(əvvəli)
Berela belbağının altındakı ikiqat kəmərini çıxardı, həmin kəmərin açıq ağzını açdı, o kəmərin qoltuğu var idi, ora qoyduğunu çıxartdı və anama verdi ki, o da bir az hündürdən oxudu və oxuduqca göz yaşlarını hönkürmədən axıdırdı, amma acı idi. İndi isə ondan sonra həmin naməni xatırlayaq:
“Mənim şahzadə Teklem! Sabah Çumlağ kəndi yaxınlığında kaxetililər ilə rus qoşunu arasında döyüş olacaq. Markizə bütün tavadları çağırtdırdıq. O bizə dedi ki, indi hökmdara qarşı sədaqətiniz, sabah özünü göstərməyiniz bilinəcək və eyni zamanda o, bizimlə çox danışdı. Biz də əlimizdən gələni ona bildirdik. Atası rəhmətlik eşikağabaşı Tamaz nəsə ruslar barəsində danışıb (Bu Tamaz C.Orbeliani çar İraklinin bacısı oğlu eşikağabaşı Mamukanın oğlu idi). Markiz buna çox qəzəblənibmiş. Onun nalı biz gürcülərin başında çatlayır. Ruslar hamımızı hədələyirlər. Hərdənbir süngüyə keçirəcəklərini bizə moizə edirlər və hərdənbir də bir az bizi sığallayırlar. Lakin, bəli, az bir müddətə. Hamımız çox narahat olmuşuq. Məhz elə kəndirlə əl-qolu bağlanmışa, yəni hamımız tələyə düşənlərə bənzəyirik. Daha bilmirəm, anlamıram öz dostumu və yaxud yaxın qohumumu və ya da rusların göz qoyanı kimdir. Belə bir sirr, nəsə hiyləgərlik var bizdə. Bu mərhəməti bizə ruslar gətirib, bunu bizə əlavə edib, bundan başqa tamamilə heç nə. İndi bundan artıq heç bir istəyim yoxdur. Ola bilsin, siz və sizin uşaqlarınız xətərsiz qalasınız və ruslar da sizə yaxşı göz-qulaq olsun, mən də öz niyyətimi yerinə yetirim. Ruslarda şübhə yaratmamaq üçün və guya onlara sədaqətliliyim üçün sabah güclü döyüşün od-alovunun içinə girəcəyəm. Bəlkə məni öldürələr və yaxud bir təhər kiməsə özümü öldürtdürəm. Bunu orada sizin yanınızda olanda da etiraf etdim. Nə edim, mənim ürəyim rusların bizim boynumuzda oturmasına daha dözə bilmir. Mən bundan əlavə daha bir şey edə bilmərəm. Sabah kaxetililərin məğlubiyyətinə, ruslar tərəfindən onların qanının tökülməsinəmi baxmalıyam və buna yenə dözməliyəmmi? Tanrı hifz eləsin. Bizim o körpə uşaqlardan göz-qulaq olun. Bilirəm, göz-qulaq olacaqsınız, ağıllısınız və sizə ümid də edirəm. Bu naməni bizim Berela sizə çatdıracaq və bu əhvalatı da o sizə nəql edəcək. Bu naməni yandırın, saxlamayın. Bizim balaca balalarımızın üzündən sevgiylə öpün. Allah sizi öz himayəsində hifz eləsin.
Əsrlərlə uzaqlaşan sənin Vaxtanq Orbelianin”.
O naməni sözbəsöz xatırlamıram, amma o məhz elə bu məğzdə yazılmışdır.
Təəccüblənirəm ki, o qorxmaz igidin əhvalatını Bereladan soruşmadılar – nə etdi, başına nə gəldi. Nəhayət, Berela birtəhər dedi ki, saldatlar onun qarşısına çıxdılar. Sən demə, o, daha iki saldatı qılıncla öldürüb və üçüncü dəfə isə onu öldürüblər.
Bu Kaxeti iğtişaşları zamanı şahzadə Aleksandrenin yanına kaxetililərdən adamlar və namə gələndə sevincindən qanad açaraq oradan çıxıb Axalsixeyə gəldi ki, (o zamanlar Osmanlının əlində idi) onu da ora qaçan qarapapaqlar (Borçalıdan qaçan tərəkəmələri burada qarapapaqlar adlandırırdılar) dövrəyə alıb ürəkağrısı ilə xahiş etdilər, qulluğunuzda hazırıq dedilər. Şahzadə də təşəkkür edərək icazə verdi. İyirmi il bundan əvvəl mənə danışan, o tərəflərdən o zamanlar bir daha buraya gələn Təhməzqulu ağanın söhbətini nəql edəcəyəm. Tatar (Azərbaycan – tərc.) dilində danışdı, gürcü dilini bilmirdi:
“İki yüz nəfər qoçaq, igid qarapapaq seçdim. Axalsixedən Məngilisə gəldik. Həmin vaxt Məngilis və o tərəflər tamamilə viran edilmişdi. Oradan gecə Kür çayının sahilində Diğom keçidinə çatdıq, Kaxetiyə doğru keçmək istədik, lakin Kür çox daşmışdı. Yaz vaxtları idi. Artıq nə edə bilərdik, yenə geri dönüb Məngilisə gəldik. Buradan həftədə iki dəfə adamlar göndərirdik, Kürün vəziyyəti barədə bizə xəbər gətirirdilər. “Yenə çox gəlir deyirdilər”. Bizim Məngilisdə olmağımız və Kürün daşması xeyli uzandı. Bu ərəfədə azuqəmiz azaldı. Bir gecə Xudad bəyi (Xudad bəy Tiflis şəhərində yaxşı ailədən idi, tatar idi, şahzadə Aleksandre ilə birgə idi və gürcü dilini öz dili kimi bilirdi – oxumağı, yazmağı, danışmağı) yanıma çağırtdırdım, o mənə dedi:
– Təhməzqulu ağa, mən şahzadə Aleksandreyə deməyə ərk edə bilmirəm, mənə qəzəblənər, bəlkə sən səhər tezdən özün bildiyin kimi deyəsən ki, yeməyimiz daha yoxdur, yaxşı olar ki, yenə də Axalsixeyə qayıdaq, Kür çayının suyu azalanda gələk, Kaxetiyə doğru yollanaq, yoxsa biz acların başına nəsə gələr.
O biri gün səhər şahzadə Aleksandrenin qarşısında dayandım, çox qəmginləşmişdim. Şahzadə məndən soruşdu:
– Təhməzqulu ağa niyə qəmginsən?
Əvvvəlcə mən ona bildirdim ki, heç bir şey olmayıb.
İkinci dəfə məndən soruşdu:
– Di, düzünü de, niyə məyussan?
Bu zaman hər şeyi danışmağa başladım və sakitcə Xudad bəyin tövsiyə etdiyini dedim. O, acıqla mənə cavab verdi:
– Təhməzqulu ağa, nə söyləyirsən, bu sənin fikrin deyildir, sənə Xudad bəy tövsiyə edib. Onun sözlərini deyirsən. Axı, bir de görüm, necə qayıdım? Yazıq kaxetililər yurdu uğrunda qan tökürlər və mənə ismarlayıblar ki, “Tez buyur gəl, başçımız olsun ki, yurd uğrunda qılınc çalaq”. Bundan sonra mən necə qayıdım? Əgər istəyirsinizsə, sən və Xudad bəy gedin və mən burada acından ölüm. Mənim bir ovuc qanım və cəmdəyim harada istəyir olsun, canım çıxsa da buradan bir daha qayıda bilmərəm.
Mən ömrümdə belə biabır olmamışdım.
Bir şey deyə bilmədim, ölü kimi idim. Nəhayət, güclə səsimi çıxartdım və ərklə ona söylədim: “Ey şahzadə, narahat olmayın, ac qalmayacaqsınız, qadanız alım”.
(davamı var)
Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU