Elizbar CAVELİDZE

(əvvəli burada)

Altıncı boy. Bu boyun süjet mehvəri düzxətli və çoxlu kəsmə ilə, istərsə də yan ötmələrlə xarakterizə olunur. Hadisənin inkişafnın əsas motivi Koroğlunun sonsuz olması, övladının olmamasıdır ki, bunun da həlli zamanı bir çox problemlər üzə çıxır, bunlar da müxtəlif epizodlar şəklində bu təhlil olunan dastanda özünü göstərir.

 

Girişdə, yeni yazın yetişməsi ilə Çənlibel gülə, nərgizə boyananda Nigar xanımı dərdi bürüdü, onun gözlərindən damcı-damcı yaş gilələnib “lalə yanaqlarından” aşağı axdı, bunun da səbəbi, Nigar xanımın özünün buyurduğu kimi, “hər quş balasıynan gəzər”, amma onun heç bir ağlayanı yoxdur. Buna görə də “nə dərd olsa onu tapır” (Bax: “Koroğlu”, səh. 173). Koroğlunun özü də bu səbəbdən bir növ narahat oldu və onun ağlamağını heç kəs görməsin deyə gizlindən göz yaşı tökürdü. Aşıq Cünun onları sakiştləşdirir, onlara layiq oğulluq tapmağa söz verir və onu axtarmağa yollanır. Neçə-neçə oymaqları, kəndləri, şəhərləri dolandı və nəhayət, gəlib Təkə-Türkmanda toyun olduğu bir obaya çıxdı. Aşıq da şənliyə qatıldı, Koroğlunu şöhrətləndirdi. Nəhayət, qeyri-ixtiyari ona “qüdrətin qələmi ilə çəkilmiş” bir oğlanı təqdim edirlər və onu tərif etməyi xahiş edirlər. Cünun onun boy-buxunundan vəcdə gəldi, lakin onu tərif etməyə başlayana kimi gənc oğlanla deyişdi, əmin olanda ki, o qüsursuzdur, axtardığını tapıb, sevincək Çənlibelə tərəf yola düşdü və orada olanları özünün tapdığı xəzinə barəsində tanış etdi.

 

Burada artıq süjetin inkişafının ikinci mərhələsi başlayır: Koroğlunun özü oğulluğunu görməyə və gətirməyə gedir. Yolda o, çobana rast gəlir. Çörəkdən-zaddan nəyin var deyir. Çoban da geri çəkilmir, nəyi var onu qonaq edir. Sonra Koroğlu çobandan xahiş edir ki, paltarlarını müvəqqəti dəyişsinlər, bunu da onunla izah edir ki, mal-davar almaq niyyətindədir və onun paltarı, yaraq-yasağı heç kimi qorxutmasın, alver baş tutsun. Qısası, paltarlarını dəyişdilər və sürüləri yoxlamaq üçün çölə gedən ata-oğula çodar olaraq özünü təqdim etdi. Onlar ata qəssab Alı və onun oğlu Eyvaz idi.

 

Alver başladı və bu alver zamanı Koroğlunun əliaçıqlığı Eyvazı düşündürdü ki, onlarla çodar deyil, hansısa igid alver edir. İstər elə, istər belə olsun, Koroğlu bacara bilir və nə üçün gəldiyini Eyvaza izah edir, tərkinə alır və atı çapır. Lakin ata bələnin başından qışqıra-qışqıra gəlir. Belə bir igidi vermərəm deyir. Koroğlu sakit və ağıllı mühakimə ilə atanı əmin edir ki, onun oğlunu heç bir təhlükə gözləmir, əksinə, ona boyük hörmət edəcəklər və adlı-sanlı igid olacaq, dəlilərə sərdar olacaq. Ata hər şeyi ölçüb-biçəndən sonra onunla razılaşır.

 

Lakin qarşıda Koroğlunu və Eyvazı böyük fəlakət gözləyir. Belə ki, hələ bu vaxta kimi bir adamın onun əlindən sağ qurtarmadığı ünlü pəhləvan Ərəb Reyhan bu xəbəri eşidəndə öz qoşunu ilə Koroğlunun dalınca düşdü, keçidi kəsdi. Baxdı ki, əgər keçidə düşsə, çox darısqallıqdı, əl-qol açmaq olmayacaq. Atı vurub sıldırımın kənarına gəldi. Gördü yox, buradan da keçmək mümkün deyil. Bura bir uçurumdur ki, dibi görünmür. Eni də az olsa on beş-iyirmi addım var. Koroğlu qaldı mat-məətəl, nə eləsin. Qəmə batmış Koroğlu bir də baxdı ki, Çənlibel tərəfdən bir dəstə durna gəlir. Koroğlu fikriləşdi: “Əgər bu qatar durnanın başçısını vura bildin, onda Qırat da bu uçurumdan tullana biləcək, yox, əgər vura bilmədin, onda gör başına nə çara taparsan”. Doğrudan da ox ilə durnanı yerə saldırdı və Eyvazı tərkinə aldı, yenə köhnə qayda olaraq atı cövlana gətirdi və doğrudan da bu uçurumu keçdi, Çənlibelə doğru yola düşdü. Ərəb Reyhan onun arxasınca düşdü. Koroğlu dönüb arxasınca gələn Ərəb Reyhanı döyüşə çağırdı. Böyük davadan sonra Koroğlu ona üstün gəldi, onu başına qaldıraraq yerə vurdu. Sinəsinə çöküb xəncəri boğazına dayadı. Ərəb Reyhan bir dəfə də olsun nə dindi, nə də aman istədi. Onun igidliyi Koroğlunun xoşuna gəldi və onu bağışladı. Özü isə Eyvazla birlikdə Çənlibelə yollandı ki, burada da ümum şənlik və kef məclisi təşkil edildi.  Nigar xanım Eyvazın gözlərindən öpdü və köynəyinin yaxasından keçirib özünə oğul elədi (Bax: “Koroğlu”, səh. 198).

 

Bu dastanda övladsızlıq problemi önə çəkilib, o da izah olunur ki, Koroğlu niyə övladsızdır. Bu da bir növ onu qəmə bürüyüb, lakin Nigar xanım daha çox üzülür və öz dərdlərini bizə incəliklə anladır.

 

Yenə Cünun çarə bulucu olaraq ortaya çıxır və o da aşıqlıq sənəti sayəsində, eləcə də aşıq “dəcəlliyi” ilə məqsədə nail olur. Bu boyda da Koroğluya emosiyalılığından daha çox dərrakəlik və təmkinlilik yaraşır ki, bu da hələ çobanla münasibəti zamanı, sonra Eyvazı dəyərləndirən zamanı özünü büruzə verir. Elə burada Koroğlu xoş niyyətli və səxavətli insan olaraq təqdim olunur. Belə ki, Eyvazın atasına on qat artıqlaması ilə verir, öz aldığı sürünün yarısını çobana bağışlayır. Halal qonaqpərvərliyinə və qarnını doyurduğuna görə o biri yarısını Eyvazın atasına verir. Elə burada qəssab Alını oğlunu övladlığı olduğu zaman gələcəyi daha parlaq olacağına əmin edəndə məntiqi mühakiməsi ilə fərqlənir. Həmçinin burada Koroğlu igidliyə, Qafqaz etik inancına qarşı böyük hörmət-izzət aşkarlayır: igidə igidliyə dəyər verməsi və onu etiraf etməsi yaraşır, ona xəyanət etmir və ölümü cəsurcasına qarşılayan, qorxmaz türkmən bəyə – Ərəb Reyhana onun sayıq düşməni olmasına baxmayaraq həyat bəxş edir.

 

Bu boyda həmçinin Qafqaz xalqları arasında yayılan bir ənənə – yad gəncin, əgər o oğulluğa götürmək, övlad kimi qəbul etmək üçün layiqlidirsə, bunun da müəyyən qayda və məqamla baş verməsi diqqəti cəlb edir. Beləliklə, bir baxışla, əhəmiyyətsiz cizgilər bir növ diqqətə layiqdir. Çünki onlar aşkarcasına eposun mənşəyinin kökləri barədə bizə işarə edir.

 

Yeddinci boy. Bu kifayət qədər geniş dastanın süjet mehvərində çoxlu kəsmə və yan ötmələri təklif edir ki, bu da nəqlin monotonluluğunu canlandırır və bir növ enerji ilə onu zənginləşdirir.

 

Süjetin əsas motivinin qaldırılmasına qədər, bir qayda olaraq, qısa bir girişlə açılır: Koroğlu və Dəmirçioğlu öz xanımları ilə birlikdə dəlilərin məşqinə baxırdılar. Qəflətən onların diqqətini Ərəbatın üstündə, misri qılınc dəstində gələn, oxu yayından qopub gələn və başındakı çalmaya durna telinin sancıldığı Eyvaz diqqəti cəlb edir. Telli xanım Nigar xanıma müraciət etdi: Nigar xanım, görürsənmi, durna teli Eyvaza necə yaraşır. Gör, o kişilərə elə yaraşanda bizə necə yaraşar. Gəl, uşaqları göndərək gedib bizə durna teli gətirsinlər. Uzun çəkən mühakimədən sonra belə qərara gəldilər ki, durna ovuna üç igidi: Eyvazı, Dəmirçioğlunu və Bəlli Əhmədi göndərsinlər. Onlar da Bağdad ətrafında çoxlu durna vurdular və yeyib içəndən sonra hərəsi bir tərəfdə yuxuya getdi.

 

Onlara göz qoyan qoruqçu Bağdad paşası Aslan paşaya bütün bunlar barədə məlumat verdi. Bu sonuncu çoxsaylı qoşunla yatanların üstünü aldırdı. Həm də onların otlamağa buraxdığı atları basqın edənlər kəmənd atıb tutmuşdular. Nə edəydilər? Üç nəfər dəli mətanətlə vuruşurdu. Nə qədər qırırdılarsa, qoşunun dalı kəsilmirdi. Axırda onları bir-birlərindən ayrı salıb təklədilər, üçünü də tutub atları ilə birlikdə şəhərə gətirdilər.

 

Gözlənilmədən arenaya Koroğlu ilə illər boyu dostluq edən, Bağdada mallarını satmağa gələn bəzirgan Xoca Əziz çıxır. O, əsirləri tanıdı və aləm onun gözündə qaraldı. Bilmirdi nə etsin. Koroğluya necə xəbər çatdırsın? Hoyuna yenə də Qırat yetir. Belə ki, o, heç kimi yaxın buraxmadı, yaxın qoymadı. Hasan Paşa onu arıq-uruq hesab edir və qoruqçuya bağışlayır. Xoca Əziz yaramaz atın hədiyyə edilməsindən yaman pərt olan qoruqçudan az pul verərək atı aldı. Atı aparıb qabağına arpa, saman tökdü, qır-saqqızı əridib bezin üstünə sürtüb möhkəm-möhkəm sarıdı Qıratın belinə. Özü də çıxıb oturdu üstündə. Atın başını boşladı, at götürüldü, nə götürüldü. Və Koroğlunun qarşısına yetirdi özünü. Qərəz, onu bez qarışıq atdan götürüb yerə qoyanda bəzirgan hər şeyi Koroğluya danışdı.

 

Koroğlu və dəliləri döyüş dostlarını xilas etmək üçün hərəkətə keçdilər. Onlar əvvəlcə qarnıyoğun bir kişiyə rast gəldilər. O, heç də dəlilərə məhəl qoymayır və vurğulayır ki, Aslan paşa Koroğlunun üç dəlisini tutub, bu gün onları asacaqlar. Vurğulayır ki, asılanda orda olam, həm də basdırılanda hərəsinin qəbrinə bir daş atam ki, o dünyada mənə əcri-xeyir verə... Bunu eşidən Kosa Səfər alıcı quş kimi onun üstünə şığıyıb xirtdəyindən yapışdı. Murdar ət kimi Koroğlunun qabağına gətirdi. Yerə qoyanda Koroğlu baxdı ki, kişi çoxdan cəhənnəmə vasil olub. Koroğlu onun dəlilərinin necə xatırlandığını dinləyəndə hökm elədi ki, atdan düşüb hərəniz bunun üstünə bir qara daş atın, qoy o dünyada Allah əcr payını çox eləsin. Yeddi min yeddi  yüz yetmiş dəli atdan düşüb, hərə onun üstünə bir daş tulladı. O qədər daş yığıldı ki, yekə bir dağ oldu. Deyirlər ki, indi də o dağ qalır. Və lənət etmə obyektinə çevrilib.

 

Sonra yolda bir qocaya rast gəldilər. Koroğlu bu qoca ilə söhbət aparır. Qoca həmin üç dəliyə azarkeşlik edir və Koroğlunun igidliyinə heyranlığını bildirir. Biləndə ki, onun həmsöhbəti Koroğludur və Aslan paşanın ürəyinə od vurmaq niyyətindədir, qoca ona ağıllı məsləhətlər edir. Koroğlu da aşıq paltarını geyinir və dəlilərini də elə bölüşdürür ki, dava zamanı bu cür strategiya Koroğlu üçün artıq bir qaydaya çevrilmişdi.

 

Qısası, Koroğlu aşıq paltarında üç dəlinin asılacağı meydana çıxır, əvvəlcə ölümə məhkum olunmuşlara ürək-dirək verir: “Dəlilərim, bu gün dava günüdür. Müxənnət ölkəsi talanmaq gərək”. İkinci tərəfdən Aslan paşanın beynini qarşıdırır və yanıldır.

 

Burada gözlənilmədən haqsız olaraq atasının dar ağacından asıldığına görə qırx atlı ilə dağlara çəkilən və çoxdandır ki, Koroğlu ilə qabaqlaşmaq, kimin daha igid olduğunu bilmək istəyən ünlü igid Giziroğlu Mustafa bəy səhnədə görünür. Doğrudur, o davaya qoşulmaq niyyətində deyildi və meydandan aralı bir təpədən qoç Koroğlunun necə davranacağına göz dikirdi. Bu sonuncu isə hələlik çalıb-oxuyurdu və onun dəlilərinin necə yerləşəcəyini gözləyirdi. Koroğlu oxuya-oxuya əlini bığına çəkdi. Dəlilər töküldülər. Koroğlu bir həmlədə özünü Aslan paşaya çatdırdı. Misri qılıncı çəkməyi ilə Aslan paşanın başının yerə düşməyi bir oldu. Dəlilər tezcə mübarizəyə qoşuldular və orada olanları əzişdirdilər, darmadağın etdilər.

 

Giziroğlu Koroğlunun heç yerdə gözünə dəyməyəndə anladı ki, Giziroğlu onun şübhəsiz qabağını kəsəcək. Buna görə də özünün xilas etdiyi qəhrəman və qənimətlə dəliləri Çənlibelə doğru yola saldı. Özü isə dağ yolu ilə getdi və Qıratı yavaş-yavaş çay kənarı ilə sürməyə başladı.

 

Koroğlu baxdı gördü ki, Giziroğlu Mustafa bəy öz Alapaça atının üstündə elə gəlir, elə gəlir ki, tozu dumana qatıb, dumanı toza. Koroğlu qanrılıb geri dönüb baxmaq istəyirdi ki, təpəsinə bir əmud dəydi və Koroğlu atın üstündə özünü saxlaya biməyib təpəsi üstə yerə gəldi, yumbalanıb çaya düşdü. Giziroğlu qılıncı çəkdi ki, onun başını kəssin. Lakin Koroğlu cəld sudan çıxıb onun əmudunu götürdü, Giziroğlunun təpəsinə elə bir əmud vurdu ki, bu dəfə də Giziroğlu dığırlanıb çaya düşdü. Halbuki qalxıb sudan çıxmaq istəyəndə Koroğlu əlini uzadıb yapışdı onun əlindən, çəkib çıxartdı bayıra. Davanı başlamaq üçün qılınca əl atdı. Lakin Giziroğlu onu saxladı və dedi: “Koroğlu, əl saxla! Sənin mənimlə ədavətin-zadın yoxdur ki... Mən istəyirdim biləm, görəm, sən güclü olarsan, ya mən? Onu da ki gördüm. Day bundan sonra bizim vuruşmağımız axmaqlıqdı, əl ver, dost olaq!” Doğrudan da Koroğlu və Giziroğlu əl verdilər, görüşdülər. Bir-biri ilə dost olub ayrıldılar. Koroğlu Çənlibelə tərəf, Giziroğlu da öz dağlarına tərəf yola düşdü (Bax: “Koroğlu”, səh. 247-248).

 

Qaydaya görə, dastanın süjeti bu şənliklə bitməli idi, lakin  daha bir epizodu da Aşıq Cünun təklif edir. Bu da, fikrinmcə, bir növ Qafqaz igidlərinin ənənəsinin anlaşılması üçün diqqətə layiqdir. O cümlədən, Giziroğlunun  öz adamları kinayə ilə ondan soruşurlar: “Nə oldu? Hanı Koroğlunun başı?” O, Koroğlu ilə təkbətək döyüş barədə onlara ətraflı danışır, lakin onun adamları ona inanmırlar. Onda Giziroğlu təklif edir ki, getsinlər Koroğlunun yanına və özündən soruşsunlar. Əgər mərd adamdırsa, düzünü deyər. Onlar da atlanıb Çənlibelə doğru getdilər. Lakin Koroğlu və dəliləri yeyib-içməkdə idilər. Onların kefini pozmağın heç insafdan olmadığını hesab edərək məclisin başa çatdırılmasını gözlədilər. İkinci tərəfdən isə, kef zamanı Nigar xanım Koroğluya müraciət edir: Ay Koroğlu, sən ki belə iş üzü bilənsən, igidsən, görəsən bu dünyada sənin kimi ikinci adam da var, ya elə anan səni tək doğub? Koroğlu Aşıq Cünunun sazını əlindən aldı, basdı bağrına. O, bu şeiri ilə Giziroğlunu tərif etdi:

 

“Hay deyəndə haya basar,

 Huy deyəndə huya basar,

Koroğlunu çaya basar,

Giziroğlu Mustafa bəy!”

 

Koroğlu sözünü qurtaran kimi Giziroğlu Mustafa bəy gizləndiyi yerdən çıxıb məclisə gəldi və dedi: “Koroğlu, sən doğrudan da mərd adamsan. Ancaq özgəsini çox şişirdib, özünü çox kiçildirsən. Dayan, indi mən düzünü danışacağam” (Bax: Elə orada, səh. 258).

 

Beləcə onlar bir-birilə qardaş oldular.

 

Bu epizoddan  Qafqazlı, o cümlədən azərbaycanlı igidlərin qəbul olunmuş qaydası aydınca görünür: özünü tərifləmək deyil, eləcə də layiqli rəqibini tərifləmək. İndi “Dədə Qorqud” eposunu, igidin özünü öyməsinin, şan-şöhrətləndirməsinin necə pisləndiyini xatırlayaq və bu ənənənin oğuz tayfaları üçün tamamilə qədim olduğu aydın olar.

 

Elə bu dastanla ayırd edilir ki, oğuz igidləri  xanımlara və onların istəyinə böyük hörmət bəsləyirlər, onların istəklərinin yerinə yetirilməsi üçün canlarından keçməyə hazırdırlar.

 

Burada ata-oğul qayğısı və ana-oğul məhəbbəti böyük ustalıqla verilmişdir. Elə Eyvaz durna ovuna gedəndə Koroğlu və Nigar xanımın ehtiyatlanmaqlarını və qorxmaqlarını xatırlayaq.

Sonra onların zindana salınmasına görə necə nalə çəkir:

 

“Başı ərşə duran dağlar,

Dağlar, Eyvazı neylədiz?!

Üç igidi udan dağlar,

Dağlar Eyvazı neylədiz?!”

 

Və dağları hədələyir, qarğasa daşı tökülər, borandan açılmaz başı, düşər daşı, qalar leşi (Bax: Elə orada, səh. 235). Bu acılardan pələngə dönmüş ananın yaralı ürəyinin ah-naləsidir. Koroğlu da az coşmayıb və döyüşə getməyə ürəklidir (Bax: Elə orada, səh. 235).

 

Elə bu boyda cavanlığında özünə görə bir kişi olan, elə mərd ki, düşmənə arxa çevirməyən qoca bir növ  maraqlı görünür (Bax: Elə orada, səh. 228). Yüz yaşı keçmiş qoca şikayət edir: “Neynim, qocalığın üzü qara olsun. İndi mənim yüz yaşdan artıq yaşım var. Əlimdən bir şey gəlmir. Atalar deyiblər, adam ki, əli ilə iş görə bilmədi, güc verər dilinə. Dil də ki, oldu bağlı, ixtiyarı oldu bəylər, paşalar əlində, onda əlac qalır gözə. Adam dəm verər gözünün yaşına” (Bax: Elə orada, səh. 238). Bu gətirilən çıxarış qoca kişinin sarsılmaz ruhundan və o baxış dairəsindən bizə nəql edir ki, igid heç zaman düşmənə arxa çevirməz. Elə burada onun savaşda yararlı olmadığı üçün narahatlığı və ürək ağrısı bəyan olunubdur. Qədim müdrikliyə müraciət edir, qılınc kəsmədiyini dil kəsməlidir. Lakin ədalətsizlik zamanı dil bağlı olanda, onun da ixtiyarı bəylər, paşalar əlində olanda, ağlamaq yeganə əlac hesab olunur. Bax, bu adi, qoca kəndlinin səmimi etirafıdır. Eləcə də Koroğluya sadiqlikdə heç kimdən geri qalmayan bəzirgan Xoca Əzizi unutmamalıyıq.  Bunu qeyd etmək ona görə münasibdir ki, ümumi təhlil olunan eposda Koroğlunun həmişə talan etdiyi tacirlərin dairəsi mənfi olaraq təsvir edilmişdir. Müəyyən olunduğu kimi, tacirə qarşı bu mənfi münasibət təkcə peşəsi ilə deyil, eləcə də onların dözülməz və hiyləgər xarakteri ilə şərtlənir ki, bu barədə də aşağıda əmin olarıq.

 

(davamı burada)

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU