“Gənc vəkillər” təşkilatı boşanma və evlənmələrlə əlaqədar araşdırmanın nəticələrini yayımlayıb. Nəticəyə əsasən, boşanma hallarının göstəricisi yüksəkdir.

 

“Gənc vəkillər”in hüquqşünası Lizi Zuxbaianın açıqlamasına görə, əgər ər və arvad arasında mübahisə varsa boşanma məhkəmə qaydası ilə olur, digər hallarda isə boşanma vətəndaş aktlarının qeydiyyatı orqanında həyata keçirilir. Əksər hallarda tərəflər məhkəməyə müraciət etmək yolu ilə boşanma forması seçirlər, ancaq, ola bilər, məhkəmənin boşanma ilə əlaqədar qərarı sonradan vətəndaş aktlarının qeydiyyatı orqanına təqdim olunmasın. Rəsmi göstəriciləri nəzərə alan zaman qeydiyyat orqanında olan məlumata əhəmiyyət verilir. Bu baxımdan təşkilat 2019-cu ilin 1 yanvarından 2022-ci ilin 13 aprelinə olan vəziyyəti araşdırıb. Aydın olub ki, boşanma statistikası hər il artır. Son 39 ayın göstəricilərinə görə, Gürcüstanda 33 400 boşanma qeydiyyatı həyata keçirilib. 2019-cu ildə 11 352, 2022-ci ildə 7 724, 2021-ci ildə 10 788, 2022-ci ilin ilk üç ay yarımlıq qismində 3 536 boşanma ərizəsi qəbul edilib. Ümumilikdə bu göstərici məhkəmə qərarı əsasında, həmçinin cütlüyü qeydiyyatdan keçirən orqana təqdim edilmiş və boşanma ilə bağlı bəraət qazandırılmış ərizənin göstəricisini birləşdirir.

 

Təşkilatın 2019-cu ilə qədər olan dövrdə də boşanma haqqında statistik göstəriciləri var. Söhbət 2015-2018-ci illərdə mövcud olan vəziyyətdən gedir. Həmin dövrdə Gürcüstanda boşanma sayı 37 892 təşkil edirdi. İllərə əsasən bu göstərici 2018-ci ildə 8 845, 2017-ci ildə 10 452, 2016-cı ildə 9 513, 2015-ci ildə 9 082 idi. 2019-2022-ci ilin birinci yarısının və 2018-2015-ci illərin tam göstəricisi demək olar ki, eynidir. Artan boşanma göstəricisi heç bir sosial faktordan yaranmayıb. Ancaq ən çox nəzərəçarpan boşanma göstəricisinin gənclər arasında daha yüksək olmasıdır. Səbəbləri qısa şəkildə qeyd edə bilərik: erkən yaşda evlilik və ailənin idarəolunması prosesində məsuliyyət çatışmazlığı, birgə yaşam prosesinə üçüncü şəxslərin müdaxiləsi, ailədə zorakılıq, qısqanclıq və xəyanət faktları, şəxsi uyğunsuzluq. Təşkilatın araşdırmasına əsasən, əksər hallarda boşanmanın təşəbbüskarı qadınlardır.

 

Həmçinin evlilik müqaviləsinə evli şəxslərin mental, institusional və hüquqi yanaşması təşkilatın marağına səbəb olub. Təşkilat qeydiyyatdan keçirilmiş evlilik müqavilələrini, eləcə də onların ləğv edilmə göstəricilərini araşdırıb. Aydın olub ki, 2019-cu ilin 1 yanvarından 2022-ci ilin 13 aprelinə qədər ümumilikdə 205 evlilik müqaviləsi təsdiqlənib. 2019-cu ildə 40, 2020-ci ildə 39, 2021-ci ildə 126 evlilik müqaviləsi bağlanıb. Həmin dövrdə 3 evlilik müqaviləsi ləğv olunub. Təşkilatın 2019-cu ilə qədər olan dövrdə də evlilik müqavilələri haqqında statistik məlumatı var. Söhbət 2015-2018-ci illərdə olan vəziyyətdən gedir. Həmin dövrdə Gürcüstanda notarius qaydası ilə 151 evlilik müqaviləsi təsdiqlənib. Həmçinin həmin dövrdə 3 evlilik müqaviləsi ləğv edilib. 2022-ci ilin birinci yarısına olan göstəricilərə görə, heç bir evlilik müqaviləsi bağlanmayıb və ləğv olunmayıb. Evlilik müqaviləsini bağlamaq daha çox funksiya əhəmiyyəti daşıyır. 2015-2022-ci ilin göstəricilərinə görə, 356 evlilik müqaviləsi bağlanıb və qeydiyyatdan keçirilib, 6 müqavilə isə ləğv olunub.

 

Qeyd edək ki, Gürcüstan Mülki Məcəlləsinin 1172-ci maddəsinə əsasən, cütlüklər evlilik müqaviləsi bağlaya bilərlər. Müqavilə ilə onların əmlak hüquqları və evlilik ərzində, eləcə də boşanma halında öhdəlikləri müəyyən edilir. Evlilik müqaviləsi evliliyin qeydiyyatdan keçirilməsinə qədər, eləcə də qeydiyyatdan sonra istənilən zaman bağlana bilər. Evlilik qeydiyyatdan keçirilənə qədər bağlanan müqavilə evlilik qeydiyyatdan keçirilən kimi qüvvəyə minir. Evlilik müqaviləsi yazılı şəkildə bağlanır və notarius qaydası ilə təsdiqlənir. Müqavilə artıq mövcud olan və gələcəkdə əldə olunacaq əmlak üçün bağlana bilər. Maraqlanan həyat yoldaşının ərizəsi əsasında, üzrlü səbəblər olduğunda məhkəmə evlilik müqaviləsinin həyat yoldaşlarından birini əlverişsiz vəziyyətdə qoyan şərtlərini dəyişə bilər.

 

Təşkilat məsələ üzərində işləməyi gələcəkdə də planlaşdırır. Verilən məlumatın analizi isə Gürcüstan Notarius Palatası və Dövlət Xidməti İnkişafı Agentliyindən əldə edilmiş material əsasında edilib.

Mənbə: medianews.ge

Gürcü dilindən tərcümə: A.Əliyeva