Bura, Tiflis şəhərinə atamın ölüm xəbəri gələndə, bir müddət keçəndən sonra onu uğurladılar, öz bacısı Yekaterine də onu müşayiət edirdi. Sioni Məryəm ana kilsəsində Məryəm ana ikonası ilə sağ sütun arasında dəfn etdilər ki, burada da onun valideynləri və onun atasının anası dəfn olunmuşdur.
Burada atama görə matəm və ağlaşmanı təsvir etmək artıq olar, bunun başını buraxaq, bir daha hadisəni danışacağam.
Bir neçə gündən sonra o böyük kədər ötüşəndə, əmin-amanlıq yarananda, həmin vaxtlar anamın yanında Yekaterine bibimdən və məndən başqa heç kim qalmadı. Anam mənə buyurdu: “Berelanı çağır”. Şam yeməyi vaxtı idi. Elə həmin an onu çağırıb gətirdim. Anam bütün qapıları mənə bağlatdı və bundan sonra ondan soruşdu:
– Berela, məndən gizlətmə, burada sənin ağanın bacısından və mənim bu sadəcə olaraq orda-burda danışmaq bilməyən Aleksandredən başqa heç kim yoxdur. Mənə bir de görüm, necə oldu, sənin ağanı necə öldürdülər.
Berela o tərəf-bu tərəfə boylandı, sonra dərindən ah çəkdi və danışmğa başladı:
– Sənin qadan alım, elə ki, biz buradan ilk dəfə getdik, mənim ağam çox fikirli idi. Belə ki, rus ordusu və tavadlar bir yerə yığışana kimi səsini belə çıxartmadı, elə səssizcə gedirdik. Orada onlarla çətinliklə danışmağa başladı. Nəhayət, Çumlağ kəndinə yığışanda və səhərisi gün müharibə başlamalı olanda, həmin gecə ayağım sınmışdı, ağam qapıya gəldi, qoluma girib məni apardı və pıçıltı ilə mənə dedi: “Berela, görürsən ki, biz, tavadlar, bu ruslara necə müavinət veririk? O bunu bilir, biz tavadlar artıq bir-birimizə güvənə bilmirik. Belə ki, bizim özümüz də bir-birimizdən çəkinirik və biri-birimizdən o qədər şübhələnirik ki, guya bir-birimizdən xəbər ötürürük ruslara. Belə hamımız bir-birimizdən ehtiyatlanırıq. Bax, belə işlər açdı ruslar başımıza və bizim aramızda belə inamsızlıq yaratdılar. Tiflis şəhərindən buraya kimi bu ruslara o qədər müavinət veririk, bu qədər biabırçılığa mənim qəlbim daha dözə bilmir. Sabah da bizim kaxetililərimizin qanının töküldüyünü görmək və onların məğlubiyyətlərinə görə rusları gülərək təbrik etmək istəyirəm, gürcülərin bədbəxtliyi və ölümü bizimdir. Mən, Berela, qərar verdim, daha gözləyə bilmirəm, sabah kiməsə özümü öldürtdürəcəyəm və aha, bu naməni mənim şahzadəmə ver və oxuyub qurtaran kimi dərhal yandırsın ki, heç kim bilməsin. Berela, bundan başqa, sizin özəlliyinizə ümidim vardır ki, necə indiyədək mənə sədaqətli oldunuz, yenə eləcə arvad-uşaqlarıma qarşı sədaqətli olacaqsınız”.
Bunu bitirəndən sonra tez dönüb getdi və məni burada ağlamaq tutdu.
Bu zaman biz də ağlamağa başladıq, amma səssiz bir hıçqırtı ilə.
Biz sakitləşəndə Berela yenə davam etdi: “Ertəsi gün mənim ağamın sinəsindən kavaler asıldı (İkinci dərəcəli Müqəddəs Anna ordeni) və bu gün çox döyüş oldu, bizim ağamız bəri başdan rus əsgərlərini arxasınca aparırdı, özü isə onların önü ilə gedirdi və kaxetililərin gülləsi dolu kimi onların üzərinə yağırdı. Amma o vaxt nəsə bir şey var idi ki, o qədər güllə tamamilə ondan yan ötürdü. Biz – onun qulluqçuları ağamızın yanına getmək istəyirdik, amma ruslar bizi buraxmadılar. O qədər qoşunun içindən də keçmək mümkün deyildi. Nəhayət, o qədər topdan sürəkli atəş açmaqla və sonra rus qoşununun köməyi ilə kaxetililəri məğlub etdilər, üsyan edərək ora-bura qaçan kaxetililəri ruslar təqib etməyə başladılar. Bu zaman bir piyada kaxetili əsgər (sonralar dedilər ki, o mahir ovçu imiş və yaxşı da igid imiş) ardıcıl olaraq istehkama doğru irəliləyirdi, bir neçə atlı gürcü onun qabağına çıxıb. Sən demə, silah istəyirlər. O, onlara tərəf dönüb dedi: “Məndən əl çəkin, yoxsa, silah yerinə bu tüfəngin gülləsini sizə verəcəm”.
Onlar dərhal aralandılar. Biz hamımız bu olaya baxırdıq. Elə o vaxt bizim ağa da oraya gəldi. Ağamız bunu ondan eşidəndə uzaqdan gördük ki, atını onun üzərinə sürüb qəzəblə dedi: “İndi gətir o silahını mənə ver, yoxsa səni öldürərəm”.
Ona baxdı və yalvararaq dedi: “Qəribə adamsan, Allah səni saxlasın, məndən əl çək. Mən dolu tüfəngimi heç kimə verə bilmərəm”.
Bu hadisəni izləyirdik, biz – ağamızın qulluqçuları səsləndik: “Ehey, bizim ağamız nəyəsə düçar olub” və o kişinin üstünə yeridik ki, o kaxetili bizim ağamızın başına nəsə açmasın”.
Bu sözləri deyib atları da mahmızladıq, ora çatdıq, amma atı onun üzərinə sürdü və biz də ağadan bunu eşitdik: “Elə indi ver, bu tüfəngi, sən belə şelər oğlu” (Köhnə vaxtlar “Sən belə şelər oğlu” böyük söyüş idi).
O, silahı ona tərəf tuçlayaraq dedi: “Madam ki, məndən əl çəkmirsən, al, bu da sənin tüfəngin”.
Bu sözü deyəndə ağa da yana əyildi. Bu zaman tüfəng səsi eşidildi və o atdan yıxıldı. Bu zaman haradasan, harada deyilsən, Aslan Qaplanişvili (Çar Georginin bacanağı idi və elə onun eşikağasıbaşı tavad Aslan Qaplanişvili, yaxud C.Orbeliani) atı ilə onun üstünə cumdu. “Aman Allah, bu lənətə gəlmiş qardaşımı öldürdü”, – dedi və sıyrılmış qılıncla onun üstünə yeridi. Həmin kaxetili qorxmadan ona tapançanı tuşladı, lakin Aslan eşikağasıbaşı atı ilə yerə yıxılaraq özünü igidcəsinə xilas edə bildi. Biz də bu zaman atlarımızı çaparaq getdik və Aslanı sağ qalması münasibətilə təbrik etdik, ağanın yaralandığını düşündük, amma o, ağlayaraq bizə dedi: “Mənim yaşayışım da məgər bir yaşayışdırmı. O lənətə gəlmiş, qardaşımı öldürdü”. Biz də birlikdə ağlamağa başladıq.
Bu zaman biz də ilk dəfə ağladıq. Göz yaşımızı tökəndə şahzadə anam ondan soruşdu: “Sənin ağanın naməsi haradadır?”
(davamı)
Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU