Elizbar CAVELİDZE

 

(əvvəli burada)

İndi Koroğlunun igidliyi necə anladığını xatırlayaq: hər şeydən öncə, misri qılıncı əvəssiz olaraq çalmaq, sonra nizə və oxu dəhşətli dərəcədə dəqiqliklə hədəfə vurmaq, gürzdən ustalıqla istifadə etmək... Və əgər bu növlər kəsiyində qalib müəyyən edilmirsə, güləş başlayır. Eyni zamanda igidin ləyaqətini taclandıran cəngavərin həyat və mübarizəsində mühüm rol oynayan onun kəhəridir. Müəyyən olunduğu kimi, Orta əsrlərin Azərbaycan və ümumiyyətlə, yaxşı igidin döyüşmək ənənəsi və onun həyata keçirilməsi qaydası belədir. Elə burada artıq yuxarıda müzakirə olunan epizodu xatırlasaq artıq olmaz. Güclü adamı uşağın da tüfəngdən istifadə etməklə insanı öldürə bilməsinə əmin olandan sonra o, Koroğluluğundan və yaxud igidliyindən əl çəkir: “İndi namərd dünyası, bic əyyamıdır. Bundan sonra igidlik bir qara qəpiyə dəyməz. Mən bu gündən Koroğluluğu yerə qoyuram” (Bax: “Koroğlu”, səh. 669; “ქოროღლი”, səh. 691). Başqa yerdə yenə vurğulayır: “İndi gərək laçınlar, tərlanlar sara baş əyə. Bu gündən belə dünya namərd dünyasıdır” (Bax: “Koroğlu”, səh. 673; “ქოროღლი”, səh. 695).

 

Koroğlunun inancının maraqlı tərəflərindən biri də odur ki, qaçırtmaq və mübarizə ilə ələ keçirməyi igidlik hesab etdiyi bir vaxtda, o, qızı gizli, xəlvəti götürüb qaçırtmağı namərdlik hesab edir. Məhz elə bu əlamət ilə o, quldurluğu və oğurluğu fəqləndirir. Birincini o, igidlik hesab edir, ikincini isə namərdlik hesab edir. Bunların bir-birindən radikal şəkildə fərqi odur ki, birinci – quldurluq mübarizə ilə əldə olunur, mübariz düşməni məğlubiyyətə uğradır və onun mülkünə yiyələnir; ikinci – oğurluq isə gizli, it kimi davranışdır. Buna görə də oğurluğun nakşilik olduğu, kişinin adını batırdığı bir vaxtda Koroğlunun etdiyi şan-şöhrətli kişilikdir (Bax: “Koroğlu”, səh. 671; “ქოროღლი”, səh. 692). Bu eposun əxlaqi-etiq inancı belədir ki, bununla da fəaliyyətdə olan qəhrəmanın və ümumiyyətlə, insanın həyatının, fəaliyyətinin qaydası belədir. Mübarizə ilə ədalətsiz bəyləri və paşaları məğlub edən bu cür davranışı bütün aləm bilir. Xalqlar tərəfindən bəyənilən qürurvericidir. Bu əxlaq cəhətdən və estetik baxımdan da valehedicidir. Oğurluq isə gizli şəkildə zülmətdə vəhşicəsinə törədilən əxlaqsızlıqdır, nifrət olunasıdır. Düşündürücü haldır ki, bugünkü oxucu bu baxış dairəsini tamamilə qəbul etmir. Lakin, birincisi, istənilən bədii əsər hər şeydən öncə öz dövrünün oxucusu üçün yazılır və ikincisi də, bu baxış dairəsi o haqsızlıq və zülm boyunduruğunu daşıyan, müxənnətliyi  deyil, eləcə də zorakılığa qarşı bəyan olunan mübarizəni igidlik kimi qəbul edən xalq tərəfindən yaradılıb.

