Bu gün Qardabani Bələdiyyəsinin Mədəniyyət Evində mərhum aktyor Fazil Bayramovun anım tədbiri keçirilib.
Fazil Bayramovun həyat yoldaşının təşəbbüsü və Mədəniyyət Evinin dəstəyi ilə keçirilən tədbirdə aktyorun iştirak etdiyi tamaşalardan fotoşəkillər sərgilənib və video nümayiş etdirilib.
Anım mərasimində Qardabani bələdiyyə məclisinin əməkdaşları, Mədəniyyət Evinin əməkdaşları, teatr nümayəndələri, mərhum aktyorun ailə üzvləri və dostları iştirak edərək Fazil Bayramov haqqında xoş xatirələrini bölüşüblər.
Fazil Bayramov 1984-cü il avqustun 9-u Qardabanidə anadan olub. Orta təhsilini 3 nömrəli Qardabani ictimai məktəbində alıb. Gənc yaşlarından teatra böyük həvəsi olan Fazil Bayramov 2004-cü ildə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının nəzdində fəaliyyət göstərən teatr studiyasını bitirərək həmin teatrda çalışmağa başlayır. O, M.F.Axunzadənin “Lənkəran xanının vəziri” və “Müsyö Jordan və dərviş Məstəli Şah”, Üzeyir Hacıbəyovun “Ər və arvad”, Kamal Abdullanın “Bir, iki, bizimki”, Əli Əmirlinin “Köhnə ev” və “Onun iki qabırğası”, Giorgi Eristavinin “Sehirli papaq”, Nodar Dumbadzenin “Ağ bayraqlar” və digər görkəmli dramaturqların pyesləri əsasında hazırlanmış tamaşalarda maraqlı və yaddaqalan obrazlar canlandıraraq tamaşaçıların sevimlisinə çevrilmişdir.
Fazil Bayramov həmçinin 2009-cu ildən Qardabani Bələdiyyəsinin Mədəniyyət Evində baş mütəxəsis olaraq çalışmışdır. Aktyor gənc yaşında 2021-ci il iyulun 19-u dünyasını dəyişib.