Tbilisidə yerləşən Milli Qalereyada gənc heykəltəraş-rəssam Rasim Həsənovun əsərlərindən ibarət “Üsyan” adlı sərgi keçirilib.
Sentyabrın 10-da sərginin açılışında tanınmış incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rəssamın yağlı boya ilə və gipsdən hazırlanmış 40-a yaxın əsərində terror, müharibə və zorakılığa qarşı mübarizə, etiraz öz əskini tapıb.
Sərgi oktyabrın 19-dək davam edəcək.
Rasim Həsənovun yaradıcılığı əsasən insanın və onu əhatə edən ətraf mühitin öyrənilməsi ilə bağlıdır. Rəssam öz əsərlərində reallıq anlayışını inkar edir. Onun fikrincə, qeyri-reallıq insanı doğurur, insan isə reallığı yaradır. Rəssamın əl işləri tamaşaçının əqidəsini, etiqadını uçurub-dağıdır, alt-üst edir və iflasa uğradır. Etiqad varlığın illüziyasının vacibliyini yaradır, o, insanın reallıq qanunlarını sındıraraq öz reallığını formalaşdırır.
Rəssamın işlərində, hərfi mənada, kətandan çıxaraq, çərçivələri aşaraq tamaşaçının da olduğu məkana daxil olan insan və heyvanlar və ya onların bədən üzvləri, bəzən isə məişət əşyaları həm əsərlərin hazırlandığı material, həm də ideya formasında tamaşaçının düşüncə rahatlığını və etiqadını pozmaq üçün onun şəxsi məkanına daxil olur, tamaşaçı ilə təmasda olur, onu üç ölçülü mühitə salaraq başqa reallığa götürür.
Əsərlərin ideal olmayan formaları və onların dəqiqliklə işlənilməməsi onlara baxan tamaşaçıda natamamlıq, yarımçıqlıq hissi yaradır və tamaşaçını da heç nəyin tam, bütöv olmamasına əmin edir. Çünki, rəssamın fikrinə görə, natamamlıq orijinallıq yaradır, xaos nizam yaradır.
Qeyd edək ki, Rasim Həsənovun ilk fərdi sərgisi 2018-ci ildə Rustavi şəhərində keçirilib.