Elizbar CAVELİDZE
(əvvəli burada)
On yeddinci boy. Bu son dastanın birinci hissəsi kədərlə doludur. Koroğlu qocaldı. Ömrünün son günlərini Çənlibeldə dinc yaşamaq istəyirdi. Dəlilərin hamısını başından dağıtmışdı. Qıratı da çölə buraxmışdı. Lakin sədaqətli at gündüzləri çöldə, bayırda otlayır, gecələri yenə də öz köhnə yurduna qayıdırdı (Bax: “Koroğlu”, səh. 667). Bu bir neçə sətir qocalıq çağlarına yetişmiş igidin qismətinin acınacaqlı hökmüdür.
Doğrudur, dəlilər Koroğludan uzaqlaşmaq istəməmişdilər. Ancaq nə qədər eləmişdilərsə, Koroğlu razı olmamışdı, hamısını dağıtmışdı. Çənlibeldə bir Nigar xanım, bir Koroğlu, bir də ki, Qırat qalmışdı.
“Ağ qaya”nın başında oturan Nigar xanımla Koroğlunun qarşılıqlı münasibəti bir növ sarsıdıcıdır. Nigar xanımın qara qaşları çatılıb, ala gözlər bahar buludu kimi dolub, elə haya bənddir ki, leysan kimi yağsın. Koroğlu onu bağrına basdı, üzündən, gözündən öpdü. Niyə qəmgin olduğunu ondan soruşdu: “Heç, keçən günlər yadıma düşdü. Çənlibeldə at kişnərtisindən, dəli nərəsindən, qılınc səsindən qulaq tutulardı. Sənin qorxundan quş quşluğu ilə bu yollardan keçə bilməzdi. Koroğlu nərə çəkəndə dağlar, daşlar səsinə səs verərdi. İndi hanı o günlər”, – deyə Nigar xanım cavab verdi (Bax: “Koroğlu”, səh. 667).
Ötən vaxtlarda keçən günləri xatırlamaq yaşlıları qəmə bürüyür və qəlblərini qəm-qüssə didib dağıdır. Bu ümumbəşəri hisslərdir və atların kişnərtisinin, dəli nərəsinin, qılınc səsinin kəsilməsinə görə Nigar xanımın bu qədər niyə kədərlənməsi oxucu üçün tamamilə aydındır. Bu at kişnərtisi, dəli nərəsi, qılınc səsi onun coşqun həyatının çağırışıdır ki, bu da onun həyatının xoşbəxt anlarını xatrıladır. Halbuki bu kədər Koroğlunun həqiqi Koroğluluğunu müəyyən edən xüsusiyyətlərin ağımsoyluğunu daha da gücləndirir. Bir sözlə, bu kiçik epizodun mənzərəsini çəkmək yaradıcının insani hissələri verməyin yüksək səviyyəsini və məharətini aydınca bizə göstərir.
İndi hadisələrin gedişinə qayıdaq. Koroğlu başladı Nigar xanıma dəlil-dəlayil eləməyə. Amma nə qədər əlləşdisə Nigar xanımın könlünü ala bilmədi. Axırda əlindən turub qaldırdı. Bir az gəzib dərdi, səri dağılsın deyə, onu Çənlibelin ətəklərinə tərəf apardı. Gəzərək gəlib yola çıxdılar. Elə bir az getmişdilər, baxdılar bir kişi yolun kənarında bir cüt öküz otarır. Bu kişinin çiynində yarı ağac, yarı dəmir qəribə bir şey var. Nə çomaq idi, nə də gürz. Koroğlunu maraq çulğadı. Kişidən eşitdi ki, bu tüfəngdir. heyvanı da öldürə bilər, insanı da.
Koroğlu bu cür şeyi nə görmüşdü, nə də duymuşdu. Onun üstünə düşdü ki, vur nəni görüm necə vurursan və dediyini sübut elə. Kişi ondan əl çəkmədiyini görüb öküzün birini nişan aldı. Güllə açılmaqla öküzün yıxılması bir oldu. Koroğlu öküzün öldüyünə əmin olandan sonra yenə tüfənkçiyə üz tutub soruşdu:
“– Yəni sən indi istəsən bununla vurub məni öldürə bilərsən də?
Kişi gülərək dedi:
– Nəinki mən, lap elə bir balaca uşaq da istəsə bununla səni vurub öldürə bilər.
Koroğlu fikrə getdi. Qalın qaşlar çatıldı. Alnı elə qırışdı ki, qatlar bir-birinə söykəndi. Gözlər, elə bil, hərəsi bir dənə durğun gölə döndü. Üzünə-gözünə qaranlıq çökdü. Nigar baxdı ki, Koroğlu birtəhər oldu. Elə bil ki, dünyanın bütün dərdi, qəmi onun üstünə töküldü. Yanaşıb onun əlindən tutdu. Baxdı ki, yox, Koroğlu özündə, sözündə deyil. Haçandan haçana Koroğlu özünə gəldi. Tüfəngi kişinin özünə qaytardı. Dedi: Mənmi qocalmışam, ya zəmanəmi?” (Bax: “Koroğlu”, səh. 669).
Sözünü bitirəndən sonra misri qılıncı belindən açıb atdı yerə və dedi: “İndi namərd dünyası, bic əyyamıdı. Bundan sonra igidlik bir qara pula dəyməz. Mən bu gündən Koroğluluğu yerə qoyuram” (Bax: “Koroğlu”, səh. 669).
Gətirilən çıxarış lakonik inandırıcı şəkildə Orta əsrlərin igidlik təbiətini və onun inancını bizimlə tanış edir ki, bu da ənənəvi olaraq formalaşmış əxlaq məcəlləsi ilə yaradılmışdır. Bu da bir neçə sözlə belə verilir: İgidlik insani fiziki qüvvə ilə, onun döyüş məharəti ilə və istedadı ilə, qılınc və ox atma sənəti ilə, qorxmazlığı ilə və mərdliyi ilə, onun sarsılmazlığı ilə, mənəvi mətinliyi ilə, nəsə şeytanın uydurduğu silah ilə deyil, onun alicənablığı ilə şərtlənib. Ümumiyyətlə, əgər problemi ümumiləşdirsək, bu texniki tərəqqi ilə və insanın təbii imkanları ilə qarşıdurmadır. Bu son zamanlar kəskin şəkildə özünü büruzə verdi. Koroğlunun bu hiddətlənməsinə də tüfəngi görmək səbəb olmuşdu. İgidliyin əvvəlki və indiki anlayşının uyğun gəlməməsindən başqa heç nədir. Bunu da insanın ilahi aləmində yad, kənar qüvvənin, texnikiləşdirmənin qarışması onun təbii imkanlarını məhdudlaşdırmağa və sıfıra endirməyə səbəb olduğunu təsdiqləyir.
Mühümü hər halda odur ki, zaman dəyişir və insanın əxlaq məcəlləsi də dəyişir, bu da ki, ənənəni qoruyanların narazılığına, hətta hiddətinə səbəb olur. Məhz elə bu, dövrün və insanın qarşıdurmasının əsas səbəbidir. Qəhrəmanlıq eposu qəhrəmanının – Koroğlunun qəlb qırıqlığı və ümidsizliyinin əsas səbəbi məhz elə budur.
Bu boyda daha bir epizod doqqəti cəlb edir. Koroğlu gəlib bir şəhərə çıxır. İran padşahının xəzinəsini oğruların necə oğurladıqlarını görür. Oğrular öz işini bitirəndə Koroğlu onların üstünü aldırdı. Üçünün də qollarını bağlayıb yan-yana yıxdı. Oğrular yalvarırdılar. Ancaq nə qədər dil tökdülər, nə qədər pul, qızıl vəd etdilər, bir şey çıxmadı. Axırda onlar biləndə ki, o Koroğludur, sevindilər və ona dedilər ki, bura sənin düşməninin xəzinəsidir. Və sən gərək bir az da bizdən razı qalasan ki... Koroğlu kişinin sözünü ağzında qoydu. Heç imkan vermədi ki, sözünü tamamlasın. Koroğlu onların töhmətinə belə cavab verir: “Hər kimin olursa olsun. Mənim xəzinə ilə işim yoxdi. Mənim elə birinci düşmənim sizi kimi oğru, haramzada adamlardır... Düzdür, mən həmişə şahların, paşaların var-yoxunu çalıb-çapmışam. Amma mən sizin kimi oğurluq eləməmişəm. Mən meydan açmışam, dava eləmişəm, düşmən öldürmüşəm, sonra da varını-yoxunu çalıb-çapıb aparmışam. Mən nə eləmişəmsə, açıq eləmişəm, mərd eləmişəm. Amma siz it kimi oğurluq eləyirsiniz. Siz namərdsiniz. Siz mərdlərin adını batırırsınız” (Bax: “Koroğlu”, səh. 671).
Gətirilən çıxarışdan da Koroğlunun igidlik hesab etdiyi qaçaqlığı necə anladığı aydın olur. Çünki o, ədalətsiz paşalara və şahlara qarşı açıq-aşkar mübarizə aparmaqla nail olmuşdur. Oğurluq və onların törətdiyi iş isə it kimi gizli hərəkətlərin nəticəsində əldə olunmuşdur. Və müvafiq olaraq bu iki davranış arasında döyük hədd var: bir tərəfin həqiqəti igidlikdir, ikinci tərəfin isə nakişilik və namərdlik.
Qısası, Koroğlu vicdanını və mətinliyini padşah qarşısında göstərir, o da görülən iş üçün minnətdarlığını bildirmək üçün ona xərclik pul vermək istəyir. Padşahın bu sözləri Koroğlunun ürəyini qubarlandırdı. Cavanlıq günlərini yada saldı. Dəlilər, Çənlibel gözünün önünə gəldi. Öz-özünə dedi: “Ey bivəfa, namərd dünya!.. Gör mən necə olmuşam ki, padşah mənə xərclik verir!” (Bax: “Koroğlu”, səh. 671). Sonra ürəyi davam gətirmədi, sazı çiynindən aşırıb sinəsinə basdı:
“Çənlibeldə eli olan
Düşkün Koroğlu mənəm, mən.
Başında min dəli olan
Düşkün Koroğlu mənəm, mən”.
Növbəti sətirlərdə o özünün ötən günlərinə və qəhrəmanlığına ağlayır. İndi isə o, düşkün Koroğludur. Bax, nalə ilə dediyi gəraylı da bu sətirlə sona yetir.
Bu oxumağı ilə padşah Koroğlunu tanıdı. Azca baxdı ki, day necə deyərlər, o dövranını keçib. O Koroğludan əsər-əlamət yoxdur. Və ona təklif etdi ki, Koroğlu, qocalırsan, daha Koroğluluq eləyən deyilsən, yaşın keçib, günün ötüb. Qal mənim yanımda, mənə tədbirçi, məsləhətçi ol!
Koroğlu razılaşmadı və getməyə icazə istədi. Padşah da razılaşdı. Koroğlu və Nigar xanım yola düşdülər. Lakin padşahı şübhə bürüdü: “Hər nə qədər desən, qurd oğlu qurddur. Əlimə düşmüşkən gərək tədbirini eləyəydim”. Qoşun böyüklərindən birinə hökm elədi ki, bir neçə adam götürün, bir kəsə yoldan Koroğlunun qabağını kəsin. Özünü öldürüb, Nigar xanımı yayına gətirin.
Onun arxasınca düşənlər yolda Koroğlunun üstünə düşdülər, qollarını bağladılar. Koroğlu rahat idi və Nigar xanımı da sakitləşdirirdi: “İncimə, Nigar xanım! Qoy bağlasınlar. Day bizim dövranımız qurtardı. İndi onların dövranıdır. Görürsənmi? Bunların da əllərində haman o tüfəngdən var. İndi gərək laçınlar, tərlanlar sara baş əyə. Bu gündən belə dünya namərd dünyasıdı” (Bax: “Koroğlu”, səh. 673).
Bu müraciətdən də görünür ki, Koroğlu yaxşı dərk edib: Onun dövranı, yaxud igidlik və cəngavərlik vaxtı gedib, dünya kişilərə deyil, namərdlərə məxsusdur. Onun mübarizəsinin və əl-qol atmasının mənası yoxdur. Bu artıq məğlub insanın acı qisməti ilə barış tövbəsidir ki, bu da Koroğluluğun, daha doğrusu, ədalətsizliklə mübarizədən əl götürülməsi və qəhrəmanlıq eposunun əsas motivinin məhv edilməsi deməkdir.
Halbuki Koroğlunun itaətkarlığı və həlimliyi qorxudan qaynaqlanmır. O, qan tökülməsinə qarışmayacağına söz verib və təqib edilən qoşun böyüyündən onun bu əhdinə xilaf çıxmamağına vadar eləməməyi xahiş edir. Bu, bir tərəfdən sübut edir ki, Koroğlu mərdliyin etik qaydalarının sona qədər müdafiəçisidir və vədinə xilaf çıxmağı yolverilməz hesab edir, lakin düşmən həyasızlıq edib, həddi aşanda və Nigar xanımı ondan ayırmamaq üçün yalvaranda Koroğlunu saymırlar və onu öldürmək istəyirlər. Onda Koroğlu elə bir nərə çəkdi ki, dağlar, daşlar lərzəyə gəldi. Bir güc verdi, kəndir qırıq-qırıq olub yerə töküldü. Padşahın adamları özlərini elə itirdilər ki, bilmədilər tüfəngin lüləsini ona tərəf tutsunlar, ya dibçəyini. Bu zaman Nigar gizlətdiyi misri qılıncını Koroğluya verdi, o da hamısını şil-küt eləyib yerə tökdü. Sonra atına minib Nigar xanımı da tərkinə alıb birbaş Çənlibelə tərəf üz qoydu.
Çaş-baş qalan padşah başladı qorxmağa ki, indi Koroğlu təzədən başına adam yığsa onun öhdəsindən gəlmək olmayacaq. Odur ki, qoşun yığıb, hazırlıq görməyə başladılar.
Aşıq Cünun bütün bunları eşitdi və dərhal Çənlibelə yola düşüb hər şeyi Koroğluya söylədi. O isə özü Cünuna dəliləri axtarmağı və xəbərdarlıq etməyi həvalə etdi. Bir növ Dəmirçioğlu, qocalmış Eyvaz və həddindən artıq qocalmış Dəli Həsənin xahişi dinləmələri cəlbedicidir. Qısası, onlar təcili bütün dəliləri xəbərdarlıq edirlər və hamısı birlikdə Çənlibelə doğru üz tuturlar. Onların Koroğlu ilə görüşü bir toy-bayrama çevrildi.
Bu ərəfədə xanların qoşunu Çənlibelin həndəvərinə çatdı. Amansız döyüş başladı. Lakin sonda dəlilər Koroğlunun başçılığı ilə kəskin şəkildə düşməni məğlub etdilər, oraları düşmən qanı lalə kimi qızartdı, xanların qoşunundan biri də sağ çıxmadı. Qaliblər Çənlibelə doğru üz tutdular. Gedərkən aşıq Cünun soruşur:
De görüm, indi nə fikirdəsən? Yenə də tək qalmaq istəyirsən, ya dəliləri yanında saxlayırsan?
O cavab verir: “Yox. Aşıq Cünun! Düzü mən Koroğluluqdan əl çəkmişdim. Amma baxıram ki, bu olan iş deyil. Nə qədər ki, xotkarlar, padşahlar, paşalar, xanlar bu dünyada ağalıq eləyir, mən Koroğluluğumu yerə qoya bilməyəcəyəm.
Sonra üzünü dəlilərə tutub dedi: Nə qədər ki, onlar var, biz də varıq!
Koroğludan bu sözü eşidəndə bütün dəlilər nərə çəkdilər. Atlar kişnədi, qılınclar oynadı. Qırat iki dal ayaqlarının üstə qalxıb qızmış pələng kimi elə bir şeyhə çəkdi ki, dağ-daş tirtədi. Aşıq Cünun üç telli sazı bağrına basdı, hamı bir yerdən təzədən Çənlibelə qalxmağa başladılar” (Bax: “Koroğlu”, səh. 687; səh. 710).
Odur ki, qaliblərin təmtərağı və nərəsi ilə təhlil olunan “Koroğlu” qəhrəmanlıq eposu sona yetir. Dəlilərin coşqunluqla Çənlibelin yoxuşuna varması xalq üçün istək əhval-ruhiyyəsinin zəiflədilməsindən və söndürülməsindən deyil, onların döyüş əhval-ruhiyyəsindən və mənəvi mətinliyindən xəbər verir. Koroğlunun isə “Nə qədər ki, xotkarlar, padşahlar, paşalar, xanlar bu dünyada ağalıq eləyir, mən Koroğluluğumu yerə qoya bilməyəcəyəm” şahanə sözü xalqın anlaya bildiyi dildə yalnız bir şey deməkdir: Bu məşəqqətli dünyada nə qədər haqsızlıq hökm sürəcək, ona qarşı mübarizəni dayandırmaq dünyaya və xalqa qarşı xəyanətkarlıqdır. Bax, bu, qəhrəmanlıq eposunun əsas ideya-hədəfidir ki, buna da bu eposun bütün boyları bədii şəkildə təsvir də həsr edir. Bax, bu məqsəd öz insanlılığını bu inamla qoruyub saxlayan ümum insanı canlandırırdı və indi də canlandırır. Çünki zaman və dövrlər tez-tez dəyişir, haqsızlıq isə zəfər çalırdı və bu gün də zəfər çalır. Məhz elə bütün dünyanı bürüyən üzdəniraq qloballaşma selinin hər şeydən öncə olan məqsədi bu ümidi boğmaqdır. Əhəmiyyətlisi odur ki, dünyanın yeni memarları bir həqiqəti yaxşı dərk edir: Bu ümidlə birlikdə insanın ümidi də ölür. Halbuki bu şeytanın törəmələri adi bir həqiqəti unudurlar: Tanrı tərəfindən yaradılan insan nəslini məhv etməyə şeytancığazlar qadir deyillər.
(davamı burada)
Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU