Elizbar CAVELİDZE
(əvvəli burada)
Çənlibeli görə bilmədiyinə görə Koroğlunun kədərlənməsi daha çox təəssürat oyadıcıdır. Belə ki, dağlar elə bil ki, aranı kəsmişdi. Aşığa o qalır ki, öz kədərini bu cür ifadə etsin:
Göydən bir cüt sona endi,
Aylı dağın arasına.
Yar ki, yardan küsər oldu,
Ağlar, sızlar, çarası nə?
Qızıl almanı dişləsin,
Ətrafını gümüşləsin,
Yol düşsün, karvan işləsin
Nigar yarın obasına (Bax: “Koroğlu”, səh. 556; “ქოროღლი”, səh. 580).
Aydındır ki, gətirilən bəndlərdə qəhrəmanın, o cümlədən Koroğlunun təsəvvürü ilə Çənlibel dağı ona öz istəklisi, can atdığı Nigar xanımı xatırladır. Lakin eləcə də gözə çarpandır ki, şair dağları canlı varlıq olaraq düşünür və təsvirdə öz sevgilisini bilir. Bu cür qavrayışın paralelizmi aşıq poeziyası üçün yad deyildir.
Lakin Çənlibel dağlarına baxanda Koroğlunun dərdi daha faciəvi məqam kəsb edir və anlayır ki, gerçəklik onu uzaqlaşdırıb və dağlar da, öz məsləkdaşları da, öz yarı da aranı kəsmişdir. O, qüssəsini sazın iniltisi ilə ovundurur:
Uzaq-uzaq dağ başında
Tala-tala qar görünür.
Nə dəlilər, nə Çənlibel,
Nə alagöz yar görünür.
Ətrafım tir, kaman, oxdu,
Dəlilər yanımda yoxdu,
Mən yalqızam, düşman çoxdu,
Qaçmaq mənə ar görünür.
...
Bu sinəm yaralı düşdü,
Dağların maralı düşdü,
Yar məndən aralı düşdü,
Tərlan uçmaz, sar görünür.
Koroğlunun məlul çağı,
Durulmaz kefi, damağı,
Bar gətirib gürcü bağı,
Dal budaqda nar görünür (Bax: “Koroğlu”, səh. 557; “ქოროღლი”, səh. 580-581).
Bu geniş çıxarışı ona görə gətirdim ki, burada yenə də başı qarlı dağlar yarın və dəlilərin uzaqlığı ilə müqayisə olunur. Buna tək qalmış igidin qüssəsi də əlavə olunur ki, onun məsləkdaşları yoxdur və düşmən isə tədricən artır. Onun sinəsi isə yaralıdır. Burada aşıq poeziyasının obrazlılığını üzərə çıxaran rəngkarlıq mənzərəsi verilmişdir: yaralı igid, dağların düşən maralı, indi məqam yetişib, tərlan uçmaz, sarlar isə süzürlər və yaxud namərdlər – nakişilər sərbəstlik edirlər. Elə burada gürcü oxucusu ictimaiyyəti üçün birini deyəcəyəm. Reallıqdan qidalanan cizgi: onsuz da kədərlənmiş Koroğlunun dərdini gürcü bağından uzaq düşməklik artırır və bu ürək ağrısı artıq ənənəvi olaraq qanuniləşmiş idiomatik kəlmə ilə ifadə olunub: Dal budaqda nar görünür və gülümsəyir. Qeyd etmək lazımdır ki, bu cizginin reallığından və gerçəkliyindən daha bir fakt da xəbər verir: başqa halda da Koroğlu Tanrıdan diləyir ki, Kaxetdə bir bağı olsun. Bax, budur:
Tanrıdan dövlət istərəm:
Kaxetdə bir bağım ola!..
İçində mərmər hovuzu,
Üç güllü otağım ola!.. (Bax: “Koroğlu”, səh. 182; “ქოროღლი”, səh. 210).
Müəyyən olunur ki, gürcü, o cümlədən Kaxet bağının zənginliyi və gözəlliyi aşıq üçün yad deyildir. Bunu da ki, həqiqi fakt təsdiqləyir: “Koroğlu”nun mənim tədqiqat obyektim olan mətni Gürcüstan təbiətini yaxşı tanıyan və onunla bilavasitə əlaqəsi olan azərbaycanlı aşıq tərəfindən yaradılmışdır. Mənim fikrimcə, bu qəhrəmanlıq eposu Gürcüstanda da böyük populyarlığa malik idi.
Elə burada Nigar xanımın dağlara müraciətini və oğulluğu Eyvazı itirdiyinə görə oğul deyib ağladığını, dağ çəkib dağladığını əlahiddə şəkildə xatırlamaya bilmərəm:
Başı ərşə duran dağlar,
Dağlar, Eyvazı neylədiz?!
Üç igidi udan dağlar,
Dağlar, Eyvazı neylədiz?!
Oğul deyib ağlaram,
Dağ çəkərəm, dağlaram,
Coşub qılınc bağlaram,
Dağlar, Eyvazı neylədiz?!
Mən Nigaram, ah çəkərəm,
Daşın çaylara tökərəm,
Yerində bürc-bar tikərəm,
Dağlar, Eyvazı neylədiz?! (Bax: “Koroğlu”, səh. 235; “ქოროღლი”, səh. 258).
Nigar xanımın bu çoşqunluğu və cəsurluğu, dağlara müraciəti və onları günahlandırması bizə Dirsə xanın xatınının dərdinin dəhşətini və Qazılıq (Qafqaz) dağlarını lənətləməsini və hədələməsini xatırladır. Bu iki xatının oğullarını itirməklə düçar olduğu kədərin və onların mənəvi cəsarətinin oxşar olması və az qala eyniliyi təəccüblü deyildir. Çünki Dədə Qorqudun və Koroğlunun yaradıcılığının bir mənəvi-əxlaqi və estetik əsası vardır. O da təəccüblü deyildir ki, əsərin qəhrəmanları üçün dağ və təbiətin böyük əhəmiyyəti vardır. Qafqazlılar və Qafqazın sakinləri üçün Qafqaz dağı təkcə yaşayış yeri deyil, eləcə də əxlaq və həyat tərzini formalaşdıran bir növ sitayiş, istərsə də büt idi ki, bu da ən qədim dini inancla da bərqərar olunub. Qısası, qafqazlılar üçün dağ kədər, eləcə də ümid gətiricidir. Bax, buna görə də başı yarılmış, əl-ayağı bağlanmış, ümidsiz qalmış Koroğlu Çənlibelin qoşa təpələrinə baxanda ürəyi qubar elədi. Dedi:
Qarşı yatan qarlı dağlar,
Dağlar, səndə qarım qaldı.
Əlim çatmaz, ünüm yetməz,
Dal budaqda narım qaldı. (Bax: “Koroğlu”, səh. 510; “ქოროღლი”, səh. 534).
Elə burada əlahiddə qeyd etməliyəm ki, Azərbaycan, ümumiyyətlə, Qafqaz xalqlarının ev heyvanlarına, istərsə də çöl heyvanlarına qarşı, ələlxüsus isə ata qarşı dəhşətli dərəcədə zərif münasibəti möhkəm ənənədir. Demək mümkündür ki, at Qafqaz igidinin sədaqətli və ayrılmaz dostudur. Koroğlu üçün isə Qırat həyat və iki gözdür ki, onun da dəyəri yoxdur (Bax: “Koroğlu”, səh. 286-288; “ქოროღლი”, səh. 326-327). Koroğlunun möhkəm inamına görə, “At igidin qardaşıdır”. Bu kəlməni hər bəndin sonunda rədif olaraq təkrarlayır və bununla öz fikrinin toxunulmazlığını möhkəmləndirir (Bax: “Koroğlu”, səh. 289; “ქოროღლი”, səh. 329-330). Bir sözlə, Qıratın, Düratın, ümumiyyətlə, atın, sədaqətli məsləkdaş olaraq tərifi, demək olar ki, bütün mübarizə istəyini oyadan qoşmada da eşidilir. Lakin bu barədə sözümü daha davam etdirməyəcəyəm. Yalnız qeyd edirəm ki, atın tərifini və mədhini təkcə döyüş zamanı onun şəksiz və labüd amil deyil, eləcə də, ümumiyyətlə, qafqazlıların gündəlik həyat-məişətinin münasib və əlverişli funksiyası da şərtləndirmişdir ki, bu da igidlərdə, ümumiyyətlə, xalqda bu cür fikri və inancı bərqərar etmişdir: “Mərd igidin atı candan əzizdir” (Bax: “Koroğlu”, səh. 117; “ქოროღლი”, səh. 152).
Yuxarıda artıq qeyd etdim ki, təhlil olunan eposun bütün qoşquları qoşma və gəraylı formasında yazılıb və aşıq poetik düşüncəsinin tipik nümunəsidir. Müvafiq olaraq bu qoşqular toxumasında aşıq və xalq boyası, obrazları naxışlanır. Məsələn, pəhləvanların sayını və mərdliyini verən zaman şiri-nər, ağ qurd, aslan, ayı, ceyran və sair həddindən artıqdır. Mənəviyyatın hökmranlığını çıxarmaq üçün isə quşlar: qartal, şahin, tərlan, qarğa və sair... Nümunə üçün bir neçə çıxarışın gətirilməsi üzərində dayanacağıq: Dəmirçioğlu döyüşdən qabaq özünü belə tərifləyir:
...Mənəm şiri-nər tək meydanda gəzən,
Xışm ilə düşmənin bağrını əzən,
Tülək tərlan kimi havada süzən,
Sonra yaxan keçə ələ, pəhləvan!.. (Bax: “Koroğlu”, səh.120-121; “ქოროღლი”, səh. 156).
Başqa yerdə yenə Koroğlu yaxşı igidin xüsusiyyətlərini sadalayır: yağılarla meydan açmalı, nərə çəkib ortaya atılmalı və düşmən qabağından qaçmalıdır, təslim deyib qəniminə enməməli, əcəl çağı yoldaşından dönməməli, meydanda qızmış aslan kimi olmalıdır.
Qoç Koroğlu meydan açıb öyünü,
Namərd sinəsinə çəkər düyünü.
Ağ qurdlardan saldırmağa qoyunu
Qurd ağızlı qoçaq oğlan gərəkdi (Bax: “Koroğlu”, səh. 303-304; “ქოროღლი”, səh. 345).
Koroğlu onunla da qürurlanır ki, məsləkdaş olaraq qurdları var, ayıları var (Bax: “Koroğlu”, səh. 310; “ქოროღლი”, səh. 352). Belə ki, onun hay vurması ilə şəhər dağıdar. Dəli (Dəmirçioğlu) özünü pələnglə müqayisə edir (Bax: “Koroğlu”, səh. 125; “ქოროღლი”, səh. 161).
Aydındır ki, o öz məsləkdaş pəhləvanlarını üzərə çıxarmaq üçün yuxarıda adı çəkilən ovlardan istifadə edir, lakin atın mərdliyindən və qaçışından söz düşəndə onu ceyrana və tərlana bənzədir ki, (Bax: “Koroğlu”, səh. 312; “ქოროღლი”, səh. 355) bu da heç də nadir hallarda olmayaraq yarın gözəlliyinin və zərifliyinin ifadəçisidir (Bax: “Koroğlu”, səh. 105; “ქოროღლი”, səh. 140).
Yuxarıda xatırlanan heyvanların və quşların adlarının çəkilməsində təbiətin müvafiq funksiyasının yükü vardır ki, bu da bir çox əsrlər boyu xalqın təcrübəsi ilə yaradılmış və bərqərar olmuşdur. Aydındır ki, bu cür rəngkarlıq bilavasitə folklor ilə əlaqədardır ki, bu da bizə təzadlı mənzərə təklif edir və paralelizmin ziddiyyət səviyyəsində adi sxemlə üzərə çıxır: güclü-zəif, yüksək-alçaq, gözəl-eybəcər və sair. Bu ziddiyyətlərin fərqli keyfiyyətə malik pillələrini alırıq. Bax, bu cür qavrayışın nümunəsi:
Sərçəyə bax, qaraquşa don biçər,
Mərd igidlər dolu badələr içər.
Namərd adam dava günündə qaçar,
Gedər daldalarda pəhləvan olu.
Dəmirçioğluyam, qorxmaram mərddən,
Tülkü deyər, aslan qovaram yurddan,
Bir keçi qaçıban qurtulsa qurddan,
Baxar buynuzuna kərkədan olu (Bax: “Koroğlu”, səh. 121; “ქოროღლი”, səh. 156).
Qısası, bu müqayisə metodu stereotip kəlmə olaraq, istərsə də formal olaraq yarandı və aşıq poeziyasını xarakterizə edən səciyyəyə çevrildi. Verilən konkret halda da o, qoşmanın strukturun ayrılmaz ünsürlərindən biri olaraq üzərə çıxır və şeirin rəngkarlığının bir, heç əhəmiyyətsiz olmayan rəngidir ki, bu da, deyərdim ki, onun bədii palitrasını zənginləşdirir. Budur, onlardan bəziləri: “Yüz min tülkü bir aslana neyləyər?” (Bax: “Koroğlu”, səh. 123; “ქოროღლი”, səh. 159), “Qarğalar neyləyər laçına?” (Bax: “Koroğlu”, səh. 377; “ქოროღლი”, səh. 402), “Min tülkü neyləyər bir ac aslana” (Bax: “Koroğlu”, səh. 519; “ქოროღლი”, səh. 543). “Tülək tərlan qürbət eldə sar ola” (Bax: “Koroğlu”, səh. 105; “ქოროღლი”, səh. 140) və sair.
(davamı burada)
Gürcü dilindən tərcümə edən:
Mirzə Məmmədoğlu