2025-ci il aprelin 1-dən Gürcüstanda siqaret yalnız sadə qablaşdırmada satılacaq. 2024-cü il oktyabrın 1-dən siqaretin standart qablaşdırılması ilə bağlı qaydalar qüvvəyə minib. Bu, bütün siqaret qutularının eyni, sadə dizaynda olması deməkdir. Lakin şirkətlərə vaxt verilib və onlar 2025-ci il aprelin 1-dək mövcud məhsullarını satmağa icazə alıblar. Aprelin 1-dən etibarən isə bütün siqaret qablaşdırmaları eyni olacaq. Daha dəqiq desək, “Tütünə Nəzarət Alyansı”nın sədri ötən il bildirmişdi ki, qablaşdırma pas rəngində olacaq, dizayn isə eyni qalacaq – yalnız markanın və növün adı qutunun üzərində qeyd ediləcək. Yeni qaydalar elektron siqaretlərə aid deyil. Məlumata görə, tütün məhsullarının standart qablaşdırma olmadan satışı və bu qaydanın pozulması 5000 lari məbləğində cərimə ilə nəticələnəcək.

 

2025-ci il aprelin 1-dən pirotexnika məhsulları ilə bağlı qaydaların pozulmasına görə cərimələr tətbiq ediləcək. Pirotexniki məhsulu onu saxlamağa və ya istifadə etməyə icazəsi olmayan şəxsə satmaq 2000 lari cərimə ilə nəticələnəcək. Həmin məhsulu icazəsi olmayan şəxsin alması 1000 lari cərimə ilə cəzalandırılacaq.

 

Pirotexnika məhsullarının Gürcüstan qanunvericiliyində müəyyən edilmiş qaydalara zidd istifadəsi isə 2000 lari cərimə ilə nəticələnəcək.

 

2025-ci il aprelin 1-dən yetkinlik yaşına çatmayanların “112” xidmətinə məqsədsiz zənginə görə cərimə tətbiq ediləcək. Aprelin 1-dən etibarən valideynlərin və ya qanuni nümayəndələrin yetkinlik yaşına çatmayan uşaqların tərbiyəsi və təhsili ilə bağlı öhdəliklərini yerinə yetirməməsinə görə inzibati məsuliyyət müəyyən ediləcək. Bura yetkinlik yaşına çatmayanların “112” fövqəladə xidmətinə əsassız zəng etməsi də daxildir.

 

Valideynin və ya qanuni nümayəndənin uşağa düzgün nəzarət etməməsi, onun təhsili və rifahı üçün lazım olan şəraiti təmin etməməsi, narkotik maddə istifadəsinə yol verməsi, heyvanlara qarşı qəddar davranışı, ictimai asayişi pozması, alkoqollu içkilər içməsi, tütün məhsulları ilə bağlı qaydaları pozması, soyuq silah gəzdirməsi və ya digər qanunsuz əməllər törətməsi kimi hallar da bu məsuliyyətə daxildir. Bu qaydaların pozulmasına görə valideyn və ya qanuni nümayəndə 100-300 lari məbləğində cərimələnəcək.

 

2025-ci il aprelin 1-dən Dövlət Xidməti Bürosu ləğv ediləcək. Parlament bu qərarı fevralın 20-də təsdiqləyib.

 

Ləğv edildikdən sonra büronun funksiyaları və səlahiyyətləri Gürcüstan hökumətinin administrasiyasına veriləcək. Büro əməkdaşları isə bir aylıq maaş miqdarında kompensasiya alacaqlar.

 

Mənbə: bpn.ge