Universitet dünyanın bütün ölkələri üçün sadəcə diplom verən müəssisə deyil, dövlətçilik, mədəniyyət, intellektual müstəqillik simvoludur və güman ki, Gürcüstan üçün də belədir. Bu isə tarixi yaddaş fonunda ali təhsil sahəsində atılan hər yeni addımda istər-istəməz daha yüksək gözlənti və daha ciddi məsuliyyət yaradır. Çünki universitet siyasətin yox, gələcəyin institutudur. O, yalnız kadr hazırlamır, həm də cəmiyyətin düşüncə sərhədlərini müəyyənləşdirir, dəyərlər sistemini formalaşdırır və intellektual istiqamətini təyin edir. Məhz buna görə də ali təhsil sahəsində aparılan hər struktur dəyişikliyi texniki idarəetmə qərarı kimi deyil, strateji seçim kimi qiymətləndirilməlidir. Universitetlərin necə maliyyələşdirilməsi, hansı ixtisasların prioritet sayılması, qəbul siyasətinin hansı prinsiplərlə qurulması və s. – bütün bunlar dövlətin gələcək modeli haqqında dolayı, amma aydın mesaj verir. Bu mesajı daha yaxşı anlamaq üçün və dəyərləndirmək üçünsə statistikaya, qəbul planlarına, tətbiq olunan inzibati mexanizmlərə və yeni təhsil islahatına diqqətlə baxmaq kifayətdir.

 

Gürcüstanın Baş nazirinin son qərarına əsasən isə, 2026–2027-ci tədris ili, yəni cari il üçün qəbul yerlərinin sayı 21300 olaraq müəyyən edilib. Məhz bu kontekstdə yeni tədris ili üçün qəbul yerlərinin sayının bu qədər müəyyən edilməsi, fakültələrin “Bir şəhər – bir fakültə” prinsipi əsasında bölüşdürülməsi və hökumətin dövlət universitetlərində proqram kvotalarını birbaşa təsdiqləməsi ciddi müzakirə doğurur. Rəqəmlərə baxanda ilk baxışda texniki optimallaşdırma təsiri bağışlayır. Lakin məsələ təkcə statistika deyil, bu qərar ali təhsil fəlsəfəsinin dəyişməsi deməkdir. Çünki keçən ilin statistik göstəricilərinə nəzər saldıqda görürük ki, 2025-ci ildə Gürcüstan üzrə ali təhsil müəssisələrinə 31704 abituriyent qəbul olunub. Onlardan 21538 nəfəri dövlət universitetlərinə daxil olub. Halbuki 2026-2027-ci il üçün dövlət ali təhsil müəssisələrində qəbul yerlərinin sayı 21300 olaraq müəyyən edilib. Üstəlik, əvvəlki il dövlət universitetlərində elan olunmuş yerlərin doluluq səviyyəsi 79 % təşkil edirmiş. Bu o deməkdir ki, real qəbul rəqəmi elan olunan kvotadan da aşağı ola bilər. Burada paradoks yaranır ki, bir tərəfdən hökumət qəbul kontingentinin “təxminən 2000 nəfər artırıldığını” bildirir, digər tərəfdən ümumi yerlərin ötən ilin faktiki qəbulundan az olduğu görünür. Ali təhsil islahatı doğrudan da riyaziyyat dərsləri ilə başlamalı idi desək yanılmış olmarıq, çünki bu məsələ orta məktəbdə “ata və oğulun yaş məsələsinə” oxşayır. Bu tutuşmazlıq ya statistik manipulyasiya, ya da planlaşdırma ilə bağlı ciddi uyğunsuzluq deməkdir.

 

Əgər təhsil islahatına yenidən nəzər salmalı olsaq görərik ki, hökumətin əsas arqumentlərindən biri ali təhsilin həddindən artıq coğrafi mərkəzləşməsi idi. Tələbələrin 85 faizindən çoxunun Tbilisidə təhsil alması regionların boşalmasına, daxili miqrasiya və paytaxtın yüklənməsinə səbəb olan problem kimi göstərilmişdi. Bundan irəli gələrək “Bir şəhər – bir fakültə” prinsipi üzrə universitetlərdə fakültələri azaltmağa başlayıblar. İndi insanda sual yaranır: bu məqsədə inzibati kvotalarla və fakültələrin məcburi bölgüsü ilə nail olmaq mümkündürmü? Məsələn, İlia Dövlət Universitetinə yalnız pedaqogika proqramları və ABET akkreditasiyalı STEM ixtisasları üzrə qəbul elan etmək icazəsinin verilməsi, digər proqramların faktiki qadağan edilməsi nə dərəcədə akademik əsaslara söykənir? Əgər müəyyən sahələr üzrə yalnız bir dövlət universiteti fəaliyyət göstərəcəksə, bu, faktiki olaraq monopoliyaya yaxın model yaradır. Monopoliya isə təhsildə ən təhlükəli mexanizmlərdən biridir. Bu mexanizmdə keyfiyyətin azalması, alternativ baxışların zəifləməsi və intellektual durğunluq riski artır. Həmçinin eyni şəhərdə bir neçə dövlət universitetində eyni ixtisasların paralel mövcudluğu maliyyə və kadr resurslarının parçalanmasına səbəb olur. Bu arqument rasional səslənir. Lakin rəqabətin ləğvi keyfiyyətin avtomatik artımı demək deyil. Əksinə, rəqabət mühiti çox vaxt innovasiya və akademik dinamikanın əsas şərtidir.

 

Bu haqda İlia Universitetinin rektoru Nino Doborcqinidze və kansler Ketevan Daraxvelidze çıxış ediblər. Onların reaksiyası hər nə qədər emosional olsa da, tamamilə əsassız deyil. Onların vurğuladığı əsas məqam universitet muxtariyyətinin pozulmasıdır və bunda haqlıdırlar. Əgər dövlət universitetlərin hansı proqram üzrə tələbə qəbul edəcəyini detallı şəkildə müəyyən edirsə, bu, institusional muxtariyyət anlayışını formal hala gətirir.

 

Bu günlərdə İlia Universitetində tələbələr etiraz aksiyası elan edib və bəzi fəallar inzibati həbsə məruz qalıblar. Bu cür qarşıdurmalar və etiraz aksiyaları məsələni daha da siyasiləşdirir. Lakin məsələyə digər tərəfdən baxdıqda tələbələrin narahatlığını anlamaq çətin deyil. Onlar yalnız üç şey istəyirlər:  şəffaflıq, seçim azadlığı və akademik azadlığın qorunması. Onlar istəyirlər ki, qəbul qaydaları və proqramların ixtisarı barədə qərarlar açıq və əsaslandırılmış olsun, yalnız inzibati qərarlarla qəbul edilməsin. Tələbələr həmçinin universitetin ənənəvi və uğurlu proqramlarının qorunmasını tələb edirlər, çünki bu proqramlar onların gələcək karyera imkanlarına birbaşa təsir edir. Onların etirazı göstərir ki, yalnız paytaxt universitetlərinin inzibati maraqları ilə deyil, həm də tələbələrin ehtiyacları və seçimi nəzərə alınmalıdır. Tələbələr həmçinin universitetin muxtariyyətinə hörmət olunmasını istəyirlər. Sadəcə desək, tələbələr istəyirlər ki, ali təhsil sistemində qərarlar təkcə idarəetmə tərəfindən deyil, həm də universitet icması və ictimaiyyətin baxışı nəzərə alınaraq qəbul edilsin. Onlar etiraz edərək göstərir ki, islahatın legitimliyi yalnız rəsmi sənədlərlə deyil, həm də tələbələrin iştirakı və ictimai dəstək ilə təmin edilir. Universitet yalnız əmək bazarı üçün kadr hazırlayan zavod deyil. O, tənqidi düşüncə, vətəndaş mövqeyi və elmi yaradıcılıq formalaşdıran mühitdir və hər zaman ictimai debatın məkanı olub. Əgər ali təhsil islahatı geniş ictimai və akademik müzakirə olmadan həyata keçirilirsə və etirazlar inzibati tədbirlərlə müşayiət olunursa, bu, islahatın legitimliyinə kölgə salır.

 

Şəxsən mənim mövqeyim birmənalı deyil. Mən ali təhsil sistemində islahatın zəruri olduğuna inanıram. Gürcüstanda universitetlərin keyfiyyəti arasında ciddi fərqlər mövcuddur, resurslar optimal istifadə olunmur, tədqiqat və tədris arasında əlaqə zəifdir. Lakin islahatın istiqaməti və üsulu ən azı məqsədi qədər vacibdir. Əgər islahat akademik ictimaiyyətlə dialoq olmadan, əsasən inzibati qərarlarla həyata keçirilirsə, bu, struktur problemləri həll etməklə yanaşı, yeni problemlər də yarada bilər. Universitet muxtariyyəti formal anlayışa çevrilərsə, uzunmüddətli perspektivdə elmi mühit zəifləyə bilər. Ən böyük risk isə gənclərin gözləntiləri ilə bağlıdır. 31 mindən çox abituriyentin ali təhsilə daxil olduğu bir ölkədə qəbul yerlərinin azalması, proqramların məhdudlaşdırılması və qeyri-müəyyənlik atmosferi gənclərdə alternativ axtarış meyillərini gücləndirə bilər. Bu alternativ isə çox vaxt xaric olur. Əgər ali təhsil islahatı nəticəsində regionlar güclənər, keyfiyyət yüksələr və əmək bazarı ilə real əlaqə qurularsa, bu, tarixi fürsət ola bilər. Lakin əgər nəticə rəqabətin azalması, muxtariyyətin zəifləməsi və siyasi təsirin artması olarsa, Qafqazda ilk universiteti açmış ölkə öz ən güclü ənənəsi olan akademik azadlıq və intellektual plüralizm ruhuna zərbə vurmuş olar.

 

Sonda isə onu deyə bilərəm ki, ali təhsil siyasəti rəqəmlərlə ölçülür, amma nəticələri insan talelərində görünür. Bu gün qəbul kvotaları haqqında verilən qərarlar sabahın müəllimlərini, mühəndislərini, alimlərini və vətəndaşlarını formalaşdıracaq. İslahatın uğuru yalnız inzibati effektivliklə deyil, universitet auditoriyalarında qorunan azad fikir və sağlam rəqabətlə ölçüləcək. Əks halda, biz struktur dəyişikliyi adı altında sistemin ruhunu itirə bilərik.

 

Çiyalə Osmanova