Elizbar CAVELİDZE
(əvvəli burada)
Oxucu məni elə başa düşməsin ki, aşıq poeziyasının səviyyəsi yuxarıda xatırlanan paralelizm ilə kifayətlənir. Xeyr, o, nisbətən zəngindir, lakin aşıq xalq üçün anlaşılanları və daha çox qavranılanları reallıq və fiziki görüntü mühitindən kənara çıxmamasına cəhd göstərir. Məsələn: “Yarpaq kimi baş bədənnən tökərəm”, “Çay kimi coşmuşam, daha sönmərəm”, “Axır suda sınar suyun səhəngi”, “Dərin-dərin dəryalara dalmışam, heyva kimi saralmışam, solmuşam. Anamdan olan gün peşman olmuşam...” və sair.
Onu da unutmamalıyıq ki, aşıq poeziyası klassik ədəbiyyatın təsirinə məruz qalır və estetik məkanda Orta əsrlərin Yaxın Şərqin poetik aləminə məxsus olan müqayisələr, metaforalar özünü büruzə verir, bu da tamamilə təbiidir və gözləniləndir. Yarın siması tədricən özünü büruzə verir: “Bənzəyir cənnət quşuna” (Bax: “Koroğlu”, səh. 47; “ქოროღლი”, səh. 70-71). Artıq Telli xanımın portreti belə çəkilib:
Bir mina gərdənli, durna boğazlı,
Bir alma yanaqlı, bir şəhla gözlü,
Tutu danışıqlı, qumru ağızlı,
Şirin dili canım aldı, Koroğlu!
Demə ki, Cünunun sözü yalandı,
Huridir, pəridir, nə cürə candır... (Bax: “Koroğlu”, səh. 110; “ქოროღლი”, səh. 145).
İndi Cünun gələndə qarşısına çıxdığı, sevdasının başına saldığı Məhbub xanımın xarici görünüşünü sazda necə oxuduğunu xatırlayaq:
Gözü göyçək, qaşı qələm,
Olmaz belə şirinkəlam,
Çəkər həsrətini aləm,
Məhbub xanım, Məhbub xanım.
Duruşu bənzər tərlana,
Gözəl doğub, gözəl ana,
Töküb tellərin gərdana,
Məhbub xanım, Məhbub xanım.
Dəli könül təlaşında,
Can qovrulu ataşında,
Qırx incə qız var başında,
Məhbub xanım, Məhbub xanım.
Aşıq Cünun çəkər nazı,
Ürək açar xoş avazı,
Rum elində paşa qızı,
Məhbub xanım, Məhbub xanım (Bax: “Koroğlu”, səh. 361; “ქოროღლი”, səh. 384-385).
Yuxarıda gətirilən qoşmanı aşiq-məşuqun bir-birinə qarşı sevgi və məhəbbəti, sadəliyin hüdudlarından kənara çıxmayan aşıq poeziyasının lirik tipik nümunəsi hesab edə bilərik.
Aşıq poeziyasında heç də az olmayaraq xalq müdrikliyi ilmələnib və xalq deyimləri müxtəlif baxımdan ifadə olunub. Məlumdur ki, təhlil olunan epos da bu baxımdan istisna deyil. Bu dəfə də bir neçə nümunənin üzərində dayanacağam: “Əhməd deyir keçmək olmaz, hər bir suyu içmək olmaz” (Bax: “Koroğlu”, səh. 47; “ქოროღლი”, səh. 71), “Təbibsiz xəstə dirilməz” (Bax: “Koroğlu”, səh. 116; “ქოროღლი”, səh. 151), “Mərd igidlər dolu badələr içər, namərd adam dava günündə qaçar, gedər daldalarda pəhləvan olu” (Bax: “Koroğlu”, səh. 121; “ქოროღლი”, səh. 156), “Bircə igid min qoşuna neyləsin” (Bax: “Koroğlu”, səh. 123; “ქოროღლი”, səh. 159), “Bülbül ölsə, gül solacaq” (Bax: “Koroğlu”, səh. 132; “ქოროღლი”, səh. 168), “Şeş atanda beş inildər” (Bax: “Koroğlu”, səh. 175; “ქოროღლი”, səh. 202), “Hansı igidin sonu yoxdu, ocaq sönər, daş inildər” (Bax: “Koroğlu”, səh. 175; “ქოროღლი”, səh. 202). “Söndürən ruzgardı, yandıran qovdu” (Bax: “Koroğlu”, səh. 179; “ქოროღლი”, səh. 207) və sair.
Düşünürəm ki, elə burada obrazlılığı ilə, dünyagörüşü ilə qavradığımız və mənəvi cəsarətliliyi ilə aşıq üçün xarakterik olan qoşmanın bəndlərini gətirsək artıq olmaz:
Dost dostdan aralı gərək,
Qovğaya varalı gərək,
İgidlər yaralı gərək,
Dəmirçioğli, Dəmirçioğlu?! (Bax: “Koroğlu”, səh. 131; “ქოროღლი”, səh. 168).
***
Varlı, kasıb bu dünyadan keçərlər,
Yaxşını, yamanı görüb seçərlər,
Varın olsa gəlib yeyər, içərlər,
Yoxsul olsan qohum, qardaş yad olu (Bax: “Koroğlu”, səh. 117; “ქოროღლი”, səh. 152).
***
Uca-uca dağ başında,
Yaz bir yana, qış bir yana.
Titrəşir ağzım içində
Dil bir yana, diş bir yana.
Hər nə oldu mənə oldu,
Qaynadı paymanam doldu,
Gördün ki, düşman güc gəldi,
Qov bir yana, qaç bir yana.
Koroğlunun yox əlacı,
Misirdən gəlir xəracı.
Çəkəndə misri qılıncı,
Leş bir yana, baş bir yana (Bax: “Koroğlu”, səh. 239; “ქოროღლი”, səh. 262-263).
***
Səfərimdi şəhri Bağdad,
Kimdi mənnən köçən, gəlsin!
Yeddi hoqqa, hazır peşə
Məndən artıq içən gəlsin!
...
Hanı bu bağçanın gülü?
Oxumur şeyda bülbülü,
Koroğlu, üç əsir dəli,
Şirin candan keçən gəlsin! (Bax: “Koroğlu”, səh. 242-243; “ქოროღლი”, səh. 267).
***
Badələr içmişəm, hələ sərxoşam,
Qorx o günümdən ki, qaynayam, coşam,
Tüləklər sındıran bir tərlan quşam,
Sarlar şikarımı ala qoymaram (Bax: “Koroğlu”, səh. 422; “ქოროღლი”, səh. 267).
***
Mən aşiq ləngəridi,
Gəmidi, ləngəridi,
Çox bilib, az danışmaq
İgidin ləngəridi (Bax: “Koroğlu”, səh. 422-423; “ქოროღლი”, səh. 446).
Sonda, fikrimcə, aşıq məhəbbət lirikasının obrazlılığının tipikliyini əks etdirən nümunə olaraq bir qoşmanı gətirəcəyəm:
Başına döndüyüm gül üzlü xanım,
Xanım, hansı bəxtəvərin yarısan?!
Görcək səni yara oldu ciyarım,
Bir de, hansı bəxtəvərin yarısan?!
Siyah saçlar dar gərdənə düzülü,
Qara gözlər xumarlanıb süzülü,
Elə baxma, indi canım üzülü,
Xanım, hansı bəxtəvərin yarısan?!
Koroğlu haq deyib, haqdan dərs alıb,
Tər məmənə külək dəyib hovlanıb,
Qara gözlər şux yanaqdan can alıb,
Yoxsa, ay qız, bala qonmuş arısan?! (Bax: “Koroğlu”, səh. 551; “ქოროღლი”, səh. 574).
Yuxarıda qeyd etdiyim kimi, gətirilən qoşmalar aşıq poeziyasının spesifik əlamətlərinin və xüsusiyyərlərinin daşıyıcısıdır. İndi mənim tədqiqatım zamanı, eləcə də aşıq şeirinin rəngkarlığı ənənəsinin göstəricisi olan, gətirilən başqa ünsürləri də xatırlasaq, onda aydın olar ki, qəhrəmanlıq epopeyasında orda-burda yedəklənən şeirlərin obrazlılığı klassik ədəbiyyatın rəngkarlıq səviyyəsinə nisbətən donuq rənglidir ki, bu da tamamilə təbiidir. İllah da ki, fikrimcə, bu sadəlik və real məişət ilə gözə çarpan yenilik və əlaqə daha məqbuldur, yenə də o dövrün, elə götürək, bugünkü oxucu üçün bəyəniləsidir. Ondan xəbər verir ki, “Koroğlu” eposu bütün Şərq (bu istər Yaxın və Orta olsun) xalqları arasında bir növ populyardır, bunu da haqsızlığa və zorakılığa qarşı kəskin şəkildə əks olunan mübarizə ideyası və əhval-ruhiyyəsi, eləcə də onun sadə və real yazı üsulu, estetik “sadə”sinin kateqoriyasına uyğun gəlir. Və ən başlıcası, bu təhlil olunan əsərin estetik-emosiya məkanını nəinki tanıyır, eləcə də zənginləşdirir. Eyni zamanda o fakt da diqqətə layiqdir ki, eposda estetik-əxlaqi inanc önə çəkilibdir ki, buna da uyğun olaraq igidin dolğunluğu yalnız onun fiziki qüvvəsi ilə və yüksək döyüş məharəti ilə deyil, eləcə də onun mənəvi dərinliyi ilə, zənginliyi ilə müəyyən olunur. Başqa cür desək, o fiziki qüvvə və döyüş sənətinin məharəti ilə birlikdə poetik, musiqi və ifaçı istedadına, sənətinə malikdir. Bu isə ən qədim həqiqətdən başqa heç nə deyildir: İnsanın mükəmməlliyi ruh və bədənin harmonik əlaqəsidir. Əks halda, biz faciəvi nəticə əldə edirik. Çünki mənəviyyatı və mənəvi cəsarətliliyi əskik olan, yalnız fiziki cəhətdən güclü insan səfeh, axmaq və biçimsizdir. Məhz elə onu Tanrının ali obrazına çevirən qüvvə müqəddəs, parlaq və yüksəlmiş mənəviyyatdır.
Elə burada birini də vurğulamalıyam ki, aşığın qoşqusu və repertuarı əsasən və başlıca olaraq mahnı üçün yaradılmışdır, buna da uyğun olaraq qoşqunun mətni bədii obrazları az əhatə edir. Əvəzində mətnin avazlılığına, evfonik səviyyəsinə, ritm və ritmik sxemə daha artıq diqqət yetirilir ki, bu da eposun poetik strukturunu mükəmmələşdirir. Fikrimcə, bu əsas səbəblərdən biridir ki, təhil olunan eposda nəzmə nisbətən nəsr mətni poetikliyinə nisbətən bədii və obrazlılıq səviyyəsi ilə daha dolğundur. Lakin unutmamalıyıq ki, bu qəhrəmanlıq eposu nəinki nəsrə və nəzmə bölünür, eləcə də bir bütöv bədii əsəri, böyük kətanı təşkil edir, bu da rəngkarlıq çalarları ilə və musiqi notları ilə bizə estetik təsir axınını verir. Belə ki, bunu da sənətin ali nümunəsi kimi hesab etməliyik! Qəhrəmanlıq eposu “Koroğlu” barədə qavrayışım, məhz elə bu inanc ilə hopulmuş və dəyərləndirilmişdir!
(son)
Gürcü dilindən tərcümə edən:
Mirzə Məmmədoğlu