Gündəmi çalxalayan yeni bir xəbər var və bu dəfə məsələ nə pandemiyadır, nə müharibə, nə qəza, nə də təbii fəlakət, bu, insanın insana qarşı nə qədər qəddar ola bildiyini açıq şəkildə göstərən bir mövzudur. Elə bir mövzudur ki, oxuduqca adamın ürəyi bulanır, qəlbində bir yanğı yaranır və bu yanğını necə, nə ilə söndürəcəyini bilmirsən, çünki burada dağılan yollar, evlər və ya şəhərlər deyil, dağılan bir anlayışdır – insanlıq anlayışı.

 

Bu xəbər qorxulu olduğu üçün deyil, iyrəndirici olduğu üçün ağırdır. Çünki söhbət ən zəif, ən müdafiəsiz olanlardan gedir – uşaqlardan. Onlar bu dünyanın ən məsum varlıqlarıdır və məhz buna görə də baş verənlər insanın boğazında düyün olub qalır. Uşaqlar bu dünyaya gələndə onların heç bir planı olmur, nə pislikdən xəbərləri var, nə də böyüklərin içində gizlətdiyi qaranlıqdan, onlar sadəcə inanırlar və bu inam bəlkə də insan həyatında olan ən kövrək, eyni zamanda ən dəyərli hissdir.

 

Epşteyn adı ilk dəfə gündəmə gələndə bu adın arxasında bu qədər qaranlıq olacağını düşünməmişdim. Oxuduqca, dinlədikcə insanın lap damarda axan qanı donur. Bir anlıq təsəvvür et: səni qoruyacağını düşündüyün dünya, əslində, səni satır.

 

Bu hadisəni fərqli edən odur ki, onun arxasında nə xaos, nə aclıq, nə də fövqəladə vəziyyət dayanır. Burada rolları güc, pul və susdurulmuş vicdanlar oynayır. Epşteyn ətrafında açılan bu qaranlıq pərdə bir nəfərin adı ilə məhdudlaşmır, əksinə, uzun illər boyu görüb susan, bilib göz yuman, toxunulmazlıq yaradan bir sistemin varlığını üzə çıxarır.

 

Ən ağrılı tərəfi isə uşaqların bu hekayədə sadəcə səssiz fiqurlar olmasıdır. Dilsiz-ağızsız günahsız körpələr, onlar başlarına gələnləri qəzet başlığına çevirə bilmirlər, kameraların qarşısında danışa bilmirlər, hüquqi terminlərlə öz ağrılarını ifadə edə bilmirlər. Onlar sadəcə susurlar. Amma bu susqunluq heç də sakitlik demək deyil. Bu, qorxunun ən dərin formasıdır. Və çox vaxt böyüklər bu sükutu rahatlıqla görməzdən gəlirlər.

 

Cəmiyyət olaraq ən böyük səhvlərimizdən biri də budur: uşaq susanda hər şeyin qaydasında olduğunu düşünürük. Halbuki uşaq susursa orada artıq çox gecikmiş bir problem var. Çünki uşaqlar başlarına gələn zülmü unutmur, sadəcə onunla böyüməyi öyrənirlər. Bədən böyüyür, illər keçir, amma içəridə qırılmış bir yer qalır və bu qırıq çox vaxt insanın bütün həyatına yayılır.

 

Bu cür xəbərlər ortaya çıxanda bir anlıq sarsılırıq, “dəhşətdir” deyirik, amma bir müddət sonra həyat yenidən öz axarına qayıdır. Halbuki həmin hadisəni yaşayanlar üçün heç nə əvvəlki kimi olmur. Onlar üçün dünya artıq təhlükəsiz yer olmur. Və ən acısı da budur ki, bu vəziyyət çox vaxt təkcə onların problemi kimi qəbul edilir.

 

Bu məsələ tək bir ölkənin, tək bir sistemin, tək bir adın problemi deyil. Bu, bütün dünyanın problemidir. Çünki uşağa edilən hər bir zülm, harada baş verməsindən asılı olmayaraq, insanlığın ortaq məğlubiyyətidir. Əgər bir cəmiyyət uşaqları qoruya bilmirsə, o cəmiyyət nə qədər inkişafdan, dəyərlərdən, hüquqlardan danışsa da içi boş sözlərdən o yana keçmir.

 

Bu mövzunu ağır edən təkcə hadisənin özü deyil, həm də onun bizə tutduğu güzgüdür. O güzgü ki, biz  onda özümüzü görürük – nə qədər tez unutduğumuzu, nə qədər rahat susduğumuzu, nə qədər tez “mənlik deyil” deyib kənara çəkildiyimizi. Halbuki susmaq da bir mövqedir və çox vaxt şərin ən güclü dayağı məhz bu mövqedir.

 

Uşaqları qorumaq məsuliyyətdir. Bu, qanunların kağız üzərində qalması ilə yox, işləməsi ilə mümkündür. Bu, adların, vəzifələrin, əlaqələrin arxasında gizlənən toxunulmazlığın dağıdılması ilə mümkündür. Əks halda, bu cür hadisələrin başlığı dəyişsə də, mövzuları dəyişməyəcək.

 

Bu yazılar rahat oxunsun deyə yazılmır. Bu yazılar oxuyanı narahat etsin deyə yazılır. Çünki bəzən narahat olmaq lazımdır. Bəzən vicdanın yanması lazımdır. Uşaqlar qorxarkən bizim rahat olmağımız normal deyil.

 

Əgər bu xəbərlər bizdə hələ də qəzəb, utanc və məsuliyyət hissi yaradırsa, deməli, hər şey tam itirilməyib. Amma əgər bir gün bunları oxuyub laqeyd qala bilsək, onda artıq problem təkcə xəbərlərdə yox, bizdə olacaq.

 

Bu cür hadisələr insanı istər-istəməz düşündürür, necə olur ki, bir uşağın qorxusu bu qədər adamın gözündən yayınır, necə olur ki, böyüklərin rahatlığı, mövqeyi və ya maraqları bir uşağın təhlükəsizliyindən daha önəmli ola bilir, axı necə?!

 

Aytən Fətullayeva