– Sizi bir az yaxından tanıyaq...


– Mən Anar Rafiqoğlu (Hümbətov) 1992-ci ilin 19 avqust tarixində Rustavi şəhərində dünyaya gəlmişəm. Əslən Bolnisi rayonunun Darvaz kəndindənəm. Uşaqlığımın bir hissəsi Bakı şəhərində keçib. Sonra yenidən Gürcüstana qayıtmışıq. Ali təhsilimi də elə burada, Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetində almışam.


Tbilisi Dövlət Azərbaycan Dram teatrına yolunuz necə düşdü?


– Tamamən təsadüf nəticəsində. O vaxtlar teatrda rejissor olan Namiq Hacıyev bizim ailəvi dostumuzdur. Bir gün bizə qonaq gəlmişdi. Mən onda məktəbli idim. Süfrədə etdiyim müxtəlif parodiyalar, zarafatlar Namiq Hacıyevin diqqətini çəkdi. Mənə gələcəkdə teatrda rol verəcəyini dedi. Bir müddət sonra isə, sağ olsun, məni teatra dəvət etdi. 2010-cu ilin sonlarında teatrda ilk məşqlərimə başladım, 2011-ci ildə Nodar Dumbadzenin “Ağ bayraqlar” tamaşası ilə debüt etdim. Beləcə 2011-dən 2014-ə qədər “Ağ bayraqlar”, “Tülkü, tülkü, tünbəki”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Divarların o üzü” tamaşaları ilə səhnə təcrübəsi yaşadım, müxtəlif festival və qastrollarda da yer aldım.


İlk səhnəyə çıxdığım dövrlərdə 12-ci sinif şagirdi idim. Hərdən məktəbdən icazə alırdım ki, mən teatra gedirəm. Hiss edirdim ki, bəzi müəllimlərim inanmırlar, yəqin düşünürdülər ki, məktəblinin nə işi var Dövlət Dram teatrında. Sonra səhnədə gördükləri zaman qürur duydular, sağ olsunlar. Mənim üçün o illər bir röya kimi idi.


– Bəs sonra?


– Sonra təxminən 3 il Azərbaycan Dram teatrı ilə, demək olar ki, əlaqəm kəsildi. Buna küskünlük də deyə bilərik. Teatr nə zaman aktyor qıtlığı yaşasa, nə vaxt heyətdə çatışmazlıq olsa, ilk ağla mən gəlirdim ki, Anarı çağıraq, o yox deməz. Əlbəttə, yox demirdim, çünki bu mənim teatra olan sevgimdən irəli gəlirdi. Lakin sevgi qarşılıqsız olanda, bir müddət sonra hər kəs öz yolu ilə gedir. Mənim ən böyük arzum o teatrın rəsmi aktyoru olmaq idi. Rəhbərlik isə hər dəfəsində müxtəlif bəhanələr gətirərək, mənim bu arzumu ürəyimdə qoyurdu. O səbəbdən mən də öz yolumu seçdim: “Stand-up komediya!..”


– “Stand-up komediya” ölkəmizdə o qədər də məşhur janr deyil. Hətta azərbaycanlılar arasında bu janrda ilk çıxışı sizin etdiyiniz bilinir. Hardan ağlınıza gəldi belə bir şey?


– Çarəsizlikdən (gülür). İllərlə oturub gözləyə bilməzdim ki, nə vaxtsa Azərbaycan Dram teatrı məni rəsmi olaraq işə götürəcək, ya da ildə bir dəfə hansısa tamaşaya qonaq aktyor kimi dəvət edəcək. Mən prinsipial bir insanam. Ona görə də yoluma baryer qoyaraq məni dayandırmaq qeyri-mümkündür. İstənilən baryeri aşmaq üçün başqa çıxış yolları mümkündür. Səhnəyə çıxmaq istəyirdim. Alqışlara aşiq idim və alqışlarla yaşayırdım. Bunun üçün də səhnədən uzaq qalmamaq naminə başqa, yeni bir mərhələyə keçdim. Düşünürəm ki, uğurlu da alındı. Bu gün aradan illər keçməsinə rəğmən hələ də “stand-up” çıxışlarımda etdiyim zarafatları xatırlayan və israrlı bir şəkildə yenidən bu formatı davam etdirməyimi istəyənlər var. Sevindiricidir, çünki bu, nələrisə doğru etdiyimizi, ən azından edə bildiyimizi göstərir.


