal əməyi ilə yaşamalıdır... Və sən də, ey şəyird, indi bizim peşə yoldaşımız olan zaman halal əməyinlə özünü dolandırmaq üçün canını və qüvvəni əsirgəmə. Aman, nə badə, nə badə əyri-üyrü yolla gedəsən. Ürəyi təmiz və halal ol. Öz uşaqlarını da bu yolla aparmağa cəhd eylə. Öz şəyirdlərinə də halal əməyi öyrət və bizim sizə qarşı davrandığımız kimi, sən də şəyirdlərinlə elə davran ki, o dünyada İsa peyğəmbərin qarşısında alnıaçıq dayanasan və sorğu günü sərbəst olaraq etiraf edəsən: Ey Tanrı, budur, biz həyatımızın günlərini halallıqla keçirən şəyirdlərimizlə gəldik. Ey Tanrı! Cənnətin qapısını aç və bizi Cənnətdə rahatla. Amin!”(Л.П.Загурский: “Записки Кавк. отдела русск. географ. об-ва”, VIII kitab, 1873-cü il, səh. 26).
* * *
Sənət əməkdən, təhrikedici metoddan başqa, eləcə də fərdi istedadın və təbii instiktin lazım gəldiyi sahə idi. Bəzən şəyird öz ustadından üstün olubdur ki, bu da çox hallarda düşmənçiliyə gətirib çıxarıb. Usta ilə şəyird arasında bir rəvayət yadıma düşür. Gözəl Xertvisi qalasının iki böyük şərq və qərb qülləsi olub. Qüllələrin inşası hadisəsini xertvisililər belə nəql edirlər: Çariça Tamara iki bənnaya iki qüllənin inşasını əmr edir. Biri usta olur, o birisi onun şəyirdi. Usta şərq qülləsini, şəyirdi isə qərb qülləsini inşa etməli idi. Çariça kim gözəl və qəşəng qüllə inşa edərsə onu bolluca mükafatlandıracağına söz verir. Usta və şəyird canfəşanlıqla işə girişirlər. Sənətkarlar hələ işlərini başa çatdırmamış camaat bağırışmağa başlayır: şəyirdin tikdiyi ustanın tikdiyindən üstündür. Doğrudan da şəyirdin inşa etdiyi qüllə çariçanın daha çox xoşuna gəlir və elə irəlicədəncə sənətkarı bolluca mükafartlandırır. Usta qəzəblənir, fürsət tapır və şəyirdi qüllənin başını inşa edəndə onun ayağının altından pilləkanı götürür. Şəyirdi nə edə bilərdi? Pilləkansız aşağı düşə bilmədiyindən yuxarı qalxır, bir-iki qalmış taxtadan qanadlar düzəldir, baltanı belinə bağlayır və Cavaxetidə Kürün sağ sahilinə uçur. Qərb qülləsindən bu məsafə hər halda iyirmi sajendir. Yerə elə yöndəmsiz düşür ki, balta ilə yaralanır və dünyasını dəyişir. Bu yeri xertvisililər indi də tələfat yeri adlandırırlar (A.Proneli: “Şanlı Mesxeti”, Yason Kereselidzenin nəşri, 1914-cü il, səh. 162).
Usta ilə şəyird arasında bu cür həsədliliyin nümunələrindən biri Msxeta məbədinin divarının üzərində də varımızdır. Şimala doğru insanın qaya parçasını tutduğu kəsilmiş əli heykəlləşdirilib. Rəvayət bizə nəql edir ki, Samtavronu (Orta əsrlərdə dövlətin bir hissəsi – M.M.) inşa edən memarın şəyirdi Msxetanı inşa etdi, lakin ustadı ona həsəd apardı və deyilənə görə, cəsarətli hərəkət edən şəyirdin əlini kəsiblər.
Bir xalq şeirində deyilir:
“Xekordzula suyunu içmişəm,
Msxetanı elə inşa etdim,
Tutdular, əlimi kəsdilər,
Ona görə ki, yaxşı inşa etmişəm”... (T.Jordania: “Xroniklər”, birinci kitab, 1893-cü il, səh. 155-6).
Bu iki nümunə aydın şəkildə onu göstərir ki, şəyird ilə usta arasında paxıllıq ta qədimdən mövcud olub. Buna görə də xeyir-dua zamanı ustaya deyirdilər: “Tanrı sənin əlaltına qarşı olan həsədi və düşmənçiliyi uzaq eləsin”.
Buna baxmayaraq, həmkarlar arasında çəkişmə və aralı düşmə halları mövcud deyildi və həmkarlar ailəsi kifayət qədər möhkəm təşkilat idi. Birləşdirici məhlul o qədər güclü idi ki, həmkarlar bəzən mütəşəkkil şəkildə çıxış etməyə də nail olurdular. Məsələn, 1865-ci ildə yeni vergilərin tədbiqi zamanı bu yeni mülki həyatın yeni qonağına Tiflis amkrobası qiyamla cavab verdi.
On mindən artıq insan daşlarla silahlanaraq (Bütün üsyançıların çuxasının ətəkləri Çaylığın çınqıl daşları ilə dolu idi) küçələrə çıxdılar. “Bütün şəhərdə dükanlar bağlandı, drojka sürənlər birjanı tərk etdilər, “povoska”çılar (dörd təkərli üstü çadırlı araba - M.M.) gizləndilər, tuluqçular su daşımağı dayandırdılar və bütün şəhər Xocavənkə, Bebutovların qəbiristanlığına yığıldı ki, burada da hökumətə qarşı mitinq keçirildi (İona Meunarqia: “Moambe” (“Xəbərçi”), 1904-cü il, № V, II hissə, səh. 4). Həmkarların camaatı təhrik edən və qiyama doğru çağıran öz başçıları var idi. Budur, P.Melikişvilinin xatirəsində rast gəldiyimiz bir məlumat: “Bilmirəm niyə, – mərhum professor bizə nəql edir, – bu durum məni də maraqlandırırdı, bir yoldaşımla birlikdə Xocavənk qəbiristanlığı təpəsinə gedə bildim. Bir gənc vətəndaş sənətkarın sözü yadıma düşür. O deyirdi ki, biz bu böyük vergilərin tələblərinə razılaşmamalıyıq”(Professor P.Melikişvili: “Mənim xatirəm”, bax: “Gürcü ədəbiyyatı”, 1927-ci i, №5, səh. 147).
Hökumət xoflandı. Şəhərlilərə kəndlilərin kömək etməsindən qorxurdu. “Təcili Qarabulaqdan bir neçə batalyonu çağırdılar, Xramidən kazakları, Mudavanidən toplar gətirdilər və Avlabarın hər iki körpüsündə Tatar meydanının üst yanına, polis idarəsi yaxınlığına, Kukiya körpüsü yaxınlığına və Çuqureti yaxınlığına qoşun yeritdilər”.
Bir rus məmuru öz xatirəsində bu “bunt” barəsində belə nəql edir: “Şəhəri qəflətən böyük həyacan bürüdü. Səs yayıldı ki, guya şəhər sakinlərinin üzərinə qeyri-adi vergi qoyulmuşdur. İlk hərəkat həmkarlar arasında baş verdi, sonra dəhşətli dərəcədə sürətlə bütün şəhəri bürüdü. Camaat qəbiristanlığa, meydanlara, küçələrə toplaşırdılar. Hay-küy salırdılar, hədələyirdilər, bağırırdılar və qışqırırdılar” (“Воспоминания Андрея Михайловича Фадеева”, Одесса, 1897-ci il, II hissə, səh. 245).
Lakin bu “çığırtı-bağırtını” tezliklə sakitləşdirdilər... Çoxunu tutdular, çoxunu da sürgün etdilər.
Əgər düşünsək ki, sənətkarlığın təsiri ilə mübarizə və ya silah gəzdirmək qabiliyyəti onların içində boğulurdusa, həmkarlıq və həmkarlar barədə saxta təsəvvürümüz olar, əksinə, tarixi nümunələr bizə göstərir ki, gürcü çarları kimi, eləcə də Gürcüstanın sonrakı dövrünün iqtidarları həmkarlara bir mübariz qüvvə olaraq, ələlxüsus, işin Tiflisin müdafiəsini tələb etdiyi zamanlar tez-tez müraciət ediblər.
“Həmkar gürcü çarları zamanı şəhərin yerli qarnizonunu təşkil edirdi ki, bu da düşmənin hücumlarından onu qoruyurdu. 1803-cü ildə Gəncə qalasının alınması zamanı gürcü qoşunları ilə birlikdə Tiflisin amkrobası da iştirak edirdi. 1826-cı ildə həmkarlar qeyri-müntəzəm əsgərlərlə birlikdə Naftulluq qarnizonuna keşik çəkirdilər. 1854-cü ildə isə osmanlılarla müharibə zamanı general Read tərəfindən başqa vətəndaşlarla birlikdə Tiflis amkrobası da dəvət olunmuşdu və bu camaat tamamilə silahlanaraq yekdilliklə özlərini yetirmişlər” (К.Г.Иерусалимский “Ювелир индейского царя. Ованес Ага или любовь отца к сыну и на оборот”, Тифлис, 1866-cı il, səh. 9-10).
Bəzi rus məmuru amkroba institutuna qarşı idi, çünki amkroba ətrafında birləşən xırda ticarət demək olar ki, monopoliya hüququndan istifadə edirdi (“Акты”, XI cild, səh. 875-876). Artıq 1849-cu ildə quberniya idarəsinə amkrobanın ləğv edilməsi barədə ərizə daxil etdilər, lakin tez-tez yerli adət-ənənələri səylə müdafiə edən Vorontsov bu çox qədim olan təşkilatın birdənbirə yox edilməsini istəmədi. “Onlar bizi narahat etmirlər, öz üzvlərinə yardım edirlər, amkrobanın öz mənfi cəhətləri də ola bilər, lakin əsrlər boyu mövcud olan bu müəssisəyə hər hansı bir dəyişikliklərin əlavə olunması hələ tezdir. Onların adətlərində, onların quruluşunda o qədər yaxşı cəhət vardır ki, bu yaxşılıqlar onların əyər-əskikliklərindən daha çoxdur” (Ю.Ахвердов: “Тифлисские Амкары”, 1883-cü il, səh. 31).
Buna baxmayaraq amkroba bizim vaxta qədər hər halda gəlib çıxdı, halbuki, ilkin simasını itirdi. Nəhayət o dövrkü hökumətin qərarı ilə bütün sahələrin həmkarlarını birləşdirdilər və şəhərin sənətkarlar idarəsinə yerləşdirdilər.
* * *
Amkroba qaraçoxelilərin kultu idi. Amkroba bohemanın onsuz da qədim Tiflisin pozulmuş simasının tam halına gələ bilinmədiyi bir qırığıdır.
Amkrobanın ustabaşına qədimdə böyük təsiri vardı. O, seçilən kəndxuda olaraq daim köhnəlməyən nüfuza malik idi. Ustabaşının vəzifəsi, qeyd etmək lazımdır ki, amkrobanın həyatında qayda-qanunun pozulmaması üçün şifahi müşahidə və nəzarətdən ibarət idi. Şifahi ona görə deyirəm ki, köhnə vaxtlar həmkarın əksər hissəsi, şəhər danışığından istifadə etsək, “kitab üzü görməmişdi”. Onların hər şeyi anlamaq istedadı, müşahidə etmək qabiliyyəti var idi və yaddaşın sonsuz ehtiyatına malik idi. Haqq-hesab üçün öz əlamətlərindən istifadə edirdilər: çarpaz xətt, əyri xətt, düz xətt, yumru xətt, iki xətt və bu xətt üzərində bir neçə qrafiq xətt. Bax, bu onların haqq-hesab dəftəri, “buxhalteriyası” idi ki, bununla da onlar manatları, tümənləri və sairi qeyd edirdilər.
Ustabaşının hamı xətrini istəyirdi. Əgər hardasa ər-arvad arasında bir niyyətsizlik baş verərdisə, ustabaşı ortaya çıxar və bu ixtilafı “barış” yolu ilə sona verərdi. Əgər qonşular “alış-veliş” zəminində dalaşsaydılar, ustabaşını ismarlayardılar və o da gələr, baş vermiş davanı əlüstü qaydaya salardı. Əgər hansısa tərəf tərslik edərdisə və ustabaşının çıxartdığı qərara tabe olmayırdısa, günahkarın cəzalanması üçün “asan yol” mövcud idi, belə ki, bu “asan yol”u bağlayırdılar, ona boykot elan edirdilər.
Həmkar vəzifəsi eləcə də dünyasını dəyişmiş yoldaşlarının dəfnini təşkil etməkdən ibarət idi. Hansı həmkarın üzvü vəfat edərdisə, həmin peşənin dükanları mərhuma hörmət əlaməti olaraq bağlanırdı və hamı mərhumun ailəsinə toplaşırdı, hüzr yerində iştirak edərdilər. Əgər dünyasını dəyişən varlılar çevrəsinə daxil idisə, həmkarın üzvləri dəfn mərasimində iştirak etsinlər deyə mərhumun sahibləri həmkarın kassasının xeyrinə bir növ məbləğ ödəyirdilər (Барон Гакстгаузен, “Закавказкий край”, 1857-ci il, I hissə, səh. 108). Bu məbləğ iştirak edənlər arasında paylanılırdı və onlar da dəfndən sonra mərhumun ruhunun yad edilməsi üçün sağlıq deməyə hansısa meyxanaya gedirdilər.
Həmkarın nizamnaməsində dula-yetimə baxılması, yiyəlik edilməsi qeyd olunmuşdur. Demək lazımdır ki, bu nizamnaməyə maddə-maddə əməl edirdilər. Şərqli adamı həmişə özünün son anları və layiqli dəfni barəsində fikir narahat edir. “Layiqli dəfn” – bu onun son istəyidir. Tiflis qaraçoxelisinin, Tiflis həmkarının üzvünün heç bir kapitalı, dövriyyəyə buraxmaq üçün heç cür başqa şeyi yox idi. O, bir həftədə qazandığını bir gündə yeyirdi. Gələcəyin qayğısına qalmırdı. Ölürdü və özündən sonra var-dövlət əvəzinə ailəsinə iş alətlərini və ya da sağ əli elə balaca vaxtlarındanca işə öyrəşən övladını qoyurdu.
Əlbəttə, istisna olunanlar da var idi, onların dəfni minnətli olmasın deyə “qara gün üçün” qəpik-quruşlar yığırdılar, qaraçoxeli isə öz “dəfn kassası”nı həmişə belinə bağlamışdı: “Gümüş kəmər” (Qədimlərdə kargah mücrü qoymalı idi ki, burda da illər ərzində gümüş kəmərin alınması üçün məbləğ yığılırdı).
Mən qumarın ehtiraslı oyunçusunu görmüşəm ki, qumarda hər şeyi uduzub – pulu, papağı, kürkü, arxalığı, çəkmələri, elə şalvarını da və gümüş kəmərə əl yetirməyib. O, alt paltarının üstündən bağlanmış gümüş kəmərlə evinə qayıdıb. Əgər kimsə bu gümüş kəməri oğurlasaydı və ya zorla satdırsaydı, onda onun hirsinin həddi-hüdudu olmazdı. Bu cür kişi qəbir yanında danışmağa başlamalı idi. Bundan öncə qəzetdə oxudum ki, çəkməçi Mixeil Veliaşvili öz şəyirdi Georgi Metepşivilinin bədənini 65 yerdən kəsmişdir. Məsələ belə olub: Çəkməçi Veliaşvili öz şəyirdinə məvacib vermirmiş. Şəyirdi məhkəməyə şikayət edir. Məhkəmə qərar çıxarır ki, çəkməçi Veliaşvili şəyirdi Metepşişviliyə itirdiyi pulu verməlidir və çəkməçinin başqa məbləği olmadığından öz gümüş kəmərini satmış və keçmiş şəyirdini razı salmışdır. Zaman keçdi, çəkməçi Veliaşvili hər halda ona kəfən pulu olan gümüş kəmərini satdırdıqları fikirlə barışa bilmirdi. Həmişə acıqlı xasiyyətdə idi. Və, budur, bir gün çəkməçi vaxt tapdı, özünün keçmiş şəyirdini güddü və bebutla ona 65 yara yetirdi (“Kommunist” qəzeti, 1927-ci il, №133).
Qaraçoxelinin öz ənənəsi var idi. O, təkəbbürlü olaraq həyatın keşməkeşli yolunda gözüaçıqlıqla boylanır, ölüm ayağında isə onun cəsədinin minnətli basdırılmaması barədə düşünürdü.
VI Vaxtanq da öz qanunlarında dəfnə böyük diqqət yetirirdi: “Kilsədən kənarda məzarın sahibinin dəyərini verməsi düzgündür. Buna görə də ehtiyacı olan insana halallıqla verilməmiş məzarın xeyiri yoxdur” (Bax. Vaxtanqın qanunları, maddə 218). Həmkarın üzvü isə bu cür qayğıdan azad idi. O, elə sağlığındaca bilirdi ki, ölümdən sonra həmkar nizamnaməsinin qüvvəsi ilə yoldaşları onun dəfnini minnətli etmirdilər, layiqincə dəfn edirdilər və onun ailəsinin üzvləri də yiyəsiz qalmırdılar. Vəba və qarayara zamanı Tiflisin sakinləri şəhərdən başı alovlu qaçanda, öz ölülərini və xəstələrini Allahın ümidinə qoyanda həmkarın üzvləri şəhərdə qalıb dünyasını dəyişənlərə sahiblik etməyi özlərinin müqəddəs vəzifəsi olaraq hesab edirdilər.
Nəinki bircə çətinlik zamanı, elə şənlik zamanı da həmkarlar həqiqi yoldaşlıq bilirdilər. Həmkarın üzvləri ailənin yetim qalan uşaqlarına daim qayğı ilə yanaşırdılar. Bir nadir hadisəni qeyd etmək lazımdır: Dul qadına hər gün azuqəsi göndərilirdi və heç kim bilmirdi ki, onu kim göndərir. Bu, mərhum ailə sahibinin də həmkar üzvünün və ya göndərən qaraçoxelinin şəxsən dostu hesab edilən həmin ailəyə xəlvəti yardımı idi.
Dul qadının uşaqları böyüyəndə, oğlanları emalatxanalara təhvil verirdilər, yaşlı qadınlara isə həmkarın daxılından cehiz hazırlamaq üçün məbləğ verilirdi. Bu pul ilə ana öz qızına adətlə qaydaya salınmış cehiz tikirdi.
Bu cehiz sözü indi bizim üçün yersiz və gülüş doğurucu ola bilər, amma o dövrkü gəlin üçün “cehiz siyahısı” gələcək xoşbəxtliyin yaradılması üçün ilk məhək daşı idi.
Monoqrafiyamızın illüstrasiyası və o dövrü xarakterizə etmək üçün birazdan bu cehiz siyahısı ilə oxucularımızı tanış edəcəyik.
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU