Qara, açıq palto geyinmişdi və əlində qara portfel tutmuşdu. O, böyük həvəslə əllərimizi sıxdı və bizi salamladı. O, baxışlarını mənə dikdi.
“Bu, cənab Qalaktion, əla hekayələrin müəllifi olan Revaz İnanişvilidir”, – dedilər.
“İnanişvili, İnanişvili... Əzizlərim, sizi belə görmək necə də yaxşıdır, bu cür bir yerdə olmağınız necə də xoşdur. Gəlin bu görüşü qeyd edək!”
Tərəddüd etməyə başladıq.
O, əllərimizi sıxdı: “Gedək, gedək!”
Və bizi apardı.
Yadımdadır, o, bizimlə Elmlər Akademiyası, böyük alimlər, oradakı böyük insanlar haqqında danışırdı. Bax, mən də oradan gəlirəm... – Və həm də istehzalı bir təbəssümlə portfelini qarşısına uzatdı: “Uh, orada onların belə portfelləri var!”
Dayandı.
“Burada yaxşıdır, burada bizimkilərdir, gəlin, bura enək” – Və özü bizi aşağıya apardı.
Bizi tanıdılar, dayandılar. İçəri dəvət etdilər. Çoxlu pivə çəlləkləri, bir kiçik masa var idi. Süfrəni açdılar. Əyləşdik. Məşhur qızardılmış ciyər peraşkilərinin böyük topası, tğemali, xardal, göyərti. Şərab – Kaxeti şərabını ortaya qoydular. Qalaktion süzdü, dadına baxdı. Məmnun qaldı.
“Nuş olsun, nuş olsun, əzizlərim!” – Qalaktion bizi qonaqlayırdı.
Sağlıqlar Qalaktionun ətrafında dolanırdı. Qalaktion bizimlə stəkan vurur, axıra kimi boşaldırdı. O, bizdən də stəkanımızı axıra kimi boşaltmağı xahiş edirdi. Biz boşaldırdıq.
Sonra Muxran şeirlər oxudu – “Qatar Peterburqdan gəldi”... Və başqaları da.
Qalaktion deyirdi: “Əladır, möhtəşəmdir”...
Stəkan çevrildi, yerə düşdü, sürüşdü, aşdı. Bitirməyin vaxtı gəldi və raçalı gülümsər ev sahibi içəri girdi. Biz bizimsayağı bir qayda olaraq özümüzü irəli verdik. Qalaktion çevrilmiş əlləri ilə bizi geri çəkdi. Döş cibindən yüz manatlığı çıxartdı, sonra əlli manatlığı da tapdı. Ev sahibinə verdi, həm də əllərini qaldıraraq ona təşəkkür edirdi.
Taksini saxlatdıq.
Yadımdadır: Heykəl kimi hərəkətsiz oturmuş düşüncəli Qalaktion və ona heyran qalmış sürücü.
Sürücü qəfildən gülümsəyərək sadəlövhcəsinə soruşdu: “Sizin arvadınız var, elə deyilmi, cənab Qalaktion? Bu qədər gözəl bir arvad necə tapırsınız?”
“Arvad?” – Qalaktion sürücüyə tərəf döndü, – “Arvad?” – deyə ümidsizliklə təkrarladı. Bir dəfə də kədərlə dedi: “Arvadımı tutdular”...
(Revaz İnanişvilinin xatirələri. “Qalaktionologiya” X, 2025, Elmi-ədəbi toplusundan).
* * *
Bir dəfə Qalaktion küçədə belə bir mənzərəyə rast gəlir:
Milis nəfərləri saxlanılan dənizçini şöbəyə aparırlar. Birdən haradansa ikinci dənizçi onların üstünə cumdu, “Qoymaram qardaşımı siz aparasınız”, – dostunu aradan çıxarmaq üçün qışqırdı.
“Eşidirsinizmi, nə dedi?! Görürsüzmü, nə etdi?!” – həyəcanlanmış Qalaktion öz yol yoldaşına tərəf döndü, – “Bunu yalnız dənizçi edə bilər! Əminəm ki, onunla yalnız dünən tanış olub!”
Şairin üzü birdən tutqunlaşdı, pıçıltılı səslə dedi: “Mənim isə... Əgər mənim başıma belə bir şey gəlsəydi, bəzi uşaqlıq yazıçı dostum qışqırardı: “Rədd edin, aparın, yolu təmizləyin”.
(“Senzurasız Qalaktion” kitabından).
* * *
Qalaktion və Konstantine Yazıçılar Birliyinin iclasında yan-yana otururlar, digərləri isə rəyasət heyətində bardaş qurublar. Onlardan biri iştirak edən ictimaiyyətə tribunadan ucadan nəsə bir qərar bəyan edir və belə başlayır: “Gürcüstan yazıçıları və şairləri toplaşıb qərara gəliblər ki...”
Bu zaman Qalaktion Konstantineyə tərəf döndü:
“Onlar qərar verəndə sən orada idin?”
“Xeyr, sən?” – Konstantine suala sualla cavab verdi.
“Xeyr, mən də yox idim”, – Qalaktion yenə sakitcə ona dedi.
Konstantine əllərini yellədi, onun üçün və Qalaktiona eşitdirmək üçün öz-özünə danışdı:
“Bəs hansı yazıçılar və şairlər qərar veriblər?”
* * *
“Gecələr dəfələrlə oyanıb Qalaktionu gözümün önündə görmüşəm. İndiyə qədər bir hadisəyə görə özümü bağışlaya bilməmişəm:
İrakli Abaşidze, Sergi Çilaya və mən Şalva Dadianini uğramaq üçün tibb kabinetinə girirdik. Qalaktion foyenin bir küncündə oturmuşdu. Görən kimi ayağa qalxıb məni öpmək istədi. Mən onu öpmədim və soyuqqanlılıqla ondan ayrıldım. Qorxurdum ki, o, məni uzun müddət saxlasın.
Ömrümün sonuna qədər buna peşman olacağam ki, uzaqgörənliyim yox idi və həmin gün onunla qalmadım.
Sonra o oldu ki, həmin gün Qalaktion həlak oldu. Bizim şanlı böyük Qalaktion.
Bədbəxtliyimiz ondadır ki, böyük bir insan sağ olanda onu görməzdən gəlirik və o bizi tərk edəndə ağlayırıq.
İndi Qalaktionun yaradıcılığı barədə qəflətən nə deyə bilərəm?
Gürcüstan həmişə o üç böyük gürcünün adı ilə fəxr edəcək. Bunlar Rustaveli, Vaja-Pşavela və Qalaktion Tabidzedir.
Şəxsən mən dünya poeziyasını bu və ya digər şəkildə tanıyıram və nə Gürcüstan, nə də planetimiz Qalaktiondan daha böyük poeziya virtuozunu tapa bilməz.
O, təkcə poeziyanın virtuozu deyil, həm də gürcü dilinin böyük yaradıcısıdır. Gürcü dili onun əlində ərimiş mum kimi itaətkardır... O, heç bir yerdə dilə güc verməz.
O, Tanrılara tay və gurultu axınıdır, o, şan-şöhrət əklili qalacaq, bizə isə göz yaşlarının axını.
(Konstantine Qamsaxurdianın Qalaktion haqqında xatirələri).
* * *
Qalaktion Tabidze İosif Stalinin şəxsən ona təqdim etdiyi Lenin ordenini itirir (Lenin ordeni SSRİ dönəmində ali mükafat idi. SSRİ Mərkəzi İcraiyyə Komitəsi 1930-cu il aprelin 6-da təsis etmişdi. Tərkibində platin və qızıl vardır. İndi qara bazarda Lenin yubiley medalı 15-20 lariyə satılırsa, bunun dəyəi 5000 laridir). Bilir ki, bunun sonu güllələnməkdir. Ölmək ölməkdir, xırıldamaq nə deməkdir. Odur ki, birbaşa Beriyanın yanına gedir. Vəziyyəti ona danışır. Beriya xeyli onu süzür. Bilirdi ki, Stalin onu çox sevirdi. Öz Lenin ordenini gətirib ona verir və deyir ki, bir də itirmə.
(Siyasi xadim, dissident, professor Levan Berzenişvilinin televiziyaya verdiyi müsahibələrinin birindən).
Onu da qeyd edim ki, bəzi gürcü yazarları onun bu ordeni şəraba verdiyini də deyirlər, halbuki, deyilənə görə, vaxtilə yeni aldığı paltonu və bahalı şarfını da itirib.
* * *
Qalaktion Tabidze şahmatın böyük azarkeşi idi və tez-tez uşaqlarla oynayırdı. Həmin vaxtlar o, rəqibinin fiqurunu oğurlayıb oynamağa davam edirdi... Əgər uşaq oğurlanmış fiquru sezsəydi, Qalaktion sevinərdi, kürəyinə vurar və tərifləyərdi.
* * *
Qalaktion tez-tez piyada gəzir, bəzən isə tramvayla səyahət edirdi. Məlumdur ki, o, xüsusilə uşaqları sevirdi. Qalaktonu Lagidze sularında gördüyünü və başına əli ilə sığal çəkdiyini, yaxud ona “əmican” deyə müraciət etdiyini, əlini yellədiyini daha kim demir. Həyatı boyu o, çoxlarına yaxşı məlum deyildi, halbuki ölümündən sonra hər ikinci şəxs Qalaktionun dostu olduğunu iddia edirdi. Şair şəxsiyyətinin bu gün də aktuallığını qorumağı bacardı. Hətta bu gün də onun haqqında əfsanələr dolaşır və bir-birinə minlərlə şayiə ötürülür. Deyilənə görə, bir dəfə Qalaktion bir mağazaya gedib pivə və araq istəyib, bir az içib, əlini digər yarısı ilə islayıb, saqqalına çəkib demişdi: “Bu şəkildə insanların mənim sərxoş olduğumu düşünməsi daha yaxşıdır”. Əslində, içki içmək tələbata çevrilmişdi. Ömrünün son illərində hətta bir stəkanı boşaltmaq belə onun üçün kifayət idi. Zaman-zaman müalicə alır və vəziyyəti də yaxşılaşırdı, amma sonra eyni şey təkrarlanırdı.
Topladı və gürcü dilindən tərcümə etdi:
Mirzə Məmmədoğlu