– Bəs niyə davam etdirmədiniz?


– Mərhələ, mərhələ, mərhələ... “Stand-up” mənim üçün bir mərhələ idi. Çünki o dövrdə tez-tez səhnəyə çıxmaq istəyirdim. İndi isə başqa öhdəliklərim, fərqli hədəflərim var. Həm də bu işə başladıqdan bir müddət sonra insanların məni tədbirlərdə, cəmiyyətdə “stand up-çı” kimi təqdim etmələri elə də xoşuma gəlmirdi. Düşünün, illərlə mədəniyyət, incəsənət sahəsində təhsil alırsınız, axırda da hər yerdə səni “şoumen” kimi təqdim edirlər. Mən bu etiket üzərimdə yapışıqlı qalmasın deyə davam etmədim. Davam etsəydim, bu gün əminəm, daha çox populyarlığa, hətta pula sahib olardım. Amma onda da adi bir “şoumen” kimi xatirələrdə qalacaqdım.


Tbilisi Azərbaycan Dövlət Dram Teatrı ilə yollarınız yenidən necə birləşdi?


– Teatrda rəhbər dəyişikliyi baş verdi. Xəbər saytları yazdı ki, Azərbaycan teatrına yeni bədii rəhbər təyin olunub. Kimliyini araşdırmağa başladım. Qarşıma mükəmməl nəticələr çıxdı. Varlam Nikoladze... Türkiyədə sözün əsl mənasında yeni bir teatr dalğası yaratmış, “Dokuz Eylül Universitetində” rəhbəri olduğu dram və kino aktyorluğu bölməsində bir çox məşhur aktyorlara dərs demiş və yetişdirmiş birisi. Onların arasında Engin Altan Düzyatan, Rıza Kocaoğlu, Timur Acar, Sarp Apak, Onur Buldu, Uğur Bilgin kimi ulduzlar yer alırdı. Öz-özümə dedim: mən bu adamla mütləq tanış olmalıyam. Azərbaycan teatrına “xeyirli olsun” ziyarətinə getdim. Bir xeyli söhbət etdik. Sonda bir neçə gün sonra baş tutacaq “stand-up” tamaşama dəvətnamə verdim. Açığı desəm, gələcəyini gözləmirdim. Tamaşa günü, başlama saatına 15-20 dəqiqə qalmış telefonuma zəng gəldi ki, mən artıq teatrın qarşısındayam. İçimdə xüsusi bir həyəcan var idi. Həmin günü xoşbəxtlikdən sözün əsl mənasında coşdum. Tamaşa bitdikdən sonra gəlib məni təbrik elədi və dedi ki, ən qısa müddətdə Azərbaycan Teatrına gəl, səninlə söhbətim olacaq. Getdim və mənə dedi ki, sənədlərini hazırla, yeni büdcə təsdiq olunan kimi səni rəsmi aktyor olaraq işə götürəcəm. Həqiqətən də dediyini etdi. Və mən 2017-ci ildə, illərlə arzusunda olduğum, xəyalını qurduğum işə, rəsmən aktyorluq statusuna sahib oldum. Varlam Nikoladze məni sadəcə işə götürməklə qalmadı, eyni zamanda dərhal bir neçə tamaşada önəmli rollar verdi. Jan Koktonun “Fəryad edənin səsi”, Dario Fonun “Azad ailə” tamaşalarında yer aldım. Türkiyənin Adana şəhərində teatr festivalına qatıldıq. Hər şey əla gedirdi ki, “boom!!!” Yenə, yenidən Tbilisi Dövlət Azərbaycan Dram teatrında ənənəvi xaoslar baş verdi. Düzünü desək, mən artıq Azərbaycan Teatrının lənətli olduğunu düşünürəm. Çünki burada işlər nə vaxt yaxşıya doğru getməyə başlasa, anidən 180 dərəcə pisə doğru dəyişir. Hərçənd, ustad Varlam Nikoladzedən hər nə qədər ağız dolusu danışsam da, ədalət naminə deyə bilərəm ki, onun da idarəçiliyinə yönəlik haqlı iradlar var idi və o, bunu heç cür qəbul etmək istəmirdi. Lakin üzülürəm. Varlam Nikoladzenin idarəçiliyində müəyyən nöqsanlar olsa da, o, böyük bir sənətkar, önəmli bir teatr adamı idi. İndi isə Azərbaycan Teatrında nə sənət qalıb, nə də peşəkarlıq. İdarəçilikdən isə bəhs etməyə gərək belə yoxdur. Beş qoyun versən idarə edə bilməyəcək “adam”dan, 100  ildən çox tarixi olan teatrı idarə etməsini gözləyirlər. Daha doğrusu, gözləmirlər, elə onlara da, məncə, belə sərf edir...


– “Era Teatrı”nın yaranması?


– Yuxarıda yazdıqlarımdan kifayət qədər anlaşılmırmı yaranma səbəbi? “Era Teatrı” bir etiraz teatrıdır, alternativ teatrdır, gənclər teatrıdır və ən əsası, xalqın teatrıdır! 8 ildən çoxdur ki, fəaliyyət göstəririk. Və bizə gəlib-gedən gənclərin sayı Tbilisi Azərbaycan Teatrından qat-qat daha çoxdur. Bu 8 il ərzində bizdən ayrılanlar olub, fikir ayrılığı yaşadıqlarımız olub, bizdən inciyənlər, hətta bizim də incidiklərimiz olub, amma bir dəfə görübsünüzmü məsələ hardasa mübahisəyə dönüşsün və xaos, intriqa həddinə çatsın? Çünki biz gələn gənclərə ilk öncə onu deyirik ki, biz bir ailəyik. Bizim teatr binamız, büdcəmiz, geniş avadanlıqlarımız və şəraitimiz olmaya bilər. Bizim fərqimiz və az-az da olsa inkişaf etməmizin ən böyük səbəbi ailə qavramıdır. O ailə qavramı, hansı ki, Tbilisi Dövlət Azərbaycan Dram teatrında yoxdur!


– Aydındır. “Stand up” və dram teatrındakı aktyorluq təcrübəndən danışdın. Bəs rejissorluq? Orada işlər necədir?


– Açığı deyim, mən özümü hələ rejissor olaraq görmürəm. Rejissorluğa namizəd deyə bilərik. Çünki mənə görə, rejissorluğun açarı Vilyam Şekspirdədir. Əgər bir şəxs Şekspirin əsərlərinə quruluş verməyi bacarırsa, bu onun diplomu, möhürüdür ki, o şəxs artıq rejissordur. Mənim isə nisbətən kiçik heyət, məhdud imkanlarla quruluş verdiyim 8 tamaşa olub, hazırda 9-cunun üzərində işləyirəm. Bunlardan 6-sının eyni zamanda müəllifi də özüməm. Lakin yenə də hesab edirəm ki, mən hələ yolun başındayam. Qeyd etdiyim bütün bu nüanslara rəğmən, deyə bilərəm ki, mən rejissorluqda özümü tapdım. Bu işi görməkdən zövq alıram, öyrənmə prosesindəyəm və daima mütaliə edirəm. Önəmli rejissorların kitablarını, məqalələrini, müsahibələrini oxuyuram. Onlardan nümunə götürməyə çalışıram, çünki bir zamanlar onlar da mənim kimi idi...


Sonda nə qeyd etmək istərdiniz?


– Sonda bu fürsəti verdikləri üçün “Yeni yol” qəzetinə, sualları hazırladığım üçün özümə təşəkkür edirəm. Sənət adamları olaraq bizim də nələrisə anlatmağa ehtiyacımız var. Lakin, təəssüf ki, siyasətdən, kriminaldan, şou-biznes xəbərlərindən fürsət tapıb bizə yer vermirlər. Canları sağ olsun...


 

Qeyd edək ki, “Özümlə müsahibə” rubrikasında sual verən də, cavab verən də eyni adam olur. Sualları müsahib özü seçir. Müsahibədə heç bir senzuraya yol verilmir və olduğu kimi dərc edilir.