Gürcü ədəbiyyatının iki böyük şəxsiyyəti – Konstantine Qamsaxurdiya ilə şairlər kralı Qalaktionun uzun və yaxşı münasibətləri olduğu hamıya məlumdur. Lakin... bir gün Konstantine Qamsaxurdiya düzəlməz bir səhv etdi... Ömrünün sonuna qədər özünü bağışlaya bilməyəcəyi bir səhv...
Budur, böyük yazıçı Qalaktiona həsr etdiyi emosional qeyd:
“Mənə bədbəxtlik düçar oldu – həmişə ən əziz dostlarımın yası – uşaqlıq dostlarım üçün ağlayacağam...”
On illər ərzində ən əziz dostlarımı itirmişəm: Giorgi Nikoladze, Aleksandre Abaşeli, Konstantine Çiçinadze... Sevimli qardaşlarım Aleksandre və Viktor. Nə edim, yaradanın iradəsinə qarşı kim çıxa bilər!
Qalaktion vəfat etdikdən sonra o tez-tez yuxuma girir. Dostluğumuzun uzun bir tarixi var.
1910-cu ildə Kutaisi İlahiyyat Seminariyasının tələbəsi Qalaktion yanıma gəldi və Gürcü Gimnaziyasına qəbul edilməsinə ona kömək etməyimi istədi. Biz tez-tez görüşürdük.
Onun gənclik şeirlərini oxumuşdum və dərhal müəllimlərimin – Gürcü Gimnaziyasının direktorunun yanına getdim. Onlar bundan böyük məmnuniyyət duyduqlarını bildirdilər və mənə söz verdilər: Onu heç bir imtahan olmadan yeddinci sinfə qəbul edəcəyik.
Bunu Qalaktiona dedim, amma nədənsə o, məktəbə girmək istəmirdi. Xaricə getdim və getməzdən əvvəl Kutaisidə onu axtardım. Amma nə fayda.
Bundan sonra çox illər keçdi. Qalaktion ilə 1918-ci ildə Tiflisdə görüşdüm. Görüşəndə həmişə məni öpürdü: Yanıma gələcəyinə söz verirdi, mənzilimdə isə nadir hallarda olub. Münasibətimiz olduqca qəribə idi.
Kitabım nəşr olunanda mənə zəng edib təbrik edirdi. Məni əmin etdi: Başqaları olmasaydı, sən və mən bu əsrə bəs edərdik. O, həqiqətən də mənimlə əylənmək istəyirdi, mən onu evimə dəvət edirdim, o da məni restorana doğru çəkirdi.
Bir dəfə mənimlə belə bir qalmaqal yaratdı: Saxelqamın (Dövlətnəşrinin) qarşısında maşınımı gözləyirdim. Qalaktion üstümə cumdu: Gəl, içək. Həmin gün Yazıçılar Birliyinə getməli idim və ona qoşulmadım. Həmin vaxtlar ov zamanı ayağım burxulmuşdu, ona görə də əsa ilə gəzirdim. O, əsanı əlimdən qapıb yerə çırpdı...
Bu, Qalaktionun dostlarına qarşı münasibəti idi.
Bu gün də özümü onun həyatına bu qədər müdaxilə etmədiyim üçün günahlandırıram. Onun həyatı yox idi.
Qalaktion əla lirikası ilə Edqar Ponu üstələdi, amma düşünürəm ki, Edqar Po onun həyatına böyük təsir göstərib.
İllər keçdi. Qalaktion hər yeni ildə məni təbrik edər, gələcəyinə söz verərdi, amma vədlərinə hər halda əməl edə bilmirdi.
Höte demişdi: Yazı, poeziya dilə tətbiq olunan bir şeydir. Qalaktion bunu etmir. O, klassiklərimizdən tamamilə müstəqildir.
Qalaktionun poeziyası, Rustavelininki kimi, təəssüf ki, Qafqazı keçə bilmədi, lakin onlar gürcü dilinin qaranlıq uçurumuna o qədər dərindən giriblər ki, onları oradan çıxarmaq üçün başqa bir Rustaveli və Qalaktion lazımdır.
Bu dahilərin tərcüməçiləri boş yerə çalışıblar: Dante, nə də Höte başqalarının dilində səsləndirilə bilər.
Dahilərin ekvivalentlərini yaratmaq mümkün olsaydı, onların dublikatları olardı.
Qoy Qalaktion yalnız bizim olsun, Gürcüstanın Qalaktionu, gürcü sözünün musiqisinin təkrarolunmaz orfeyi.
O, tanrıların yoludur
Və ildırım selidir,
Ona şöhrəti qalacaq,
Bizə isə – göz yaşımızın seli...”
(Roin Papava, “Seçilmiş əsərləri”).
***
12 mart 1959-cu ildə, intiharından beş gün əvvəl, Qalaktion səhər tezdən məşhur rəssam Korneli Sanadzenin yanına getdi və bir neçə il əvvəl başladığı portreti – “Mən və Gecə”ni tez bitirməsini tələb etdi.
Rəssam qəribə şəkildə həyəcanlanan şairdən üzr istədi, çox məşğul olduğunu izah etdi və ertəsi gün gəlməyi təklif etdi.
Qalaktion qətiyyətlə bildirdi:
– Xeyr! Əgər çəksəniz, məni çəkin, yoxsa bir daha gəlməyəcəyəm!
Şairin qətiyyətli tələbi səbəbindən Korneli Sanadze rəsm çəkməyə başladı.
Bir neçə saat sonra etüdü bitirdikdən sonra Qalaktion ayağa qalxdı, rəsminə baxdı, bəyəndi, sonra rəssama “Bu, əvvəllər idi” şeirini oxudu, geri döndü və getdi. Qalaktionun Korneli Sanadzenin yanına bu səfəri onun sonuncu səfəri oldu.
Rəssamın hekayəti ilə tanış olduqda, həyəcanlı Qalaktionun taleyüklü bir addım atmağa hazırlaşdığını düşünməmək mümkün deyil.
Üç ildir ki, incidiyi Korneli Sanadze ilə qəfil barışığı, “Məni çəksən, çək” qəti tələbi və sonra 17 mart 1959-cu il faciəsi fonunda zahirən uşaqcasına “Bir daha gəlməyəcəyəm” təhdidi qorxunc kimi qəbul edilir.
Bununla belə, mən hələ də düşünürəm ki, bu epizodda əsas şey şairin Korneli Sanadzeyə oxuduğu şeirdir.
“Bu, əvvəllər idi” – beş bəndlik, adsız parlaq bir şeir – bu gün Qalaktionun avtoepitafiyası hesab olunur:
Bu, əvvəl, çoxdan əvvəl idi,
Ürəyin xatırlamaq istəmədiyi şey –
Hər halda kimsə çələnglə gəldi
Və sənin sadə tabutunu bəzəyir.
Gedirsən... Əzab çəkirsən,
Sanki dənizin astanasında ot biçirsən,
Sənin ölümünü kim dedi?
Xeyr, məhz elə bu gün doğuldun.
Gedirsən... Artıq nə dünyəvi, nə də səmavi
Sənə təsəlli etməyəcək,
Sənin bədbəxtliyini kim dedi?
Xeyr, məhz elə bu gün xoşbəxtsən.
Gedirsən... Yolçuluğun şirin olsun,
Başqa bir mənzil daim nağıl idi.
Sənin sığınmadığını kim dedi?
Xeyr, sən sığınacaq tapdın.
Gedirsən... Çoxları sənin taleyinə həsrət qalır
Gözəl, tale başqa yerdə deyil,
Səni fəzalar məskunlaşdırıb –
Sən ölümsüzlüyün sakinisən.
“Bu, əvvəllər idi” 1956-cı ildə yazılıb və müəllifin sağlığında yalnız bir dəfə – 1957-ci ildə, səkkiz cildlik əsərlər toplusunun son cildində nəşr olunub.
Bu şeir əslində kimə həsr olunmuşdu? Şairin son inci əsəri hansı sirri gizlədir?
(https://textualscholarship.blogspot.com)
***
1950-ci ildir. İsti yay günü. İncə bədənli, inanılmaz dərəcədə gözəl bir qadın Marcanişvili küçəsindəki bir böyük univermaqdan çıxdı və Vera körpüsünə tərəf yollandı. Elə orada yaşayan Qalaktion həmin vaxt balkonda idi. Gözünə dəydi! Yoxsa da ki, ilahi gözəlliyə malik olan bu qadını kim gözdən qaçırardı. O, onun ardınca düşdü!
Bu gözəl şairlərin kralı – Qalaktionun onu izlədiyini bilmirdi. Onlar körpüdən keçdilər. Elə orada yaxınlıqda avtobus vağzalı var idi. Qadın kassaya gedib bilet aldı.
Qalaktion da elə həmin kassaya özünü yetirdi:
– Əzizim, o qadının bilet aldığı avtobusa bilet ver, həm də onun yanında!
– Həmin qadın Bolnisi avtobusuna bilet alıb, – kassir ona dedi.
– Bəli, bəli. Yalnız onun yanında, – Qalaktion təkrarladı.
Şair gözəl qadının yanında oturdu və avtobus da yola düşdü.
Şairlərin şahının ağlını başından alan Eter Maqradze idi: Bundan başqa görünüşü ilə seçilməklə yanaşı, o, həm də savadlı idi və dilləri də yaxşı bilirdi. Onunla kim qarşılaşırdısa hamı heyran qalırdı: Ona şeirlər və mahnılar həsr edirdilər, bəziləri ondan evlilik istəyirdi, digərləri isə dostluq.
Yolda nədən danışdıqlarını heç kim bilmir. Bolnisinin mərkəzində bir-biri ilə vidalaşdılar: qadın evə tərəf, Qalaktion isə restorana tərəf yollandı. Oradan sərxoş halda çıxdı və ayağını sındırdı.
Mən ora gedəndə camaat şairi dövrəyə almışdı. Bu xəbər bütün rayona yayıldı. Raykon bu işə qarışdı və onunla şairlər kralına layiq olaraq davrandılar.
Bir il keçdi. Bolnisililər bir növ üzrxahlıq olaraq Qalaktion üçün möhtəşəm bir görüş təşkil etdilər. 1951-ci ilin yazı idi. Şair gəldi, ardınca qonaqlar: yazıçılar, tənqidçilər, aktyorlar gəldilər. Görüşlər silsiləsi başladı.
Mən klubda keçirilən axşamda iştirak edirdim. Camaat şairə olan sevgilərini və heyranlıqlarını açıq şəkildə ifadə edirdi və Qalaktionun sevinci hiss olunurdu.
Görüşün sonunda o, bir neçə şeir oxudu, halbuki, bütün axşam müddətində salonu gözdən keçirirdi, dincələ bilmirdi, kimisə axtarırdı... Tapmağa çalışdığı kəs Eter Mağradze idi. Şairin cəhdi boşa çıxdı: Bu gözəl qadın bir neçə ay əvvəl valideynləri ilə birlikdə Orta Asiyaya sürgün edilmişdi.
(Şota Çakvetadze, “Qalaktionologiya”, IX, 2022)
(davamı var)
Topladı və gürcü dilindən tərcümə etdi:
Mirzə Məmmədoğlu