 

Sonda Koroğlunun igidliyinin rəmzi-əlaməti olaraq ildırım parçası – misri qılıncı göstərmək olar ki, bunun da qabağına heç nə dura bilmir və onun vasitəsilə də xanların, bəylərin, paşaların qanını axıdır və müxənnətlərə, nakişilərə ədaləti göstərir. Və Qırat – onun bütün savaş və qələbələrinin iştirakçısı, həmfikri olan at. Buna görə də belindən “misri qılıncı” uzaq qoymur və ona ən dəyərli bir xəzinə kimi yanaşır. Lakin Qırata qarşı xüsusi sevgi, dostluq hissini və bəyənməni göstərir. Ümumiyyətlə, azərbaycanlı igidin həyat və fəaliyyətində, savaşında at böyük yer tutur ki, buna qarşı da insanın münasibəti yüksək həssaslıqla fərqlənirdi. Buna görə də yad adama atı tapşırmaq  pislik olaraq hesab edilmişdir: “İgidin atını apardılar, ya arvadını – ikisi də namusdan sayılır” (Bax: “Koroğlu”, səh. 284; “ქოროღლი”, səh. 324). Dəlilər Düratı oğurlanan Koroğlunu məzəmmət  belə edirlər və bu məzəmmət nəinki təsadüfi atılan kəlmədir, eləcə də mübariz igidin ata qarşı necə bir münasibəti olduğunu həddindən artıq gözəl şəkildə bizə təqdim edir. Qırat və Koroğlunun münasibətləri daha da ucaldılıb, o, qəhrəmanın həyatına bərabərdir. Buna görə də Koroğlu Qıratını tərif edir, onu şanlandırır: “Qırat mənim iki gözüm, belə dərdə necə dözüm” (Bax: “Koroğlu”, səh. 287; “ქოროღლი”, səh. 327). Sonra onu əmin edir ki, onun qiyməti yoxdur və səksən min kotana, səksən min cütə də verilməz (Bax: “Koroğlu”, səh. 288; “ქოროღლი”, səh. 328). Sonra xəbərdarlıq edir ki, Qırata yaxşı baxsın: “At ki var, igidin yaraşığıdır” (Bax: “Koroğlu”, səh. 289; “ქოროღლი”, səh. 329). Bu sətir rədif olaraq uzun qoşmada təkrarlanır. Ona görə təkrarlanır ki, Həmzə də, camaat da  atın dostluğunu dərk etsin. Nəhayət, Koroğlu Hasan paşaya hədə dolu sifarişini də göndərir:

 

“Get de o paşaya, köç eləməsin,

Qıratı gətirrəm, qala qoymaram!

Qoşunun qıraram, varın talaram,

İlxısında bir day qala qoymaram!” (Bax: “Koroğlu”, səh. 290; “ქოროღლი”, səh. 331).

 

Sonda Koroğlu yenə özünü məzəmmət edir ki, Qırata baxa bilmədi, onun itirilməsi sinəsinə dağ, düyün vurdu. Gedib Çənlibeldə dəlilərə nə desin və nəhayət, özü barədə hökm çıxarır: “Öl, burda qal, Koroğlu!” (Bax: “Koroğlu”, səh. 290; “ქოროღლი”, səh. 331). Koroğlunun bu mahnılarını ona görə gətirdim ki, azərbaycanlı, ümumiyyətlə, qafqazlı igid üçün qardaş hesab etdiyi, xeyirdə də, şərdə də onun yanında olduğu atın nə qədər qiymətli olduğunu daha aydın verə bilim.

 

Son üçün “Koroğlu” qəhrəmanlıq eposunun süjet kərgahını orda-burda gözəlləşdirən müdrik xalq tövsiyələrini, atalar sözlərini, idiomatik kəlmələri gətirmək istəyirəm. Onlardan bəziləri budur (Bax: “Koroğlu”, səh. 230; “ქოროღლი”, səh. 252):

 

  • İgidin başı qalda gərək. Bərkə-boşa düşsə pis olmaz (Bax: “Koroğlu”, səh. 230; “ქოროღლი”, səh. 252);
  •  
  • O, necə deyərlər, şeytana papaq tikib təpəsinə də deşik qoyardı (Bax: “Koroğlu”, səh. 278; “ქოროღლი”, səh. 317);
  •  
  • İti görüm, qurdu görüm, onu görməyim (Bax: “Koroğlu”, səh. 278; “ქოროღლი”, səh. 317);
  •  
  • Amma elə çalır, elə oxuyur ki, göydə gedən quşlar da az qalır qanad saxlayıb tamaşaya dursun (Bax: “Koroğlu”, səh. 295; “ქოროღლი”, səh. 337);
  •  
  • Qoy indi beş özündən deyəndə, on da bizdən desin (Bax: “Koroğlu”, səh. 305; “ქოროღლი”, səh. 347);
  •  
  • Hasan paşa dilini saldı işə. Min yerdən min bəhanə gətirdi. Ancaq heç biri bir quruşa dəymədi (Bax: “Koroğlu”, səh. 641; “ქოროღლი”, səh. 653);
  •  
  • Hər nə qədər desən, qurd oğlu qurddur. Əlimə düşmüşkən gərək tədbirini eləyəydim (Bax: “Koroğlu”, səh. 673; “ქოროღლი”, səh. 694) və sair.

 

Aydındır ki, gətirilən çıxarışlar bu qəhrəmanlıq eposunun xalq düşüncə layını tamamilə əks etdirmir. Lakin gətirilənlər də bu xalq eposunun kətanının əks olunması üsulu və xüsusiyyətləri barədə bizdə müəyyən fikir yaratmaq üçün kifayətdir.

 

Düşünürəm ki, yuxarıda müzakirə olunan material mənə nəticəyə gəlməyə ixtiyar verir ki, təhlil olunan eposun nəsr səviyyəsi bədiilik baxımından səciyyəvidir və o, öz süjet inkişafının müxtəlif növlülüyü ilə və rəngkarlığın müxtəlif çalarları ilə fərqlənir. Lakin unutmamalıyıq ki, “Koroğlu” nəsrin bədii memarlığı və poeziyanın birgəliyi ilə yaranmış eposdur, onun estetik-əxlaqi səviyyəsi də onun vahid, bölünməz bütövlüyündə, yaxud nəsr və nəzmin strukturunun birgə aspektində müzakirəsi zamanı tamamilə dərk olunar. Belə ki, indi bu eposun poetik səviyyəsinə də toxunmalıyıq. Başqa cür desək, bu qəhrəmanlıq eposundan fışqırıb çıxan qəhrəman ruhunu, nə də onun estetik məftunluğunu heç cür mənimsəyə bilmərik.

 

Belə ki, təhlil olunan qəhrəmanlıq eposunda böyük və əhəmiyyətli yer tutan şeirlərin strukturunu qısaca hər şərh etməli olacağıq.

 

Hər şeydən öncə, əminliklə bəyan etmək istədiyim odur ki, bu qəhrəmanlıq eposunda nəzm və nəsr strukturları kəskin şəkildə bir-birindən ayrıdır. Bunu ona görə qeyd edirəm ki, erkən türkdilli xalqların  yaradıcılığında nəzm ritmik poeziyadan ayrılmamışdır. İllah da ki, “Dədə Qorqud” kimi tanınan qəhrəmanlıq eposunda bu iki, bir-birindən fərqlənən növ və formanı ayırmaqda çətinlik çəkilir. Çünki o dövrlər (XVI-XVII əsrlər) şeirin strukturu dolğun olaraq formalaşmamışdır, bu barədə də yuxarıda (III fəsil) geniş söhbət açdım və bir daha təkrar etməyəcəyəm.

 

(davamı burada)

Gürcü dilindən tərcümə edən:

Mirzə Məmmədoğlu