Tərəflər hər iki ölkənin Ədliyyə Nazirliyinin sıx əməkdaşlığı əsasında birgə tədris kursları hazırlayacaqlar. Gürcüstanın Ədliyyə Tədris Mərkəzinin yaydığı məlumata əsasən, kursların məqsədi ədliyyə sistemi əməkdaşlarının peşə bilik və bacarıqlarını təkmilləşdirmək olacaq.

 

Müvafiq sənədləri Gürcüstanın Ədliyyə Tədris Mərkəzinin direktoru Vaxtanq Jvaniya və Türkiyə Ədalət Akademiyasının prezidenti Muhittin Özdemir imzalayıb.

 

Bildirilib ki, Vaxtanq Jvaniya Türkiyəyə səfəri çərçivəsində Türkiyənin ədliyyə nazirinin müavini Hasan Yımazla da görüşüb. Tərəflər təhsil istiqamətindəki əməkdaşlığın gələcək inkişafı barədə razılığa gəliblər.

 

V.Jvaniyə həmçinin Türkiyənin Cəzaçəkmə və Probasiya Müəssisələri və Həbsxana Əməkdaşlarının Tədris Mərkəzinin direktoru, Türkiyə Ali Məhkəməsinin prezidentinin birinci müavini, Türkiyə Konstitusiya Məhkəməsinin baş katibinin müavini, Türkiyə Dövlət Şurasının baş katibi, Gürcüstanın Türkiyədəki səfiri ilə də görüşlər keçirib.

 

Görüşlər çərçivəsində tərəflər hər iki ölkənin təcrübəsini bölüşüblər və gələcək əməkdaşlığın möhkəmləndirilməsi haqqında müzakirələr aparıblar.

 

Qeyd edək ki, Gürcüstanın Ədliyyə Tədris Mərkəzinin direktoru Türkiyədə rəsmi səfərdə heyətlə birlikdə olub.