ALEKSANDRE ORBELİANİ
Çar İrakli öz gürcüləri ilə qızılbaşların önündən keçəndə heyrətə gəldilər və təəssüfləndilər: O qədər az idilər ki, niyə onların yolunu kəsmədik, tamamilə qırardıq onları. Eyni zamanda, tələsik yoldan aşağı enib, davamlı silah atəşi ilə onların arxasıyca düşdülər. Gürcülər yorğun olsalar da, heç də onlardan geri qalmadılar. Seyidabadın çəpərləri arasına qızılbaşlar da yığışdılar, hətta hücuma keçdilər, fikirləşdilər ki, bununla onları qorxudarıq, üstələyərik, amma o vaxtın gürcülərinin ürəyini nə qorxuda bilərdi, xüsusən də çar İrakli kimi adamla. Sonra ünlü igid tavad-aznaurlar onu dövrəyə aldılar, onlar müharibələrdə necə də təcrübəli idilər! Onlardan sonra bir başçı öz məiyyəti ilə birlikdə idi, sonra isə çar İrakli üçün canlarını fəda edən və o müharibədə demək olar ki, tamamilə hamısının məhv olması bir daha təsdiq edilən, özümüzdən olan yüz əlli tatar, onlardan az sağ qalan oldu. Qəzəblənən qızılbaşlar hücuma keçdilər, amma yenə də o çəpərlər arasında gürcülərdən heç nə əskildə bilmədilər. Çar İrakli öz tavad-aznaurları ilə geri döndü və üstəlik orduya qatıldılar ki, onlar da, dərhal dönüb tələsik bəri gəldilər. Çar İraklinin yenə imerelilərə ümidi vardı: Onlar haradasa burada olacaqlar. Lakin onların əhvalatını da ona söylədilər: Getdilər. Və ona şahzadə Davidin əhvalatını da danışdılar. Bədbəxt çar İrakli kədərlənərək başını o tərəf-bu tərəfə yırğaladı və daha heç nə demədi, çünki onun çarlığının gücü düşmənlər tərəfindən öldürülmüşdü. Allaha iman gətirsələr də ona düşmən olan düşmənlər tərəfindən. O namussuzlar...
O hücumdan sonra, halbuki hücuma bir daha cəsarət etməsələr də, gürcülərin üstünə dolu kimi güllə yağdırdılar, gürcülər də qorxmadan sinə gərirdilər, onlar da atəş açırdılar, amma nə olacaqdı, bir gürcüyə iyirmi piyada qızılbaş tüfəng atırdı. Beləcə, bu durumla əksər gürcülər həlak oldular və odlu-alovlu müharibədə başlarını qoydular. Hamamların yanına enənə kimi üç yüz nəfər güc-bəla ilə çarın arxasıyca getdi: Bəla saleh insanların başına gəlir. Gürcülər, siz haqlı idiniz və sizə bəla gəldi. Bu sizin qanınız Tanrı qarşısında fəryad edir...
Hamamların üstündə, yüksəklikdəki yolda qızılbaşların dəstələri gəldilər, gürcülərə hücum etmək istəyirdilər, lakin bu zaman yuxarıda qaladan topçu erməni Ağalua topları qızılbaşların üzərinə tuşladı ki, onları dayandırdı, qabağa çıxa bilmədilər və bununla da çar İrakliyə öz gürcüləri ilə keçib getməyə vaxt verildi. Çar İrakli Avlabar körpüsünün başına gələndə, şəhəri keçib Diqomi yolu ilə getmək istəyirdi, lakin yuxarıda ki, deyildi, Allahverdi bəy Yadiqaraşvili ona dedi:
– “Mənim hökmdarım, siz nə edirsiniz, körpünü keçin və Avçalanın Saquramosuna doğru buyurun, mən burada qızılbaşları qarşılayaram və onları hansı yolla yola salacağımı bilirəm, siz rahat gedin”. Tatarın kəkili var idi və başı da qırxılmışdı, özü də tatar idi (Farslar gələndə Allahverdi bəy elə orada atla qarşıladı və ondan farsca soruşdular:
– “Sən kimsən?”
O, fars dilini yaxşı bilirdi, cavab verdi:
– “Mən Cavad xanın adamıyam”.
– “Əgər bilirsənsə, vali (çar) İrakli neylədi?”
– “Bu tərəfə, şəhərə doğru getdi”. Və bu sözə görə, onlar şəhərə doğru yollandılar. Onlar ora gedəndə Allahverdi bəy atını qamçıladı, körpüdən atı sürətlə qaçmağa məcbur etdi və Maxata yaxınlığında çar İrakliyə yetişdi). Bu sözə görə çar İrakli atını döndərib körpüyə tərəf getdi, amma orada atını körpünün ortasına çevirib narahat olmuş halda dilləndi:
– “Görəsən, hara gedirəm? – Gedərəm və mən də bu şəhərin camaatı arasında öz övladlarımla öləcəyəm, onların ehtirasını görə bilməyəcəyəm”.
Elə həmin an İvane Muxran batono çar İraklinin atının cilovundan tutub onu döndərdi.
Bir tərəfdən şahzadə Almasxan özünü yetirdi, o biri tərəfdən şahzadə İvane, arxadan ata Kızıx mouravisi qamçı vurdu və qəlbi qırılmış yazıq İraklini tələsik qaçırtdılar.
Onlar Maxatanin ətəyinə gələndə şəhərdən dəhşətli səslər gəlirdi. O amansız düşmənin hücum etdiyi, bəlaların baş verdiyi şəhərdə ah-vay, nalə qopdu. Odur ki, çar İrakli dayandı və ağı deməyə başladı:
– “Aman Allah, mən nə görürəm, nə eşidirəm? Mənim sevimli balalarım, sizi dirçəltməyə çalışdım, mən sizin xöşbəxtliyinizin qayğısına qalırdım, sizin kiçicik kədəriniz mənim üçün ölüm idi, sevinc isə xoşbəxtlik!.. Bayramın əvəzinə bu gün sizin üstünüzü dəhşət bürüdü, bu gün sizə gəlib çatan Atad xırmanının səsini (İordaniya diyarında dəqiq məkanı bilinməyən yer. O, “Atad xırmanı” adlanıb – Tərcüməçi) eşidirəm. Sevinc nəğməsinin əvəzinə bu gün sizin acı ağlamağınız səmada fəryad edir. İndi nə qədər saçları dağınıq analar, qadınlar ağlayır, nalə çəkir, o səsi sən ki, eşidirsən, ey Allah? – İndi nə qədər boğazı kəsilmiş insanı ayırırlar, indi bunları görmürsən, ey Allah? Mənim qardaşlarım, mənim övladlarım, mənim dostlarım, mənim yoldaşlarım, mənim əzizlərim və mənim arzularım! Mən sizin üçün ölməli idim, siz isə mənim üçün həlak olursunuz. Axı, mən necə çaram, nə ilə sizi qorudum?”
O, ağı deyəndə onun gürcüləri arxasında dururdular və göz yaşı tökürdülər. Yenə öz kürəkəni İvane Muxran batono gəlib çox yalvararaq susmağını xahiş etdi, amma hər halda bir-iki kəlmə yenə dedi:
– “Nə niyyətim var idi, o plan ilə məğlub olsaydıq, deyərdik ki, Tanrı buyurmadı və elə narahatedici bir şey olmazdı. Niyə elə dünən Allah məni müharibədə öldürtmədi, bu dəhşətli bədbəxtliyi mənə göstərdi? Mənim üçün nə xoşbəxt ölüm olardı. Belə bir namussuz xəyanəti bilmirəm, haradan nə olmalıdır, düşünürəm və anlaya bilmirəm?”
Sözünü deyəndən sonra başını aşağı əydi və çox kədərləndi.
Bu ərəfədə bir Adribejan (Azərbaycan) xanı öz ordusu ilə dağın arxasından gəldi. Qəsdən özünü yetirdi: Qızılbaşın ordusu çar İrakliyə heç yerdə çatmasın. Xəbərdarlıq edirəm. Xan ətrafa boylandı və İraklinin bayrağını tanıdı. O, dərhal adam göndərdi, əvvəlcə salamını yetirdi, sonra o müsibətə görə çox kədərləndiyini ifadə etdi, sonra ona dedi: Təcili gedin, yoxsa böyük qoşun gəlir.
Hər bir qüvvədən məhrum olan, dəhşətli xəyanətə düçar olan çar İrakli artıq nə edə bilərdi? – Bundan artıq daha heç nə fikirləşmədi, öz gürcüləri ilə çevrilərək həmin axşam Saquramoya yollandılar və orada yorğun-üzgün və dərin kədərə qərq olmuş halda qərar tutdular.
Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU