Xalqın oyanmasına kəskin şəraitlər, inzibati nəzarət və ciddi senzura səbəb olmuşdur. Yuxarıda sadalanan sənətkar şairlərdən bir neçəsini tutdular, bir neçəsini sürgün etdilər. Çoxları “əllərini üzdü”. Çoxlarına “barmaq silkələnildi”. Ya sakitlik, ya da eyhamlı yazmaq lazım gəldi. Bu baxımdan fəhlə-şair Anton Qanciskareli heyranedici virtuozluq göstərir.

Nümunə olaraq bir şeiri gətirəcəyəm ki, burada da çarizmin əsarəti altında inləyən və əzilən zəhmətkeşin əhval-ruhiyyəsi dolayısı ilə ifadə olunur:

“Sən kişisən, yenə də kişi,

Adəmin törəməsi;

Məgər sənin qəlbinə çatmır

Məzlum xalqın iniltisi?

Borclusan, pisin yerinə

İşi daha yaxşı qurmalısan

Və bu işlə işıqlandırmalı

Həyatda indi əl uzadanı.

Bununçün sənə xeyir-dua verdim,

Nəhəng qəhrəmanın dəmir dəyənəyi,

Yuxarıda Allah kömək olsun,

Yerdə hökmdar, onun taxtı!

***

Sən kişisən var bədəninlə,

Bir bax, qardaşlıq arenasına,  –

Görəcəksən öz qardaşlarını

Necə içirlər, zəhəri-acılığı;

Kim ərk etdi içməməyi,

Pis həyatı zəhərlədilər,

Əzab-işgəncə ilə kifayətlənmədilər!

Bir qəhrəman kimi bunu etməlisən,

Zalimin üstünə atıl; –

Yuxarıda Allah kömək olsun,

Yerdə hökmdar, onun taxtı!

***

Sən kişisən, bir qayda olaraq,

Bütün qardaşlar sənə baxır;

Niyə görmürsən damarlarından

Qanı kim sorur, necə zəli?

Kişi yerinə də qoymurlar,

Sanki olasan qarışqa.

Niyə susursan, zəhmət oğlu,

Artıq işıqlanır, daha qaranlıq deyil;

Bu gün heç nəyini əskik etməz

Gümüş xaç, qızıl ikona,

Yuxarıda Allah kömək olsun,

Yerdə hökmdar, onun taxtı!”

***

Sən də kişisən, qeyd etmək lazım

Və sən də kişilərə bənzədin,

Öz tərinə, müsibətinə

Layiqincə dəyər ver.

Zehni işə, təhsilə

Əl uzat, min elə,

Onda tale üzünə gülər...

Belə lazımdır, qardaşım, belə,

Və mən də onun üçün həsr etdim,

Bu cür qalxan-qılınc-dəmir dəyənəyi.

Yuxarıda Allah kömək olsun,

Yerdə hökmdar, onun taxtı!”

Bu deyim parlaq poetik vasitədir ki, bunun da vasitəsi ilə son sətirlərdə xeyir-dua olaraq siyasi şüar həddən artıq ustalıqla əhatə olunub:

Yuxarıda Allah kömək olsun,

Yerdə hökmdar, onun taxtı!”

Əgər Anton Qanciskareli bu mövzuda bir şeirlə yola gedirsə, İzidzeyə öz fikrini ifadə etmək üçün daha mürəkkəb kombinasiya lazımdır. O üst-üstə poemalar – “Məhəbbətin gücü”, “Xalqın qəhrəmanı”, “Daşqıran” poemalarını çap etdirir. İzidze gürcü xalqının istəklərinin əfsanəvi formasını vermiş və hadisəni Yaponiyaya addatmışdır (“Daşqıran”). Odur ki, İzidze təşviqat inqilabi şüarları yoğurmuş və senzuranın icazəsi ilə  camaat arasına tolazlamışdır:

“Çar istəyir xalqı özünə qul, ölkəni də idarə etsin,

Duyğu, məhəbbət isə, ona uyğun gəlmir hökmranlıq.

Çara nifrət, rədd olsun hökmdar, qoy dağılsın taxtı onun;

Belə çarı neyləyirik, öz millətini sevməyən çarı” (İzidze (İoseb İmedaşvili), “Məhəbbətin gücü”, 1903-cü il, səh. 9. Bu poema doqquz yüzüncü illərdə əlyazma şəklində yayılırdı. İmedaşvili eləcə də 1904-5-ci illərdə “İveriya” ilə əməkdaşlıq edirdi (“Şurdulinin” şöbəsində, buna da İya Eradze – Sof. Mqaloblişvili redaktorluq edirdi) və K.Tumanişvilinin 1909-cu ilin “İveriya”sında (“Tskipurtun” şöbəsində, Piruz Tskipurtadzenin redaktorluğu ilə) məqalələrinə Usuf-Umut oğlu yazırdı, şeirlərinə – İzidze).

Bu üsul ilə yazmaq odövrkü senzuranın gözündən pərdə asmaq üçün inqilabi şairlərin fəndi idi. Eyhamla və cinaslı sözlərlə ifadə olunan şeirlərə Akaki Sereteli də hörmətlə yanaşırdı. Rusiya-Yaponiya müharibəsi zamanı bizim şairin rəğbəti Yaponiyanın tərəfində idi. Və, bax, Akaki bir şeir (“Quriya laylası”) yazdı ki, burada ana öz uşağına oxuyur və hər dəfə öz laylasını belə bitirir: “Oy, bunun qadasın alım!” (Burada yapon marşalı Oyama nəzərdə tutulur). Bu şeirdə cinas gözəl yonulub rəndələnmişdir.

“O olan şey daha yoxdur,

Dəyişəcək bu gün, sabah,

Yol ayrılmış şəkildə bizə rast gələcək, –

Oy, bunun qadasın alım!

 

Başqa cür layla deyəcəm,

Damla-damla öyrən.

Xilaskara xilas etdiyini öyrəşdir, –

Oy, bunun qadasın alım!

 

Lakin hələ ki, beşikdəsən,

Tezliklə, tezliklə böyüyəcəksən, –

Sənin uşaqlarına sən də söylə:

Oy, bunun qadasın alım!” (“İveriya”, 1905-ci il, № 59).

Eyhamla yazmağa gürcü şairləri odövrkü senzura öyrəşdirdi. Elə bu səbəbdən çoxlu yazıçı təxəllüsə büründü.

Bu ümumi taledən fəhlə şairlər də yan ötə bilmirdilər: Lazare Maisuradze  “L. Sənətkar”, M.Lelaşvili “Çılğın” adlandı, “Noşrevanidze” Noşrevan Merkviladzenin, “Ninotsmindeli” Datiko Rostomaşvilinin  təxəllüsü idi. Qordadze öz həqiqi soyadını “Abuladze”, G.Çarxişvili “Qauçinarda” (“Yoxa çəkildi”)  (“Uçinaradze” təxəllüsü) etdi. Bəzən Anton Qanciskareli də təxəllüsünü dəyişirdi (Məsələn: “Abdulla Zabuxal-oğlu”) və sair.

Məgər senzuranın günahı deyildimi ki, bizim xadimlər özlərinin artıq görkəmli adlarından çəkinirdilər və min cür qəribə təxəllüslərlə bürünürdülər?! (Məsələn, İlya Cavcavadze: M.Cimşeridze, Cibreil, Axalmosuli, Piruza, Laridze; Kirile Lordkipanidze: Toma Karqareteli; Qr. Orbeliani: Ksnisxeveli (Qeyd etmək lazımdır ki, “Fəhlə Bokuladze ilk dəfə bu təxəllüslə dərc olunmuşdur. Bax: “İveriya”, 1877-ci il,  № 7); M.Z.Kipiani: Spiridon Çitorelidze; St. Crelaşvili: Sano, Tatala; Yakob Mansvetaşvili: Don-Yaqo; D.Kezeli: David Soslani, Zoili; G.Sereteli: Terek içənlər, Qoriseli, Mazakvali; G.Lasxişvili: Lali, Esikelah Kvaçantiradze; N.Lordkipanidze: Tanimelo; G.Kikodze: V.Leliani və sair).  

Bu təxəllüslər müəllifə bir növ yardım etmiş olurdusa, əvəzində gələcək nəsillər üçün bu və ya digər yazıçının təxəllüsünü çox hallarda aydınlaşdırmaq lazım idi (Arçil Corcadze təxəllüsləri tədqiq edərkən yazır: “Terek içənlərin kimliyini anlaya bilmədim” (Bax: V cild, səh. 79). Sv. Xundadze də söyləyir: “İmedi” jurnalının əməkdaşlarının bəzi təxəllüsünün izahı çətindir. Burada bizə Tatala, Aradeli və sair rast gəlir. Bu təxəllüslərlə kimin yazdığını anlaya bilmədim”(Bax: “Gürcüstanda sosializmin tarixi”, II cild, səh. 61).

Bu zəmində kuriyozlar da yer alırdı!

Məgər senzura şəraiti İlya Cavcavadzeni məcbur etmədimi ki, öz “xoşbəxt millətini” italyan yazıçısı Custa məxsus etdi? Bu “italyan yazıçısı” rus şairi Yakuboviç tərəfindən uydurulmuş irlandiyalı şair Dekonin və italyan Çezare Nikolin kimi mövcud deyildi (П.Якубович (Л.Мелшин), “Стихи” II cild, 1906-ci il, səh. 3). Lakin hər halda bu yazıçı bir neçə il ərzində öz şeirlərini bu şairlərdən “tərcümə” adlandırırdı. Halbuki Gürcüstanda təxəllüslərin çoxluğu həmişə senzura şəraiti ilə izah olunmur. Gürcü dövri nəşrinin durumu elə idi ki, çox hallarda nömrənin doldurulmasına bir və ya iki daimi əməkdaş lazım gəlirdi. Oxucunun marağının oyadılması üçün qəzetin əməkdaşları müxtəlif xarakterli yazıları müxtəlif təxəllüslərlə yerləşdirirdilər. Məsələn: P.Maxaradze bu təxəllüslərlə yazırdı: Söhbətcil, M.Monidze, Qalxan, Əyalətli və sair. Arçil Cacanidzenin 16 təxəllüsü var idi (İztirablı, G.Bareli, Şinauri, Qardeli və sair). Tedo Ğlontinin təxəllüsləri Möhkəm, Bərk, Məsim və sair idi. K.Tumanişvilinin  – “Грузин, Обыватель, Гражданин, Свой” və sair idi.

Rusiyada tamamilə günahsız sətirlər belə senzuranın mənfi ştampından yan ötə bilmirdi. Məsələn,

Əsərdə yazılıb:                                                                              Senzura söyləyirdi:

Sənin ilahi gülüşünü                                                       Qadın tamamilə onun layiqi deyil ki,

Mənə kim layiq görəcək?                                                gülüşünü ilahi adlandıralar.

 

Sən anladın, ruhum,                                                         Qadağan olunsun, çünki

Mənim ruhumun titrəyişini.                                             ruhdan gedir söhbət.

 

Sənin yanında istəyirəm                                                   Qadağan olunsun, çünki səfa çəkməyi

Səfa çəkməyi öyrənəm.                                                    qadının yaxınlığından deyil, İncildən

                                                                                          öyrənilir

(Мих. Лемке «Николаевские жандармы»,1909-cu il, səh. 226).

Senzuranın qələmi və ya İ.Davitaşvilinin adlandırdığı kimi: “Xanım qırmızı –mürəkkəb” çox hallarda gürcü şairlərinin şeirlərini də eybəcərləşdirirdi (Bu baxımdan çoxlarının gülməli kuriyozları da yer almışdı. Bu mövzu ayrıca monoqrafiyanı tələb edir. Hazırda bu bizi maraqlandırmır. Deyəcəyik ki, odövrkü gürcü senzorları arasında (Eprem Aleksi-Mesxişvili, Pl. İoseliani, Dim. Bakradze, Luka İsarlov, Raf. Eristavi, P. Qotua, P.Mirianişvili, Sarqis Kakabadze, İv. Polumordvinov və sair) ən çox gülməli əhvalatlar Luka İsarlovun ətrafında mövcuddur. Bu yazıçıya çox hallarda redaksiyalar da çəkinmədən yanaşırdılar. Məsələn: “İmedi” jurnalı bəyan edirdi: “Bu nömrə üçün yığılmış məqaləni senzor Luka İsarlov daimi olaraq həbs etmişdir” (Bax: “İmedi”, 1882-ci il, № 2).

Bir dəfə bu Luka İsarlov Akakinin bir şeirini (“İtiləyirəm, itiləyirəm, ey oraq”) buraxmamışdır. Akaki bu şeiri Potidə buraxmış və altından da öz soyadı əvəzinə Luka İsarlov yazmışdır!

Anton Qanciskareli başqa yazıçılara nisbətən daha azad şəkildə çap olunurdu. O, tənəkə ilə damların üstünü örtən idi. Hazırda şəhərdən kənarda – Ğrmağeledə yaşayır və poeziyaya az meyl edir... O, savadsız, kasıb ailənin oğludur:

“Halbuki oxumuş deyiləm,

Nə də məktəbə yaxın getmişəm,

Hər halda mübarizə aparacağam

Kəskin sözlər atmaqda”.

Anton 25 ildən artıqdır ki, fəaliyyət göstərir. Onun oynaq şeirləri, onun istehza ilə yoğrulmuş “kəskin sözləri” bilavasitə başqası üçün nəzərə çarpmayan gündəlik həyatı əks etdirir. Hər cür mühüm məsələ onun poeziyasının şah damarıdır. Anton öz yaradıcılığının mövzusu olaraq odövrkü həyatın mənfi tərəflərini götürdü.

Anton Qanciskareli bizim ədəbiyatda kifayət qədər tanınmışdır və layiqincə dəyərləndirilmişdir.

“İveriya” onun şeirini dərc etdirir:

“Bizim şəhərdə tez-tez baş verir

Həddən artıq  möcüzə,

Gürcülərin cılızlaşmışı,

Qəribə, qəlb sındıranı.

Paltarı alabəzək-alabəzək,

Sanki beyni dağınıq, yelbeyin adam,

Burda sordum, orda sordum,

Dedilər ki, dekadentdir. (Dekadentlik – XIX əsrin axırlarında və XX əsrin əvvəllərində burjua ədəbiyyatı və incəsənətində meydana gəlmiş mürtəce cərəyan - M.M.)

 ***

Başındakı papaq köbələyə bənzəyir,

Əynində palto, jilet,

Sarımtıl ayaqqabı,

Burnunun ucu kəsik;

Əlində çubuq tutub,

Sanki çırpılası yunu vardır.

Burda sordum, orda sordum,

Dedilər ki, dekadentdir.

***

Qadın gürcü sayaq başını örtüb,

Bədənində sümükdən korset,

Əyninə qara şal geyinib,

Qırağı krem zolağı,

Boğazına tülkü dərisi dolayıb,

Burda sordum, orda sordum,

Dedilər ki, dekadentdir.

***

Dedim, əgər hamı belə olsa

Mən onlarda daha artıq olaram;

Bundan sonra borcluyam,

Əlimə alım böyük dəyənək,

Tək-tək təklif edim,

Harda rast gəlsə dekadent”. (Bax: “İveriya”, 1904-cü il, №13).

“Moambe” (“Xəbərçi”) onun kitablarını ayırd edir: “Qanciskarelinin bazar ədəbiyyatında, – “Moambe”nin biblioqrafçısı yazır, – yaxşı adı vardır. Qeyd etmək lazımdır ki, bu adı haqlı olaraq özü qazanmışdır. Səlis və canlı şeir, çevikləşdirilmiş dil, aşiqanə və hərarətli sözlərin kifayət qədər zəngin lüğəti, təbii yumor. Orada-burada vətənpərvərlik ritmləri demokratik ənənələr ilə yoğrulmuş – bütün bunlar Qanciskareliyə və başqa bu kateqoriyadan olan şeir qoşanlara böyük üstünlüklər verir” (Bax: “Moambe”, 1904-cü il, №5, ikinci şöbə, səh. 91).

İ.Evdoşvili şeirini Qanciskareliyə həsr edir ki, burada da Antonu acıyır:

“Başqalarının evlərini örtürəm,

Mənim isə papağım yox,

Qayçı, çəkic,

Gəzirəm və özümlə aparıram.

Bax, mənim xəzinəm,

Tam elə budur, nə vardırsa,

Zəngin əgər yan ötürsə

Mənim də öz həmkarım var.

Taxtapuşda səyahət edirəm,

Şəhərin başına baxıram,

Ən çox tanrıya yaxınam,

Guya xoşbəxtəm.

Lakin yalnız bu məni təəccübləndirir,

Niyə tanrı görmür

Ki, özü lüt-üryan,

Başqaları üçün dam örtüyü döyüb düzəldir.

Eh, kaş ki, biləsiniz,

Dəmir elə ki, qızanda,

Ayaqların necə ağrıyır, yara bağlayır;

Lakin Anton üçün

Kimin nə vecinədir.

Neyləyək ki, quş kimi

Taxtapuş üzərində ölür!

Vur! Vur Çəkici,

Qənaət et taxtapuşa,

Başqaları üçün dəmir örtürəm,

Mənim isə papağım yox”. (İ.Evdoşvili, Əsərləri”, Narkanın nəşri, 1916-cı il, səh. 156).

Anton Qanciskarelinin kitabları: “Mənim tütəyim”, “Bəri bax”, “Cibgirəm”, “Təhsilin günahıdır”, “Yıxılmış ailə”, “Şəfəqin intizarında”, “Varlı oğrular və yaxud Eşiyanın rəqibləri”, “Tatar və gürcü mahnıları” (Abdulla Zabuzal oğlu təxəllüsü ilə) və “Dekadentin cib kitabı”. Son kitabına belə orjinal və geniş epiqraf həsr edib.

“Ağac əvvəllər gətirmədiyini

Gətirə bilməz.

Ağacın kökünə nə etsən də,

Onu qılınca, dəmirə çevirə bilməzsən.

Briliantı döyüb əzsən,

Başa həna ilə qoysan,

Əgər başında bir şey yoxsa,

O sənə beyin olaraq yaramaz.”

Anton Qanciskareli belə yığcam ifadə olunan, sonradan aforizmə keçməli olan, çox az tapılan fikrin məharətlə öhdəsindən gəlir. Çox hallarda onun şeirləri yubadılmışdır, halbuki bu yubadılma da obyektiv şəraitlərin üzərinə yazılmalıdır. Odövrkü fəhlə-şairlər öz əsərlərini əksər hallarda ayrıca kitab şəklində nəşr etdirirdilər. Çünki redaksiyanın qapıları heç də həvəslə onların üzünə açılmırdı. Ayrıca nəşr üçün isə şeir hər halda “bir formalı” (16 səhifə) olmalı idi. Bu isə şairləri çox hallarda şeirin həcmini artırmağa məcbur edirdi.

Qanciskareli ilk çıxışındanca populyar oldu. Onun poeziyası istehza poeziyasıdır! Onun ürəyi səmimiyyətliliyin açıq anbarıdır!

Qanciskareli ilk dövrlərdə Givişvili-Skandarnovanın təsirinə məruz qalmışdı. Aşiqanə təcnislər yazırdı:

“Qadasın alım nazlana-nazlana ötüb getməyinin,

Gediş öyrənməyə nə verdin?”

 Aşıqlar kimi öz təxəllüsünü elə şeirin içindəcə ritmləşdirirdi:

“On il bundan əvvəl mənim də vardı sevgim,

Ona sədaqətli idim, xətərsiz qul idi,

Yalnız qoydu məni qəmgin, yasda-dərddə.

Və indi isə başqasına aşiq olur Anton Qanciskareli.”

Lakin bu ədəbi yapıncının keçəsini tezliklə atdı. Onun şeirlərinə indi artıq geniş xarakter verildi. O, həyatın hər cür eybəcərliklərinə: rüşvətxorluğa, insanın meymunluğuna, məhəbbətin xırdalanmasına, yoldaşların dözümsüzlüyünə, güclülərin kobudluğuna, haqsızlığına, dövlətçiliyin nizam-intizamsızlığına və ailə əxlaqsızlığına toxunur.

Bax, bir “məmnun arvad”ın dili ilə nə deyir:

“Ləvəndin oğlu mənim ərim,

Həddindən artıq yaxşı kişidir,

Başına da vursan, səsini çıxartmaz,

Sakit və rahatdır.

 

İstədiyim zaman axmaq yerinə qoyuram,

Gedərəm, başqası ilə eşqbazlıq edərəm

Və nə zaman da zəngi çalsam –

Qapını üzümə açar mənim ərim.” və sair.

Anton Qanciskareli böyük müşahidəçilik qabiliyyətinə malikdir. O, yuxarıdan həyatın ədalətsizliyinə nəzər yetirir. Onun yaddaşı sanki hər bir sensasiyalı cüzi hadisələri toplayır ki, özünün iti qələminin ucuna yerləşdirsin və qəşəncə hərəkətə gətirsin.

Eşiya adında bir dəllək var idi. Bu da ki, kasıblığına görə xırda oğurluqla məşğul idi. Və bax, kifayət idi ki, dövlət əmlakının oğurluğuna görə iki milyonçu – Adilxanov və Milov həbs ediləydi, bizim şair elə həmin an yazıq “Eşiya”nı yadına salaydı. 

“Ah, hardadır rəhmətlik Eşiya,

Özü üçün peşə bulsun, yoxsa nə gündədir!

O oğurluq edirdi, ona görə ki, ac idi,

Gecə kefli olanın, səhər başı ağrıyırdı,

Qışın ayazı onu narahat edirdi, üşüyürdü,

Çox hallarda divarın dibində gün düşən yerdə otururdu!

Ah, hardadır rəhmətlik Eşiya,

Bu gün oğurluq sövdəgərlərin əlindədir.

O, halbuki kimdən nəsə oğurlayırdı,

Bu oğurluqla ac-susuza himayədarlıq edirdi,

Onun davranışı heç kimə vermirdi zərər!

Bu gün isə zənginlikdə olan oğurlayır.

Ah, hardadır rəhmətlik Eşiya,

Bu gün oğurluq sövdəgərlərin əlindədir!” və sair.

Anton Qancikarelinin istedadı sərbəstdir və səmada qanad çalandır. O, sanki artıq olanını təklif edir. Başlıcasını – daxili qüvvəni isə ürəyində saxlayır. Anton bədii zövq ilə yoğrulmuş sözü zamanın poeziyasından uzaqlaşan, həmişə və hamı üçün ağlın bülövü olan xoşbəxt şairlər dəstəsinə daxildir.

“Gah acdırlar, gah susuz,

Necə zaman gətirir;

Gah ağlayır, gah gülürəm,

Hamının öz zamanı vardır.

Bəzisinin yağı, ikrası

Və bəzisinin yenə vaxtı vardır,

Halbuki mənim bu, yoxumdur.

Hamının öz vaxtı vardır.

Mənə nə dəxli, kiminsə

Karvansarayları vardır,

O da başqasının evini tutacaq,

Hamının öz vaxtı var.” (Bax: “Dekadentin cib kitabı”, 1904-cü il, səh. 38)

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU