Bolnisi rayonunun Faxralı kəndində Şair Nəbi Ocağında gənc yazıçı Afaq Azərin “Sükutun səsi” romanının təqdimatı keçirilib.
“Yeni Yol” xəbər verir ki, aprelin 26-da baş tutan təqdimat mərasimində ziyalılar, müəllimlər, aşıqlar, şagirdlər iştirak edərək Afaq Azərin romanı haqqında geniş fikirlər söyləmiş, ona yaradıcılıq uğurları arzulamışlar.
“Sükutun səsi” romanı insan duyğuları, sevgi və sükut üzərində qurulmuş psixoloji əsərdir. Romanda hadisələr Poladın faciəvi taleyi və Sehrinin həqiqəti üzə çıxarmağa çalışması ətrafında cərəyan edir. Roman həm oxucunu düşündürür, həm də həyatın sükutuna diqqət çəkir.
Kitab Bakıda “Elm və təhsil” nəşriyyatında çap olunub, redaktoru Rəşid Faxralıdır.
Qeyd edək ki, “Sükutun səsi” yazıçının ikinci kitabıdır. Bu kitabdan əvvəl Afaq Azərin “Mənim tənha gözəlim” adlı romanı 2024-cü ildə Bakıda “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.
Afaq Azər Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Yaradıcılığa 2015-ci ildən başlayıb. 2019-cu ildən yazdığı romanlar “Yurd sevgisi” qəzetində hissə-hissə dərc olunaraq oxucuların diqqətini cəlb edib. 2022-ci ildə kicik həcmli hekayəsi Bakıda “Mücrü” nəşriyyatının “İlin hekayəsi” kitabında yer alıb.