(əvvəli burada)

İndi isə qayıdaq araşdırmamızın əsas məqamına.

 

Şəhərin köçəri həyatını və ya sənətkarlıq ənənələrini davam etdirən, demək olar ki, bütün dünya xalqları və ya etnosları az-çox qiymətli xalq yaradıcılığı, folklor nümunələri ilə zənginləşmişdir. Türkdilli xalqlar, lap elə götürək, tayfalar da istisna deyil! Üstəlik, türk xalqı çoxəsrlik inkişafının müxtəlif dövrlərində poetik yaradıcılıqla zəngin olan maraqlı və cazibədar folklor, lətifə, təmsil, atalar sözü və qısa həcmli nağıllar, zərif yumor hissi ilə zənginləşmiş hekayələr yaratmışdır. Məlumdur ki, Orta əsrlərdə ərəb Cuhanın gülməli macəraları məşhur idi, həmçinin “Bu Adamın lətifələri” və s. Cuha xüsusilə Yaxın Şərqdə məşhur idi. Sufizmin ən böyük nümayəndəsi Cəlaləddin Ruminin “Məsnəviyi-mənəvi”sində qadının çalmasına bürünmüş Cuha ilə namaz qılan qadın arasındakı çanaq sümüyünün uzunluğuna-qısalığına aid olan əlaqənin gətirildiyi Cuhanın ədəbsiz epizodu nəql edilir (Mevlâna Celaleddin, Mesnevi Manevi, 1925-1933, t. 874, b. 3325-3338).

 

Ruminin “Məsnəviyi-mənəvi”sinin ikinci cildində nəql olunan Cuha epizodu da diqqətə layiqdir, burada dəfn zamanı atasının cənazəsinə oğulun yas tutması təsvir edilir: “Ata, səni  hara aparırlar? Axırda səni torpağa basdıracaqlar. Elə darısqal, elə qəmli evə aparırlar səni ki, orada nə xalı var, nə də həsir, nə işıq, nə də bir loxma çörək; Nə də xörək qoxusu var, nə qapısı var, nə də damı”. Cuha bunu eşidəndə atasına dedi: “Atacan, vallah, bu adamı bizim evə gətirirlər” (Elə orada, II cild. b. 3117-3338). Bu epizodu ona görə xatırladıq ki, o, Gürcüstanda da geniş yayılmışdır və  böyük populyarlığa malikdir. Bu, Cuhanın bizim ölkəmizə daxil olmasının da sübutudur. Halbuki bu heç də təəccüblü deyil, çünki şifahi xalq ədəbiyyatının məkanı müəyyən edilməmişdir, onun yayılma sahəsi genişdir və etnik sərhədləri tanımır.

 

Düşünürəm ki, Xoca (Molla) Nəsrəddin öz yumoru və zəkası ilə heç vaxt Cuhadan geri qalmır. Üstəlik, demək olar ki, o, bütün türkdili xalqların seçmə qəhrəmanıdır ki, bunun da yeganə iti qılıncı gülüşdür, bir çox cəhətdən keçid və gah yersiz hadisəni inkar etməyə, gah öz taleyini təqdim etməyə, gah da yadelli düşməni darmadağın etməyə və məğlub etməyə yönəlmiş gülüşdür.

 

Mübaliğə sayıla bilər, amma Xoca Nəsrəddinin lətifələrinin toplayıcısı və naşiri Memet Fuatın fikrincə, Yunus, Mövlanə, Övliya Çələbinin Anadolu mədəniyyətinin əsasını qoymaları əgər həqiqətdirsə, onda Xoca Nəsrəddini də onların yanında hesab etmək lazımdır (Nasreddin Hoca Fıkraları, Derleyen Memet Fuat, İst. 2016, s. XIX). Yaxın Şərqin mədəniyyət dünyasında gülüşün təsir gücünü də dərk etsək və xalqın qəhrəmanı və müdafiəçisi kimi ümumiləşdirilmiş portreti xalqın özünə məxsus olan Xoca (Molla) Nəsrəddinin populyarlığını unutmasaq, Memet Fuatın bu fikri əsassız görünməyəcək. Kiçik bir türk təmsili o dövrdə gülüşün böyük ictimai əhəmiyyətə malik olduğunu açıq-aydın göstərir: “Bir vaxtlar acgöz və tamahkar bir sultan yaşayıb. Hər il adamları soyub, onlara vergi yazmaqla doymurdu. Yeni vergi qoyanda vəziri çağırıb soruşardı: “Camaat nə edir?” – “Camaat susur” cavabı olurdu. Amma bir gün yenə camaata yeni vergi yazıb camaatın nə dediyini soruşduqda vəzir ləyaqətli cavab verir: “İnsanlar heç nə demir, ağam, sadəcə gülürlər”. Bu sözləri eşidəndə qorxan sultan ayağa qalxaraq qışqırır: “İndi məhv oluruq, vergini dərhal azaldın” (Bax. Иностранная Литература, 1959, №1, стр. 265).

 

İndi türk folklorunda gülüşün belə hər şeyə qadir gücü nə vaxt qazandığını dəqiq müəyyən etmək çətindir. Amma fikrimcə, bu, yəqin ki XIII əsrdə, Osmanlı türklərinin – oğuzların kiçik qolu olan əcdadlarının monqollardan geri çəkildiyi zaman baş verməlidir və onlar Şimali İran və Azərbaycan üzərindən Kiçik Asiyaya gələrək Səlcuq sultanlığının hərbi xidmətinə qədəm qoydular, taleyini əbədi olaraq onlarla bağladılar və Səlcuq xalqının həyat dövrünə əqli olaraq qarışdılar (Миллер А.Ф., Краткая История Турции, М., 1948, стр. 8).

 

Məhz bu dövrdə türk satirasının ağızdan-ağıza meydana çıxması üçün münbit zəmin hazırlanmalı idi. Onların düşündüyü kimi, iti təfəkkürlü Xoca Nəsrəddinin bu çətin və fırtınalı dövrdə doğulması təsadüfi deyildi.

 

Məgər yaşayırdı? Və ya o kim idi? İndi bu barədə sizə heç nə deyə bilmərəm! Bir şey dəqiqdir, Xoca Nəsrəddin şəxsiyyətinin konkretləşdirilməsi heç nəyi əlavə etmir, əksinə, xalqın böyük sevgi və şəfqətlə öz ümidi kimi heykəl qoyduğu ümumiləşdirilmiş tipi aşağılayır! Şəxsən mən akademik V.A.Qordiyevskinin nöqteyi-nəzərini olduqca düzgün hesab edirəm: “Bir vaxtlar Xoca Nəsrəddin var idi, çətin günlər yaşayırdı. O, savadlı, hazırcavab və zarafatcıl, məsxərəçi bir insan idi. O, xalqa xas olan sadə və onlara yaxın bir dildə söhbət edə bilirdi. Ondan ağıl öyrənirdilər. Lakin zaman keçirdi və onun tarixi görkəmi itirildi, “məsxərəçi və zarafatçıl” məzəli təlxəyə çevrildi. Müsibət ondan müdafiəçi yaratdı, o, nəinki gülürdü, həm də xalqın acınacaqlı vəziyyətini dərk edirdi və ona aşılayırdı. O, imkansızların mənafeyini qoruyurdu və bu məmləkət qarşısında qüdrətliləri təmsil edirdi” (Анекдоты о Ходже Насреддине, М., 1957, стр. 253).  Bax, bu, Xoca Nəsrəddin simasının əsl anlayışıdır. Ona görə də, demək olar ki, bütün türkdilli xalqlar arasında onun pərəstişkarlığının yaradılmasını izah etməliyik.

 

Amma göründüyü kimi, insan təbiəti ümumilikdə konkretlik axtarmağa meyillidir. Başqa cür desək, ümumiləşdirilmiş bədii portretdə onu ilk növbədə “kim ola bilərdi?!” sualı maraqlandırır, dövrünün məşhur yazıçısı Tomas Mann bu haqda yazırdı: “Uşaqlıqdan cəmiyyətin istəyi məni özümdən çıxarırdı. Mütləq yaradıcılığın olduğu şəxsi (özəl) tapmaq. Mən insanların (kişiciklərin) bir az karandaşla rəsmlərini çəkirdim və onlar mənə gözəl görünürdülər. Amma mən onları camaata onların tərifini qazanmaq ümidi ilə göstərdiyim zaman məndən soruşurdular: “Bu kim ola bilər?” – “Heç kim” – Az qala göz yaşları ilə qışqırırdım – “Bu insandır, gördüyünüz kimi, onu mən çəkmişəm, adicə konturdur və başqa heç nə yoxdur”. O vaxtdan bəri heç nə dəyişməyib. Camaat yenə təsdiq edir: “Bu kim ola bilər?” (Манн Т., Собрание сочинений, т. IX, О себе и собственном творчестве, 1906-1964. М., 1960, стр. 11).

(davamı burada)

 

Müəllif: Elizbar CAVELİDZE

Gürcü dilindən tərcümə etdi:

Mirzə MƏMMƏDOĞLU