16 yaşlı Emil İsmayılov artıq gənc yaşlarında öz əzmi, iradəsi və zəhməti ilə seçilən bir həyat yolu keçib. Onun hekayəsi təkcə idman uğurlarından ibarət deyil, həm də xarakterin formalaşması, psixoloji möhkəmlik və insanın öz üzərində apardığı davamlı işin nümunəsidir. Emil 24 aprel 2009-cu ildə Qardabanidə anadan olub və artıq beş ildir ki, boksla peşəkar səviyyədə məşğuldur. Bu idman növü zamanla onun gündəlik həyatının ayrılmaz hissəsinə, həyat fəlsəfəsinə çevrilib.

 

Emilin boksa gəlişi təsadüfi olmayıb. Onun bu idman növü ilə tanışlığında əmisi mühüm rol oynayıb. Məhz əmisi Emilin məşqlərə qatılmasına təşəbbüs göstərib və bu addım gənc idmançının həyatında dönüş nöqtəsi olub. İlk dövrlərdə boks Emil üçün sadəcə fiziki fəaliyyət kimi görünsə də, zaman keçdikcə bu idman onun üçün intizam, məsuliyyət və özünə nəzarət məktəbinə çevrilib. O, boksu sadəcə məşq və yarışlarla məhdudlaşdırmayıb, onu xarakterini formalaşdıran bir həyat tərzi kimi qəbul edib. Valideynlərinin xatırladığına görə, Emil uşaqlıqda sakit, təmkinli və tanımadığı mühitlərdə özünə qapanan bir uşaq olub. Məhz bu səbəbdən valideynləri onun idmanla məşğul olmasının düzgün seçim olacağını düşünüblər. Bu prosesdə əmisi yenə də əsas təşəbbüskar olub və Emil boks dərnəyinə yazılıb. Həmin gündən etibarən Emilin həyatında ciddi dəyişikliklər başlayıb. Boks tədricən onun gündəlik ritminə, psixoloji hazırlığına və ümumi dünyagörüşünə tam şəkildə inteqrasiya olunub. Emil üçün boks yalnız fiziki güc və texnika demək deyil. Onun fikrincə, bu idman dözümlülük, iradə, özünü idarə etmə və psixoloji möhkəmlik tələb edir. Emil deyir ki, boks ona intizamlı olmağı, çətinliklər qarşısında geri çəkilməməyi və məğlubiyyətləri həyatın sonu kimi deyil, dərs kimi qəbul etməyi öyrədib. “Hər məğlubiyyət yeni bir dərsdir,” – deyə o vurğulayır. Bu yanaşma onun yarışlara münasibətində də aydın şəkildə hiss olunur. İlk yarışlarında bir neçə dəfə uduzmasına baxmayaraq, Emil ruhdan düşməyib. Əksinə, hər məğlubiyyət onu daha çox çalışmağa sövq edib, hər qələbə isə motivasiyasını artırıb. Bu ardıcıl zəhmətin nəticəsi olaraq Emil mühüm uğurlar qazanıb. O, iki dəfə Gürcüstan çempionu olub, İspaniyada keçirilən beynəlxalq turnirdə birinci yerə layiq görülüb, Azərbaycanda Heydər Əliyev adına keçirilən nüfuzlu yarışda isə ikinci yeri tutub. Emil üçün rinqdə rəqibin milliyyəti və mənsubiyyəti əhəmiyyət daşımır. Onun üçün qarşısında yalnız bir idmançı dayanır və o, hər rəqibə eyni hörmət və ədalətlə yanaşır. Bu mövqe Emilin həm idman etikası, həm də sosial baxışlarının göstəricisidir. Fiziki cəhətdən güclənsə də, o, bu gücü heç vaxt aqressiya və ya mənfi məqsədlər üçün istifadə etməyib.

 

Emilin gündəlik məşq rejimi ciddi intizam tələb edir. Yarış olmayan günlərdə o, evdə fərdi məşqlər edir, axşam saat 17:00-da isə əsas məşqlər üçün idman zalına yollanır. Yarışlara hazırlıq dövründə isə məşqlər daha intensiv olur, gündə iki dəfə keçirilir və ümumilikdə altı saata qədər davam edir. Yüklənmə artdıqca fiziki hazırlıqla yanaşı, psixoloji hazırlığın da rolu daha da artır. Emil deyir: “Boks təkcə zərbələrdən ibarət deyil, bu, həm də zehni mübarizədir. Emosional sabitlik və psixoloji davamlılıq çox vaxt fiziki gücdən daha vacib olur”. Onun fikrincə, uzunmüddətli uğurun əsas şərti səbir, davamlı çalışma və uğursuzluqlar qarşısında dayanıb qalmamaqdır. Bu dövrdə Emil qidalanma rejiminə də xüsusi diqqət yetirir. Yaydan etibarən pəhriz saxlayır və özü etiraf edir ki, bu, bəzən fiziki məşqlərdən belə daha çətin sınaqdır. İdman Emilin sosial həyatına da müsbət təsir göstərib. Asudə vaxtlarında dostları ilə ünsiyyət qurur, bəzən onları da məşqlərə dəvət edir və birlikdə idman zalına gedirlər. Dostlarının sözlərinə görə, Emil boksdan əvvəl daha qapalı və sakit biri olsa da, idman onun sosiallaşmasına, özünə inamının artmasına və daha açıqfikirli olmasına səbəb olub. Onlar Emilin güclü yaddaşını və musiqiyə olan marağını da xüsusi qeyd edirlər. Emil sosial şəbəkələrdə aktivdir, yarışlardan və əldə etdiyi nailiyyətlərdən foto və videolar paylaşır. Onun sözlərinə görə, aldığı müsbət rəylər və dəstək mesajları motivasiyasını daha da gücləndirir. Lakin onun üçün ən böyük motivasiya mənbəyi ailəsidir.

 

Ailə dəstəyi Emilin həyatında xüsusi və əvəzsiz yer tutur. Anası bildirir ki, həyəcan səbəbindən yarışlar zamanı oğluna tam baxa bilmir və yalnız son anları izləyir. Emil ölkə xaricində yarışlara qatıldıqda isə ana onun qayıdışına qədər oruc tutur. Atası isə daha sakit, lakin davamlı dəstəyi ilə seçilir, yarışlardan əvvəl oğluna zəng edir, ona güvəndiyini bildirir və motivasiya verir. Emilin sözlərinə görə, ailəsinin onu televizorda izlədiyini düşündüyü anlarda rinqdə məsuliyyət hissi daha da artır, daha böyük əzmlə mübarizə aparır və həmçinin bu, onun daha ehtiyatlı olmasına səbəb olur ki, zədə almasın. Bəzən maliyyə çətinlikləri olsa da ailə Emilin idmandan uzaqlaşmaması üçün bütün imkanlarını səfərbər edib. Sonrakı mərhələdə Gürcüstan Boks Federasiyasının maliyyə dəstəyi də onun inkişafında mühüm rol oynayıb. Eyni zamanda, ailə Emilin ali təhsil almasını vacib sayır və gələcək peşə seçimində ona tam sərbəstlik verir.

 

Müəllimlərin müşahidələrinə görə, Emil intizamı, məsuliyyəti və hörmətli davranışı ilə seçilib. Dərslərə ciddi yanaşması və mövzuları dərindən qavraması onun intellektual potensialını göstərir. Lakin idmanla bağlı sıx qrafik bəzən dərslərə daha çox vaxt ayırmağı çətinləşdirdiyinə görə dərslərinə yetərli vaxt ayıra bilmir. Amma müəllimlər və sinif yoldaşları onun uğurlarını qürurla qarşılayır və Emili gənclər üçün nümunə kimi qiymətləndirirlər.

 

Emil beynəlxalq arenada da özünü doğruldub. O, azərbaycanlı, gürcü, erməni və digər millətlərdən olan idmançılarla rinqə çıxır və hər zaman ədalətli mübarizə aparır. Onun sözlərinə görə, rinqdə milliyyətin heç bir əhəmiyyəti yoxdur. Gürcüstan milli boks komandasında müxtəlif millətlərdən olan idmançılarla birgə məşq etməsi Emilin dil biliklərini də inkişaf etdirib. O, həm gürcü, həm də rus dillərini öyrənib. Gürcü dilini mənimsəməsində dostlarının gündəlik ünsiyyəti və dəstəyi mühüm rol oynayıb. Emilin ən yaxın dostu isə Şalva Beridzedir.

 

Emilin sevdiyi boksçular ukraynalı Vasili Lomaçenko, Oleksandr Usik, eləcə də Artur Beterbiyev və Aleksandr Povetkindir. Onlar Emil üçün texniki ustalıq, taktiki düşüncə və peşəkarlıq baxımından ilham mənbəyidir. Emilin əsas hədəfi gələcəkdə əvvəl Avropa, daha sonra isə dünya çempionu olmaqdır və o, bu məqsədə çatmaq üçün hər gün əzmlə çalışır. Emil İsmayılovun hekayəsi onu təkcə perspektivli idmançı kimi deyil, həm də məqsədyönlü, sosial və intellektual baxımdan yetkin bir gənc kimi təqdim edir. Onun həyat yolu iradə, intizam, ailə dəstəyi, dostluq münasibətləri, müəllimlərin diqqəti və şəxsi motivasiyanın vəhdətindən formalaşıb. Emil üçün boks sadəcə idman növü deyil, bu, özünü tanıma, inkişaf və gələcəyini qurma yoludur. Bu portret bir daha göstərir ki, zəhmət, düzgün istiqamət və səmimi dəstək bir araya gəldikdə böyük nəticələr qaçılmaz olur və Emil bunun canlı nümunəsidir.

 

Çiyalə Osmanova