8 Mart – Beynəlxalq Qadınlar Günündə Gürcüstan tarixində dönüş rolu oynayan və qadın hüquqlarını ön plana çəkən qadınlarla sizi tanış edəcəyik və onlar haqqında danışacağıq. Onların hamısını burada sadalamaq çətin olardı, ancaq onlardan bir neçəsinin tarixçəsini sizə təqdim edirik. Bu qadınlar yazıçı, ictimai xadim, həkim, hüquqşünas, şair, aktyor və publisistdir.
Barbare Eristavi qadınların vəziyyəti və hüquqları haqqında ictimai şəkildə danışan ilk qadınlardan olub. Qadın hüquqlarının bərabərliyi ilə əlaqədar onun 1893-cü ildə “İz”-də yayımlanmış “Gənc kişilərin diqqətinə bir-iki kəlmə” adlı məktubu qeyd edilməlidir.
Anastasia Tumanişvili-Tsereteli – yazıçı.
Anastasia Tumanişvili Avropa təhsil sistemi ilə İsveçrə və Fransada təhsil aldığı zaman tanış olub. O, uşaq təlim-tərbiyəsi, pedaqogika və kitabxana məsələsi ilə əlaqədar bir çox nəşrlər tərcümə edib. 1872-ci ildə Anastasia Tumanişvilinin təşkilatçılığı ilə qadınlar dərnəyi yaradılır, dərnəyin məqsədi qadınların ictimai arenaya çıxarılması və ədəbi-tərcüməçilik fəaliyyətinin inkişaf etdirilməsi idi. 1908-ci ildə “Təhsil” cəmiyyəti yaradır və məktəb ilk dəfə gürcü dilində tam təhsil sisteminə keçə bilir.
Maro Mağaşvili – tələbə.
Maro Mağaşvili şair Kote Mağaşvili və məşhur yazıçı Ekaterine Qabaşvilinin övladı Tamarın ailəsində dünyaya göz açıb. 1921-ci ildə Rusiyanın 11-ci ordusu Tbilisiyə girəndə və gürcü gənclərinin Kocor-Tabaxmela istiqamətində Sovet ordusu ilə qarşıdurmaya getdiyi zaman 19 yaşlı tələbə Mariam “Qızıl Xaç”a şəfqət bacısı olaraq yazılır və Kocora gedən sanitar qrupa qoşulur. İki gündən sonra qumbara partlaması nəticəsində ölümcül yaralanır. Maro Mağaşvilini gürcü yunkerlərlə birlikdə Tbilisidə, keçmiş hərbi kilsənin həyətində, Rustaveli prospektində yerləşən hazırkı Gürcüstan parlamentinin ərazisində dəfn edirlər.
Kato Mikeladze – jurnalist.
Kato Mikeladze Avropada təhsil alır. Brüssel Universitetinin sosial-siyasi elmlər fakültəsini bitirir. Qadınlar hərəkatının Avropa təcrübəsi ilə Parisdə tanış olur və 1916-cı ildə Gürcüstana qayıtdıqdan sonra həmfikirləri ilə birlikdə qadın hüquqları üçün mübarizəyə başlayır. Onun liderliyi ilə 1917-1918-ci illərdə regional şəbəkə “Qadınlar liqası” yaradılır. “Gürcü qadının səsi” qazetini nəşr edir və qəzetin redaktoru olur.
Babo Avalişvili-Xerxeulidze – aktyor.
Babo Avalişvili 1851-ci ildə anadan olub. O, Tbilisinin yenilənmiş teatrında (1879) faciə və dram rollarını ifa edən ilk qadınlardan olub. Xeyriyyə işləri ilə məşğul olub və “Gürcü qadınları yoldaşlığı” nəzarət komitəsinə rəhbərlik edib.
Anastasia Maçabeli – ictimai xadim.
Anastasia Baqration-Davitaşvili (Maçabeli) 1869-cu ildə anadan olub. O, oxu-yazı təbliği aparan ittifaqın Tbilisi şöbəsinin rəhbəri idi. Anastasia Maçabeli teatrı sevirdi və onun inkişafına dəstək olurdu.
Olğa Quramişvili – ictimai xadim.
Olğa Quramişvili İlia Çavçavadzenin həyat yoldaşı olub. O, fəal olaraq ictimai işlərlə məşğul olub. Olğa gürcülər arasında oxumağı və yazmağı təbliğ edən ittifaqın üzvü idi. Gürcüstanın tarixi və etnoqrafiyası ilə bağlı ictimai fəaiyyətə fəal olaraq qoşulmuşdu. 1895-1906-cı illərdə gürcü qadınlarının xeyriyyə cəmiyyətinə sədrlik edib. Gürcü qadınlarının tikiş məktəbinə rəhbərlik edib, yoxsul şagirdlərə yardım edərək Tbilisi quberniyasının zadəganlar ittifaqına yardım göstərib. 1908-ci ildə Saquramonun İlia Evində məktəb açıb.
Mənbə: etaloni.ge
Gürcü dilindən tərcümə: Aynurə Əliyeva