Gürcü şair, nasir, dramaturq, publisist, tarixçi, gürcü romantiklərin böyük nəslinin nümayəndəsi, çar II İraklinin nəvəsi, şahzadə Teklenin oğlu Aleksandre Orbeliani (Cambakur-Orbeliani) 1802-ci il mayın 24-də anadan olmuşdur.
Aleksandre Tiflis nəcib kişilər məktəbində, sonra Peterburq Hərbi Məktəbində təhsil alıb. 1828-ci ildə Tiflis qəzasının tavad-aznaurluğunun rəhbəri seçilib. Aleksandre İrana və Osmanlıya qarşı mübarizələrdə iştirak edib. 1829-cu ildə quberniya idarəsində müşavir işləyib. O, 1832-ci il sui-qəsdinin rəhbərlərindən və təşkilatçılarından biri olub ki, buna görə də həbs edilib və Orenburqa sürgün edilib.
1840-cı ildə Vətənə qayıdan kimi ictimai həyata qaynayıb-qarışıb. “Siskari” (“Dan ulduzu”) jurnalının bərpasında iştirak edib, jurnalda öz əsərlərini dərc etdirib. Gürcü teatrının dirçəlişi, jurnal-qəzetlərin təsis olunması, məktəblərin açılması qayğısına qalıb.
Aleksandre Orbeliani şeilər, hekayələr, dramlar, memuarlar və publisist yazıların müəllifidir. Onun “Mtovare” (“Qəmər”, “Ay”) adlı hekayəsi 1832-ci ildə “Tiflis çağırış vərəqələrində ədəbi hissələr” jurnalında çap olunub. Aleksandre yeni gürcü poeziyasında sərbəst şeirin ilk müəlliflərindən biri olub. Onun kifayət qədər rəngarəng ədəbi irsi tematik olaraq, demək olar ki, bir məsələ ilə, yəni gürcülərin “yenilmiş şəxsiyyətini” aydınlaşdırmaqla bağlıdır. Yazıçının baxışı Gürcüstanın keçmişinə doğru yönəlmişdir. Keçmişi ideallaşdırmaq, onun böyüklüyünü göstərmək Aleksandrenin əsas məqsədi idi.
Aleksandre Orbelianinin “Xatirələr” əsəri, burada yazıçının Gürcüstandakı müasir vəziyyəti, o dövrün ictimai həyatını xarakterizə edən mənzərələr və “İberiyalıların kilsə nəğmələri, mahnıları və zümzüməsi ” etnoqrafik əsəri diqqətəlayiqdir. 1860-cı illərin əvvəllərində o, vahid ədəbi dilin yaradılmasının tərəfdarı olub və köhnə gürcü ədəbi dilinin bərpasını, ondan müasir yazının inkişafı üçün əsas kimi istifadə olunmasını tələb edib.
Aleksandre Orbelianinin tarixi əsərləri arasında “Gürcüstanda 1829-cu il iğtişaşları”, “Gürcüstan çarı İraklinin oğlu Levan”, “Dağıstandan ləzgilərin Gürcüstana köçü”, “Gürcüstanda çar II İrakliyə əhd”, “Xatirələr”, “Ağa Məhəmməd şah Qacarın Tiflis şəhərinə hücumu” kimi əsərlərini qeyd etmək lazımdır. Bu sonuncu əsərdə, doğrudur, bəzi ənənəviliklə, lakin diqqətəlayiq faktları göstərməklə Krtsanis döyüşü və o dövrkü Şərqi Gürcüstandakı siyasi vəziyyət təsvir edilib.
Aleksandre Vaxtanq oğlu Cambakur-Orbeliani 1869-cu ildə vəfat etmişdir.
XATİRƏLƏR
Qəzəblənən Ağa Məhəmməd Şah Qacar İraklinin üzərinə yeriyirdi, amma həm də sən demə, qorxurmuş: çar İrakli ağıllı adamdır və bununla yanaşı Nadir şahın yetirməsidir, buna görə ehtiyatlı olmalıyam, bunun üçün adamlar göndərirdi və istəyirdi onu birtəhər öz tərəfinə çəkə. Son dəfə olaraq ondan yenə xahiş etdi: birincisi, oğlunu və ikincisi, bir nəvəni girov olaraq mənə ver və bir də, Rusiya ilə dostluqdan əl çək, elə dərhal dönüb geri qayıdacağam. Çar İrakli hər iki şərtinə çılğınlıqla rədd cavabı verdi və Ağa Məhəmməd Şah Qacar da buna görə Gürcüstana hücum etmək qərarına gəldi.
Mən əvvəllər də Ağa Məhəmməd Şah Qacarın gəlişini təsvir etmişəm. Ağa Məhəmməd Şah Qacar Tiflis şəhərinin yaxınlığına gəldi, çar İraklinin qoşunu hələ də heç yerdə görünmürdü, gürcülər hər tərəfə yönəldilər və möhkəm yerlərdə sığındılar: tavadlar, istərsə də aznaurlar, eləcə də kəndlilər – hamısı birdir (Tavad – XV-XVIII əsrlərdə Gürcüstanda feodal sinfinin yuxarı təbəqəsinin nümayəndəsi, aznaurdan fərqli olaraq ayrıca titul. XV əsrə qədər feodal sinfi nümayəndələrinin ümumi adı aznaur olmuşdur. Aznaurların yuxarı təbəqəsini əyan aznaurlar, aşağı təbəqəsini isə aznaurlar təşkil edirdi. Aznaur – feodal ictimaiyyətin hökmran sinfinin nümayəndəsi. Termin yad əsillidir və gürcücə qanuniləşdirilmiş söz kimi hesab olunur. Bəzi tədqiqatçılar fars dilində “zana” (tayfalar birliyi, millət) ilə, bəzi tədqiqatçılar isə fars dilində olan “azna” (əsilzadə) ilə əlaqələndirir – M.M.). Bunun üçün deyirlər: Qala içəridən dağılır, belə ki, o vaxtlar Gürcüstanın işi belə idi. Belə ki, həmin vaxtlar Gürcüstanda çar İraklinin düşmənləri xəlvəti dolaşaraq camaatı qorxudan vaxtlar, çar İrakliyə qarşı düşmənçiliyə görə Gürcüstanı onun düşmənləri namussuzlar soruşmadan məhv edirdilər: Ağa Məhəmməd Şah Qacar iki yüz nəfərlik ordu ilə gəlir. Çıxın, bir yerə sığının, yoxsa hamınızı birlikdə öldürər. Bunun kimiləri qorxan bir çox adama sözlər deyirdilər və o səmimi camaat qorxu ilə baxırdı və möhkəm yerlərə soxulurdular. Bəlkə orada canlarını qurtara idilər.
Çar İraklinin qızı Tekleyə nişanlanan mənim atam bu zaman harada idi? Harada olası idi, öz bacısının yanında, Qarabulaqda onun evində idi. O, heç yerə çıxmadan evdə yeyib-içirdi. Düşünmürdü ki, bu gün və ya sabah çar İraklinin qızı ilə kəbin kəsdirəcəyəm və mən də onunla ölməliyəm. Lənət olsun şeytanlara!
Ağa Məhəmməd Şah Qacar Gürcüstana gələnə kimi həmin vaxtlar Revaz Andronikaşvilinin məxvi adamı Qarabulağa atamın yanına gəldi: Bilirsənmi, şahzadə Georgi sənin üçün nə qədər yaxşılıq etmək və yaxud necə bir xoşbəxtlik istəyir. Buna görə də sənə çatdırıram ki, şahzadə Georginin əmri ilə əgər orduya getməyə hazırlaşmaq istəyirsənsə, getmə, səbəbi olduğuna görə bu onun məramıdır. Və vaxt gələcək, mən sənin yanına gələcəyəm, şahzadə Georginin əmrinin olduğu barədə hər şeyi sənə deyəcəyəm (Bax, bu cür insanlar bütün Gürcüstanda çar İraklini məhv etmək üçün belə hərəkət edirdilər. Ermənilərə satılmışlar, Rusiyadan göndərilən Araşurt Arğutovun qızıl pulları ilə). Belə ki, şahzadə Georginin o Revazın nəinki ismarıcları, hətta onun əmri belə ağlına batmadı (Bu Revazın şahzadə Georginin nəyi olduğunu və onun bəzi əhvalatlarını da əvvəllər yazmışam). Belə ki, onun gizli dəstəsi çar İraklini məhv etmək üçün birgə hərəkət edirdi. T.Endronikaşvili mənə qozbel Zaalın oğlu Niniyaya necə dediyini söyləyib: Çar İrakliyə qarşı düşmənçilikdə mən də onlara qoşuldum. Mən o köhnə olaylardan onu bəyənirdim ki, əvvəlki işlərdə məndən heç nə gizlətmirdilər. Nə pisi, nə yaxşını. Bu Niniya da mənim qohumum idi və ondan başqa o dövrün köhnə adamları məni yaxşı tanıyırdılar.
Vaxtı gələndə Revaz Andronikaşvili Qarabulağa atamın yanına gələrək hər iki bacıma, atam və bibim Yekaterineyə dedi: Ağa Məhəmməd Şah Qacar iki yüz mindən artıq qoşunla Gürcüstana gəlir, çar İrakli öz qəyyumları ilə və şəhərin sakinləri ilə dünən şəhəri tərk edərək Mtiuleti dağlarına tərəf çəkiliblər. Şahzadə Georgi ismarıc etdi və sizə buyurdu ki, siz də şəhəri tərk edin və meşəli dağlara sığının. Saqareconu, o tərəfdə olan kəndləri də dolandım və onlara da şahzadənin əmrini çatdırdım ki, onlar da təcili buraları tərk etsinlər və meşəli dağlara getsinlər. Guya bütün bunlar tamamilə şahzadə Georginin əmri imiş. Bu cür insanlar, bax, beləcə Gürcüstanın sadəlöhv camaatını aldadırdılar.
(davamı)
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU