Dimitri Maçxanelinin özü də - “Qardaşcasına təsəlli”nin müəllifi -  Bu erotik şeirlərin vakxanaliyasının (Qədim Romada tanrı Dionisin (Vakxın) şərəfinə orgiya xarakteri almış bayram mərasimi - M.M.) toruna düşür və o da “Yeni yuxu”,  “Məhəbbət buketi” və sairdir. Onun ilk şeirlərinin başlığının hamısı ritmləşdirilib:

“Ovçuluq kim istəyir

Ayağı qəbirdə durur”.

***

“Qadınlara həsr edirəm,

Mənim yanımda qəzəblənənlərə”.

***

Əgər ki, dul cəhəldirsə,

Mənimçün daha xeyirdir”.

Budur, onun  “Skandarnova sayağı” bir nümunəsi:

“Ah qadınlar, lənətlənəsiniz, Allah qarşısında qarğışa gələsiniz,

Mənim cibimin bərəkəti sizin yanınızda yoxa çəkildi,

Hər bir şeylə yaxşısınız, bir qüsurunuz yoxdur,

Pulsuz deməyin mənə, qəlbimə dəyərsiniz.

Hey pul deyirsiniz, kimin udduğudur?

Bircə, nəyə görə verirəm sizə, canınız çıxsın.

Nadirovcan, buyur, əgər pulun varsa,

Və əgər pulun yoxsa, bu yol geri dönüləsidir” (Dimitri Mixeiloviç Nadirovun ”(“Yeni yuxu” əsəri, 1880-cı il, səh. 74. Sonra D.Nadirov kənd qaydasında orta şeirlər yazırdı və Maxaneli təxəllüsü ilə onun “Sevgilim, gəl,  olma düşməncəsinə, gürcü kimi haray çəkək” -  şeirinə N.Sulxanişvili mahnı qoşmuşdur).

Axospireli də bazar ədəbiyyatının təsirinə məruz qalır. O, nəinki birbaşa çağırışla onların ideyasına heyranlıqla deyil, eləcə də “Şibriyanın xətrinə”qələm çalır. O, müxtəlif təxəllüslərlə (Qvriti, Nami və sair)  xalq kitablarını: “Geurkağa və şantajçılar” (5 seriya olaraq), “Borxun həlakı” (Göyərti satan Papukanın söylədikləri), “Nəzmə çəkilmiş Molla Nəsrəddin”,  “Almaniya Rusiyadan barış xahiş edir” və sair çap etdirir. Bu kitablarda bazarın gündəlik dərdi-qəmi təsvir olunub. Məsələn: Müəllif sonuncu kitabda Almaniyanın  Rusiya ilə saziş bağlamaq niyyətində olduğu və hər şeyi özünə doğru saydığı dövrə toxunur. Axospireli belə mühakimə edir:

“Bu ona bənzəyir, bir kişi,

O birisinə tövsiyə etdi:

Nə qədər donuzun var mənə ver

Və sənə taparam donuzçu;

 

O cavab verdi: atası rəhmətlik,

Beynində tüstü çıxmır ki,

Və donuzçunu neyləyirəm,

Əgər donuzum olmayacaqsa?”

Gürcü ziyalıları bu cür kitabları nə tərifləyirdi və nə də məzəmmət edirdi! “Biz camaatın simasını müvəqqəti qəbul etməliyik ki, – Köhnə “Mnatobi” nəql edir, – bir təhər ona yaxınlaşaq və bizdən üz döndərməsin... Camaatın oxuduğu bu cür kitablara məmnuniyyətlə baxmalı və onları yaymağa cəhd göstərməliyik. Burda ilk  iş – oxu vərdişidir...” Və ya “Bu şeirlər (Giorgi Skandarnovanın “Çıx ey, günəş”i nəzərdə tutulur) ola bilsin ki, məhəbbət barədə almaq, vermək əsassızdır, lakin əbəs şeylərin camaat arasından bir yolluq yox edilməsi mümkün deyildir” (Bax: “Mnatobi”, 1869-cu il, noyabr-dekabr, səh. 6,7. Skandarnovanın mahnılarının bu dövrlərdə rəqibi yox idi. Həmin “Mnatobi” yazır: “Camaatın əksər hissəsi yenə “Ax, gözlər”i oxuyur və göründüyü kimi, yenə uzun müddət oxuyacaq” (Bax: “Mnatobi”, 1869-cu il, sentyabr-oktyabr, səh. 51).

Sonrakı nəsil bu xarakterli ədəbiyyata daha tənqidi yanaşırdı.

Yazı, Oxu Öyrətmə Cəmiyyətinin iclaslarında Şalva Mesxişvili müdriyyəti belə töhmətləndirirdi: “Mənim fikrimcə, cəmiyyətin məqsədi təkcə yazı-pozunu yaymaqla məhdudlaşmır. Camaata zamana uyğun gələn kitabların nəşr olunması çox lazım gəlir. Deyəcəksiniz: Pulumuz yoxdur, lakin yaxşı kitab xərcini həmişə çıxacaq. Bu gün camaatın oxu kitabı yoxdur. “Ona soyuq dəyməsin, Baraşkacan” kimi kitablarla qidalanır” (Bax: Yazı, Oxu Öyrətmə Cəmiyyətinin fəaliyyətinin hesabatı, 1912-ci il, səh. 15).

“Baraşka” mənimdir! Doğrudan da camaat arasında daha çox yayılmışdı. Düşünürəm ki, bu şeir elə bir ziyan gətirməzdi. Necə ki, məsələn, yuxarıda haqqında danışdığımız şeirlər. Bu “Baraşka” 1908-ci ildən bir neçə qarışıq nəşr olaraq işıq üzü görmüşdü. O, camaat arasında həddindən artıq çox yayılmışdı və onun müəllifliyi hər halda məni özünə çəkmirdi. Bu şeiri şairin birinci addımı olaraq, öz uşaqlıq səhvi olaraq hesab edirdim. Bu gün isə, kitabı yazan zaman öz uşaqlıq səhvlərimi də məmnunluqla xatırlayıram).

Bu cür ədəbi janrın əleyhdarları təkcə Gürcüstanda deyil, onun hüdudlarından kənarlarda da var idi.

İstanbulda “Güllər dəstəsi” adlı bir kitab buraxıldı ki, bunun da dörd inisialı var: M.İ.M.Q (Bizim fikrimizcə, bu kitabın müəllifi keşiş İvane Mesxi Qvaramidze olmalıdır). Bu kitabın ön sözündə oxuyuruq: İndiki daxil olan hər hansı əyyaş qaydası mahnı kitabları və başqa onlar kimi dərin fikir və qəlb zəhərləyici bəzi broşuralar yeni şagird yeniyetmələrin tamamilə ürəyini və düşüncəsini o dərəcədə pozdu ki, ruhlarının, canlarının və vətəninin xeyrinə təhsil almağa vaxtları qalmadı. Bu cür zərərli olayların dərmanını ortaya qoymaq üçün bu seçilmiş şeirlər kitabını çap etdik. 

Bax, “şeirləşdirilmiş-seçilmiş” əsərin bir nümunəsi:

 

“Şeypurun səsi eşidildi, oyan Ğvarvar, al qılıncı,

Qoşunu Sitə doğru toplayır süvari başçısı,

Səs gurladı, onun əlamətidir,

Bizim işimiz çətin mübahisəlidir.

 

Otsi qalasının başı lərzə gəlir,

Murman-Ğru döyüşə gedir.

 

Alıblar Tiriyanı, (Belə bir məntəqə Gürcüstan coğrafiyasında yoxdur. Bu ya korrektura səhvi üzündəndir, ya da müəllif uydurub - M.M.)

Somxitini (Orta əsrlərin Samşvilde və Xunan eristaviliyinin (tarixi Qaçiani və Qardabani əraziləri) adı - M.M.), Suriyanı.

Özünü Klarcetə yetirib,

Çox zülmlər törətdi.

Toplayın qoşunu,

Mesx-Acara,

Hirsiniz olmasın,

Bizi oyadır xaç,

Uca peyğəmbərin  xaçı.” və sair (Bax: Qvaramidze (1831-1912), “Güllər dəstəsi”, elə götürək, seçilmiş şeirləri – “Gənc yeniyetmə insanların xeyrinə”, 1878-ci il, Konstantinopol, səh. 8)

Bu cür şeirlərin bir daha tərbiyyəvi əhəmiyyəti olsa idi, hər halda öz təyinatına çata bilməzdi. Keşiş Qvaramidze “əbəs yerə cəfa çəkir”, onun şeirləri Skandarnova-Givişvilinin “əyyaşlıq mahnılarını” kölgədə qoya bilməzdi. Tatar meydanından əl çəkməyən camaat, əlbəttə, onun üçün naməlum “Ğvarvarelər” barədə sözün olduğu yerdə şairləri qəbul edə bilməzdi. Tiflisin aşağı təbəqə əhalisi onun qohumluq ətrafının təsvir edildiyi və bu fonda onun üçün tanış olan portretlərin göründüyü bu cür şeirlərə meyl edirdi. Əlbəttə, bu cür ağır üsulda yazılan “seçilmiş şeirlərdən” camaat özü üçün aydın olan şairiləri (on altı hecalı şeir - M.M.) üstün tuturdu və o da məmnunluqla polemikanın, məsələn,  “Hansı artıqdır, dul yoxsa bakirə?” kimi rəva görülməyən mövzusunu oxuyurdu.

G.Skandarnovanın rəğbəti dula qarşı idi:

 

“Onun üçün dulu servirəm mən,

Əxlaq ilə böyüyüb,

Mənim dərdimi o anlayır,

Çünki təcrübəlidir.

 

Qaşlar arasında, ləllər arasında

Sən yaxşısan qadınlar arasında.

 

Ölərəm, görəcəyəm səni,

İnan mənə, rəhmətlikdən 

Daha artıq mən saxlayacağam səni.

 

Qaşlar arasında, ləllər arasında

Sən yaxşısan qadınlar arasında.” və sair (“Şənlik sazəndəsi” (Dördüncü nəşr), 1812-ci il, səh. 236.)

Givişvili bu şeirə cavab olaraq bütöv bir kitab çıxartdı ki, bunun da belə polemik başlığı vardır: “Dul bakirədən nəyi ilə üstündür?” Givişvili Skandarnovanın “Dul”unun əleyhinə və ziddinə söyləyir:

 

“Neyləyirsən bəxti dəyişəni,

Qızılgülü, ləçəyini açanı,

Başqa bülbülün dimdiyi ilə

Dəfələrlə deşiləni?

 

Bakirəyə, qıza həsr edirəm

Ürəyimi və ruhumu.

 

Dulun yoxdur inamı,

Onu tanımaq çətindir.

Çünki başqası ilə olub

İlk dostluğu.

 

Bakirəyə, qıza həsr edirəm

Ürəyimi və ruhumu” və sair (Bax: “Dul bakirədən nəyi ilə üstündür?”, 1878-ci il, səh. 4).

Skandarnovanın və Givişvilinin “Dul”, “Bakirə” parolu camaat arasına necə çıxdığı və bu iki şairi hərəkətə gətirdiyi elə həmin niyyətlərlə bu auditoriyanın necə mühakimə etdiyi diqqətəTlayiq haldır. Əlbəttə, Tiflisin  aşağı dairələrini belə mövzular da həvəsləndirir və həyəcanlandırırdı. Şəhərlilər bu hədəflənən parolu ikiəlli qəbul etdilər. Onların “Bakirə” və “Dul” adı ilə yeni danışıq mövzusu əmələ gəldi və niyə də bir-birilə bəhsə girməməlidirlər? Camaat bu halda da iki qrupa bölündü. Bəziləri “bakirə”yə üstünlük verirdilər, bəziləri dula üstünlük verirdilər. Bəziləri Skandarnovaya meyl edirdi, bəziləri Givişviliyə. Bu şeirlər qanadlı mahnılara çevrildi və bütün şəhər bu yenicə qaldırılmış erotik məsələ barədə oxuyurdu (“Dulun şeirləri”, “Nobat xanım”ın avazında oxunurdu). Təsəvvür edin, yenicə vəfat etmiş görkəmli xadimlərə həsr olunan matəm şeirlərinin də bu cür ikiqat başlığı var idi:

“Döyüş meydanında həlak olan Datiko Bebutova həsr olunmuş şeir ki,  “Ey dul”, “Şənlik sevirəm mən” havasında oxunurdu. Doğrudur, köhnə vaxtlarda dulun üstünlüyü ondan ibarət idi ki, “bakirə qız gələcək ərin  seçimi barədə anasına gənəşməli idi, dul isə özü seçirdi”(Q.Rçeulişvili, “Dulun limonları”, İ.Qrişaşvinin ön sözü ilə, 1926-cı il, səh. 39). Lakin Skandarnova dulda tamamilə başqa ləyaqəti görürdü. Həmkar üzvlərinin yiyəsiz qalmış insan kimi qardaşlıq yardımı göstərdiyi onun “dul”u həmin dul deyildi. G.Skandarnova erotik  mahnıların ustabaşçısı olaraq dula pozğun gözlə baxırdı.

Bu onun seksual poeziyasının sirli cizgisi idi.

                                                      *

Givişvili ilə Skandarnovanın deyişməsi müvəqqəti kəsildi. Səksəninci və doxsanıncı illərdə paralel olaraq  camaat arasında başqa gedişin əsası qoyuldu. Doğrudur, şəhərin bazar poeziyasının ağuşunda yetişən fəhlə-yazıçılar ortaya çıxdı, amma onların ideya istiqamətinə tamamilə başqa yön verildi.

Onlar barəsində bir-iki söz deməmişdən öncə, icazə verin, Skandarnova və Givişvilinin deyişmə şeirlər silsiləsini bitirək.

Oxucu sezə bilərdi ki, bu iki şairi bir-birindən ayırmırıq. Bu halda onların ayrı-ayrılıqda ayırd edilməsi və xarakterizə edilməsi ola bilsin ki, artıq olsun, çünki Givişvili və Skandarnova, onlar arasında “ölüm-dirim” mübarizəsinə baxmayaraq “ruhu bir və canı bir” idilər.

Bizim əlimizdə Givişvili və Skandarnovanın avtoqrafları mövcuddur ki, buradan onların deyişməsinin qocalıq dövründə də səngimədiyi görünür (Bu avtoqrafları bizə İv.Butliaşvili verdi ki, o da öz müqabilində ədəbiyyatsevər “şkafçik” Samsonadan alıbmış. O hal da həddindən artıq maraqlıdır ki, Givişvili-Skandarnova şeirləri son zamanlar şəhərin dərin zirzəmilərindən üzə çıxdı və Tamamşevin karvansarayının nökərlərinə paylandı. Bu “şkafçiklər” qaraçoxelilərin üçüncü nəsli idi. (İkinci nəsil olaraq biz kintoları hesab edirik). Bu yarı ziyalılaşmış kintolar fərsiz, bacarıqsız camaat idi. Onlar karvansarayda xırda-xuruş şeylərlə alver edirdilər. Onların müştəriləri əsasən qadınlar idi və buna görə də qadın manevrlərini mənimsəmişdilər. Bu “şkafçiklər” barədə suflyor N.Qalustov (1865-1900) üç pərdəli pyes də yazıb: “Arkadiyanın naharı”. Bunda da iştirakçı şəxs olaraq Tlapana Arkadiya gerçək camaatdan istifadə edib. Sabaka Samsona, Vensli-Şiki İoseba, Pulsuz Solomon, Dişi Mikiça, Kapça Geurka, Ananın bir balası Baqrat, Qozbel Saşa, Fizik Taqor və sair. Bu pyes camaat arasında əndişəyə səbəb oldu. Onu bir neçə dəfə bizim səhnəmizdə qoydular və teatrda həmişə anşlaq idi. “Arkadiyanın naharı” pyesini fəhlə-yazıçı Niko İtriyev nəzmə çəkmişdir).1878-ci ildə başlamış deyişmə 1904-cü ildə yenidən başlanılıb. Əgər əvvəllər bu iki yazıçının polemikası ədəbi zəmində əmələ gəlirdisə, indi şəxsi dalaşın, çağırışın və intim həyatın xırda xarakteri verildi. Səbəbi sadə və adi idi:

Güman ki, başdaşında oyulmuş epitafiyanı dəfələrlə görübsünüz. Çünki camaat arasında qəbul olunmuşdu. Mərhumu pis xatırlamamaq. Ölü yiyələri mərhumun başdaşında tərif yazısının oyulmasını sifariş edirdilər. (Günahın aşkar olunması yaxşıdır və mən də uşaqlıq dövrlərində bu cür epitafiyaları yazmışam).

Şəhərin kənar məhəllə qəbiristanlıqlarının “daşların fəryadı” bu kitabın gözdən qaçırılmış qapısı kimi hesab olunmalıdır. Özünəməxsus xalq poeziyası həddindən artıq maraqlı və xarakterikdir... Bu cür şeir qoşmağın, əlbəttə, Skandarnova da, Givişvili də arxasınca gedirdi. Ölü yiyələri həmişə çalışırdılar ki, öz ölülərini tanınmış şair gözəl şeirlə “urvata mindirə”.

“On səkkiz yaşında olan mən gənc murazıma yetmədən köçdüm,

Mən toya hazırlaşanın qisməti bu qəbir oldu”

                                                                   və sair.

Bir bu cür yazını, göründüyü kimi, Givişviliyə sifariş verirlər. Lakin sifarişçi David Givişvilinin epitafiyasına qulp qoyub və G.Skandarnovanı qəbul edib.

Bu kiçik səbəb kifayət idi ki, köhnə yaralar yenidən qövr edəydi. Bax, bu son şeirlər də:

 

“Bu şeiri Makrine Qriqoryevnanın məhəbbətinə həsr edirəm.

(Givişviliyə)

Bununla alış-verişimi onunla bitirirəm;

Qoy, zəmanənin oğlu Serqi və Samsona

Mənim bu son cavabımı ayırd eləsin.

 

Hörümçək toru Bliadze qafiyyəsini itirib,

İlonun arvadının başdaşının epitafiyasını bəyənməyiblər.

Behi geri götürdülər, başına sulu palçıq ələdilər.

Hamı bəyənmədi, “cuki” oldu, “tapi”, (Söhbət aşıq-aşıq oyunundan gedir. Burada “aşığın düz oturmadı” deməkdir - M.M.).

Madam ki, mənimkini qəbul etdilər, sənin sapın üzüldü!

Bilmirsən necə məni sancasan, ortadan iki cırılırsan.

 

Az qala ağlını çaşasan, hirsindən ürəyin partlayır!

Deyirsən: “qocasan”, yeddi yapıncı boyu hoppanıram,

Səni kimi zurnaçını əlbəyaxa döyüşlə qarşılayaram,

Get, özünə çarə bul, günahlarına tövbə de,

Sənin yaramaz insan olduğunu mənə Makrine söylədi.

 

Bir bax, necə davranırdın... sərxoşluqda törətdin!

O sənə həmişə corab toxuyurdu, xeyirxahlığı anlamadın,

Keflənirdin və döyürdün, acı göz yaşları axıtdırdın,

Onun heyfi səndə qalmaz, nəki onun yanında xoş güzaran keçirdin.

 

Xarşovnik ki, idin, pitini sevdin,

Əyyaşlığa görə sənin arvadın barmağını geri qanırıb.

(                         )  sıxıb, başladın xısın-xısın gülməyə.

Qonşular orda oldular: “Niyə böyürürdün, nədən.”

Şəhərdə birisi var sənin nümunən, deyirlər!”

 

Sonra G.Skandarnova D.Givişvilinin ailə həyatına, onun borcuna (“Sənin borcunu məndən istəyirlər”)  toxunur və hər sətirdə “dostun dağıdıcı əli” görünür.

D.Givişvili cavab verir:

 

“Skandarnov, hünər, hünər, sən oyunbaz təlxəyi,

Pozğun, pasaqlı, dili ilənmiş, boşboğaz,

Ədəbiyyatı soruşuram, nə ikidə bir sicilləyirsən,

Mənim borcumla nə işin vardır, sən ey səfeh, yelbeyin?

 

Mənim borclarımı niyə soruşursan?Allah səni lənətləməzmi?

Mənim borcumu səndən soruşan o yiyəsiz kimdir?

Ədəbiyyatda mənimlə bəhsə gir, oyaram o gözlərini,

Əlindən qələmi atdıraram, abrını ətəyinə tökərəm.

 

Yazıçılar arasına özünü soxursan, görəsən, kimin tayısan?

Ədəbiyyat sıralarından çox uzaqlara atılasısan,

Onların papirosunun yanan tüstüsüsən,

Düzünü deyim, ədəbiyyatda rəqəmsiz “nolsan”.

 

Bu iki görkəmli şairin yaradıcılığı belə idi. Bu forma o dövrün yazarları üçün xarakterik olduğundan əsasən Givişvilinin və Skandarnovanın polemika xarakterli şeirlərinin üzərində dayandıq. Givişvili və Skandarnova ona görə deyişirdilər ki, bu deyişməni camaat bəyənirdi. Givişvili və Skandarnovanın şeirlərində siz nə vətənpərvərlik romantikasını, nə də inqilabi motivləri tapa bilərsiniz. Lakin buna baxmayaraq, onlar hər halda kitab bazarını oyatdılar və kitabın camaatın qəlbinin dərinliklərinə yol tapmasına imkan yaratdılar. Heç kim üçün mübahisəli olmamalıdır ki, onlar özlərinin qəribə üsulu ilə yazılmış şeirlərlə “şəhərin aşağı təbəqəli əhalisi arasına – sənətkarlar, şəyirdlər, nökərlər arasına “əlifba” daxil etdilər. Givişvilinin və Skandarnovanın kitablarında bazarın hər bir xırdalığı, onun nüansları, onun gündəliyi açıq şəkildə təsvir olunmuşdur və bazar da səmimi məhəbbətlə bu iki bohemist şairi sevirdi, bunlar bir medalyonun iki dəyərli tərəfi idi.

 

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU