YUMRUQ DAVASI
İkinci kütləvi əyləncə yumruq davası idi. Xan oyunu tarixin uydurmasıdırsa, yumruq davası fiziki məşqdir. Yumruq davası bizə xas olan Tiflis adətidir. Diqqətəlayiq haldır ki, başqa millət (ingilis boksunu istisna etməklə) yumruğu sevmir. Məs., şilləni daha çox bacarır. Qaraçoxelilər də şilləni sevir, fəqət əlahiddə hallarda, məs., amkro (həmkar-M.M.) bayramında. Belə ki, qaraçoxeli ağıl dərsi vermək üçün yalnız “kor şillə”dən istifadə edir. (Şillə - belinə ehmalca vurmaqla). Yumruq davası zamanı isə təkidlə bir-birinin üzərinə yeriyirdilər. Əvvəlcə bir yumruq davakarı bir əli ilə yumruq vurardı, əgər qarşıdakı ona dəyən bu bir yumruqdan zəif gönürsəydi, səndələsəydi, onda ayaqda durması üçün ikinci tərəfdən ikinci yumruğu da vururdu və sonra hər iki əli ilə yapışırdı - onu silkələyir, qamətini düzəldir və yenə də döyüş sınağı başlayırdı.
Ürəklərinin qurdunu öldürmək üçün qoçların, xoruzların və dəvələrin döyüşünə meyl edənlər də var idi. (Köhnə vaxtlar Bakıdan nefti dəvələrlə gətirirdilər. Tiflisin tövlə sahibləri dəvə döyüşlərini idarə edirdilər. Dəvələr boyunları ilə döyüşürdülər). Ən çox yayılanı qoç döyüşü idi. Yarış həvəskarları erkək toğlunu evdə saxlayırdılar. Ona xüsusi qayğı göstərərək yaxşı bordayırdılar. Onu zəncirlə bağlayırdılar ki, heç kimi vurmasın. Qoç döyüşü zamanı onu arpa ilə meyxoş edirdilər. Boğazından rəngli muncuqlardan ibarət boyunbağı asırdılar. Geriyə əyilmiş buynuzlarının uclarını ehmalca yonurdular. Xoruzların döyüşdürülməsi daha çox dükanların önündə olurdu, qoçların döyüşdürülməsi isə geniş məkanda. Döyüş yerinə sahibləri qoçlarını “drojkalar” ilə (yüngül fayton-M.M.) aparırdılar. Yanı ilə saysız-hesabsız maraqlanan camaat gedirdi. Əvvəlcə məşvərət aparırdılar, sonra döyüşdürürdülər. Məğlub olan qoçun sahibi hirsənmiş halda kef çəkirdi. Əgər döyüş tərəflər arasında məğlubiyyət nəticələrini vermirdisə, onda qoç döyüşü bəzən növbəti bazar gününə təxirə salınırdı. Qoç döyüşünə onların sahibləri rəhbərlik edirdilər. Əksər hallarda qoçların döyüşü çox gərginləşirdi. Qanunsuzluq da baş verirdi (Məs., sahibi öz qoçunun zəncirini açırdısa, bu zənciri qarşıdakı qoçun üzünə vururdusa, buna “qoçun zay edilməsi” adını verirdilər). Bu zəmində bebutlar da (fars mənşəlidir, böyük, qatlanmayan bıçaq-M.M.) fırladılıb. Sonu hər halda bir idi: Döyüşü bitirəndən sonra hamı Kürün sahilindəki çarxlar yanında otururdu və dostcasına kef edirdi.
Lakin həqiqi yumruq davası daha çox diqqət çəkən və daha mühümdür.
Göhnə vaxtlar Sioni məbədi şəhərin iki yumruq davakarı hissəsinin sərhədi hesab olunurdu – Şimal və Cənubun. Yumruq davakarı sərhədi eləcə də Orta bazar kürkçülərinin emalatxanasına qədər idi. Yumruq davakarlarının “tabunu”nu (qədim gürcü sözüdür, dəstə, qrup, məiyyət mənasını verir-M.M.) Kürün ikiyə böldüyü hal da olub.
Yumruq davası müxtəlif yerlərdə: Zərrafxana yaxınlığında, indi baqqalxananın olduğu yerdə (Metexi qalasının yuxarı hissəsi), cəbbəxana yaxınlığında, üzdəniraq “taun xəstəliyinə tutulmuşların dərəsində”, “Bostan arabalarında” (köhnə tamojnı məhəlləsi), Avlabardan o yana, indi kazarmaların olduğu “Naxır məhəlləsi”ndə, daha tez-tez isə Sioni küçəsində, Abbasabad və Kolortağı (Girdə məhəllə-M.M.) meydanlarında, eləcə də Moğnisi kilsəsinin yaxınlığında olan küçədə, Nəbatat bağının yuxarısında, şəlalənin başında və Mamadavidin əvvəllər məhv edilmiş yer olan bərzəxi yaxınlığında.
Yumruq davasına nə elan lazım idi, nə də çapar göndərmək.
Yumruq davası bazar günləri, Ğvelierinin son günlərində, eləcə də Natliğebanın (Ən mühüm xristian bayramlarından biri-M.M.) ikinci günündə keçirilirdi, ölülərin ruhunun yad edilməsinə görə, bu zaman bütün dükanlar bağlı idi. Ən böyük yumruq davası – bədnam “Avlabar yumruq davası” Kviratsxovloba (Pasxanın növbəti həftəsi-M.M.) günü, bu adı daşıyan kilsənin yaxınlığında keçirilirdi.
Yumruq davası oğlanların yarışı ilə başlayırdı. Sonra 18-20 yaşlı gənclər bir-birilə mübarizə aparırdılar. Onların arxasınca 25-30 yaşlı igidlər gəlirdilər. Döyüş gərginləşəndə isə hər iki düşərgədən: “Azarkeş!” “Azarkeş!” nidaları eşidilirdi və ruhlanan vüqarlı və təcrübəli pəhləvanlar artıq həqiqi yumruq davasına başlayırdılar.
On-onbeş dəqiqədən sonra yumruq davakarlarının taleyi artıq həll olunurdu: Döyülmüş və əzilmiş yumruq davakarları meydanı tərk edirdilər və yavaş-yavaş geri çəkilirdilər (Bədnam “qurulmuş yumruq davası” isə çox hallarda iki-üç saat davam edirdi). Lakin mübarizə bununla bitmirdi: “Məğlub olanlar daşa, kərpicə, taxta qırıqlarına və əllərinə keçən hər şeyə əl atırdılar. Buna görə çox hallarda qonşu evlərin qapı-pəncərələri, eyvanları, şüşəbəndələri və sair qırılırdı. Çoxlu yumruq davakarını döyüş meydanından yaralı aparırdılar. Çox hallarda aralarında yüksək vəzifə sahiblərinin də olduğu iştirakçılara dəyirdi” (С.Кишмишев “Тифлис 40-х годов”, “Казак”, 1894 г. № 60).
Belə bir yumruq davası 1851-ci il fevralın 4-də baş verdi. Səs yayıldı ki, bu yumruq davasında 300 nəfər yaralanıb və beş nəfər də ölüb. Buna görə bütöv bir rəsmi yazışma da baş verdi (Elə bu müəllifin verdiyi məlumata görə, “Aleksandr Düma özünün “De Paris a Actorgan”adlı kitabında yumruq davasını daha artıq xarakterik təsvir etmişdir. Bu yumruq davasında zədələnənlər arasında Aleksandr Dümanın özü də olub (Elə orada)) və Zaqafqaziyanın ali idarəsi mərkəzi hakimiyyətə izahat təqdim etməyə məcbur oldu. Çarın müavini (canişini-M.M.) Vorontsovun şərhindən sonra I Nikolay belə bir əmr verdi: “Yumruq davasına şəhər ətrafında icazə verin, lakin yumruqlardan savayı başqa silahı heç kim işlətməsin. Yumruq davasına polis nəzarət etməlidir, hansına ki, dalaşanların həddi aşdıqları vaxtlar yumruq davasını dayandırmasına icazə veriləcək” (Акты т. X., səh. 825).
Yumruq davasına ən başlıcası sənətkarlar çevrəsindən çıxan pəhlivanlar, bəzən də onların alverçiləri qoşulurdular.
Yumruq davası çoxsaylı iştirakçıların nidaları və hay-küyü ilə başlayırdı. Çox hallarda yumruq zərbəsi elə güclü olub ki, ətraf yerlər lərzəyə gəlib (Bəzi yumruq davakarı camaat tərəfindən verilən əlavə adı daşıyırdı. Məs., “Karafkandoğa” – Qaya uçuran. Nəql edirlər ki, bu yumruq davakarı qayaya yumruğunu vursaydı çim parçası qopartdırardı. İkinci – Qamətli Solomona elə qoçaq imiş ki, deyilənə görə, at nalını əli ilə qatlayırmış və çöməlmiş halda yumruq davası edirmiş. Üçüncü barədə – Keçəl Stefane barəsində isə belə bir rəvayət var: Bir dəfə Sioni küçəsində yumruq davası zamanı torpaq damından qopan kərpic onun başına düşüb. Kərpic dörd yerə bölünüb, Stefane isə heç vecinə də almayıb, yuxarı baxıb və zarafatla dillənib: “Hansı yiyəsi ölmüş mənimlə beşdaş oynayır”).
Yumruq davakarı papaqsız, sinəsi açıq, çuxalarının ətəkləri qatlanmış və çox hallarda ayaqyalın da mübarizə aparırdılar. Yumruq davakarının sayına hədd qoyulmamışdır.
Yumruq davasına adi olaraq bədnam kübar şəxslər himayədarlıq edirdilər. Havadarlar atlara minirdilər, bir-birilə mübahisə aparırdılar və öz dəstəsinin pəhləvanlarını qızışdırırdılar. Bəzən “yaxşı zərbə vuran” yumruq davakarına pul da bəxşiş edirdilər.
Belə rəvayət var ki, yumruq davasında çar İrakli də iştirak edirmiş. “Yumruq davası igidliyin təlimi və məşqinin əxlaqi tədrisi idi” (“Siskari”, 1869-cu il, № 3, səh.81).
Qriqol Orbelianinin dediyi kimi:
“Di, yumruq davasında gəl, gör məni, kiməm mən!”
Rusiya üsul-idarəsinin bərqərar olunduğu ilk gündəncə, başqa adətlər arasında, yumruq davasını da bir “qorxulu oyun” olaraq qadağan etdilər. Lakin baş sərdar Sisiyanovun zamanında camaatın xahişi ilə yumruq davası yenə bərpa olundu. “Sisiyanovun damarlarında gürcü qanının axdığına görə deyil, həmçinin ona görə ki, camaat özünəməxsusluğu itirməyəydi və hərbi fəaliyyətdə təlim keçəydi” (Акты, т. X., səh. 826).
Boksun növü çox idi:
Yumruq davası,
Xridoli (boks bir əllə),
Saldasti – daş boksu (Özlüyündə qılınc deməkdir. Boks sapand daşı ilə və taxta qılınclarla – M.M.)
Ən çox yayılan yumruq davası və saldasti boksu idi. “Yumruq davasını yayda şəhərin küçələrində, saldasti boksunu qışda şəhərdən kənar keçirirdilər. Saldasti boksu xüsusilə diqqət çəkib. Boksun camaatın adətinə söykənən öz qaydaları olub. Yumruq davasında əldən alınan silah, kəmər, papaq, istərsə də yapıncı qanuni qənimət hesab olunurdu. Şəhərdə boks keçiriləndə tamaşaçılar evin damına çıxırdılar, onun üstünü doldururdular, oradan savaşa baxırdılar və ərkli mübarizlərə şərik olduqlarını ifadə etməklə onları gümrahlandırırdılar. Şəhər kənarında onlar sapandla və taxta qılınclarla mübarizə aparanda tamaşaçılar elə irəlicədən təpələri, yüksəklikləri tuturdular. Yumruq davasına, ələlxüsus, gənclər meyl edirdilər. Bu heç də təəccüblü deyildi. Yumruq davasında qalib gələn və ad qazanan bir igid gürcü qadınına daha qəşəng görünürdü. Yumruq davakarları da nə qədər ad qazanmağa cəhd göstərirdilərsə, bir o qədər də özlərinin “iki gözünün işığı”nın xoşuna gəlmək, lütfkarlıq etmək üçün özlərini göstərməyə cəhd edirdilər. Yumruq davasının öz gerçək tərəfi var idi: Gürcü kişisi elə kiçik vaxtlarından hərbi üsullar üzrə məşq keçirdi, ona təbiətən bəxş edilən sağlam düşüncəsini, gələcəyi görmə qabiliyyətini təlimləndirirdi, mərdlik, cəldlik üzrə məşq edirdi. Bir sözlə, yumruq davasında hərbi fəaliyyət üçün qiymətli olan bütün xüsusiyyətləri mənimsəyirdi” (“İveriya”, 1885-ci il, № 1).
David İosebidze Bebutovun memuarlarını nəzərə almasaq, yumruq davasının çox kasıb ədəbiyyatı vardır. (“Военный Сборник”, 1867-ci il, №6 və 7). Bu, Dubrovinin (“Тифлисcкий Листок”, 1899-ci il, №165, şəkillərlə əlavə, №8), Pottonun (История войны и владычества русских на Кавказе», I cild, II kitab, səh.146), Veidenbaumun (“Кавказкий Календарь”, 1855-ci il) və başqalarının müxtəlif variasiyalarla təkrar etdiyi yeganə mətbu materialdır.
Bax, bu Bebutov saldasti boksunu təsvir edib, hansında ki, özü də iştirak edib. Oxucunun bu amansız köhnəsayağı boks barədə təsəvvürü olsun deyə həmin yazıdan bir parçanı nəzərinizə çatdırırıq:
“Döyüşü biz başladıq, – Bebutov nəql edir, – aşağı məhəllənin uşaqları. Mən irəli atıldım və başqaları ilə birlikdə sapandla daş atmağa başladım. Kəmərimə taxta qılınc bağlamışdım və sol çiynimə yapıncı örtmüşdüm. Elə ki yaxına getdik, rəqiblər bir-birlərini qılınca dəvət edirdilər. Bir ərkli gənc mənim önümdə atılıb-düşürdü və mənim sapandımdan özünü gözləyirdi. Biz toqqaşdıq və bir-birimizlə qılınc çalmağa başladıq. Mən rəqibimi yaraladım. Lakin o da mənim qaşımı çapdı. Böyüklər arasında daş, yalama atma və əlbəyaxa döyüş davam edirdi... Mən tamaşaçı olaraq qaldım, dəf etmək, üstün gəlmək heç bir tərəfdə görünmürdü. Bizimkilər gecəyarısı xəlvəti yuxarı tərəfin ətrafını yoxlamaq üçün, demək olar ki, altı verstə qədər, bir dəstə göndərdilər. Bu dəstəyə bazar ertəsi çıxmaq, saat on ikidə Sololak dağını aşmaq və düşmənə yetişmək əmri verilmişdir. Eyni zamanda, bu dəstə düşmənin arxasından atmaq üçün dağda, Okroxanadan başlamış ən yaxşı sapand atanları yerləşdirməli idi... Hər iki tərəfdən minlərlə sapand atanlar çıxdılar və bir-birlərinə daşları dolu kimi yağdırmağa başladılar. Hər yerdə qızışmış toqquşma var idi. Daşlara hədəf olanlar özünü dağdan atmağa cəhd edirdilər, lakin yoldaşları maneəçilik törədirdilər və savaş yenə tarazlaşdırılırdı. Mübarizə demək olar ki, bir saat davam edirdi və aşağı məhəlləlilər hər halda dağın yarısını almağa müvəffəq oldular və başlarını vıyıltı ilə gələn sapand daşlarından yapıncı ilə qoruyurdular... Qəflətən dəhşətli bağırtı eşidildi. Məşhur mübarizlərin adı bütün camaatı və döyüşçüləri şimşək kimi bürüdü, elektronsayağı qığılcım damarlarda oynadı. Zurna və düdüyün qulaqbatırıcı naləsi ətrafı bürüdü. Müharibə od kimi alışdı. İndi taxta qılınclardan, daşlardan daha istifadə etmirdilər. Yumruq davasının qaydasına görə, qılıncla toqquşmada daşlardan istifadə etmək qorxaqlıq hesab olunurdu. Yuxarı məhəlləlilər zəiflədilər və geri çəkildilər. Aşağı məhəlləlilər dağı tutdular və düşmən Sololak dərəsinə doğru qaçdı” (“Кавказкий Сборник”, 1902-ci il, XXIII cild, səh. 14, tərtib etdi “İveriya”, 1885-ci il, № 1, səh. 117).
Çox hallarda bu fiziki məşq, Avksenti Saqarelinin dediyinə görə, bu “yumruq davasının gurultusu” fiziki eybəcərliklə də sona yetir. “Yumruq davasının o birisi günündə bəzən başı yarılmışlar, gözləri çıxmışlar, burunları qırılmışlar bol olurdu” (“Кавказ”, 1846-cı il, № 1).
Halbuki, sapandlar balaca ölçüdə idi, qılınclar da taxtadan, lakin hər halda bu “yumruqsuz boks” qorxulu və sığortalanmamış idi... Buna baxmayaraq demək lazımdır ki, bu “ağız-burun qırmaq” heç də yaramaz hisslərə səbəb olmurdu və çox hallarda belə eybəcər hala düşmüşlər, barışıq əlaməti olaraq kef çəkilən yerlərə gedir, birgə vaxt keçirirdilər.
Yumruq davası bir fiziki məşq olaraq öz xarakteri və təyinatı ilə başqa millətin məişətinin əmələ gətirdiyi (boks, güləş və sair) elə bu cür xarakterli məşqlərdən heç də fərqlənmirdi. Ümumi səbəblər ümumi xarakterli məşqə də səbəb olur: Yeknəsək fiziki əmək ilə yorulan bədən, qanın süstləşmiş hərəkəti onun təmizlənməsini tələb edirdi və tiflisli sənətkarlar da özlərinin “yoğun biləklərinin sümüklərini” şaqqıldatmaq üçün, ingilislərin boksa müraciət etdiyi kimi yumruq davasına müraciət etdilər.
Saldasti yumruq davası canişin Baryatinskinin dövründə həmişəlik olaraq qadağan edildi. Yalnız yumruq davası qaldı ki, bu da yetmişinci illərə qədər mövcud oldu. Şəhər kənarında keçirilən, bu son vaxtlara qədər qalan yumruq davasının polisin nəzarəti ilə öz qaydaları işlənib hazırlanmışdı. Çox hallarda bəzi boksçunun dəhşətli dərəcədə möhkəm solaxay əli var idi, kimə vursaydı – qurtardı, sağ ayağa qalxa bilməzdi. Bax, bunun kimi boksçu söz vermişdi və ya, deyilənə görə, “kağız imzalamışdır” ki, o, bir daha yumruq davasına çıxmayacaq... Lakin hər cür qərardan yan keçildiyi kimi, əlbəttə, bundan da yan keçirdilər, – “imza kağızı” elə kağız olaraq qalırdı və bu yumruq davası da bəzən öz qurbanına səbəb olurdu, halbuki, saldasti yumruq davasında olduğu qədər deyil.
Krtsanisi qəbiristanlığında bir neçə il bundan əvvəl bir qəbir gördüm, qəbir daşının yazısından göründüyü kimi, burada uyuyan saldasti yumruq davasının qurbanı olub. Budur həmin epitafiya:
“Ürəyimə daş dəydi, dəhşət bürüdü məni,
Dörd yanımı bürüdü yaşıdlarım-əsgərlər;
Dolandırdılar qala qapısına məni,
Zavallı anamın ağlı üstündə qalsın,
Hamı mənə bir rəhmət diləsin”.
(Sətri tərcümə)
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU