Ramazan ayı müsəlman cəmiyyətində birlik, paylaşma və mənəvi yaxınlaşma ayı kimi qəbul olunur. Bu ayda ən çox diqqət çəkən ənənələrdən biri də iftar süfrələridir. Məscidlərdə, ictimai məkanlarda, evlərdə və müxtəlif təşkilatların təşəbbüsü ilə iftar süfrələri açılır, insanlar bir araya gələrək oruclarını birlikdə açırlar. Bu barədə xəbərlər də paylaşılır. Lakin bəzən bu mövzuda müəyyən yanlış düşüncələrlə də qarşılaşmaq mümkündür. Bunu da əsasən paylaşılan xəbərlərə yazılan rəylərdə görmək mümkündür. Mövzu haqqında anlayışı olmayan insanlar özlərini yardımsevər kimi göstərməyə çalışaraq nəsə demək istəyirlər, ancaq anlamırlar ki, bu rəy onun özünün məlumatsızlığını ifşa edir.
Bəzi insanlar belə hesab edirlər ki, iftar süfrələri yalnız kasıblar və ehtiyac içində olan insanlar üçün təşkil olunmalıdır. Əlbəttə, ehtiyac sahiblərinə yardım etmək, onları sevindirmək Ramazan ayının ruhuna tam uyğun olan çox gözəl və savab bir əməldir. İmkanı olan insanların kasıbları düşünməsi, onların süfrəsinə sevinc qatması islamın təşviq etdiyi yüksək mənəvi dəyərlərdəndir. Bir çox şəxslər və ya qurumlar tərəfindən də bu cür xeyriyyə işləri həyata keçirilir.
Lakin iftarın mahiyyəti təkcə bununla məhdudlaşmır. İslam ənənəsinə görə, iftar süfrəsi ilk növbədə oruc tutan insanlara aiddir. Bunun səbəbi isə həzrət Peyğəmbərin –“Kim bir orucluya iftar verərsə, o da oruclu şəxs qədər savab qazanar. Oruclunun savabından da heç bir şey əskilməz” (Tirmizi, Savm 82) – hədisi-şərifidir. Oruclu insanın kimliyi – kasıb və ya imkanlı olması – burada əsas meyar deyil. Əsas olan onun oruc tutmasıdır. Çünki iftar gün boyu Allah rizası üçün aclıq və susuzluğa səbir edən möminlərin və müsəlmanların birlikdə süfrə başına toplaşaraq oruclarını açmasıdır.
Peyğəmbərimizin (s.ə.s.) yuxarıda vurğuladığımız hədisi kimi, bir çox digər hədislərində də orucluya iftar verən şəxsin böyük savab qazandığı bildirilir. Bu savab isə iftar verdiyin insanın maddi vəziyyətindən asılı deyil. Əsas olan oruclu bir insanın iftar etməsinə səbəb olmaq, onun sevincinə şərik olmaqdır. Bu baxımdan iftar süfrəsi həm ibadətin paylaşılması, həm də qardaşlıq və ünsiyyət mühitinin formalaşması deməkdir.
Ramazan ayının gözəlliklərindən biri də məhz insanların eyni süfrə ətrafında toplaşması, bir-birinə yaxınlaşmasıdır. İftar süfrələri təkcə yemək paylaşmaq deyil, həm də könüllərin yaxınlaşması, insanların bir-birinə dua etməsi, mənəvi bağların güclənməsi üçün bir vasitədir.
Bu səbəbdən iftar süfrələrinə yalnız sosial yardım prizmasından baxmaq doğru olmaz. Ramazan ayı həm də ümmət şüurunun, birlik və həmrəyliyin gücləndiyi bir zamandır. Oruclu insanlar – istər kasıb, istərsə də imkanlı – eyni süfrədə oturaraq bu mənəvi ab-havanı birlikdə yaşayırlar.
Əlbəttə ki, ehtiyac sahiblərini unutmaq olmaz. Əksinə, Ramazan ayı onları xatırlamaq üçün ən münasib zamanlardan biridir. Lakin bununla yanaşı, iftarın əsas mahiyyətini də düzgün anlamaq lazımdır: iftar, Allah rizası üçün oruc tutan insanların sevincini paylaşmaq və bu ibadətin bərəkətini birlikdə yaşamaqdır.
İftar süfrələrinin əsl gözəlliyi də məhz bundadır.
Hacı Bəkiroğlu