ALEKSANDRE ORBELİANİ
Ağa Məhəmməd şah Qacarın Tiflis şəhərinə hücumu
(1795-ci il sentyabrın 11-ci günü)
Ağa Məhəmməd şah Qacar gələnə kimi, dörd, ya beş il bundan əvvəl çar İrakli iki minlik seçmə gürcü atlılar qoşunu ilə Kartliyə təşrif buyurmuşdu. Belə ki, həmin vaxtlar heç kim daha onun düşməni deyildi. İmeretini ləzgilərlə, Car-Balakən ilə birləşdirdi. Buna görə də onları çoxlu təqiblərlə haldan saldı və onların barışmasına çox cəhd etdi. Halbuki yenə ara-sıra gəlirdilər, lakin çox zəif. Osmanlını və qızılbaşları vecinə də almırdı. Məsələ öz qardaşları imeretililər və ləzgilər idi. Madam ki, onları birləşdirdi, Kartliyə doğru arvad-uşağı ilə şad-xürrəm təşrif buyururdu. Və mənim anam da orada öz ata-anasını, çar və çariçanı görüb.
Tiripona düzənliyinə çatanda və orada gözəl dəstəni gözləri ilə görəndə çar İrakli qürurla buyurdu: “On min qızılbaş və ya Osmanlı qoşunu qarşıma çıxsa gözlərini qırpmağa da qoymaram, tezcə məğlub edərəm”. Eyni zamanda dəstəyə düzülən əmrini verdi və hamısı nizama durdu. Çubuğa keçirilmiş papaq gətizdirdi. Çöldə hədəf olaraq qoydurdu. Bir tərəfə öz qohum-əqrəbasının olduğu yeri göstərtdi, özü onların yanında dayandı və seçmə süvarilərə əmr etdi: “Di, tüfənginizdən atəş açın və güllə ilə onu vurun, amma siz boşa keçirsəniz, ondan sonra növbə mənə çatacaq və mütləq onu vuracağam”. Hamı anladı ki, çarın özü güllə atmaq istəyir və bunun üçün ehtiyat etdilər, güllə atmayacağıq deyə düşündülər.
Papaqdan xeyli aralı bir daş hədəfi qoydular. Atlı ora çaparaq gedib oradan tüfəngdən atəş açmalı idi. Boşa keçsə idi, sıra ilə onun arxasınca gələn atəş açmalı idi. Lakin heç kim nişan ala bilməyəndə çara təklif etdilər.
Çar İrakli qocalmışdı, lakin nə gözünün nuru, nə eşitmə qabiliyyəti, nə ağlı, nə də nitq qabiliyyəti əskilmişdi. Halbuki gənclik enerjisi daha yox idi, lakin ləşkərlik və təqib etmə işinin öhdəsindən yaxşı gəlirdi, bundan az ağır iş görmürdü.
Seçmə süvarilərdən papağı heç kim vura bilməyəndə, çar səsləndi: “İndi növbə mənimdir. Onun yanına qızılvari qəşəng atını gətirdilər. Qocalmış və alçaqboy kişi yəhərin qulpundan yapışıb quş kimi atın belinə atıldı. Ayağını heç üzəngiyə də qoymadı. O bədöv atda çarı görsəydiniz deyərdiniz, otuz yaşında kişidir. Saqqalını da qara rəngə boyadanda onun qocalığı tamamilə hiss olunmurdu. Atı meydana çıxaranda və özünü meydanda göstərəndə görən deyərdi: tabloya bənzəyir, əl ilə çəkilib. Ata sıçrayıb tamamilə qamətini düzəldəndə, məhz elə pərvazlanmış kimi hesab edərdin.
Təyin olunmuş yerə çatanda o, tüfəngini elə cəld işə saldı ki, hamı təəccübləndi. Bu zaman tüfəng işə düşdü və güllə papağın ortasını deşdi, hamı narahatlıqla dedi: “Günah deyilmi, sən Gürcüstandan əskik olasan”.
Bundan sonra atını döndərib hamıya məmnuniyətlə dedi:
– Mən qoca hamınızı üstələdim.
O, Qori şəhərində oturub çarlıq işlərinə əncam çəkirdi. İşlərini idarə edirdi. O, şam yeməklərinin birində arvad-uşağının və yaxınlarının olduğu yerdə sevinclə dedi:
– Çətinliklə ləzgilər də bizə qoşuldular, indi də, Allahın köməyi ilə, ümid edirəm ki, bütün Gürcüstanın işini yaxşı aparacağam, ona görə də indi İmereti Kartli-Kaxetiyə birləşdi, onlar bir Gürcüstan çarlığı yaratdılar, bununla bu ölkə çox güclənəcək. İkincisi, bu Car-Balakən də elə ki qoşuldu və bundan sonra da bu gözəl doğma ölkəmiz xoşbəxtliyə doğru yönələcəkdir ki, bunlar üçün də hamımız Allaha şükür etməliyik.
Amma gürcülərin gizli düşmənləri bu əhvalatlardan, bu məmləkətlərin birləşməsindən xəbər tutanda dərhal Tanrıya qarşı çıxaraq Ağa Məhəmməd şah Qacarı Gürcüstana gətirirlər. Əgər əlimə fürsət düşsə, bunları kimlər etdi, şəksiz, onların əməli barəsində ətraflı təsvir edəcəyəm.
Qori şəhərində bunu niyyət edirdi: “İndi Gürcüstanın işini yaxşı aparacağam”. İrandan xəbər gəldi: Ağa Məhəmməd şah Qacar böyük qoşunla Gürcüstanın üzərinə gəlmək niyyətindədir.
Əvvəla, İrakliyə xoş gəlmədi və dedi: “Nə edim, Gürcüstanın işini necə qurum, buna nə zaman vaxt tapım? – Bu qədər müddətdə qan tökmək mənim taleyimə bəs eləmədimi ki, indi yenə qanın içində üzməliyəm. Aman Allah, nə xəbərdir mənim gürcülərimin başında bu qədər dəhşətlər, necə bizi bağışlamazsan?”
Nəhayət, götür-qoydan sonra: “Madam ki, olmadı, hücum etsinlər. Gəlsin o xacə Ağa Məhəmməd şah Qacar. Elə bir iş açacağam başlarına ki, onlardan bir nəfər də Gürcüstandan çıxa bilməsin”.
Qoridə o qədər də qalmadı. O, Tiflis şəhərinə gəldi, hazırlıqlara başladı – Ağa Məhəmməd şah Qacarı necə qarşılasın.
Əvvəla, bunu demək lazımdır ki, Ağa Məhəmməd şah Qacar Gürcüstanın üzərinə niyə yeriyirdi? – Şəxsən Ağa Məhəmməd şah Qacar çar İrakli ilə dostluq edirdi və həmişə çar İrakliyə yaxınlaşmağa cəhd edirdi, lakin İraklinin Rusiya ilə dostluq etdiyini eşidəndə çox incidi və bununla, sən demə, İraklinin əleyhdarları rahat durmadılar: Get Gürcüstanın üzərinə və çar İraklini cəzalandır (Gəncə xanı Ağa Məhəmməd şah Qacara namələr yazırdı və onu çar İrakliyə qarşı qaldırırdı, fəqət orada da onu vadar edənlər var idi ki, onlar da qızışdırırdılar). Odur ki, çoxlu pis xəbərlərdən sonra Gürcüstanın üzərinə yerimək üçün hazırlığa başladı, əvvəlcə səfir göndərdi ki, Rusiyadan əl çəksin. Qoridən Tiflisə yeni gəlmişdi. Rusiya ilə eyni dinə mənsub və Rusiyanın qüdrətli olduğuna etibar etdiyindən səfirə soyuq cavab verdi və onu ümidsiz yola saldı, lakin dərhal müşahidəçiləri səfirin arxasınca saldırdı və özü də Ağa Məhəmməd şah Qacarı əməlli-başlı qarşılamaq üçün hazırlıqlara başladı. Bu iş üçün göndərilən müşahidəçilərdən xəbər gəldi: Ağa Məhəmməd şah Qacarın başqa işləri ortaya çıxdı, onları yerinə yetirməyincəyə qədər bura gəlmək niyyətində deyil. Bu xəbər onu çox məmnun etdi. Bunun üçün də daha ürəkdən hazırlaşırdı. Belə ki, xeyli vaxt keçdi və nəhayət, 1794-cü ildə, yay vaxtı yenə xəbər gəldi: İndi Ağa Məhəmməd şah Qacar şəksiz gəlmək niyyətindədir.
Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU