Biz tərəflərdə tərəvəzlərdən xiyar çox əkilib-becərildiyindən, onun növlərini, saxlanmasını və istifadəsini hamı yaxşı bilir. Biz tərəflərdə xiyarın yetişməsi üçün torpaqlar da münbitdir. Xiyarı tərəvəz kimi qeyd etməyim onu alma, armud, portağal, banan və sair meyvələrlə bir qabda süfrəyə meyvə kimi qoyanların gözündən, qulağından iraq. İraq deyəndə ki, şahidlərin dediyinə görə, İranda xiyar süfrəyə meyvə kimi qoyulur.

 

Əlbəttə, istər İran olsun, istər Turan, xiyarı istər meyvə kimi, istərsə də tərəvəz kimi, lap elə giləmeyvə kimi istifadə etmək hərənin öz işidir və onun meyvə və ya tərəvəz olmağı xiyarlığına heç bir təsir etmir. Etsə də, bu, xiyarın sadəcə təyinatı ilə bağlı olur, məsələn, kimsə xiyarı gözəl bir vazda, meyvələrin arasında qonaqlar üçün bəzədilmiş süfrəyə qoya bilər, kimsə salata doğrayıb qoya bilər, kimsə aclığını yatırtmaq üçün milli “fəstfud” kimi pendir-çörəklə xartıldadaraq əlindəcə yeyə bilər, kimsə dərisini gözəlləşdirmək üçün üz maskası kimi də istifadə edə bilər və sair, və ilaxır.

 

Əslində, gündəmdə qalmaq üçün mən də seçkilərdən yazmaq istəyirdim. Xiyarın bu yazıya haradan, necə gəlib girdiyini izah edə bilmirəm... yəqin xiyarın qiymətinin bahalaşmasının səbəb və nəticəsidir. Nə isə...

 

“Roma xiyarı” ifadəsini çoxunuzun eşitdiyinə inanmıram düzü, elə mən də bu yaxınlarda eşitdim və ifadəni “raskrutka” etmək qərarına gəldim.

 

Deməli, bu ifadə nəyinsə həddindən artıq və mənasız yerə şişirdildiyini bildirir. İfadəni ilk dəfə təmsil ustası İ.A.Krılov “Yalançı” adlı təmsilində işlətmişdir və sonradan danışıq dilinə keçərək yayılmışdır. Təmsildə uzaq səfərdən qayıdan zadəgan olduğu ölkə haqqında şişirdərək və lovğalanaraq danışır. O, xeyli yalanlar uydurur, Romada dağ boyda xiyar gördüyünü deyir. O zamandan bir şeyi şişirdərək danışanlar haqqında “Roma xiyarından danışır” ifadəsi işlədilməyə başlayır. Onu da deyim ki, xiyar Roma xiyarı olsa da, rus torpağında yetişdirilərək ixrac edilib. Bazarlı olsun!

 

Keçək öz torpağımızın yetişdirdiyi xiyara (nəzərə alsaq ki, bir neçə növü var, o zaman cəm şəkilçisi artıraraq xiyarlara yazmalıyam). Yuxarıdakı abzasdan da bəlli olur ki, “Roma xiyarı” şişirdilmiş olur, bizdə buna toxumluq xiyar deyilir: böyüyür, şişir, saralır və çürüyür, sonra da toxumu tutulur. Toxumluq xiyar bəzən qovun boyda olsa da yeyilmir. Sən onu nə qədər istəyirsən bəslə, kübrələ, gecə-gündüz qulluq elə, şişirt, təriflə, lap şəninə şeir qoş, mahnı bəstələ, şəklini çəkib hər yerə yapışdır, kənd-kənd, şəhər-şəhər gəzdir, televiziya verilişlərinə çıxart... xeyiri yoxdur, yeyilmir ki, yeyilmir.

 

Adama deyərlər, camaat halal zəhməti ilə, borc-xərclə, yuxusuz qalaraq, istixanalarda gecələyərək əkib-becərdiyi təzə-tər xiyarını sata bilmir, sən də şişirdilmiş xiyarı sırımağa çalışırsan. “Roma xiyarı” ifadəsindən xəbərimiz olmasa da, “yerli xiyar” ifadəsindən ki, xəbərimiz var. “Hamı yerli mal alsın, xeyri vətənə qalsın” reklamını da eşitmişik.

 

Xiyar mövsümü isə bitmək üzrədir. İnsan hər şeyin qədrini yox olanda, bitəndə, tükənəndə bilir. Birazdan öz təbii xiyarlarımıza “bahadır” deyənlər, xaricdən gələn geni dəyişdirilmiş xiyarlara üç qat artıq pul verib alacaqlar.

 

Əlbəttə, kimin necə xiyar alması öz şəxsi işidir. Axı romalı olmasaq da, romalılar kimi seçim etmək hüququmuzu beynəlxalq təşkilatlar da tanıyır. Kiminsə geni dəyişdirilmiş, şişirdilmiş “Roma xiyarı” xoşuna gələ bilər, kiminsə də təbii, yerli xiyar. “Xiyar-xiyardır” deyib xiyarın heç bir növü arasında fərq qoymadan turşu xiyarından tutmuş tikanlı, acı xiyara qədər həzmi-rabedən keçirənlər də az deyil. Xiyar turşusunun insan orqanizminə ziyanlı olduğu və acı xiyarın faydalı olduğu haqqında da çox eşitmişik.

 

Xülasə, qızıldan qiymətli vaxtınızı alıb “Roma xiyarından danışmaq” istəmirəm. Bu seçkiqabağı “Roma xiyarı” bizə çoxmu lazımdır axı?..

 

Azər MUSAOĞLU