İnsan üçün müqəddəs olan dəyərlərdən biri də vətəndir. Ancaq təəssüfvericidir ki, bəzən bizim üçün müqəddəs olan vətən məfhumunun mahiyyətini tam dərk etmirik. Aramızda belə bir inanc yayılıb: “Harada doğulmusansa, ora sənin vətənindir”. Lakin həqiqətdə belə deyil. Ümumiyyətlə, vətən mücərrəd anlayışdır, təfəkkürə, hissiyata, xarakterə görə dəyişə bilər. İnsana konkret bir məkan işarələyib, doğulduğu yerin onun vətəni olduğunu təsdiqləmək doğru deyil. Vətən məfhumunun konkret sərhədi olmur. İnsanın özünə doğma bildiyi, özünü rahat hesab etdiyi, milli dəyərlərinin yayıldığı, ana dilinin danışıldığı və s. hər yer onun vətəni ola bilər. Deyə bilərik ki, insan özünü harada xoşbəxt hiss edirsə, ora onun vətənidir.
Gürcüstan azərbaycanlıları arasında da vətən anlayışı problemlidir. Bəzi qüvvələr Azərbaycan türkləri arasında milli, mədəni, coğrafi diferensiasiya yaratmaq məqsədi ilə beynimizə yeritməyə çalışırlar ki, bizim vətənimiz ancaq doğulduğumuz ölkədir, Azərbaycan bizim vətənimiz deyil. Maraqlıdır, hansı qaydaya əsasən insanın öz təfəkküründən asılı olan bir dəyərə, anlayışa, məfhuma sərhəd təyin edirik? Bəzən “milli vətən” terminini işlədənlər də olur. Məncə, bu da həqiqəti əks etdirmir. Milli dövlət terminini işlədə bilərik, amma milli dövlətə “milli vətən” deyib sanki həqiqi vətəndən sonra ikincidərəcəli vətənmiş kimi dərk etmək olmaz. Hansısa xarici ölkədə işləyən insan üçün həmin ölkə maddi vətən ola bilərmi? Əlbəttə, xeyr! Problem işin kökündə, vətəni ancaq doğulduğumuz yer olaraq qəbul etməyimizdədir. İnsanın təfəkküründə vətənin sərhədi hara qədər gedirsə, ora onun vətəni olmalıdır. Gürcüstan mənim nə qədər vətənimdirsə, Azərbaycan da o qədər vətənimdir. Əgər bir insan vətən kimi tək Gürcüstanı qəbul edirsə, bu da yanlış deyil; amma çıxıb “bütün Gürcüstan azərbaycanlılarının vətəni təkcə Gürcüstandır” demək böyük yanlışdır.
Orta əsrlərdə vətən bir ölkə olaraq müəyyənləşdirilmirdi. Toplumu birləşdirən hər hansı ortaq bir ideyanın yayıldığı böyük coğrafiyanı bir insan vətəni kimi mənimsəyirdi. Bu gün fərqli millətləri birləşdirən ideyalar yox da, daha dar çərçivəli ideyalar ətrafında birləşdiyimiz üçün vətən anlayışını da düşüncəmizdə darlaşdırırıq. Bu da Borçalı gəncləri arasında fikir ayrılığına gətirib çıxarır. Bir Borçalı gənci Gürcüstanı nə qədər özünə vətən bilirsə, Azərbaycanı da, Türkiyəni də o qədər özünə vətən bilsə türk dünyası ilə Gürcüstan arasında sarsılmaz bir körpü rolunu oynaya, regionda sülhü təmin edə bilər. Amma biz qayəmizi tanımırıq. Sapı özümüzdən olan baltalar Gürcüstan azərbaycanlıları adından öz yanlarından təşkilatlar, icmalar, konqreslər qurur. Bədbəxtliyimiz isə orasındadır ki, heç biri bu millətin rifahına, intibahına, tərəqqisinə xidmət etmir. Ancaq bir-biri ilə didişərək parçalayıcı, nifrət doğurucu, utancverici fəaliyyətlərlə məşğul olurlar. Nə Gürcüstan dövləti yanında hansısa hörmətə nail olublar, nə cəmiyyət arasında.
Dmanisinin ən ucqar kəndində, Qaraçöpdə, Qabalda və s. əhalinin razılığını almadan heç kəs Gürcüstan azərbaycanlıları adından təşkilat qura bilməz. Bu millət tək Marneulidən ibarət deyil. Marneulidə oturub gənclər arasında yanlış təbliğat yaymaq bizi fəlakətə itələyir. Bir-birimizlə bu qədər didişdiyimiz müddətcə biz Gürcüstan dövlətindən hansı hörməti gözləyirik? Ana dilində təhsilimiz əldən gedir və bizim “mənəm-mənəm” deyən təşkilatlarımız bunu dilinə belə almır. Bəs nə üçün varlar? – Ancaq yanlış təbliğat aparıb gəncləri korlamaq üçün. Bu cür təxribatlara gərək aldanmayaq. Yaşadığı ölkənin mənafeyini müdafiə edən, vətəni olan milli dövləti sevən, kimliyini tanıyan, hədəfi olan gənclik yetişdirmədikcə biz millət olaraq uğura nail ola bilməyəcəyik.
Cəlal Yadigarlı