(əvvəli burada)

 

Qeronti Kikodze Şəmsədilli Əli Sultanın dar gündə II İraklinin hoyuna yetdiyini qeyd edərək yazır: “Kəlbəli xan özünün 4 minlik qoşunu ilə Jinvala yaxınlaşan vaxtlar Xevsuretdən Tiflisə doğru üç yüz döyüşçü İrakliyə köməyə tələsirdi. Burada şəmsədillilərdən xevsurlar eşitdi ki, gürcü çarı Krtsanis yaxınlığında məğlub oldu, Tiflis Ağa Məhəmmədin əlinə keçdi. Elə bu söhbət zamanı xevsurlar görür ki, Jinval körpüsü yaxınlığında iranlıların qoşunu peyda oldu. Xevsurlar özünü itirməyib kömək üçün xahişlə Əli Sultana müraciət etdilər. Əli Sultan xevsurların xahişinə əməl edərək 200 nəfər süvari döyüşçüsünə üç yüz nəfər xevsur döyüşçüsünü də qatıb 4 minlik iranlılara qarşı hücuma keçərək onları qəti məğlubiyyətə uğratdılar. Beləcə, şəmsədilli Əli Sultan dar gündə II İraklinin hoyuna yetdi. Qeronti  Kikodze “II İrakli” kitabında yazır: “Kəlbəli xanın özü Jinval körpüsünə qədər getdi. Lakin burada II İrakliyə sadiq müsəlman şəmsədilli Əli Sultan dayanmışdı. Onun öz camaatından başqa araqvili və pşav-xevsurlardan ibarət orduları da var idi. Bu sonuncular müharibədən çıxmışdılar, lakin gecikirdilər. Şəmsədilli Əli Sultan iranlıları geri oturtdu. Onların bir çoxunu əsir götürdü və İrakliyə təhvil verdi”.

 

Krtsanisdə 300 nəfər araqviyalı ilə birgə 150 nəfər soydaşımız fədakarcasına vuruşmuşdu. 300 araqviyalı Gürcüstanda demək olar ki, əfsanələşmişdir. Amma Krtsanis müharibəsində rəşadətlə vuruşan 150 nəfər Borçalı qəhrəmanı barədə çoxumuz, demək olar ki, heç nə bilmirik. Mənbələrin verdiyi məlumata görə, onların hamısı Tiflis uğrunda fədakarcasına vuruşaraq həlak olmuşlar. S.Kakabadze “Krtsanis müharibəsi” kitabında bu barədə yazır: “Kartli-Kaxetin qoşununun sayı sentyabrın 10-na əsasən aşağıdakı tərkibdə idi: Çarın mühafizəçiləri (daimi qoşun) – 600 nəfər, Zəkəriyyə Andronikaşvilinin başçılığı altında kənar kaxetlilər – 600 nəfər, 150 nəfər tatar (azərbaycanlı – M.M.), 300-dən artıq artilleriyaçı, təxminən 300 nəfər seçmə vətəndaş, xevsur və tuşilər – təxminən 500 nəfər, sərdar Otar Amilaxvari və Muxran batononun döyüşçüləri – təxminən 200 nəfər. Cəmisi təxminən 2550 nəfər. Bütün bunların hamısı döyüş xəttində dururdular...”.

 

Qeronti Kikodze “II İrakli” əsərində II İrakliyə borçalıların sədaqətini bir daha qeyd edərək yazır: “İrakli və Teymuraz koalisiyasının qəti formalaşdırılmasına nail olmaq istəyirdilər və qazaxlı-borçalılardan və gəncəlilərdən ibarət orduların da arasında olduğu gürcü qoşunları fövqəladə vəziyyətdə salınmış körpü ilə Alazani çayını keçərək Nuxa xanlığına hücum etdilər”.

 

Ağa Məhəmməd şah Qacarın qoşunları Tiflis müsəlmanlarına qarşı da amansız idilər.

 

S.Kakabadze yuxarıda adını çəkdiyimiz əsərində bu barədə yazır: “II İraklinin tərəfində yerli müsəlmanların da fədakarcasına vuruşduğuna və Tiflisi həyatları bahasına qoruduqlarına görə onlar tiflisli müsəlmanlara da güzəşt etmirdilər. Serovun verdiyi məlumata görə, iranlılar Qala məhəlləsində yaşayan  müsəlmanlara xristianlardan daha çox cəza verirdilər”.

 

Tiflis bəylərindən olan Sadıq Yadigarovun özü, eləcə də oğulları haqqında 1797-ci ildə verilmiş fərmanda bu sətirlər vardır: “Bizim əcdadlarımız “Sınıq körpü” ellərini sizə bağışlamışdır. Bu barədə sizə babamız Nazarali xanın (I İraklinin), çariça Annanın, əmimiz İmamqulu xanın (II Davidin) və atamız çar Teymurazın da fərmanları olmuşdur. Ağa Məhəmməd şah Qacar Tiflisi yandırıb darmadağın edəndə sən bizim yanımızda olubsan və imkan daxilində bizə köməkliklər göstəribsən. Sənin oğulların Ağacan və Allahverdi isə Araqviyə gedəndə bizi müşayiət ediblər, can-başla bizə xidmət göstəriblər. Tiflisin darmadağın edilməsi zamanı sən çox şey itirdin, elə həmin vaxtlar sözügedən fərmanları da qeyb etdin. Bizə sadiqliyinə və səmimi qəlbdən xidmət etdiyinə görə onların qüvvəsini yenidən bərpa edirik və Sınıq körpü ellərini sənin öhdənə veririk”.

 

S.Kakabadze II İraklinin məğlubiyyətinin səbəblərindən birini qeyd edərək yazır: “...O cümlədən qarabağlı məliklər və Azərbaycan ermənilərinin bu mövqeyi Tiflis ermənilərinin qabaqcıl olanları arasında da eyni təsir göstərmişdi. Bir tərəfdən bu sonuncular yalnız Rusiyaya böyük ümidlər  bəsləyirdilər, digər tərəfdən isə Azərbaycan ermənilərinin İrakliyə qarşı narazılıqları ilə hesablaşırdılar. Tiflis ermənilərinin nüfuzlu missiyasının Ağa Məhəmməd şah Qacarın hücumunu rəğbətlə qarşılaması və Tiflisin müdafiəsinə qarşı çıxması da bununla izah olunur”. Elə bu müəllif yazır ki, Ağa Məhəmməd şah Qacarın Gürcüstana hücumu zamanı Qazax-Borçalı elləri öz mal-qarası ilə Kartlidə sığınacaq tapır, oradan da müəyyən hissəsi Axalsixe paşalığına keçən Borçalı qarapapaqları şahzadə Aleksandreni Axalsixedə dövrəyə alaraq ona sədaqətlə xidmət edəcəklərini ifadə edir, Xudu Borçalı onunla yaxşı münasibətdə olur, bəzi yerlərdə Xudu Borçalının sözünün ötkünlüyü özünü büruzə verir. Sarkis Kakabadze başqa bir yerdə belə yazır: “Ağa Məhəmməd şah Qacar Tiflisin üst yanından, daha doğrusu, Seyidabad tərəfdən hücuma keçəndə burada yaşayan seyidlər qulluqçuları ilə birlikdə əllərində silah vətənin keşiyində dayanırlar. Düşmən Savkis çayına yaxınlaşanda onu yüz nəfər seçmə seyid bir əlində Quran, o biri əlində quzu qarşılayır. Quzuların boğazlarını kəsib Ağa Məhəmməd şah Qacarın ayaqları altına ataraq demişlər ki, bu sizin qurbanınızdır, yalnız şəhərin xristian hissəsini dağıtmayın. Var-dövlətinin əldən getməsinə, ev-eşiklərinin tar-mar edilməsinə baxmayaraq onlar həmşəhərlilərinin xilas olunması barəsində düşünürdülər...”


Ağa Məhəmməd şah Qacar süvari qoşununun məğlubiyyətini eşidəndə Qurgen Yenikolopovun oğlu Karamanı İraklinin yanına göndərir. Bir oğlunu və yaxud nəvəsini girov verməsini, Azad xanın əmlakı olan ağ almazı və knyaz Potyomkinin hədiyyə etdiyi böyük saatı və sığınan qarabağlıları təhvil verməsini tələb edir. Əvəzində əsirlərin geri qaytarılmasını vəd edir. İrakli də öz növbəsində danışıq üçün Ağa Məhəmməd şah Qacarın Soğanlıqdakı düşərgəsinə süfrəçi Keyxosrov Avalişvilini göndərir. Bu danışıqlar xeyli uzanır. Bu ərəfədə Ağa Məhəmməd şah Qacara Xorasanda baş verən üsyan barədə xəbər çatdırılır. Odur ki, şah üsyanı yatırmaq, şahlıq tacını başına qoymaq üçün İrana qayıtmaq qərarına gəlir. Az keşməmiş ona sui-qəsd edilərək qətlə yetirilir...
Ağa Məhəmməd şah Qacarın ölüm xəbərini II İrakliyə Baydar sultanı Almaz vaxtında çatdıraraq deyibmiş: “Qazaxda idim. Bu xəbəri şəxsən orada eşitdim. Səhər yeni açılırdı. Elə həmin an ata mindim. Yaxşı bir atım var idi. Onu dördnala çaparaq şəhərə gəldim, özümü öylədən sonra sizə yetirdim”. Bu zaman çar yanmış, xarabaya çevrilmiş sarayının yerində öz böyük əyanları ilə dayanıb nəsə danışırdı. O, atın yüyənini çəkdi və çara səsləndi: – Çara salamlar olsun. Təbrik edirəm, – deyərək, eyni zamanda atdan düşdü. Çar ona baxdı, tanıdı və tezcə onun yanına gələrək, – Nə xəbər var? – deyə soruşdu. Ağa Məhəmməd şah Qacar Qarabağda qətlə yetirilmişdi, – dedi. Çar çox xoşhal oldu, lakin başqları narahat oldular. Bu da bizim bədbəxtliyimizdir ki, Ağa Məhəmməd şah Qacarın öhdəsindən gələ bilmədik, – dedilər... Deyilənə görə, həmin günlər İraklinin əlaltıları olan “tatarlar” da çox sədaqətlə hərəkət edirlərmiş. Belə ki, həmin vaxtlar bəzi ermənilərin və bir çox gürcü tavadlarının üzündən Gürcüstan məhv oldu...”

 

Xülasə, gürcü-azərbaycanlı dostluğunu əks etdirən belə nümunələri tarixin qaranlıq səhifələrinə baş vurmaqla çox tapmaq və örnək göstərmək olar. Həm də təkcə örnək göstərmək yox, tarixin yaddaşında həkk olunan bu dostluq faktları üzərində indən belə də gürcü-azərbaycanlı, Gürcüstan-Azərbaycan əlaqələrini daha da genişləndirmək dövrün tələblərindən irəli gəlir.

 

Mirzə Məmmədoğlu