Mahnı üçün yazılmış şeirlərə, bu şəhər poeziyasına Tiflisin sadə camaatı çox güclü meyl edirdi. Əgər nağılvari hekayələr onların fantaziyasını “enləndirirdisə”, mahnı üçün yazılmış şeirlər qulağına dəyən kimi əzbərləyir, zümzümə edir və yayırdı.

Givişvili, Skandarnova, Hazira; Sonra: Ganciskareli, Yetim Gürcü, Beçara və sair. Bunlar öz müqabillərində Besikinin, Sayat-Novanın, A.Çavçavadzenin, Alvan-oğlanın, Budaq-oğlanın, Kiçiknovanın, Perşangişvilinin, Şamço-Melkonun və başqalarının müxəmməsləri ilə böyümüşlər. Bu ozanlar, bu fars güllərinin ilk bağbanları sadə camaatın şüur məclisində daim tabaqları olublar.

Böyük istedada malik insan, gec və ya tez hamı üçün məlum olur. İstedad çox vaxtlar yerin dərinliyində gizlənən qiymətli qızıl külçəsidir. Bunu axtarmaq, tapmaq, üzərə çıxarmaq, aşkarlamaq, təqdir etmək lazımdır.

Tarix öz dövrü tərəfindən inkar olunan yazıçının, müasirlərinin unutduğunun, bir neçə nəsildən sonra xoşbəxt tədqiqatçının qələmi ilə aşkar olunduğunun, xalqın fəxri olduğunun bir neçə nümunəsini xatırlayır. 

Mən belə “xoşbəxt” deyiləm və nə də “fəxri” fərmanlar paylayıram.

Mən yalnız yaradıcılığı da Tiflisin sadə camaatının bir neçə nəslini yetişdirdiyi insanların unutqanlıq kəfənini başdan rədd etmək istəyirəm.

Bir dəfə Floberin (Məşhur fransız yazıçısı Qustav Flober - M.M.) beyninə düşdü ki, ziyafət verə və yalnız tənqid tərəfindən məhəl qoyulmayan yazıçıları dəvət edə.

Mənim diqqətim də bu halda hansısa ayrı-ayrı şəxslər üzərində uzun müddət dayanmayıb. Mən bu yazıçıları, biçilən taxılı dərz kimi, birgə götürüb incəsənət xırmanına gətirdim və oxucularla onu döyəsi oldum.

Bizim əsrin gürcü poeziyası aşıq poeziyasına geniş şəkildə calandı və onun köklü-köməcli axınına qovuşdu. Sonra isə həyat tərzinin dəyişməsi Tiflisin xalq poeziyasının formalarını da dəyişdi və o artıq “kitab” zəmininə keçdi. İstedadlı qaraçoxeli qələm əhli, pambıq ipi ilə cod şəkildə deyil, “sıx şəkildə, qüsursuz tikilənlər” ortaya çıxdı ki, bunlar da demokratik ədəbiyyatın bütöv dövrünü yaratdı.

Ondoqquzuncu əsrin ikinci yarısında şəhərin aşağı təbəqəsində Skandarnova, Givişvili və Hazira kimi görkəmli simalar ortaya çıxdı. Onlar, şübhəsiz, kiçik miqyasda Besiki və Sayat-Novanın və onun ədəbi janrının davamçıları idilər. Əgər köhnə şeirlərin başlıqları “Şarişuri şüştər muxalif avazında” və ya “Bir gün gedək, ax, bilmənəmin avazında” idisə, yenilər öz mahnılarına belə başlıqlar verirdilər: “Ax, inç anim, vuns anim”in avazında, “Boje moy”un avazında və sair. 

Hazira barədə aşağıda danışacağam. Hazırda sizin diqqətinizi iki nəfər şeirçi üzərində dayandırmaq istəyirəm: Demək olar ki, eyni zamanda xalq ədəbiyyatının naməlum yaylağında qanad çalan David GivişviliGiorgi Skandarnova üzərində.

İlya və Akaki yuxarı təbəqə arasında olduğu kimi bu iki nəğməkar şəhərin aşağı təbəqə əhalisi arasında populyarlığa malik idi. Lakin bu iki şair elə vəfat etdi ki, onlar barədə səmir belə çıxmadı.

Skandarnovanın vəfatını heç kim bilmədi. Tələsik tabuta qoydular və acınacaqlı şəkildə dəfn etdilər. Givişvilinin tabutunu dörd nəfər muzdlu əsgər Petre-Pavle qəbiristanlığında dəfn etdi. Nə ağlamaq, nə söz, yalnız Givişvilinin oniki yaşlı oğlu bu dörd sətri istəmədən söylədi:

“Niyə, məndən uzaqlaşdın, mənim atam,

Kiçik vaxtlarımda mənə niyə qıydın?

Zülm altında böyüdüm,

Heç yerdə mənzilim yox idi” (Tiflis şəhər müdriyyəti keçmiş Soboro küçəsini David Givişvili küçəsi  adlandırmışdır (Bax: “Tiflisin küçələri”, 1926-cı il, səh. 67), Skandarnova küçəsi isə hələ yenə də bir Allaha qalıb).

Onlardan hər birinin demək olar ki, bütöv yarım əsr fəaliyyət göstərməsinə və onlardan hər birinin 30-a qədər müxtəlif xarakterli şeirlər toplusunun nəşr etdirməsinə baxmayaraq nə biri barədə, nə də o biri barədə yazılı avtobioqrafiya qalıb.

Onları sadalamaq da maraqlıdır.

Belə bir fikir mövcuddur – Bütün dünya ədəbiyyatında əsərlərə tamamilə uyğun gələn yalnız bir neçə başlıq var. Beləcə başlıq seçmək çətin olub! Giorgi Skandarnova, eləcə də onun başqa müasiri olan yazıçılar üçün bu çətinlik mövcud deyildir. Başlıq burda tamamilə başqa təyinata xidmət edir. Başlıq həkk olunmuş haşiyə kimi gözə çarpmalı, öz daxili qəribəliyi və israrlığı ilə israrlı oxucuda hər şeyi bilmək hissini oyatmalıdır.

Biz bu başlıqları bütövlükdə gətiririk ki, oxucuda onların üsulu və quruluşu barədə tam təəssürat oyatsın.

Giorgi Skandarnova:

Xalq məclisi və müxtəlif yeni mahnılar;

Qarınqulu kişinin həyatı, Ortacalada əyyaşların kef çəkmələri və müxtəlif yeni şeirlər;

Çəyirtgələrin və insançəyirtgələrin durumu;

Cavab olaraq telavlı Mtsğeradzeyə həsr edirəm;

Aşiqanəlik güzgüsü, müxtəlif yeni şeirlər və mahnılar;

Yeni zurnaçı, xalq şeirləri, mahnılar və bizim xalqın həyatından satiralar;

Caqi-cuqi, vaxe-vaxe və yeni-yeni mahnılar, bunun plastinkasına qramafonda baxın;

Yeni kiçik xalq çəngisi, səhnələr, satiralar, kupletlər və əmioğlu barədə yeni uydurulmuş şeir;

Üç çörəyin əhvalatı, xalq nağılı-əfsanəsi və bəzi keşişlərin acgözlüyü barədə iki müxtəlif xalq rəvayəti;

Üçlük müttəfiqlərinin və Avstriya-Macarıstan, Serbiya-Çernoqoriya və eləcə də Osmanlının dəhşətli müharibə olayları;

Zarafatçıl zurnaçı, telavlı keçi və siğnağlı eşşək barədə maraqlı şeirlər və eləcə də seçilmiş aşiqanə şeirlər;

Şənlik süfrəsinin nəğməkarı;

Bədbəxt şəhər, çərçilərin sərgüzəştləri və onların durumu;

Birlik bayrağı, yeni hökumət və yaxud zəhmətkeş xalqın ağdqoması (Pasxa bayramı - M.M.);

Gürcü klubunun loto əhvalatı (Bu kitabın üz qabığında qadın kimi başlarını örtmüş kişilər çəkilibdir ki, bunlar da qadınlarla masa arxasında oturub loto oynayırlar. Göründüyü kimi, bu loto oyunu köhnə vaxtlar da bizim yazıçıları həyacanlandırırmış. “Siskari” yazırdı: “Eh, bizim ölkə, bəs bizim övladlarımız səni sevirdi və həmişə onların rifahı qayğısına qalırdın? Oh, bizim analar, bizim köhnə anaların çırağı, özlərindən çox ərlərini sevən sizlər, di, indi çevrilib öz övladlarınıza nəzər yetirin”... və sair. (Tavxelidzenin “Lotonun ailəyə təsiri” (A.Purtseladzenin təxəllüsü), “Siskari”, 1868-ci il, noyabr, səh. 106);

Şənlik süfrəsinin nəğməkarı və yaxud Ortacalanın tərifi-gül dəstəsi, maraqlı oxunası, yeni şeirlər, satiralar,  köhnə və yeni ailə barəsində bədahətən deyilmiş kupletlər (ikinci nəşr);

Dardanelin açılışı və sərbəst şəkildə müttəfiqlərin planlarının hər bir tərəfə gediş-gəlişi;

Nəğməkar qadın, müxtəlif aşiqanə şeirlər, mahnılar, satiralar və eləcə də tapmacalar;

Alaverdi-Yaxşıoldu, süfrədə oxunası mahnı və başqa şənlik şeirləri, rus motivi deyilən Суббота və В саду розу посадила;

Ortacalanın kef məclisi, Dnqr Solomonun növbə çörəyi (qonaqlığı - M.M.), Tiflisdə 1870-ci ildə həqiqi baş verən hadisə;

Aşiqanə çəngi;

Trapizundun işğalı və Bağdad üzərinə hücum;

Kinto Sakulanın şikəstəsi və bayatıları;

Mənim çalğı alətim, yeni nəsil xalq şeirləri və satiralar;

Məclis zarafatı, gülməli və məzəli şeirlər, mahnılar və beytlər və eləcə də Telavi mahnısı özünün darskaluxi ilə (dəm-dəstgahı ilə - M.M.);

Nadir ailə elmi yuxu yozması, müdrik Süleymanın və Efrem Verdinin irəlicədən söyləmələri ilə (Tərtib rəssam K.Qriqoryansındır, G.İ.İsgandarnovanın redaktorluğu ilə);

Hamilələrin və doğanların kassası və yaxud xeyirxahlıq şantajı və təəccüb doğuran fırıldaq (İkinci nəşrə əlavə olunur: Ter-Xibolozinin kassasında vahiməli yuxuların yozumu və onun ilk növbədə Telavidə təsis olunması və cənnətdən iblis tərəfindən Ketevan Rutiaşviliyə təcili məktub);

Xoca Molla Nəsrəddinin gülməli lətifələri;

Ah, gözlər! Gözlər!

Şənlik sazəndələri və yaxud istirahət vaxtlarının əyləndiricisi, köhnə və yeni yazıçıların müxtəlif mahnılar toplusu (Bu sonuncu kitab qədim müxəmməslərin antologiyasını təşkil edir, 1870-ci, 1872-ci və 1895-ci ildə dörd dəfə nəşr olunub).

David Givişvili:

Ozan, mahnılar, gəlin-qayınana durumu, gül və bülbül, qadınların modnası və başqa şeirlər (beş dəfə nəşr olunub);

Bağ-bağat (Toy barədə təbrik şeiri);

Tərif;

Atanın əli ilə satılan oğul və yaxud qəlboxuyan gənc;

Milyonçu Mirzaxanın yuxusu və onun vəsiyyəti, erməni dilindən çevrilmişdir;

Mirzaxanın şikayəti və digər oxu şeirləri;

Kosanın öküzü və yaxud sənə dəydi ya yox. Ay arvad, sevindir məni. Qadının fəndi;

Atı atın yanına bağlayanda həmrəng olmasalar da həmxasiyyat olurlar. Gəlin qayınananın savaşı, fahişəxana, monax qadınların lal xidmətçisi, oxunası və mahnı üçün şeirlər, atalar sözləri və tapmacalar;

Qraf Mixail Tariyeloviç Lorismelikovun tərifi;

Mərhum Aleksandr İvanoviç Mantaşevin tərifi;

Nə gündəyik?

Hökmdarın oğlu şir yanında necə böyüdü və yaxud şirin böyütdüyü;

Bizim Tiflis şəhərimiz və başqa şeirlər;

Xalq nağılları;

Yeni saldatlar barədə-əsgərlər barədə, şeir və mahnı;

Sənin xətrinə qızardılmış toyuq yeyərəm (Bu kitaba növbəti əfsanə əsas oldu: Bir kişi özünü asmaq qərarına gəlibmiş və onun dostu dustağın əzab-əziyyətlərini yüngülləşdirmək üçün toyuq qızardıb, ona zəhər qataraq həbsxanada məhbusa son nahar olaraq aparıb. Məhbus ona deyib, əgər mənim xətrim varsa, son loxmanı birgə qıraq və toyuğun yarısını ona təklif edib. Toyuğu aparan onun xətrini qırmayıb, yeyiblər və iki səmimi dost birgə ölüb (Bax: “Aya Sofiyanın durumu”, Avtandil Quliyevin nağıl kitabı, 1913-cü il, II hissə, səh. 18).

Şəhərin yeni boynası - sallaqxananın yeni qəssabxanası, şeytanın və pulun əsiri və başqa şeirlər;

Səntur (Sərqin simli, toxmaqla çalınan musiqi aləti - M.M.), mahnı və oxu üçün şeirlər;

Üç julik - hoqqabaz, yalanın şübhəsi ilə ər arvadını boğur, harda nazikdir, ordan qırılır, təmsillər və digər tapmacalar;

Bazar (cəmi beş dəfə nəşr olub);

Tutuquşu (bu kitabda “Şvidveziriani” təmsilləri nəzmə çəkilib);

Yeni modni qadın;

Qaçaq Koroğlu (bu poema dörd kitab olaraq nəşr edilib);

Çar İrakli ilə xanın güləşi;

Gürcüstan süfrəsi - Tatar şikəstələri, tatar məğzi ilə tərcümə;

Pajar və taksiya (nırx - M.M.);

Dul bakirədən nəyi ilə üstündür; 

Siğnağidə yaşayan Stepane İvanoviç Ğonievin həyatı və ölümü;

Döyüş meydanında həlak olan Z.Çoloğaşvili barədə şeir;

Savaş mahnısı və döyüş meydanında həlak olan Datiko Bebutov barədə şeir;

Mərhum Melko Bağdasarov barədə şeir;

Bıçaqla öldürülmüş Poğos Matuzov barədə şeir;

İoseb Stepanoviç Almasovun vəfatı barədə şeir;

Yakob Abraqune barədə şeir.

Hansı taleyin istehzasıdır!

D.Givişvili, elə ya belə, dünyasını dəyişən ünlü insanlar barədə şeirlər yazırdı, kitab şəklində də çıxırdı (Bu, şəhər camaatının o dövrkü matəm bəyanatı idi), özü isə elə dünyasını dəyişdi ki, bu əməkdar xalq şairi heç kimin yadına düşmədi, nahaqdan da Givişvili irəlicədən söyləməmişdir:

“Məzar da mənə lazım gəlsə, bu duran ölüyə,

Heç kim axtarmayacaq mənim üçün qəbir”.

David Solomonoviç Givişvili 1850-ci il noyabrın 3-də anadan olmuşdur. 1916-cı il iyulun 1-də vəfat etmişdir (Rus-gürcü ensiklopedik lüğətində (İ.Rostiaşvilinin redaksiyası ilə yalnız 4 kitab nəşr olunub) səhv olaraq yazılmışdır ki, D.Givişvili 1840-cı ildə anadan olmuşdur (səh. 720). Biz bu tarixi “Sayat-Nova”da da təkrar etdik, lakin Petre-Pavle kilsəsinin kitablarını gözdən keçirərkən bəlli oldu ki, D.Givişvili 1850-ci ildə anadan olmuşdur (Bax: bu kilsənin vəfat edənlərin siyahısı kitabına, № 230). Givişvili Tiflisin sakini, köhnə vətəndaş övladı idi (D.Givişvili qolları uzun gürcü əbası geyinirdi). Yazı-pozunu anası öyrətmişdir. Atası kiçik Davidi məktəb əvəzinə bəzzaz Şahnazarova təhvil verir. Gənclik çağlarına kimi burda qalır. Şair söyləmişdir:

“Valideynlərim məni oxutmadı,

Buna görə göz yaşı tökürəm.

Həyatım da acılarla doludur.

Və mən öz taleyimə qarğışçıyam”

                                                 (sətri tərcümə)

Sonra gömrükçü idi (Mnatsakanovun, mərhum 300 araqviyalının körpüsündə dururdu və mal-qaranın keçirilməsi üçün sahibinə qaydaya salınmış iki qəpiyi ödətdirirdi). Sonra şəhər sallaqxanasında məmur təyin ediblər. Bundan sonra “bazarnik” vəzifəsini icra edirdi. Bu yerdə 25 il qaldı və qocalıq çağında şəhər müdiriyyəti tərəfindən verilən 15 manatlıq pensiya ilə dolanırdı. Son vaxtlar Avlabarda (Kaxeti küçəsi, № 8) kiçik budka açmışdır ki, burda da xalis şamlar və öz əsərlərini satırdı. Qəflətən dünyasını dəyişib. Nahar vaxtı imiş, piti yeyirmiş, qəflətən yan tərəfə yıxılır və ağzından qan gəlir. Onun balaca oğlu Giorgi həkim çağırana kimi hansısa xırda-para oğruları onun üstünü kəsdirir və ölünü soyurlar. D.Givişvilinin bəzi kitabları Rija-Oğlan təxəllüsü ilə nəşr olunub.

Giorgi İvanoviç Skandarnova tiflisli erməni idi, peşəsinə görə rəssam (boyaqçı), şpalierlərin rəngləyicisi, sonralar elə bu peşənin icarədarı idi. Atası da rəssam idi. Onun əsil soyadı Skandaryandır, Sayat-Novanın təkidi ilə Skandar-Nova adlandı (Öz geneologiyasını gözəlləşdirmək üçün Skandar-Nova bir şeirində belə bir qeyd aparır: “Makedoniyalı Aleksandrı farsca İsgəndər Zülqərneyn adlandırırlar” (Bax: Onun ziyafət üçün “baməzə adam” əsəri, 1912-ci il, səh. 10). 1850-ci il martın 8-də anadan olub, 1917-ci il aprelin 10-da vəfat edib.

Hər ikisi çox qocalmış halda dünyasını dəyişiblər.

Məgər doğrudan onların şeiri əyləncə xarakteri daşıyırdı, necə ki, bu onların kitablarının üz qabığında qeyd edilmişdir?

– “Tərif” və başqa əyləncə şeirləri”.

– Şənlik sazəndəsi – istirahət günlərinin şən şeirləri”.

Mənim fikrimcə, müəlliflərə inansaq və onların şeirlərini yalnız və yalnız adi əyləncə materialı adlandırsaq, doğru olmaz. Doğrudanmı düşünürdülər ki, onların kitabları “istirahər günlərinin şənləndirilməsinə” çevrilməli idi. Ola bilsin ki, onlar doğrudan da əyləncə üçün yazırdılar, “ziyafət üçün, oxumaq üçün, aşiqanəlik üçün, asudəlik üçün, yoldaşları əyləndirmək üçün”. Lakin bu kitablar tamamilə qeyri-ixtiyari ibtidai əlifba vəzifəsini yerinə yetirirdi və müəlliflərin özləri də sadə camaat üçün, istər elə, istərsə də belə, kiçik Qoqebaşvili oldular (O hadisə xüsusilə diqqətəlayiqdir ki, bu “bir şaalıq kitabçalar”ın birinci səhifəsində çox hallarda giriş əvəzinə bütöv əlifba salınmışdır). Məsələ ondadır ki, camaatın oxumaq həvəsi vardı, lakin “başqa və başqalarının üzündən” bu mümkün olmurdu. Və budur, bazarın hər bir diqqətəlayiq məqamının sadəliklə və həvəslə təsvir olunduğu bu kitablar əldən-ələ gəzirdi və şəhərin yoxsul əhalisi qeyri-ixtiyari özünüinkişafa vərdiş edirdi (Bu cür bir kitaba Z.Ç-dze önsözünü yazır: “Bu kitab ta qədimdən də bütün Gürcüstanda uğurla yayılırdı və çox təəssüflər edirəm ki, bu gün də belədir. Ümid etmək olar ki, bu cür kitabları yayanın pis fikirləri ilə yanaşı oxu və yazı hər halda yayılar” (Bax: “Qal-Vajiani”, 1887-ci il, səh. 3).

Tiflis vətəndaşlarının təəccübdoğurucu intuisiyası var idi. Onlar öz müşahidələri ilə öz yollarını tədqiq edirdilər və tamamilə Niko Lomourinin “kitabı bilənlərə” yalvardığı “kiçik kəndliyə” bənzəmirdilər:

“Dinləyin, kitabdan halı olanlar,

Mənim yalvarışımı-sözümü,

Öyrədin kitabı, öyrədin,

Oxu və yazını öyrədin!” (Bu şeir və elə bu müəllifin “Əli” hekayəsi ilk dəfə Lev. Savelinin təxəllüsü ilə nəşr olunub (Bax: “İveriya”, 1879-cu il, № 4).

Tiflisin sadə camaatı öz təşəbbüsü ilə “kitaba da”, “yazıya da”, “oxuya da” meyl edirdi. Sanki bütün bunlar bekarçılıq, əyləncə olaraq baş verirdi. Sanki zarafat edirdilər, lakin Şekspirin dediyi olmasın, “Zarafat edirdilər və zarafatla da bir-birlərini zəhərləyirdilər”. Bu  “zəhərləmə” onlar üçün şərbətin şərbəti idi.

Arçil Corcadze bir yerdə söyləyir: “Camaatın o dövrlər (yetmişinci illər nəzərdə tutulur) oxu kitabı “Bejaniani”, “Qal-Vajiani”, “Baramiani” yox idi. Bu əsərlər imkanlı ailələrdə əlyazma şəklində saxlanılırdı. Camaat üçün həmin dövrlər bir neçə mahnı, “Çıx, ey günəş”, “Gözlər-gözlər” və sair nəşr olundu (Arçil Corcadze, əsərləri, V cild, 1914-cü il, səh. 129).

Əgər imkanlı ailə olaraq haqqında da “Mnatobi”nin söhbət açdığı (Bax: “Mnatobi”, № XII, 1869-cu il,  səh. 6), o “dükançıları” hesab etsək, onda  “camaatın oxu kitabı yox idi!” fikri doğru olar.

“Çıx, ey günəş” və “Ah, gözlər, gözlər” Skandarnovanın şeirləridir (Məhz elə şeiridir, şeirləri deyil, çünki bu iki sətir bir şeirin tərkib hissəsidir, mahnı zamanı hər xanadan sonra nəqarat təkrar olunur (Bax: G.Skandarnovanın “Şənlik sazəndəsı”, 1912-ci il, səh. 186). Bu şeirlər onda gürcü dilinin əl-üzünü yumadan gəzdiyi vaxtlar ədəbi bazara çevrildi. Skandarnovanın bu şeirləri barədə bax “Mnatobi” nə yazırdı: “Bu qısa zamanda Tiflisdə “Ah, gözlər, gözlər” xalq mahnısı üzə çıxdı”. Bu nəşr xalq nəşridir və xalq üçün əhəmiyyət kəsb edir. Biz bunda yalnız xalqın müdrikliyini və əminliyini oxuya bilərik. Bu, xalqın mənəvi durumunun güzgüsü və ölçüsüdür”... Bir az aşağıda: “Camaat öz ağlının bəhrəsini sevir və diqqət kəsilənlərə bunun oxunması böyük həvəslə ötürülür. O xatırladırdı ki, “Xalq mahnıları”nın nəşrindən sonra bizim küçələrdə birə beş onun mahnısı artdı. Onların ağıl övladının çapdan çıxdığını görəndə necə də təəccübləndilər. Onda, çap olunmağın onlarlıq olmadığını düşündükləri bir vaxtda. Bu mahnı barədə xalqın fikrini sınaqdan keçirmək halım da olub. Mən (başında tabaq olan və şaftalı satan) bir kiçik kintoya dedim ki, nəşr olunmuş “Çıx, ey günəş”i istəmirsənmi? O əvvəlcə fikirləşdi ki, onu aldadıram, lakin oxumağa başladım, qulaqlarını elə şeşələdi ki, onun sifətindəki məmnunluğu hamı hiss edərdi. “Gətir, alıram” deyə səsləndi. Lakin bədbəxtlikdən, bəlli oldu ki, oxumaq bilmirmiş (İ.Eliozaşvili, “Mnatobi”, 1869-cü il, noyabr-dekabr, səh. 5, (İkinci hissə)).

Bu camaatın mənəvi zənginliyinin ölçülüb-biçilməsi, onların nəğməkarlarının poeziyasının seçilməsi zamanı adi tənqidi metodlarla qane ola bilmərik.

Bu, tamamilə başqa dünya idi, özünəməxsus fikirləri ilə hədəflənmiş dünya.

“Bəzisi qarnını, dolanacağını düşünür,

Bəzinin düşmənin əl-qolunu bağlamaq üçün qolu var.

Mənim isə cızma-qaram görünür,

Ad və yada salınmaq üçün.

 

Mən öləcəyəm, bu qalacaq,

Məndən yadigar bu olacaq.

Givişivili dünyada

Onunla zənginləşməyi seçdi”.

Xalq sirrini bilənlərdən biri David Givişvili belə oxuyurdu.

Givişvilinin şeirlərində qədim nağılların bacaxlosu (xalis qızıl-M.M.) daha çox görünür. O, hər cür aktual məsələyə toxunur. Givişvilidə məsuliyyətin böyük hissi vardır. Onun sətirləri hiyləgərlik etmir. Givişvili götürdüyü mövzunu axıra kimi vərəqləyir. Ritmlər o dövrə uyğun olaraq düzgün qurulmuşdur. Onun gürcü dili gürcü dilində danışır.

Skandarnova səhlənkar şair idi, əyyaş, bu sözün əyyaşlıq mahiyyəti ilə. Atası tez-tez deyərdi: “O mahnıları uydurursan, yaxşıdır, lakin elə şey də uydur ki, şərabı daha içməyəsən”. Skandarnova isə “ucuz” içkini sevmirdi (“ucuz” içki suya deyirdilər). Əgər avropalı bohemist ilhamı kokainlə cəlb edirdisə, Skandarnova arağa, bu “Pilatenin göz yaşı”na yönəlirdi və oxuyurdu:

“Səhərin arağı –

Qəlbin varağı”.

D.Givişvili bu çatışmazlığa bir daha işarə edib:

“Sən mənim əxlaqımı, davranışımı qınayırsan, mən də səninkini aşkara deyim,

Sən çox görübsən o qarınqulu Ğazaranı,

Sülənirdi qapı-qapı araq əyyaşı, araq sülənəni,

Sən də onun yerini tutdun, başabaş.

Givişvili sakit adam idi, təvazökar və xətirli idi. Skandarnova isə təkəbbürlü, dikbaş, qürurlu və əhli-kef idi.

Hər ikisi xalqın sevimli ozanı hesab olunurdu.

Skandarnova və Givişvili azla qane olurdular və ad çıxarmaq üçün küçələrdə daş atmırdılar.

Doğrudur, onların şeiri qızılı və incə naxışlı deyildi. Doğrudur, onların gürcücəsi müasir şairlərin sözü kimi qərarsız deyildi, lakin bu çatışmazlığa baxmayaraq bu iki yazıçının böyük poetik intuisiyası var idi.

D.Givişvilinin kitabları arasında ən şox yayılanı  “Ozan”, “Bazar”, “Tərif”, “Tutuquşu” və “Koroğlu” idi. Bu kitablar bir neçə nəşrlə üzərə çıxmışdır.

Onun şeirləri arasında  məşhurdur:

  1. “Bir damcı qan idim qüsursuz,

              Nəzərə çarpmadan atanın belində olan mən.

              Anam qonaq olaraq könüldən məni dəvət etdi,

              Onunla qaldım doqquz ay mən gözə görünməz”.

                                                                              və sair.

  1. “Çiçək açan qızılgül soldu,

             Yazıq bülbül yas tutmağa başladı.

             Ah, ey bülbül, nədən zar-zar ağlayırsan,

             Bahar yenə gələcək”.

                                                                 və sair.

  1. “Ey şərab, Kaxetin şərabı, səni içənəm mən” (Qeyd etmək lazımdır ki, bu şeiri  D.Arağişvilinin “Şota Rustaveli”operasında xor oxuyur).
  2. “De görüm, de görüm məndən niyə inciyibsən”

Bu şeirləri bütün Gürcüstan oxuyurdu.

Biz bilərəkdən onun aşiqanə şeirlərindən yan ötürük, çünki burda Sayat-Novadan sonra gələn şairlərin aşağı keyfiyyətdə təqlidçisidir. Bu sahədə Skandarnova da üstündür. Lakin o eşq libasından uzaqlaşdığı və ictimai məsələlərə toxunduğu yerdə onun qələmi güclüdür və sərrastdır:

“Bir kişi baltanı itiləyib

Ağac kəsməyə gedirdi.

Bu kişini görən ağac,

O biri ağaca gileylənirdi...

 

Ağac ona cavab verdi: əgər baltanın

Sapı bizdən olmasaydı,

Baltanın ağzı bizə nə xətər yetirərdi,

Kəsə bilməzdi, yaralaya blməzdi” (“Bazari”1876-cı il, səh. 32. Halbuki bu təmsili nəsr şəklində daha həssaslıqla ermənilərin məşhur yazıçısı Raffi təsvir etmişdir (Bax “Xenti”, tərcümə Buğdan Evanqulovundur, 1903, səh. 236).

D.Givişvilinin mövzuları rəngarəngdir. Onu bütün şairlər kimi, ölüm-dirim məsələsi də maraqlandırır. Bir şeirində (“Qəbiristan”) bu fani dünyanın puçluğu belə işıqlandırılıb:

“Hər yerdə sakitlik hökm sürür,

Saysız-hesabsız ölülər harda uyuyur.

Uzun müddət fikirləşdim bunu görən mən.

Bu dövranı, bu zamanı lənətlədim.

 

Burda daha görünmürdü  kasıb, zəngin,

Eyni bir törpaq ağuşuna almışdı.

O sərhəd ümumi idi,

Biri o birisinə ziyanlıq etmirdi.

 

Bəzi yerdə göründü gözəl yaradılmış heykəl.

Yalnız varlı onunla seçilirdi,

Zahirən olan o gözəllik

Onun iç aləminə də məxsus idi.

 

Nələr oxumadım, üstə yazılan yazılardan,

Tanıdım onun kim olduğunu.

Lakin birdən ötəri yana baxdım,

Onun kasıb qonşusunu gördüm.

 

Deyirəm, ey zəngin, bax kasıbın

Necə pis günündən çəkinirdin.

Və düşünmürdün ki, bir gün

Sən də onunla düzəlişəcəksən” (“Ozan”, 1895-ci il, səh. 66).

Givişvili qardaşlıq məhəbbəti ilə o qədər doludur ki, o “qardaşlıq” üçün özünü fəda etməyə hazırdır:

“Mən ona inanıram, o kəsə ki,

Qardaşlığı bizim üçün qaydaya saldı.

Özümü oda ataram,

Qardaş insan üçün.

Onun şən gününü öz günüm hesab edirəm,

Onun ah-naləsini öz ah-naləm.

Budur ki, budur, bu olacaq.

Bu qəlbimdə  kök salınası üçün”.

D.Givişvili öz populyarlığını möhkəmləndirmək üçün nağıl eposuna müraciət etmişdir. O son zamanlar xırda şeirlər silsiləsinin başını buraxdı və poema yazmağa əl qoydu ki, onların da məğzi oxucu üçün hər halda yad deyildi, çünki o bu nağılları, rəvayətləri və əfsanələri nəsr versiyalarında əvvəllər də bilirdi. Lakin  Givişvili bu təmsillərə isti duyğu yeritdi, gözəl ahəngə saldı və xalqın malını yenə xalqa hədəfləndirdi:

Əfsanə qalıbdır ki, kimsə xan çar İraklinin xəstəliyi zamanı Gürcüstanı  təşvişə  salmaq niyyətinə düşür:

“İrakli xəstədir,

Gürcüstanın ruhvericisi,

Kim başını oda soxacaq,

Kim olacaq savaşçı?”

Lakin İrakli çəkinmədi, despanın dili ilə ona ismarıc etdi:

“Xalq nə günah etdi,

Gəl güləşək”.

Xan buna razılaşıb:

“Xan irəli çıxdı,

Üzündə qürur,

Sartğelsiz, kəmərsiz

Təkcə arxalıq ilə.

Burda İrakli xanın

Kəmərindən yapışdı.

Belini elə bükdü,

Bıçaqla oynağı bükən kimi”.

İrakli qələbə çaldı, xan məğlub oldu. Beləcə asanca Gürcüstanı təşvişə salmaq başdan rədd olunur!

 

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU