NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK

(Türk folklorunun estetikası və mənəvi əqidəsi)

 

 Elizbar CAVELİDZE

 

 

Qısırca yengə “Buy, bu zavala gələcək məni görmüş kimi söylər”, - dedi və gedib yerində oturdu. Böyük xanların xatunları qəhqəhə çəkib gülürdülər. Gülməkdən gözlərindən yaş gəlirdi. İndi Boğazca Fatmaya dedilər, qalx sən oyna. O, yaxın durdu “Hey, şu dəli məğmun mənə də şayəd ancılayın olmaz sözlər söylər”, -dedi. Lakin onu əmin etdilər, qızın qaftanını geyindirdilər və onu oynamağa buraxdılar. Beyrək yenə yuxarıda gətirilən şeirin birinci iki sətri ilə öz ifasına başlayır, sonra məlumat verir ki, yaxşı bilir o harada yaşayır, onun atının adı nədir və özünün adı nədir və nəhayət vurğulayır: “Sənin adın Qırq oynaşlu Boğazca Fatma  degilmiydi? Dəxi eybin açaram, bəllü bilgil!” - dedi (D.D.K., səh. 85; D.D.K., səh. 55; O.D.D.K.K., səh. 96).

 

Söz uzanmasın deyə Beyrək yuxarıda xatırlanan xanımların biabırçı işlərini – oynaşlığını və qəhbəliyini açıb tökdü ki, bu da oğuzlar diyarında böyük biabırçılıq hesab olunurdu. Aləmdə onların başını kəsdi. Lakin onların həqiqi eyibini açıb tökməklə istehzanın şiddətinə bürüdü. Orada olan yüksək ictimaiyyətin qəhqəhələrinə səbəb oldu. Doğru ozanın ifşa etmənin gülüş silahı, hər şeydən öncə, onun dövründə imtiyaza malik xanımların ifşa olunmasına yönəldilmişdir. Lakin bu sarkazmın qamçısı bugünkü çağa da gəlib çatır və ələlxüsus, bugünkü azad davranışlı xanımları ayaq dırnağına kimi çılpaqlayır!..

 

İndi elə ilk sözün üstündə dayanaq. Nə çarə? Sonda Banıçiçək də məcbur oldu ki, oynaya. Qırmızı qaftanı geyindi, barmaqları görünməsin deyə qollarını irəli çəkdi.

 

Bamsı Beyrək həmin an omu tanıdı və dedi:

 

Mən bu yerdən gedəli dəlü olmişsan

Dəlim ağca qarlar yağmış, dizə yetmiş.

Xan qızının evində qul-xəlaiq dükənmiş...

Məşrəbə almış, suya varmış –

Biləgindən on parmağını sovuq almış.

Qızıl altun gətirün,

Xan qızına dırnaq yonun.

Eyiblücə, xan qızı, ərə varmaq eyib olar.

 

Bu sözlər Banıçiçəyi qəzəbləndirdi. Çox hirsləndi. “Mən eyiblümiyəm kim, mana eyib qoşarsan? - dedi. Gümüş kibi ağ biləgin açdı, əlin çıqardı. Beyrəgin keçürdügi yüzük görindi, Beyrək yüzügi tanıdı. Burada söylamış: Sən ərə vararsan, altun yüzük mənimdir, ver mana, qız! – dedi”. Xanın qızı cavab verir və deyir ki, mən Beyrəyə görə qanlı yaşlar tökmüşəm və ah-nalə etmişəm. Əgər sən mənim Beyrəyimsənsə və üzüyü istəyirsənsə, onun çoxlu nişanələri vardır və onu mənə tezcə de. Onda Bamsı Beyrək onların görüşünü, bir-birilə vuruşduğunu ətraflı xatırladır: “Üç öpüb bir dişləyüb, altun yüzügi barmağına keçürmədimmi?”, - deyir. Bütün bunları dinləyəndən sonra Banıçiçək onu tanıdı, Beyrəyin ayağının altıma yıxıldı. Beyrəyin atının belinə atıldı və sevincək Beyrəyin ata-anasını muştuluqlamağa getdi, belə sevindirdi:

 

“Arğab-arğab qara dağın yıxılmışdı, yucaldı, axır!

Qanlu-qanlu suların sovğulmişdi, çağladı, axır!

Qaba ağacın qurımışdı, yaşardı, axır!

Şahbaz atın qarımışdı, qulun verdi, axır!

Qızıl dəvələrin qarımışdı, köşək verdi, axır!

Ağ qoyunun qarımışdı, quzı verdi, axır!

On altı yıllıq həsrətin – oğulun Beyrək gəldi, axır!” (D.D.K., səh. 89; D.D.K., səh. 60; O.D.D.K.K., səh.100).

 

Müəyyən olunduğu kimi, təbrik, daha doğrusu, muştuluq ilkin hazırlanmış sxemi əhatə edirdi ki, qara ilə ağın, başqa cür, faciənin və xoşbəxtliyin ziddiyyətli qarşıdurması olurdu. Gətirilən çıxarışda qədim oğuzların bədbəxtliyi olaraq nəyi hesab edirdi: dağları dağıtmaq, çayları soğulmaq, kölgə salan ağacı qurutmaq, atı, dəvəni qısırlamaq, qoyunu sonsuz etmək. Bütün bunlar bizi qədim həyat tərzininin təbiət və heyvanlar aləmi ilə necə harmonik olaraq bir-birinə qovuşması ilə yaxşıca məlumatlandırır. Eyni zamanda təbiətdə hökm sürən qayda-qanunu pozanlar onlar üçün bədbəxtliyi və faciəni gətirən idi. Buna görə də bu muştuluğa daha artıq emosiya qüvvəsi əlavə olunması üçün təstiq-inkar forması ilə verilir. Bir sözlə, zülmətin fonunda işığın parlaqlığı özünü büruzə verir. Mənim inamıma görə, bədii effektin və onun dərk edilməsindən biri, demək mümkümdür ki, əsas spesifikliyi təbiətin və onun hadisələrinin insani xüsusiyyətlərlə və təbiətlə müqayisə-qarşıdurmalarla üzərə çıxmasıdır ki, bu da Orta əsrlərin uzun dövrlərində, əvvəlcə təbiət və insanın bir növ eyniyyəti demək idi, iki canlı şəkildə dərk edilmiş anlayışın təbiətlə insan arasında tən olmaq əlamətini qoymaqdır. İkincisi də, burada Orta əsrlərin insanın təbiətlə yaxınlığı və onunla birgə yaşayışın, birgə düşüncənin real faktı özünü büruzə verir. Buna görə də həmin dövrün oxucusu üçün aydın və məqbul olanlar bugünkü ictimaiyyət üçün ola bilsin ki, yad və qeyri məqbul olsun.

 

Beyrəyin sağ qalması onun ata-anasının və yaxnlarının, bütün Oğuz bəylərinin böyük sevincinə səbəb oldu. Yalançı oğlu Yalancuq  qamışlıqda gizləndi. Lakin Beyrək qamışlığa od vurdu. O da oradan çıxmağa məcbur oldu, Beyrəyin ayaqlarına döşəndi. Beyrək onun suçunu bağışladı və qılıncının altından keçirdi ki, bu da Oğuz igidləri üçün bir növ təhqir idi. 

 

Boyun sonuna doğru daha bir maraqlı kontur təsvir edilir: Qazan bəy deyir: “Gəl muradına yetiş!” Lakin Beyrək deyir: “Yoldaşlarımı çıqarmayınca, hasarı almayınca murada irməzəm!” Dostlara qarşı bu cür sədaqət və düşmən üzərində qələbə istəyi bizim “Pələng dərisi geymiş pəhləvan”ın mənəvi əhval-ruhiyyəsini və cəsarətini bizə xatırladır.

 

Bu boy da xeyirxahlıqla sona yetir. Oğuzlar Bayburt qalasına hücuma keçirlər. Şoklü Məliyin başını kəsirlər və kafirləri məhv edirlər.

 

Beyrək öz dostlarını xilas etdi və qırx gün, qırx gecə düyün elədi və onun otuz doqquz igidi də çadır qurdu, ox atdı, taleyini axtarmağa getdi.

 

Əvvəlki boylarda olduğu kimi: “Dədəm Qorqud gəldi, şadlıq çaldı, boy boyladı, soy soyladı. Qazı ərənlər başına nə gəldügin söylədi. Bu Oğuznamə Beyrəgin olsun!” - dedi.

 

Yuxarıda müzakirə olunan boyların süjetlərinin inkişafı barədə müəyyən düşüncəyə görə, söz bir növ uzandı və indi növbəti boyların xüsusiyyətinə qısaca toxunmağa çalışacağam.

 

                                                                       * * *

Növbəti boy Qazan bəy oğlu Uruz bəyin dustaq olmasını bizə nəql edir.

 

Qazan bəy ziyafət verdi və Oğuz bəylərini dəvət etdi. Kafir qızları altun sürahilərlə Oğuz bəylərinə şərab süzürdülər. Ulaş oğlu Salur Qazan hər birindən içirdi. Qazan sağ tərəfinə baxanda ürəkdən güldü, sol tərəfinə baxdı, həddindən artlq sevindi. Lakin qarşısında duran Uruzu görəndə, acı-acı ağladı. Oğlu Uruza bu xoş gəlmədi və soruşdu:

 

“Qan Abqaz elinə mən gedərəm,

Altun xaça mən əlümi basaram,

Pilon geyən keşişin əlin öpərəm,

Qara gözlü kafir qızın mən aluram.

Dəxi sənin yüzünə mən gəlməzəm.” (D.D.K., səh. 92; D.D.K., səh. 63; O.D.D.K.K., səh. 104).

 

Ata da deyir:

 

“Bərü gəlgil, qulunum oğul!

Sağım ələ baqduğumda

qardaşım Qaragünəyi gördüm, –

Baş kəsübdür, qan dökipdir.

Çöldi alubdur, ad qazanubdur.

Solum ələ baqduğumda

dayım Aruzı gördüm, –

Baş kəsübdür, qan dökipdir,

Çöldi alubdur, ad qazanıbdır.

Qarşum ələ baqduğumda səni gördüm,

On altı yaş yaşladın.

Bir gün ola, düşəm öləm, sən qalasan

Bərü gəlgil, qulunum oğul!

Yay çəkmədün, ox atmadın,

Baş kəsmədin, qan dökmədin,

Qanlu Oğuz içində çöldi almadın”.

 

Vaxt gələcək mən öləcəyəm və taxt-tacı kimə qoyum dedi. Burada Uruz atasına kobudcasına müraciət edir: “Dəvəcə böyümişsən, köşəkcə aqlın yoq! Dəpəcə böyümişsən, darıca beynin yoq! Hünəri oğul atadanmı görər, ögrənər, yoxsa atalar oğuldanmı ögrənür? Qaçan sən məni alub kafir sərhəddinə çıqardın, qılıc çalub  baş kəsdin? Mən səndən nə gördüm, nə ögrənim?”

 

Oğuzlar üçün sitayiş kimi qəbul edilən ataya bu cür müraciət təəccüb doğurucu və gözlənilməzdir. Lakin bu, güman ki, oğulun qəzəblənməsindən və etikanı unutduğundan irəli gəlir.

Halbuki, eyni zamanda elə burada oğul ataya oğuzların qəhrəmanlıq həyatında bərqərar olunan qaydanı, ənənəni xatırladır: oğul atadan nümunə götürür və döyüşməyi öyrənir, yoxsa bunun əksimi deyir.

 

Qazan istehza ilə oğlunun cavabını dəyərləndirir: “A bəglər! Uruz xub söylədi, şəkər yedi” - dedi. Bu da onun zehniaçıqlığından və rahatlığından xəbər verir. Lakin ata oğulun tərbiyəsində vəzifəsini də yaxşı dərk edir və təlim keçmək üçün oğlunu ova aparır.

 

Qara dağların yamaclarına ova çıxdı. Ov ovladı, quş quşladı və ahu və maral ovladı. Yaşıl çəmənlikdə çadır qurdu və yedilər, içdilər.

 

Bu ərəfədə Dadiani qalasından Başıaçıq və Axalsixe qalasından kafirlərin cəsusu bunları gördülər və hakimlərinə xəbər verdilər. On altı min kafir hərəkətə keçdi və Qara dəniz kimi coşanda, ata-oğul arasında söhbət oldu. Ata təcrübəsizliyinə görə döyüşdən boyun qaçırmağa cəhd göstərir, kafirlərin qurbanı olmaqdan qorxur. Oğlu bədəvi atını oynadaraq ona qarşı gəldi:

 

“A bəg baba, eşidürəm.

Amma Ərafatda erkək quzu qurban içün,

Baba oğul qazanur ad içün.

Oğul da qılıc quşanur baba ğeyrətiyçün.

Mənim də başım qurban olsun səniniçün”, - dedi. (D.D.K., səh. 94-96; D.D.K., səh. 65-67; O.D.D.K.K., səh. 107-110).

 

Burda artıq atanın oğluna qarşı zərif hissləri aydınca görünür. Onu oğlunun həyatını qurban verəcək təcrübəsizliyi qorxudur, Lakin elə burada atanın ləyaqətinə quzu kimi qurban getməyə hazır olan oğulun qüruru özünü büruzə verir. Başlıcası odur ki, ata-oğulun söhbətindən oğuzlarda möhkəm bərqərar olan baxış dairəsi müəyyən olunur ki, bu da belə səslənir: “Baba oğul qazanur ad içün. Oğul da qılıc quşanur baba  ğeyrətiyçün!”

 

Nəhayət və nəhayət, ata oğlunu əmin edir və Uruz da öz dostları ilə uca dağlar başına çıxır. Buradan atasının qılıncına göz dikir. Elə burada ozan ata-oğul nübasibətlərinin daha bir mühüm ənənəsini bizə nəql edir: “Ol zamanda oğul ata sözin iki eləməzdi. İki eyləsə, ol oğlanı qəbul eləməzlərdi”. Qədim oğuzların ənənəsi belə idi ki, bu da Qafqazın dağlıq yerlərində bu gün də qorunub saxlanılmışdır.

 

Oğul bir müddət atanın təkbaşına mübarizə apardığını izləyirdi. Lakin sonra öz yoldaşları ilə birlikdə düşmənin sağ cinahına hücum etdi və onu elə darmadağın etdi ki, düşünərdin “qaz sürüsünə şahin girdi”. Halbuki, kafirlər hər tərəfdən Uruzun üstünə düşdülər, qırx igidini məhv etdilər və özünü də əsir alıb sürüyə-sürüyə apardılar.

 

Qazan oğlunu qoyduğu yerdə görə bilmədi, bəylərdən oğlum haradadır deyə soruşdu. Onlar da cavab verdilər: “Oğlan quş yürəkli olur. Qaçub anasına getmişdir”. Qazan deyir: “Bəglər, Tanrı bizə bir kür oğul vermiş. Varayın, anı anası yanından alayın, qılıcla paralayayın, altı bölük edəyin, altı yolun ayırdında  bırağayın. Bir dəxi kimsə yazı yerdə yoldaş qoyub qaçmaya!”

 

Budur həqiqi atanın əxlaqi mövqeyi ki, öz oğluna da xəyanəti bağışlamır. Bu da igidlik institutu tərəfindən işlənib hazırlanan qaydalara qarşı sədaqətlilikdən, onlara möhkəm şəkildə əməl olunmasından və yerinə yetirilməsindən xəbər verir.

 

Xan qızı Burla xatun Qazanın tək qayıtdığını və oğlu Uruzu görməyəndə qara bağrı sarsıldı, ürəyi yerindən oynadı və ərinə dedi:

 

“İki getdin, bir gəlirsən, balam hanı?

Qara dövranda tapdığım oğlun hanı?

...Acı yellər əsmədən, Qazan, qullarım cingildəyir.

Sarımsaq otunu yemədən, Qazan, içim göynəyir.

...Yalnız oğul xəbərini, Qazan, söylə mənə”.

 

Bundan sonra şeirlərin bütöv silsiləsi gəlir ki, ürəyi dağlı ananın ah-naləsini bizə təqdim edir. Bu ah-nalə sxematik çərçivəyə salınmasına, möhkəm daimi obrazlarla dəfələrlə bəyan olunan duyğuları verməsinə və bütövlükdə poetik strukturun əsas götürüldüyü “təkrarlamanın” qaydası ilə müqayisə olunmasına baxmayaraq  öz dövrü  üçün də, bu gün də oxucuda öz səmimiliyi, şəffaflığı, duyğunun bilavasitəliyi və inandırıcılığı ilə, başlıcası isə, emosiyalı təsirin heyrətedici qüvvəsi ilə böyük təəssürat oyadır. Bu dəfə sözü onsuz da uzatdığımdan sitat gətirməkdəm çəkinirəm. (D.D.K., səh. 107; D.D.K., səh. 78; O.D.D.K.K., səh. 124).

 

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU