Təxminən 7-8 yaşlarımda idim. Rəhmətlik nənəm bazardan gəlmişdi. Tez qalxıb yanına qaçdım ki, baxım nənəm bizə nə alıb. Yazıq arvad köksünü ötürüb – “Nənən sənə qurban olsun, seçkilərə görə caamat qarışmışdı bir-birinə, heç nə ala bilmədim” – dedi. İlk dəfə seçki sözünü o zaman eşitmişdim. Bu termin mənə gündəlik istifadə edilən adi sözlərdən biri kimi gəlmişdi, amma cavabını tapa bilmədiyim suallarım var idi. Bu seçki nə olan şey idi ki, caamatı belə əl-ayağa salırdı? Başladım araşdırmağa; evdə, küçədə, məktəbdə, xəbərlərdə və s. – harada seçkidən danışılsa qulaq asmağa, sual vermə imkanı tapanda suallar verməyə. Seçki nədir? Orada nə edirlər? Səs necə verilir? Səsinizimi yazırlar?..
Həmin ərəfələrdə sorğu keçirilirdi. Qapımızı əllərində kağız-qələm olan gənc qızla oğlan döydü. Evdəkilərə sual verdilər ki, ailədə neçə nəfərsiniz və kimə səs verəcəksiniz? Elə yadımdadır, yanlarına gedib “mənim də səsim var, olar mən də səs verim” dedim. Gülümsəyib “sən hələ balacasan, 18 yaşın olsun, əlbəttə, səs verə bilərsən, səs verərək ölkə başcısını seçirlər” dedilər. Artıq başa düşmüşdüm ki, seçki prosesi bir şəxsin və ya qrupun seçilməsi prosesi deməkdir. O gündən sonra hər il daha çox şey öyrənməyə başladım. Beləcə, xəbərlərə, qəzetlərə, aparılan sorğulara həvəsim oyandı. Araşdırdıqca siyasətin necə qarışıq, hər adamın ağlının almayacağı bir şey olduğunu dərk etdim. Əsas məsələ demokratik ölkədə yaşadığımızı zənn etdiyimi öyrəndim. Səslərin xalqın yox, pulların olduğunu öyrəndim, 15-20 lariyə səslərin satıla biləcəyinin mümkün olduğunu, seçkilərin nəticələrinin xalqı yox, kresloları sevindirdiyini öyrəndim...
Hər sual veriləndə ki, kimə səs verəcəksiniz, qarşılığında “əşi, fərqi nədir, kim olur olsun, təki pul versinlər” sözü qədər canımı yandıran heç nə olmadı. Danışılanları eşitdikcə bilmirsən güləsən, ya ağlayasan. Biri deyir “Rusiya sərhəddə durur, 41 qələbə qazanmasa dava qalxacaq”, o biri deyir “5 qazansa urus dağı-kəsəyi başımıza yağdıracaq”, biri deyir “41 qazansa Avropanı bağlayacaq, digəri ona qarşı çıxır ki, neynirsən Avropanı, gedib ursetdə işləyərsən”... Ay nə bilim un, şam, makaron ehtiyatı görənə bax, qurbanlar deyənə bax. Kresloda oturanlar heç bu qədər mübahisə aparmır, nəinki bazardakı xalalar, çayxanadakı əmilər, dayılar. Ağızdan-ağıza dolaşan mənbəyi bəlli olmayan xəbərlərə görə seçimlərini yanlış edən yüzlərlə insan oldu. Seçki günü maşınlar küçədə yoldan qızıl toplayırmış kimi insanları toplayıb, səs verməyə aparırdılar. “Mənim səsimlə nə dəyişəsidir” deyib, ovucuna 15-20 lari qoyublar deyə barmaqla göstərilən rəqəmi işarələdilər. Bu gün pulu düşünüb səslərini satanlar sabahı, övladlarının gələcəyini hesablamadılar...
Qanuna görə, Gürcüstanda seçki prosesi müstəqil seçki komissiyaları tərəfindən idarə olunur. Seçkilərin ədalətli və şəffaf keçirilməsini təmin etmək üçün beynəlxalq müşahidəçilər də iştirak etməlidir. Sağ olsunlar, Mərkəzi Seçki Komissiyasının üzvləri heç kimi əziyyətə salmadılar. Xalqın əvəzinə hər şeyi etdilər, bülletendə yazılanı başa düşməyən hər kəsə lazımi qrafanı gösdərdilər ki, buranı rəngləyin. Seçki məntəqələrində hakim partiyaya işləyənlərin qohumları da otururdular. Aydındır ki, qohumu qələbə qazansa ona da vəzifə verəcək, buna görə də kimsə nəyisə başa düşməyəndə yaxınlaşıb kabinədə barmaqla haranı rəngləmək lazım olduğunu göstərirdi. Bu, bir məntəqədə sadəcə mənim gördüyüm qanun pozuntusu idi. Düşünün 3111 məntəqədən neçəsində bu və bunun kimi hallar oldu. Bir sözlə, Gürcüstanda saxtakarlıqla, azad seçim haqqı olmadan seçkilər keçirildi. Utanc verici hadisə odur ki, ən çox qarmaqarışıqlıq biz azərbaycanlıların, etnik azlıqların yaşadığı ərazilərdə baş verdi. İndi də “hər şey tatarlara görə oldu” kimi alçaldıcı sözlərə məruz qalırıq. Elə də doğma Vətənimizdə bizlərə ögey baxırdılar. İndi lap görəsi gözləri yoxdur.
Bir neçə gündür universitetdə azərbaycanlı tələbələrin toplaşıb danışdıqlarını görən gürcü tələbələrin öz aralarındakı söhbətlərini eşitməmək üçün qulaqlarımı bağlamaq istəyirəm. Amma əlimdən heç nə gəlmir...
Dayanıqlı inkişaf yolunu seçən dövlətlər və xalqlar üçün demokratiya ən vacib alətlərdən biridir. Demokratik sistemin mövcudluğu və inkişafı isə azad, şəffaf, ədalətli və xalqın iradəsini ifadə edən seçkilər olmadan mümkün deyil!
Aytən FƏTULLAYEVA