Elizbar CAVELİDZE

(əvvəli burada)

Onuncu boy. Toqatlı Hasan paşa rahatlıq tapa bilmirdi. Koroğludan qisas almaq istəyirdi. Bir növ təcrübəli tacirlər ağsaqqalı olan Əhməd tacirbaşını yanına çağırtdırdı və tacirləri qarət edən Koroğlunun aradan götürülməsi planı ilə tanış etdi. Əhməd tacirbaşı böyük tərəddüddən sonra razılaşdı. Getməmişdən əvvəl iki çoxbilmiş, haramzada iş gördü. Bu işlərin biri o oldu ki, getməmişdən öncə Bəyazid paşası Xəlil paşanın yanına getdi, ona əgər Koroğlunun əlinə düşsəm, elə bir qurğu quracağam ki, Koroğlunu Bəyazidə göndərim və gələndə onu tutub Hasan paşaya xəbər çatdırasan deyə tövsiyə etdi. Sonra evə qayıtdı, bir qara qulu var idi. Onu evləndirməyi, qulluqdan azad etməyi, özünə də maya verib dükan açdırmağı vəd etdi. Qul da razılaşdı və Koroğlunun yanına yollandı. Koroğlu ən etibarlı və ən inamlı adam idi, lakin bu dəfə qulu imtahana çəkmək qərarına gəldi, əgər sazı, səsi, sözü ona bir təsir etməyəcəkdirsə, bil ki, namərd adamdır. Elə də hərəkət etdi. Koroğlu qula dedi: “Oğul, mənim ki, nə sazın, nə sözüm, nə səsim sənə əsər eləmədi. Səndən Koroğluya Koroğlu dəlisi olmaz” (Bax: “Koroğlu”, səh. 409).

Əhməd tacirbaşı bir çox hiyləyə əl atdı ki, ticarətdən qayıdır, bir təhər onun əlindən çıxmağa çalışdı. Lakin Koroğlunu aldada bilmədi. Çıxılmaz vəziyyətə düşən Əhməd tacirbaşı hiyləgərliklə Koroğluya dedi: “Ancaq bu karvan Toqat paşası Hasan paşanın karvanıdır. Day bundan sonra mən onun üzünə çıxa bilmərəm. İndi ki, malları aparırsan, elə özümüzü də apar, sənin yanında qalaq. Xeyirimizdən savayı zərərimiz dəyməz”. Koroğlu cavab verdi: “Malları aparmağına aparacağam. Nə qədər ki, mən sağam, Qafın bu üzündən o üzünə gərək bir arşın da bez getməyə. O ki qaldı sizi Çənlibelə aparmağa, mən mərdəm. Qonaq ki var, mənim əzizim, iki gözümdü, düşün qabağıma!” Onlar da birbaş gəldilər Çənlibelə. Sonra Əhməd tacirbaşından soruşdu: “Deyin görüm könlünüz nə istəyir, hazır elətdirim”. Əhməd tacirbaşı da dedi: “Koroğlu, əgər bizə yaxşı hörmət eləmək istəyirsənsə, Bəyazid yazısında yaxşı ceyran olur. Göndər onlardan vurub gətirsinlər, bizə ceyran kababı ver”. Koroğlu buna necə yox deyərdi və ceyran ovuna Eyvaza, Halaypozana və Toxmaqvurana icazə verdi. Dəlilər yerbəyerdən töküldülər Koroğlunun üstünə ki: “Sən ceyran ətindən ötrü bunları niyə Bəyazid kimi uzaq səfərə göndərirsən? Gedərlər, başlarına bir iş-zad gələr”. Koroğlu ayağa durub dedi: “Koroğlu sözünü bir dəfə deyər. Onlar getməsələr özüm gedəcəyəm. Mən qonağa verdiyim sözdən dönmərəm” (Bax: “Koroğlu”, səh. 414).

Dəlilər Koroğlunun xasiyyətini bilirdilər. Bir dediyini, bir daha deməzdi. Çar-naçar razı oldular. Üç dəli Bəyazidə tərəf yol başladılar. Getməmişdən öncə Nigar xanım Eyvazdan soruşdu: “Eyvaz, de görün sizi nə vaxta gözləyək?” Eyvaz cavab verdi: “Bu gün yolda, sabah ovda, birisi gün axşam inşallah burdayıq”. Bunu deyib atları sürdülər. Ovçular Bəyazid kövşəninə çatdılar, lakin istirahət etmək qərarına gəldilər. Düşüb atları yançidar edib ota buraxdılar. Özləri də yatdılar ki, səhər tezdən durub ov eləsinlər.

Bu ərəfədə Əhməd tacirbaşı özünün göndərilmiş qulunu onların tutulmasını, Eyvazgilin Bəyazidə getdiyini  bildirmək üçün Toqata Hasan paşanın yanına göndərdi.

İndi Bəyazid paşası Xəlil paşaya da xəbər verdilər ki, kövşəndə üç nabələd adam var. Paşa ehtiyatlılıq göstərdi və dedi ki, biz kövşəndə dava başlasaq onları tuta bilməyəcəyik. Ovlasınlar, yatanda üstlərinə hücum edərik. Qısası, dəlilər ilə paşanın əsgərləri arasında əlbəyaxa dava oldu. Böyük davadan sonra elə ki, üç igidə bir şey edə bilməyəndə paşanın əmri ilə onların atlarını vurdular. Dava zamanı Eyvazın ayağı ilişib üzüqoylu yıxıldı. Bundan istifadə edərək düşmənlər hər tərəfdən töküldü. Tutub əllərini bağladılar. Onun silahdaşları bunu görəndə əlləri boşaldı. Elə bilə-bilə düşmənə təslim oldular. Xəlil paşa elə həmin an Toqatda Hasan paşaya bir namə göndərdi ki: “Koroğlunun üç dəlisini tutmuşam. Durma, gəl”.

Nigar xanım vədə gününü axşamacan gözlədi. Eyvazgil gəlmədi. Nigar döndü balasını itirmiş marala. Çənlibeli götürdü başına. Gecə döndü oldu bir cəhənnəm. Halbuki gözünü yumcaq yuxu onu apardı. Gördü ki, qandan bir dəryadı, Eyvaz qan içində, az qalır ki, batsın. Nigar xanım dəli kimi yerindən sıçrayıb saldı özünü Koroğlunun üstünə və dedi: “Verdiyi vədədən keçdi, gəlmədi Eyvaz, gəlmədi”. Koroğlu da özünəməxsus hay vurdu. Dəli Həsəni çağırıb hökm elədi ki, hər dəstə öz sərkərdəsinin dalınca gedəcək. Özü də Qıratı yəhərlətdirib atlandı. Bu ərəfədə Dəli Mehtər başıalovlu özünü yetirərək Düratın itdiyi barədə də məlumat verdi. Hər yeri axtardılar, Dürat tapılmadı. Koroğlunu fikir apardı və axırda Dəli Həsənə dedi: “Mən gəlincəyə kimi Əhməd tacirpbaşının əllərinə, ayaqlarına zəncir vurub zindana salarsan”. Tacirbaşı onu töhmətləndirir: “Sizdə qonağa beləmi hörmət eləyirlər?” Koroğlu cavabında dedi: “İnşallah, qul tapılandan sonra hamısının əvəzini çıxardarıq”. Bu cavabda müəyyən istehza da özünü büruzə verir.

Qısası, Koroğlu öz Qıratına sıçrayana kimi aşıq Cünun ilə deyişə bildi. Belə ki, bu deyişmə bir tərəfdən Koroğlunun qəzəbini və qisas almaq hədəsini, o biri tərəfdən isə Cünunun tövsiyəsini bizə təqdim edir. Bir-iki kəlmə ilə belə çatdırılır: “Çox bilib, az danışmaq igidin ləngəridi” (Bax: Elə orada, səh. 423).

Qısası, Koroğlu dəlilərin dustaq edildiyi, yüzəcən yaraqlı-yasaqlının keşik çəkdiyi yerə gəlib çıxdı. Koroğlu Cünunun sözünü və Nigar xanımın ağlamağını xatırladı. Elə bil ki, dünya başına hərləndi. Misri qılıncı çəkib keşikçilərə hücum etdi. Sağdan, soldan vurub keşikçiləri qatım-qatım qatlayıb qabağına qatdı. Koroğlunun gözü elə qızmışdı ki, paşanın qoşununun dalbadal gəldiyini görmürdü. Bu ərəfədə dəlilər də özlərini vurdular qoşuna. Paşanın qoşununu pis günə qoydular. Xəlil paşanın başını isə Qırat ağzına saldı. Qoşun paşanı ölmüş görüb silahı atdı və təslim oldu.

Qaliblər Çənlibelə qayıtdılar.

Hər şeydən öncə dastanın təhlili zamanı gözə dəyən epizodların dinamik şəkildə dəyişkənliyidir ki, bu da fərqli durumları bizə nəql edir. O da diqqətə layiqdir ki, bir epizoddan o biri epizoda keçəndə yaradıcı bu cür söz strukturundan istifadə edir: “İndi eşit, sənə deyim, Bəyazid paşası Xəlil paşadan” (Bax: Elə orada, səh. 415), “Qasid naməni aparmaqda olsun, dəlilər zindanda yatmaqda” (Bax: Elə orada, səh. 412),  və ya “İndi qabaqda Koroğlu, onun dalınca, Dəmirçioğlugil, onların da dalınca dəlilər getməkdə olsunlar, sənə kimdən deyin, quldan” və sair (Bax: Elə orada, səh. 429). Müəyyən olunduğu kimi, yeni olayın başlanılmasını vəd edən bu cür kəlmələr ənənəvi olaraq işlənib hazırlanmış ədəbi trafaret idi. Riyakarlığı ilə, xəyanətkarlığı ilə, dələduzluğu ilə Koroğlunu aldatmağa cəhd edən Əhməd tacirbaşının sonrası çox maraqlı görünür.

Halbuki Çənlibelin səmasını bürüyən qara bulud yenə də və yenə də Koroğlunun inadkarlığından irəli gəlir. Bir dəfə dediyi sözün üstündə durur və o, bir növ inanan, genişqəlbli, rəhmlidir, bağışlayandır. İnama layiq olmayan, çətinliyə düşən insalı əl ilə itələyə bilmir və nə də özündən uzaqlaşdırmır. Elə burada bir cizgi də diqqətə layiqdir. Koroğlu insanın igidliyini və yararlılığını poetik sözü və mahnını necə qavramasına uyğun olaraq yoxlayır. Bu da ki, onun inancından və baxış dairəsindən xəbər verir. Belə dəyərləndirmək mümkümdür. Kimin gözəlliyi dərk etmək qabiliyyəti və məharəti yoxdursa və yaxud kim ki, anti-estetikdir, o, anti-etikdir və əxlaqsızdır ki, bu da Orta əsrlərin dünyagörüşü ilə sistemdə estetik və əxlaqi identik düşüncəni bizə bir daha göstərir.

Elə bu dastanda eləcə də gələcəyin şər və xeyir işindən xəbər verən yuxunun funksiyası və əhəmiyyəti irəli çəkilmişdir. Bu boy eləcə də aşıq repertuarı ilə zəngindir ki, bunun barəsində də başqa yerdə söhbətimiz olacaq.

On birinci boy. Bu boy əvvəlki dastanda verilən hadisənin davamıdır. Hasan paşaya gedən yolun dəlilər tərəfindən bağlı olduğunu fikirləşən qul yolu dəyişdirdi. Birbaş bir varlı-karlı, dövlətli və eyni zamanda atbaz olan Ələmqulu xanın yanına sürdü. İlxısında dünyada olan atların hər rəngindən, hər yaşarından bir cüt var idi. Lakin qulun atına, Ərəbata baxanda gözü aldı. Bu atın əvəzində qulun bütün şərtlərinə razılaşdı. Qulun şərti bu idi ki, Hasan paşanın yanına qasid göndərsin və bütün bunları yazılı tanış eləsin. Eləcə də hərəkət etdi.

Lakin qulu tutmaq üçün yola çıxan üç dəli: Dəmirçioğlu, Gürcüoğlu, Tanrıtanımaz yolda qasidi ələ keçirdilər.  və Ələmqulu xana ismarıc göndərdilər: Bizim atı və qulu da geri qaytar, əmin-amanlıqla bir-birimizdən aralaşaq. Lakin Ələmqulu xan qoşunla hücuma keçdi. Dəlilər qılınc çəkməyə məcbur oldular və düşmən qoşununun yarısından çoxunu qırdılar. Bu ərəfədə axşam da düşdü. Ələmqulu xanın qalan qoşunu şəhərə doldu, dəlilər isə məqsədlərinə çatmaq üçün tədbir tökürdülər. Nəhayət, Tanrıtanımazın fikrinin üzərində dayandılar: Ələmqulu xanın “Gözləmə dərəsində” otlayan ilxısını tutaq və xana ismarıc göndərək, ya qulu, atı  versin, ya da bütün ilxını haylayıb aparacağıq.

Ələmqulu xan bu sözü ilxıçıdan eşitcək, əl-ayağı yerdən üzüldü. Öz ağıllı və gözəl qızı Ruqiyə xanımı yanına çağırtdırdı. Necə davranmalı olduğunu ondan soruşdu. Ruqiyə xanım ağıllı yol göstərdi, lakin, ən başlıcası, özü bu planın həyata keçirilməsinə fəal şəkildə qatıldı. Özü başının adamları ilə dəlilərin yanına getdi və xanın dəvətini ona çatdırdı.

Lakin dəlilər bir razılığa gələnə kimi onun qənirsiz gözəlliyi dəlilərdən birinin, o cümlədən Gürcüoğlunun  ağlını başından aldı. Bax, Dəmirçioğluya o nə deyir: “Koroğluya məndən  salam yetirərsən. Deyərsən ki, Gürcüoğlu Məmməd oldu eşq dəlisi. Day ondan Koroğlu dəlisi çıxmaz. Məndən ümidini üzsün. Mən dönüb oluram Məcnun. Boynuma da bir zəncir bağlayacağam, ucunu da verəcəyən bu qızın əlinə. Hara çəkər özü bilər” (Bax: Elə orada, səh. 457).

Qısası, şam kimi şölə saçan və çıraq kimi işıq salan Ruqiyə bir baxışdan Gürcüoğlunu ağlını itirən Məcnuna çevirdi. Belə ki, o, ixtiyarını əldən verir, özünü məşuqa etibar edir. Ümumiyyətlə, Şərq ədəbiyyatında yaradılan aşiqin, daha doğrusu, Məcnunun siması belədir. Ürəyi də tamamilə sevgi ilə zəbt olunan Gürcüoğlunun təbiəti belə imiş. Təbii ki, divanə dəli Koroğluya dəli kimi yararlı olmazdı. Buna görə də onun  etirafı da səmimi və zərifdir.

Halbuki dəlilər Ruqiyə xanıma bir şərt də irəli sürdülər: Qulu da, atı da gətirib burada verməli olduğunu, onlardan biri də bunları tez Koroğluya çatdırmalı olduğunu, ikisi də xanın hüzuruna gedəcəklərini bildirdilər. Bu şərt də yerinə yetirildi: Tanrıtanımaz atı və qulu da götürərək Çənlibelə yollandı. Gürcüoğlu və Dəmirçioğlu xana qonaq getdilər. Onlara böyük hörmət-izzət göstərdilər, gözəl məclis təşkil etdilər. Lakin aşiq olmuş Gürcüoğlu getmək məqamı ayağını sürüdü, məhəbbətin odu düşdü qəlbinə, qızdan üzülə bilmədi. Və buna qoşulan dəlilər gecikdilər, verilən vədəyə Çənlibelə gedə bilmədilər... Koroğlu isə düşündü ki, xan paşaların, bəylərin adət etdiyi kimi namərdlik etdi, onun silahdaşlarını tora saldı. Buna görə də dəlilər Ələmqulu xanın şəhərini mühasirəyə aldılar. Halbuki tezcə məlum oldu ki, iş nə yerdədir və xan Koroğlunu və dəliləri qonaq elədi, böyük bir ziyafət təşkil etdi. Sonda yenə Koroğlu öz boynuna götürdü və Ələmqulu xanın qızı Ruqiyəni Gürcüoğlu üçün istədi. Xan da sevinclə bunu qarşıladı və toy təzədən başladı. Üç günün üstünə bir dörd gün də gəldilər. Yeddi günün tamamında gəlini bəyə tapşırmaq üçün gətirdilər, lakin Koroğlu razılaşmadı. Dəlilərin, xanımların anası Nigar xanım xeyir-duasını verməyincə istəyinə qoşula bilməzdi. Toy Çənlibeldə də davam etdi. Orada yüksələn əhval-ruhiyyəni Koroğlu sazla çalıb-oxuyub tərənnüm etdi. 

Bu dastanda da kimdən ağıl öyrənilirsə o, Ruqiyə xanımdır. Müəyyən olunur ki, bu qəhrəmanlıq eposunda qadının dolğun obrazının təsvir olunması üçün yalnız gözəllik bəs eləmir və onun gözəlliyindən başqa ağlı da gözəlləşdirməlidir. Lakin konkret halda ata qızını onun rəyini soruşmadan ərə verir ki, bu da müsəlmanların məişət və həyatında adi ənənəyə-qaydaya çevrilmişdir.

Bir epizod da diqqətə layiqdir: Koroğlu bilirdi ki, onun dəlilərinin gecikməsi Gürcüoğlunun üzündən idi. Lakin o, bilərəkdən Dəmirçioğlunu düzünü dedirtməyə bir neçə dəfə cəhd göstərir, halbuki bu sonuncu dostunu ələ verməyir, bu da Koroğluya xoşdur və onu belə dəyərləndirir: “Mərhəba! Mən səni qəsdən sınayırdım. Sağ ol!” (Bax: Elə orada, səh. 463).

Daha bir cizgi səciyyəvidir: Bəylə gəlinə Nigar xanım xeyir-duasını verməyincə birgə yatmağa ixtiyarları yox idi. Bu, bir daha ondan xəbər verir ki, hər şeydən öncə ana və ata razı olmalı idilər və onlar bəylə gəlinə xeyir-dua verməli idilər və ikincisi, müəyyən olunur ki, Nigar xanım Çənlibelin sakinləri tərəfindən ümumxalq ana kimi qəbul edilib.

 (davamı burada)

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU