Elizbar CAVELİDZE

 

(əvvəli burada)

Dördüncü boy. Çənlibeldə dəlilərin sayı tədricən artdı və onların sayı yeddi yüz yetmiş yeddiyə çatdı. Koroğlunun özü də fəallıq edirdi, soraqlaşır, salıqlaşır, harada bir igidin olduğunu öyrənirdisə, əlləşib, vuruşub Çənlibelə gətirirdi.

 

Gözəl günlərin birində Koroğlunun yolu Naxçıvan şəhərinə düşdü. Şəhəri sağa, sola gəzdi, axırda bir nalbənd dükanının qabağında atını saxladı. Nallar almaq istədi. Lakin ona uzadılan nalı bircə-bircə əlinə alıb xəmir kimi yoğurdu və geri qaytardı. Nəhayət, nalların vurulmasında Koroğlu ona kömək etdi və Qıratın ön  ayaqlarını qaldırdı, lakin məsələ arxa ayaqlarına gələndə, at şıllaq atdı və Koroğlu da nə qədər əlləşdisə atın ayağını saxlaya bilmədi.

 

Bütün bunları nalbəndin oğlu, xırdalığından tay-tuşlarının Dəmirçioğlu adlandırdığı yeniyetmə, cavan bir oğlan seyr edirdi. Qollu-qüvvətli, boylu-buxunlu bir igid olmuşdu ki, bir baxan, bir də baxım deyirdi. Yavaşca dükandan çıxdı. Koroğlunu bir tərəfə itələyib atın dal ayaqlarının ikisini də yerdən götürdü. Dəmirçioğlu altdan yuxarı Koroğluya baxıb dedi: “Bu boyda adam bir atın ayağını da qaldıra bilmir?..”

 

Nəhayət, nalbənd atın ayaqlarını nallayıb qurtaranda Koroğlu əlini cibinə salıb pul çıxartdı. Dəmirçioğlu pulu alıb o yanına çevirdi, bu yanına çevirdi, əlində mum kimi əzib geri qaytardı:

“Verirsən, əməlli-başlı pul ver, bu əzik-üzükləri niyə bizə verirsən?” Koroğlu yenə də ona yeni pul uzatdı, lakin Dəmirçioğlu pulu iki barmağının arasına aldı və əzdi.

 

Koroğlu anladı ki, gənc ona meydan oxuyur. Lakin bir şey demədən atına mindi və fikirli-fikirli yola düşdü.

 

Bundan sonra ata-oğul arasında mübahisə baş verir. Koroğlunu tanıyan ata oğlunu məzəmmət edir ki, paşalara və bəylərə qan udduran qoç Koroğluya qarşı belə saymamazlıqla davranmamalı idi, çünki onun adı gələndə xotkarlar və paşalar tir-tir əsirlər, canlarına vəlvələ düşür. Oğul isə atasına hücuma keçir ki, onun Koroğlu olduğunu mənə vaxtında niyə demədin? Ona ağıl öyrədərdim, ona Koroğluluğunu göstərərdim. Ata oğula heç nə başa sala bilmədi, oğul özününkünü deyirdi və Koroğlu ilə görüşmək, onun Qıratını əlindən almaq üçün atasından gizlicə gecə aradan çıxdı.

 

Doğrudan da zülmət gecədə o, Koroğluya rast gəldi. Koroğlu onu tanıdı və nə məqsədlə Çənlibelə gəldiyini ondan səsini qısaraq soruşdu. Dəmirçioğlu qəlbini açdı: Koroğlunu məğlub etmək və Qıratı oğurlamaq istəyir. Qıratın oğurlanmasında Koroğlu da ona kömək etdi. Çətin həyata keçiriləcək oğurluq prosesini başa çatdıranda Dəmirçioğlu Koroğlunu tərkinə aldı və atı çapdı. Yolda Koroğlu ona müraciət edir:

 

“– İndi, işdir, birdən Koroğlu qayıdıb Qıratın aparıldığını bildi, dəlilərini də götürüb dalımızca gəldi, onda biz neyləyəcəyik?

 

– Gəlib bizə çatarlar və elə mən də bunu istəyirəm. Mən onun nə qılıncından qorxuran, nə şeşpərindən, nə də ki, dəlilərindən. Amma deyirlər dava eləyəndə onun bir nərə çəkməyi var. Qorxsam, qorxsam, bəlkə bircə o nərədən qorxam.

 

Koroğlu ona yenə bir şey demədi və Çənlibeldən əməlli-başlı uzaqlaşanda ağzını onun qulağına dayayıb bir dəli nərə çəkdi. Dəmirçioğlu aşıb düz Qıratın ayaqları altına düşdü. Koroğlu zəncirlə onun qollarını möhkəm-möhkəm bağladı və Dəmirçioğlu handan-hana özünə gələrək qalxıb oturanda ona dedi:

 

– Əhsən sənə. Halaldır sənə bu ad. Aç qollarımı gedək. Bu gündən mən sənə kiçik qardaşam.

 

Koroğlu dedi:

 

– Yox aşna, qollarını aça bilməyəcəyəm. Açaram, sonra dəlilik edərsən. Dur, elə belə gedək.

 

Dəmirçioğlu dedi:

 

– Arxayın ol, aç qollarımı. Dedim ki, bu gündən sənə qardaşam.

 

Koroğlu qulaq asmadı. Dəmirçioğli işi belə görəndə dedi:

 

– Mən mərdəm, söz verdim, elərəm. Sən elə bilirsən ki, bəs sən açmayanda mən özüm aça bilməyəcəyəm?

 

Bunu deyib bircə dəfə güc verdi, zəncir parça-parça olub yerə töküldü. Sonra üzünü Koroğluya tutub dedi:

 

– Koroğlu, sən mənə etibar eləyib qollarımı açmadın. Amma mənim sözüm sözdür. Hara deyirsən gedək. Day ölüncən səndən ayrılmayacağam” (Bax: Elə orada, səh. 94, 101). Və beləcə Koroğlunun dəlisi oldu.

 

Bu qısa dastan hər şeydən öncə süjetin inkişafının dinamikliyi ilə, hadisələrin gözlənilmədən gediş effekti ilə, istehzanın və igidlik, ləyaqət hissinin parıldadığı qısa çevik dialoqla diqqəti cəlb edir. Qeyd etmək lazımdır ki, Koroğlu bu dastanda tərəddüdlük qabiliyyətini göstərir və özünün də fərqləndiyi fiziki qüvvə ilə deyil, eləcə də səbirlə, ağıllı fəndlə çətinliyin öhdəsindən gəlir. O, konkret halda özünün dəhşətli səsindən istifadə edir ki, bunu da ilahi qüvvə ona bəxş etmişdir. Elə burada azərbaycanlı, qafqazlı igidin sözünün üstündə durmasının etik əqidəsi özünü büruzə verir ki, bu da Dəmirçioğlunun davranışı ilə aydınca təsdiqlənir. Amma elə burada Koroğlunun bir növ təbii qüsuru – inamsızlıq ilə əks olunan qüsuru özünü büruzə verir ki, bu da mövcud real məişətin və ağır həyatın, gərək ki, nəticəsi olmalıdır.

 

Beşinci boy. Artıq qeyd etdiyim kimi, xalq düşüncəsi Koroğlunun dolğunluğunun təsvir olunması üçün fiziki qüvvənin hiperbolizasiyası kifayət etmədi və güclü səs çıxartdı, nərə çəkdi, bu da düşmən üzərində qələbə alətinə çevrildi və ona mənəviyyatını əks etdirən mahnı oxumaq istedadını bəxş etdi, aşıq adı ilə də onu gözəlləşdirdi. Belə ki, “Koroğlu” eposunun bu dastanında aşıq Cünunun görünməsi təəccüblü deyildir, əgər xatırlasaq, həqiqətdə də Koroğlunu şöhrətləndirən və onun qəhrəmanlığını mahnı ilə verən bir neçə aşıq olub.

 

İndi qısaca olaraq bu dastanın süjeti və motivi barədə: Ərzurumlu Cəfər paşanın adlı-sanlı Cünun adlı bir aşığı vardı, bu da ki, “çox məclislər görmüş bir ustad idi, çox özündən dəm vuran aşıqların sazını əlindən alıb yola salmışdı, çox cavanları da öyrədib, əlinə saz verib aşıq eləmişdi”.  Bu dünyagörmüş aşıq xotkarın qızını qaçırmağa nail olan adlı-sanlı qaçaq Koroğlunu görmək istəyirdi. Gözəl günlərin birində də gizlicə aradan çıxdı və Çənlibeldə Koroğluya yetişdi. Koroğlu onun əlindən tutub hörmət-izzətlə qarşıladı. Xoş beş, on beşdən sonra süfrə açıldı. On beş gün ona nağılvari ev sahibliyi etdi. Nəhayət, aşıq bu yerləri tərk etmək qərarına gəldi. Koroğlu isə paşalara, bəylərə bel bağlamamasını, ona burada qalmasını məsləhət gördü. Qal burada, bizim aşığımız ol dedi.  Lakin Cünun onu eşitmədi və Ərzuruma qayıtdı.

 

Sonra yeni epizod açılır ki, burada da baş rolu Cəfər paşa və Telli xanım oynayır. Telli xanım aşığın Çənlibeldən qayıtdığını eşidəndə Koroğlu və onun dəliləri barədə ona danışması üçün yanına çağırtdırır. O da istedadını əsirgəmir və Çənlibel, dəlilər və Koroğlu barədə mahnı ilə, saz ilə məlumat verir. Bu ərəfədə Cəfər paşa Cünunu axtarır və onun bacısının yanında olduğunu eşidəndə özünü ora yetirir. “Qəribə adam” olan Koroğlunun kim olduğu onu da maraqlandırır. Cünun da geri çəkilmir. Sazı sinəsinə basıb Koroğlunu tərif edir. Alovlanmış Cəfər paşa onu zindana saldırır və dar ağacından asdırmaq istəyir. Telli xanım anladı ki, qardaşının yanında sözlə və yalvarışla heç nəyə nail ola bilməz və buna görə pəhləvan libası geyindi, qılınc qurşadı, nizə asdı, əmud götürdü və zindanın qapısına gəldi. Dustağı qoruyan iki keşikçini yaxşıca əzişdirib dərslərini verdi. Aşıq Cünunu zindandan çıxaranda keşikçiyə dedi: “Mən qoç Koroğluyam... Mən aşıq Cünunu özümlə Çənlibelə aparıram. Amma şəhərdə adam qoyuram. Paşaya deyərsən ki, eşidəm, biləm, Telli xanıma güldən ağır bir söz deyib, torpağını torba ilə daşıtdıraram”. Aşığı isə mənzilinin altındakı zirzəmidə gizlətdi. Bir qalmaqal qopdu, axtarış başladı. Lakin Cünunu heç yerdə tapa bilmədilər. Bir neçə gündən sonra aşığı Çənlibelə yola saldı və Koroğluya ismarıc göndərdi: “Məndən qoç Koroğluya salam yetirərsən. Deyərsən ki, bundan sonra beş özündən deyəndə, bir də bizdən desin” (Bax: “Koroğlu”, səh. 144).  

 

Cünun bir təhər Çənlibelə çatdı və bütün bunları Koroğluya onun adı ilə Telli xanımın necə xilas etdiyini nəql eylədi.

 

Azərbaycanlı igidlərə yaraşan hal olaraq Koroğlunun dəliləri yekdilliklə qərara gəldilər ki, igid kimi davranan Telli xanımı Cəfər paşanın ümidinə qoymaq qorxulu və layiqsiz idi. Burada Koroğlunun bu çətin tapşırığın həvalə olunacağını necə seçməsi diqqət çəkir: “Koroğlu bir alma götürdü. Saplaq tərəfinə bir üzük taxıb Dəmirçioğlunun başına qoydu. Qayıdıb ata mindi. Covlana gətirib bir o başa sürdü, bir bu başa sürdü. Yay-oxu çilləyə mindirib Dəmirçioğlunun başındakı almaya düz qırx ot atdı. Oxların hamısı bircə-bircə üzüyün halğasından keçdi.

 

Dəlilər, Nigar xanım, aşıq Cünun hamısı durub baxırdı. Dəmirçioğlu nə bircə dəfə gözünü qırpdı, nə də yerindən qımıldandı, nə də rəngi qaçdı. Necə dayanmışdı, eləcə də axıracan dayandı” (Bax: Elə orada, səh. 149).

 

Bunu görən Koroğlu atdan düşdü. Dəmirçioğlunu qucaqlayıb üzündən, gözündən öpdü. Könlü havalandı, ürəyi coşdu, ona təriflər qoşdu. Və Telli xanımı xilas etməyə yolladı.

 

Sonra Dəmirçioğlunun sərgüzəşti başlayır. Hələ o yolda yorğun olduğundan yuxuya gedir və atını itirir. Lakin naxırçının sayəsində deyişmə aparır, izinə düşür, Ərəbatı tapır, minib Ərzuruma gedir və gəlib bir meydana çıxır ki, burada da pəhləvanlar bir-birilə güləşirlər. Bu yarışda Telli xanım və Cəfər paşa da iştirak edirdilər. Dəmirçioğlu da bilavasitə pəhləvanlar güləşinə qatılır, məğlubedilməz Qara pəhləvanın kəmərindən yapışıb, dik götürüb yerə vurur. Sonra əlini atıb Telli xanımı götürüb atın tərkinə aldı və Çənlibelə tərəf yol başladı. Aydındır ki, Cəfər paşanın qoşunu onu təqib etdi. Dəmirçioğluna artıq quşu qonan Telli xanım yalvarır ki, yoldan uzaqlaşsın, çünki Osmanlının saysız-hesabsız qoşunu onun arxasınca gəlir. Bir nəfər min nəfərə nə edə bilər. Lakin Dəmirçioğlu tərsliklə eyni kəlməni təkrar edir: “Ölər əcəm oğlu, getməz bu yerdən!” Telli xanım görür ki, Dəmirçioğlu gedən deyil, qoşun da yaxınlaşır. Onunla birlikdə mübarizəyə hazırlaşır. Dəmirçioğlu şeytanlıq edir, ona qılınc, qalxan verir, pal-paltarını nizama salmaq üçün mağaraya aparır, sonra yekə bir daşı mağaranın ağzına tıxayır və təhlükəni başından rədd edir. O səbəbə görə ki, birincisi, onun başına heç nə gəlməsin deyə, dəlilər və Koroğlu qarşısına nə üzlə çıxacaqdı və ikincisi də, dəlilər deyəcəkdilər ki, Dəmirçioğlu arvad köməyinə qalıb (Bax: “Koroğlu”, səh. 124). 

 

Qısası, saysız-hesabsız qoşun qarşısında Dəmirçioğlu tək qaldı. Xeyli mübarizə apardı, onun üstünə düşənlərin öhdəsindən gəldi. Nəhayət, Cəfər paşa əyyarları yanına çağırdı. Bu sonuncular Dəmirçioğlunun üstünə bihuşdar tökməyə başladılar və o huşdan gedib yıxıldı. Lakin Ərəbatı heç kimi onun yanına buraxmır. Axırda o da at sürüsünü görəndə Dəmirçioğlundan əl çəkir, ilxıya qoşulur. Dəmirçioğlunu əsir götürürlər, götürüb şəhərə gətirirlər və onu pəhləvan meydanında bir dirəyə sarıyırlar.

 

Dəmirçioğlunun gecikməsi Koroğlunu fikrə saldı. Pis yuxu da gördü. Ürəyinə dammışdı ki, Dəmirçioğlunun başında bir iş var. Dəliləri ilə birlikdə Ərzuruma doğru yollandı.

 

Dəmirçioğluna dəhşətli dərəcədə işgəncə verirdilər. Dərisini soyub, yerinə saman təpirdilər, lakin Telli xanımın harada olduğunu ona dedizdirə bilmədilər. Onda dəlinin dar ağacından asılması qərarına gəlirlər. Məhz elə bu zaman Koroğlu öz dəliləri ilə Ərzuruma çatdı. Koroğlu öz fəndini işə saldı. Aşıq libasında meydana çıxdı və sazı sinəsinə basıb huşu başında olmayan Dəmirçioğluna üz tutdu və işarə etdi ki, dəlilər buradadır. Nəhayət, Telli xanımın mağarada olduğunu öyrənir. Onu gətirir və dəlilərin qoşununu darmadağın etdikləri Cəfər paşanı qabağına salıb gətirir. Dərmirçioğlunu asdırmaq istədiyi dağı dolandırır və öldürmək istəyir, lakin Telli xanım yaylığını başından açıb onun ayağının altına atır və onun bağışlanımasını xahiş edir.  Koroğlu da onu bağışlayır. Ondan sonra dəlilər də atlandılar. Dəmirçioğlunu da müalicə edirlər və onun toyunu edirlər. Bu dastanın ən uzun dastan və çoxlu epizod vericisi olmasına baxmayaraq, onu oxumaq oxucuda inciklik, darıxdırıcılıq əmələ gətirmir. Əksinə, bu hadisələrin gedişi onu gərginləşdirir və maraq oyadır. Bundan başqa, dialoqlar həddindən artıqdır ki, bunlar da həyati məqam kəsb edir və bir növ süjetin axınını canlandırır. Bununla yanaşı, çox hallarda bu dialoqlar aşıq deyişmələri formasını alır. Müəyyən olunduğu kimi, saz mahnısı da estetik emosiyanın oyadıcısıdır. Mənim fikrimcə, məhz elə bu dastanda bu aşıq repertuarının həddindən artıq olmasına səbəb olur. Elə burada unutmamalıyıq ki, hər şeyə qadir Koroğlu döyüş əhval-ruhiyyəsini yüksəltmək üçün saza üz tutur və çox hallarda işin yaxşılıqla başa çatdırılması üçün aşıq rolunda çıxış edir. Təhlil olunan dastanda Koroğlunun döyüş məharəti və qabiliyyətinin hiberbolizasiyası yenə davam edir: O, almaya sancılmış üzükdən qırx ox atır, oxların hamısı bircə-bircə üzüyün halğasından keçir, lakin bu çətin inanılası fakt bizi əmin edir ki, Dəmirçioğlu qorxmaz və sarsılmazdır. Qısası, çətin inanılası cizgi reallıq və gerçəkliyi tanış etməkdir. Başqa cür desək, hiperbolizasiyanın məqsədi hələ Koroğlunun şan-şöhrətini artırmaqdır, lakin bu şan-şöhrətləndirmə ilə ikinci qəhrəman Dəmirçioğlunun qorxmaz təbiətinin büruzə verilməsi baş verir. Bu dastanda güclü pəhləvanın sadiqliyi və mərdliyi, onun düşmənə qarşı mətinliyi, lakin qadına qarşı bir növ çəkingən münasibəti təsvir olunur. Maraqlıdır ki, Telli xanımın döyüş qabiliyyəti və məharəti bizə döyüş zamanı oğuz igidlərindən geri qalmayan oğuz xanımlarının obrazını xatırladır, bu da “Dədə Qorqud”da aydın şəkildə əks olunmuşdur. Sonra Koroğlunun dəlisi sanki oğuz igidi kimi döyüşdə qadının həmiştirakını özünə ar bilir. Eləcə də, bir növ onu qorxudan və məğlubiyyətdən çəkindirən qadının xəbərdarlığını nəzərə almır. Həmçinin diqqətə layiq haldır ki, təhlil olunan dastanda xeyir və şərin xəbərvericisi kimi yuxunun rəmzi əhəmiyyəti və funksiyası verilib, bir də elə burada Telli xanımın necə yaylığını başından açması və Koroğlunun ayağı altına atması, qardaşının bağışlanılmasını xahiş etməsi nəql olunub. Bu hərəkət döyüşən pəhləvanlar arasında barışığın olmasını istəyən gürcü qadınının hərəkətini bizə xatırladır. Və bizi düşündürür ki, bu ənənə ümum Qafqaz xarakterini daşıyır.

 

(davamı burada)

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU