Vaxtanq Kotetişvili rəssam Pirosmanini Yetim Gürcü ilə müqayisə edib (Bax: “Sovet incəsənəti”, 1927-ci il, № 5).

Müqayisə doğru və düzgündür.

Hər ikisinin yaradıcılığı bir ağuşdan çıxıb.

Hər ikisi primitivdir.

Əgər “Zavallı Nikala” bir kiçik stəkan arağın dəyərinə mikitanların divarlarını bəzəyirdisə, Yetim Gürcünün canlı sitatları ilə Tiflisin şərab zirzəmiləri sərgilənib:

1. “Əgər dostdan ayrı düşdünsə,

     Tamamilə nisyənin günahıdır”.

2. “Kim qarğadı, kimin qarğışı tutdu,

     Yetim, göz yaşı həmdəmin oldu”.

3. “Ehey, a kişi, dəyərini bil,

     Başına ki, örtübsən papaq;

     Hamını bərabər sevməlisən,

     Gürcü-erməni-uriya (Huriya, uriyalar – gürcü tarixi mənbələrində yəhudilər belə xatırlanır - M.M.).

     Hamını irəlidə ölüm gözləyir,

     Həsəd aparmağa dəyirmi?”

Yetim Gürcü həqiqi bohemadır. “Harada qaranlığa düşdüm, orada da gecələyim. Ora olsun mənim yurdum-yerim”. Barataşvilinin sözləri onun həyatına çox uyğun gəlir. Yapıncını geyinər və odur ki, gedir! Özü də bilmir hara və nəyə görə?

Əgər Qr. Orbelianinin Onikovu sevgilisini qarşılamaq üçün “Yapıncıya bükülmüş” halda “İki balaca pəncərə qarşısında” küçəyə atılmışdısa, Yetim Gürcünün yarı şeir söylədiyi, içki içdiyi və yatdığı “Orxida” dükanıdır. Paolo İaşvilinin Yetim Gürcü barədə bədahətən dediyi olmasın:

“Mənim öz mənzilim yoxdur,

Mən ötən gecə daş üzərində yatmışam!”

Niyə? Yetim Gürcünün də var mənzili, Avlabarda, harada ki, aylarla olmur. Onun otağının daş plitələrinin boylandığı pəncərəsində dörd dildə – gürcücə, rusca, fransızca, ermənicə yazı yapışdırılıb: Yetim Gürcü.

Yetim Gürcü adından göründüyü kimi, yetim gürcü deməkdir. O, doğrudan da erkən yetim qalıb. Atası öləndə o, çox balaca imiş. Anası da ərə gedib və Yetim həyatın pyedestalına təkbaşına qədəm qoyub (Bu günlərdə Yetim Yazıçılar İttifaqının adına nəzmlə yazdığı ərizəni mənə verdi: “Bu qədər yetimliyim bəsdir, məni də sizin ittifaqa qəbul edin”:

“Yazıçılar dəstəsindən məni ayrı salmayın, kim ki, məni indi tanıyır şəxsən;

Sizin dəftərə məni də yazın, gürcü anam balası kimi.

Təməlində mənim də payım var, baha oturub günlər mənə;

Bəsdir bu qədər yetimlik, dezertir gəzdirməyin məni”).

Yetim Gürcü köhnə xarpuxludur. Kasıb dabbağ ailəsində 1875-ci ildə anadan olub. Məktəbi gözünün ucu ilə də görməyib.

Yazıb-oxumağı kağız cığalalarında öyrənib.

Yetimin yaxşı səsi vardı. Toylara aparırdılar və odövrkü şairlərin şeirlərini oxudardılar.

Özü də şeirlər yazmağa və yaxud Xelokataynovun dediyi kimi, “öz beynindən mahnılar çıxarmağa” başladı və yavaş-yavaş populyar oldu. Camaat heyranlıqla söyləyirdi:

- Yetim Gürcü gəlir!

- Yetim Gürcü oxuyur!

- Yetim Gürcünün səsidir!

- Yetim Gürcünü gördüm!

- Yetim Gürcü kef çəkirdi!

O, doğrudan da “kef üçün” doğulub. Bu gəzərgi bohema normal durumla qane ola bilməz. O, əsəbləri məhəbbətlə və şərabla zəhərlənəndə yaxşı əhval-ruhiyyədə olur:

“Səni şöhrətləndirirəm, sənə nəğmə oxuyuram,

Sənin inamının zahidiyəm;

Səninlə tanış olduğum gündən,

Özüm özümün düşməniyəm,

Dolanıram şərabla zəhərlənmiş,

Təkcə sənin üçün oxuyuram,

Yetim Gürcünü sən öldürdün,

Diri olaraq ölülər sırasına yazılmışam!”

Ümumilikdə nəzərə çarpır ki, hər bir yazıçı özünün ədəbi karyerasını kiçik şeirlərlə başlayır. Yetim Gürcü bu halda istisnanı təşkil edir. O, özünün ilk mövzusu olaraq “Anabacı”nın (Əsərdə qadının adı Annadır,  Annabaci, Anabacı - M.M.) geniş sərgüzəştini seçmişdir. Bu poemanın qəhrəmanı qadındır, əfsanəvi qüvvə sahibidir. Farslar (?) cəsurluğuna görə qardaşlığını ifadə edərək onu “Anabacı” adlandırıblar (Burada yanlışlıq vardır. Farslar deyil, soydaşlarımız olmalıdır. Anabacı bizim dildədir - M.M.).

Bu qadın bütün məşhur pəhləvanları məğlub edir. Biləyində Rüstəmin gücü var və qılınc oynatmağı da bacarır:

“Boy-buxunlu, qara gözlü, qara qaşlı, alnına şahlıq yazılıb,

Üzü bədirlənmiş ay, çənəsində xalı vardır;

Saçının uzunluğu topuğuna qədər, həddən artıq gözəldir,

Ürəyi, sinəsi, biləkləri Rüstəmə bənzəyir.

Adi olaraq sol tərəfində xəncər asılıb,

At belində cilov çəkdiyini kim görüb; 

Oyunçu, atoynadan, qılınc əlində hazırdır;

Güləş, yumruq vurmaq onun icad etdiyidir,

Bir zərbə ilə camışı yıxar, nə istəyirsən, dəli olub,

Heç kim salamat çıxa bilməz onun əlindən”.

“Tiflisli qadın və Muxatlı gəlin Anna” belə imiş. Xalq arasında bu Anabacı barədə xalq müxəmməsi mövcuddur. Bu şeiri də tam şəkildə verəcəyik ki, bu müəllifsiz və iddiasız yaradıcılığı unutqanlıq tozu basmasın:

“Götürək, dünyanın aşıqları bir yerə yığılsın

Və hamısı öz cəngilərinə (Cəngi – arfaya bənzər qədim musiqi aləti - M .M.) müraciət etsin,

Annanın tərifini hər halda tam verə bilməzlər,

Əgər yenə Şotanın havaları olmasa!

 

Batonidən almışam ixtiyar,

Müraciət edir mənim cəngim, ebanim (Ebani – qədim gürcü çoxsimli musiqi aləti - M.M.),

Əgər başlasam Anabacının tərifinə, –

Dünyanın qadınları onun yanında danqilərdir (Danqi – qədim çəki vahidi, 12 ədəd arpa dəninin çəkisinə bərabərdir, indi misqalın dörddə biri - Müəllif)!

 

Gördüm, cıdır ordusundadır,

At üstündə oturan bəzənmiş, zər içindədir:

Hamı tanıyır, Anna Gürcüstandadır,

Arzu edirlər farslar, hindlilər, fransızlar.

 

Üzündən nur yağır, nura bələnmiş üz kimi,

Döyüş meydanına güllə kimi atılır,

Düşməni ayaq altda əzir soğulcan kimi,

Türklər, zəncilər qul kimi təzim edirlər.

 

Annaya Gürcüstan xeyir-dua verdiyindən,

Döyüş meydanında çoxlu düşmən məhv etdi,

Çar ona gümüş qılınc bağışladı,

Adına vətənin mükafatları yazıldı.

 

Mən də qəhrəmanam, həsədlə baxma mənə,

Sən qılınclasan, mən çianuri ilə,

Qarşılayaram səni yeni Sayat-Nuri ilə (Sayat-Nova - M.M.),

Amağlebaya (Xristianlıqda bayram, İsa peyğəmbərin səmaya qalxması - M.M.) əgər təşrif buyursan”.

Yetim Gürcünün “Anabacı”sına gəldikdə, demək lazımdır ki, o, canlı xalq dilində yazılıb. Halbuki, müəllif Anabacının qəhrəmanlıq fəaliyyətini birtərəfli işıqlandırıb və “Böyük batoni”nin (Çarın - M.M.) silahdaşı olan qadını yalnız güləşçinin yenilməz güc-qüvvəti ilə bizə təqdim edib.

Yetimin Anabacısı qeyri-adi qüvvə ilə mükafatlanan qadındır.Təkcə bir və iki kişini deyil, eləcə də bütöv bir sıra müxtəlif guşələrin “tanınmış” pəhləvanlarını məğlubiyyətə uğradıb.

Bax, Yetim Gürcünün qələmi belə bir güləşin seyrini və Annanın igidliyini necə bir çalarlarla təsvir edir:

“Qurşağı belinə doladı, camaat tamamilə heyrətləndi,

Atıldı meydana, hamı ona göz dikmişdi,

Gözəl gəlin kimindir görəsən, nə istəyir?

Güman ki, öpüş üçün gəlib, yoxsa nə edə bilər ki!

Ortaya atıldı Georgi, tərifli teletli;

Anna onun üstünə cumdu, yerə vurdu, bədəni şil-küt oldu.

İkinci onun yanından ötdü – Sosia Barbareli,

Lakin yerə elə dəydi ki, əli ilə heç yerdən yapışa bilmədi;

Üçüncü oğlan ortaya atıldı – İvane Vaşlovanlı,

Çiyinləri elə qırıldı ki, həkimlik oldu.

Təkgöz oğlan oynayır, adı “Qəhrəman Eli”,

Onun da yediyini-içdiyini burnundan gətirdi;

Sopromuka da hucuma keçdi, bir məni buraxın, - dedi,

Anna bir nərə çəkməklə onu yerə pərçimlədi.

Annanın üzərinə söyə-söyə, yumruğunu yellədərək Sirac Qola atıldı,

Anabacı onu qarpız kimi camaata doğru tolamazladı.

...Həmin gün iyirmi iki nəfər hücuma keçdi, heç birinin bacarığı yox idi,

Sənin qadınlığına qurban olum, valideynlərinə rəhmət!..

Sevinclə evə döndü bütün Muxat eli, Muxat kəndi.”

Bu poema Dabğişvili təxəllüsü ilə tanınır və bir necə nəşrlə çap olunub (Son dəfə Mix. Qaçeçiladze nəşr edib. Yetim Gürcünün “Anabacı”sından başqa bu kitablar: “Yeni ozan”, “Yetimin yeni şeirləri”, “Tanqo”, “Böyük müharibə” və “Sübh açıldı” kitabları nəşr olunub).

Bütün kitablar “Arsenin şeiri” üsulunda, on altı hecalı şeir formasında yazılıb.

Analoji olaraq: Xalq arasında Anabacıya bənzər qüvvətli qadınlar: Tsğnetli Maya barədə, Tsavkisli Tina barədə və Vaşlovanlı Tamro barədə əfsanələr mövcuddur. Yetim Gürcünün Annası yumruq davaçısı kimi istifadə olunub. Xalqın fantaziyası bu qadınların sayını daha çox bir əl çəkməklə artırır və protestant qəhrəman qadınlar kimi, qaçaq düşənlər, təhkimçiliyi inkar edənlər, bərabərhüquqluğu müdafiə edənlər və kişilərlə birlikdə Gürcüstanın rifahı naminə mübarizlər kimi təqdim olunub (Bax: Dimitri Çanaşvilinin  “Tarixi mənzərələr”, 1914-cü il, səh. 265. Al. Qarsevanişvilinin “Qaçaq adlanan qəhrəman qadın Maya” (Kutaisi, 1915-ci il) Mir. Xuxunaişvilinin “Maya Tsğneteli - Çar İraklinin rəqibi” romanı (Tbilisi, 1924-cü il)).

Yetimin poemasında isə çoxlu artıq hiperbola və kinosayağı effekt vardır, sərrast ifadələr də vardır, halbuki bütün poema müəllifin kiçik şeirlərinin qazandığı ada layiq deyildir:

“Ləl, zümrüd, firuzəsən,

Dünyanın gözü səndədir,

Adəm bağının milçəyisən,

Gözəllər arasında xaç tuzsan!

 

Mənim ikonam, mənim tanrım!

Sənin şəklin üzərində şam kimi yanım;

Xahiş edirəm, mərhəmət eylə,

Gözəllərin prezidenti!”

Yetim Gürcünün poetik məsafəsi 1895-ci ildən başlayır. Lakin o, öz adının apogeyinə yalnız bu bir neçə il ərzində nail olmuşdur. Bir dəfə Yetim mənə dedi, mənim şeirlərimi beşikdə də oxuyurlar. Yetim haqlı idi. Hazırda Tiflisin aşağı təbəqə əhalisi arasında heç bir şairin şeirləri bu müasir bohemanın mahnıları kimi yayılmamışdır:

“Tanış olmayaydım başdan, yaxşı olardı;

Dəryanın ortasında atdın məni qayıqdan.

Mənim qəlbimi sən yaraladın, paraladın,

Əlini qızdırırsan, odun alovuna atdın!

 

Heç anlamırsan mənim yazı-pozularımı!

Niyə sevirəm səni, nədən soruşmursan?

Hansı ozandan soruşum haqqı-ədaləti,

Kimə şikayətlənim, Rustaveli sağ deyil!”

Yetim Gürcü öz mahnılarında qədim şairlərdən yalnız iki şairi: Rustaveli və Sayat-Novanı xatırlayır:

1. “Matəm bayrağını Sayat-Novanın, almışam əlimə.

     Rustaveli kimi monastırda mən zahid oldum”.

2. “Qonağıq biz bu dünyanın xanasında,

      Bir gün bu dünyadan gedəcəyik;

      Yetim Gürcü dua edir: Aydınlıqda olasan!

      Sən saldın məni Sayat-Novanın gününə”.

 

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU