Çar İraklinin Car ləzgiləri ilə döyüşü olmuşdu və onları tam nəğlubiyətə uğratdı. Qələbədən sonra geri qayıdan, əlli yaşında olan igid çar qəşəng bədöy atın belində əyləşmişdi, arxasınca uzun, gözəl şəkildə düzülmüş qoşun daban-dabana çarı müşaiyət edirdi. Yol Sainqiloya gedirdi. İrakli iki çəpər arasına daxil oldu ki, onun da o tərəf-bu tərəfində çox böyük üzümlüklər və meyvələri yetişmiş, qızarmış bağlar cərgələnmişdi.


Qəflətən çarın başına kimsə ovuc dolusu gavalı tökdü. Heyrətlənmiş çar öz bədöy atını ona tərəf sürdü, qoşun dayandı. O tərəf-bu tərəfə boylandılar və elə oradaca üzüm bağının hasarı yaxınlığında nəhəng gavalı ağacının başında çarın başına gavalı atan on iki-on üç yaşında olan inqilo qızı gördülər.


Çarı müşaiyət edənlər elə həmin an atlardan sürətlə yerə endilər, çəpərə dırmaşdılar və qızın üstünə qışqırdılar: “Ey axmaq, ey mənfur, sən nə etdin? Çar İraklinin başına gavalını tökməyi necə ərk etdin? Dərhal düş ağacdan və çarın qarşısında üzr istə, yoxsa qara günə düçar olarsan”.


– Nə? Çar İrakli deyirsən? – Yuxarıdan heyrətlə çığırdı, – nə söyləyirsiniz? Bu əgər bizim şanlı çarımız İrakli olsaydı, məgər başına fars papağını örtərdimi? Yox, bu yalandır. Mən farsın başına gavalını tökdüm, bizim qaniçən düşmənin başına, bütün gürcülərin tanrı kimi sevdiyi çar İraklinin başına deyil, siz tamamilə nahaqdan məni hədələyirsiniz. Nə yerə düşəcəyəm, nə də üzr istəyəcəyəm, – deyib ağacın daha da yüksəkliyinə dırmandı.


Onun bu cavabını çar İrakli eşitdi, ürəkdən şaqqanaq çəkdi, gənclik çağlarında İranda olarkən başına örtdüyü fars papağını başından götürdü, özünün yaxşı baxılmış gürcü başını göstərdi və qıza səsləndi: “Afərin, qız, tamamilə doğrusan. Fars papağını məhz elə başıma örtməməli idim. Gürcü çarı zahiri görünüşünə görə də, geyiminə görə də gürcü olmalıdır. O gavalını atmaqla mənə əladan əla öyüd verdin. Bərəkallah sənin gürcü qadınlığına!”


Bu zaman İrakli əlini cibinə saldı, ovuc dolusu tetri çıxartdı, öz müşaiyətçilərinə verib, buyurdu: “Bunları nümunəvi gürcü qızcığazına hədiyyə olaraq verin”.


Qız indi öz səhvini başa düşdü və çox narahat oldu, hədiyyədən uzaq durdu, qətiyyətlə rədd cavabını verdi, lakin müşaiyətçilər yumşaltmaq üçün ona dedilər: “Məgər ikinci dəfə də çarı incitmək istəyirsən? Çarın mərhəmətinə rədd cavabı verməyi kim eşidib? Öz səhvini düzəltmək və çar İrakliyə xoş gəlmək istəyirsənsə, bu pulu hədiyyə olaraq almalısan”.


Bu zaman qız razılaşdı, yuxarıdan aşağıdakı budağa düşdü, yerə hoppandı, pulu götürdü və cibinə tökdü, sonra isə sapand daşı kimi gavalı ağacının başına atıldı. Yaxşıca göründü, budağın üstündə qamətini düzəltdi, sonra başını əyib çara təzim etdi və cingiltili səslə ucadan səsləndi: “Çar İrakliyə eşq olsun”.


“Gürcü qadınına da eşq olsun!” – çar İrakli atayana səslə dilləndi, özünün bədöy atını tərpətdi və hələ yenə də başı açıq halda qoşunun irəlisi ilə getdi. Özünün igid çarı ilə, özlərinin mərdliyi ilə qürurlanan qoşun səf-səf onun arxasınca gedir və həm də gözəl gürcü mahnısını guruldadırdı. Gürcü qadını isə ucalan gavalı ağacının zirvəsində dururdu, gedən çardan və onun qoşunundan gözlərini çəkmirdi. Mahnı kəsilən kimi havada onun zəng kimi olan səsi eşidilirdi: “Çar İrakliyə eşq olsun!”, “Gürcü qoşununa eşq olsun!” Gürcü qadını uzun müddət beləcə dayandı və əvvəllər heç yuxusuna da gəlməyən sevinc və istəyi hiss edirdi. Qadını arzu olunan çar və onunla söhbəti, onun atayana tərifi, çarın hədiyyəsi hədsiz dərəcədə sevindirirdi. Sevincdən xumarlanan qız yalnız uzaqlıqda olan duman çarı və onun qoşununu bürüyəndən sonra ağacdan düşdü.


Lakin qadın bu yerdən bir daha getmək istəmirdi. O çar İraklinin durduğu və onunla danışdığı yerə və bəzən də həmin gündən onun şüuruna o xoşbəxt anın, ən şirin hadisənin daxil olduğu, canlandığı gavalı ağacına sevgi ilə baxırdı.


Bir saat bundan əvvəl adi meyvə ağacı, indi bu kiçik qızın gözündə səmimi dosta, əziz bir xeyirxaha çevrildi, sanki daimi olaraq, əsrlər boyu xeyirxah bir varlığa çevrildi.
Nəhayət, qızcığaz ifrat sevincdən ayrıldı, öz ata-anası yadına düşdü və onları özünün əfsanəvi xoşbəxtliyi ilə sevindirmək üçün evə doğru şütüdü.


İllər ötdü. Bir inqilo kəndlinin öz salonunda toy qızışmışdı. Gəlin bizim tanış inqilo qız idi, yenicə həddi-buluğa çatmışdı və elə cazibədar idi ki, insan ondan gözünü çəkə bilməzdi.
Onun ağıllı və cazibədar üzündə ilkin bakirəlik sevgisinin şüası parlayırdı. Bu sevgini eyibsiz qadının ürəyində onun yanında duraraq yaraşıq verən ən yaxşı bir inqilo igidi alovlandırdı. Onun da üz-gözündə birincinin qüsursuz məhəbbətinin xoşbəxtliyi aydın şəkildə əks olunmuşdu. Eyibsiz qadının saf sevgisinə qüsursuz oğlanın saf məhəbbəti cavab verirdi. Bu bəylə gəlini birgə görənlərin hamısı belə düşünür və deyirdi: Bəy gəlinə yaraşır, gəlin də bəyə.


Toy şənliyi başlar başlamaz masabəyi amiranə avaz ilə ucadan dedi: “Sakit durub qulaq asın! Tanrı bizim qəhrəman çarımız İraklini var eləsin, ömrünü uzun eləsin. Ləzgilər, farslar, osmanlılar, cənub və şimal üzərində qələbəni əskik eləməsin!” “Onun ömrünü uzun eləsin, uzun eləsin!”, – qonaqlar elə fərəhlə səslərini ucaldırdılar ki, adam tavanın uçacağından qorxurdu.


Elə bu zaman salonun qapıları taybatay açıldı, içəri qəşəng geyimdə yad bir igid daxil olub salam verdi: “Tanrı sizə kömək olsun və bəylə gəlini xoşbəxt etsin!”, – dedi. Sonra sözünə davam etdi: “Nə gözəl bir vaxtda gəldim. Məni çar İrakli göndərib və mənə əmr etdi: “Bu hədiyyəni bir neçə il bundan əvvəl bir ovuc gavalını mənim fars papağıma rəva görən inqilo qadına verin”. Və gəlinə bacaxlo qızılla dolu iri kisə verdi. Məndən cehiz də göndərdi və budur gətirirlər, – dedi. Bu zaman cehiz əşyaları ilə yüklənmiş bir neçə araba qapının ağzını kəsdirdi.


Elə bir şadyanalıq baş verdi ki, İraklinin tərifi və şan-şöhrəti, onun insanpərvərliyi barədə elə sözlər yağdırdılar ki, onu dillə demək, qələmlə yazmaq tamamilə mümkün deyildi. İraklinin şəninə söylənilən çoxlu şeirdən deyilməmiş biri də qalmadı ki, qonaqlar hədsiz heyranlıqla onları ifa etməyəydilər. Kişi də oxuyurdu, qadın da, balaca da, böyük də və çar İraklini mədh edirdilər. Gəlin daha çox cənnətin səfasını hiss edirdi. Onu pərəstiş olunası çarın diqqəti qədər cehiz sevindirmirdi.


Bu xəbər sürətlə bütün Sainqiloya yayıldı və bütün inqilo qadınlar, istərsə də kişilər çar tərəfindən cehizin göndərilməsini öz şəxsi mükafatı kimi hesab edir, bütün Sainqiloya hədiyyə edildiyini düşünürdülər. Və Gürcüstanın bu ucqar guşəsini çara olan hədsiz sədaqətlilik və hərarətli minnətdarlıq tamamilə bürümüşdü.


Bundan sonra daha iyirmi beş il ötdü. Krtsanisi çölündə Tiflisin ağzında dəhşətli müharibə gedirdi. Beş min gürcü vətəni qorumaq üçün yetmiş min nəfər farsa qarşı mübarizə aparırdı. Səksən yaşlı İrakli hələ yenə də gümrah, comərd idi, şir kimi mübarizə aparır və özünü fəda edirdi. Onun həyatı hər an təhlükədə idi. Gah onun yaxınlığında, gah yanında, gah onun önündə döyüşürdülər. Qeyd etmək lazımdır ki, özlərinin igidliklərinə, qəhrəmanlıqlarına, çara qarşı fədakarlıqlarına görə iki nəfər seçmə igid hamının diqqətini cəlb edirdi, hamı onlara diqqət kəsilmişdi. Çarın üzərinə gələn düşməni dəfələrlə dəf etmiş, öz sinələrini düşmənin çara tuşlanmış gülləsinə və qılıncına sipər çəkmişlər, bir neçə farsın gününü qara gətirmişdilər.
Bu gənc igidlər kimlər idi?


Onlar bizim tanış qadının oğlanları və İrakli tərəfindən xaç suyuna çəkilənlər idi.
Sainqiloda anaya tezliklə xəbər gəldi: Sənin oğulların böyük qəhrəmanlıqlar göstərdilər, öz kirvələri olan çarı dəfələrlə ölümdən xilas etdilər. Bir çox farsın gününü qara etdilər, çar və Gürcüstan uğrunda özlərini qurban verdilər.


"Tanrıya şükürlər, çox şükürlər olsun ki, mənə uşaqlarımın qəhrəmancasına ölümünü qismət etdi. Şan-şöhrətli vətənoğullarının ölümünü.” – Ana elə səslə dedi ki, bu səsdə də böyük təsəlli ilə yanaşı ən dərin, ən acı ana kədəri aydınca eşidilirdi. “Nahaqdan elə uşaqlıq vaxtlarından onlara çox nifrət etmirdim, harda görsəydim qeyri-ixtiyari üstünə atılmağa hazır idim. Qəlbim elə anda mənə deyirdi ki, bu zalımlar sənə və sənin Gürcüstanına da böyük bədbəxtliklər gətirəcəklər və budur, irəlicədən qəlbimin hiss etdikləri tamamilə doğru çıxdı”.


“Lakin düşmənlər sevinməsin”, – nümunəvi ana sözünə davam etdi – Tanrının sayəsində, mənim yenə dörd oğlum və iki qızım vardır. Mən onları daha yaxşı, qəlbi hərarətlə dolu vətənoğlu kimi böyütdüm və onlar başqa gürcü analarının böyütdüyü vətənoğulları ilə birlikdə düşməndən qisas alacaqlar və bizim Gürcüstanı xoşbəxt yola çıxaracaqlar.

 

Gürcü dilindən tərcümə: Mirzə MƏMMƏDOĞLU