Milli Statistika Xidmətinin (Sakstat) ölənlərin sayı və ölüm səbəbləri haqqında yeni hesabatına əsasən, 2025-ci ildə Gürcüstanda ümumilikdə 44319 nəfər dünyasını dəyişib ki, bu da ötən illə (43971 hal) müqayisədə 0.8 % (348 nəfər) çoxdur.

 

“Sakstat”ın məlumatına görə, ölkədə ürək-damar xəstəliklərindən ölüm halları azalıb, bunun fonunda isə onkoloji xəstəliklərdə hiss olunacaq dərəcədə artım qeydə alınıb.

 

 

Ürək-damar xəstəlikləri

 

Qan dövranı sistemi xəstəlikləri ölkədə hələ də bir nömrəli ölüm səbəbi olaraq qalır, lakin ötən illə müqayisədə qan dövranı sistemi xəstəliklərindən ölənlərin sayı əhəmiyyətli dərəcədə azalıb.

 

2025-ci ildə bu səbəbdən 16711 nəfər dünyasını dəyişib (ümumi vəfat edənlərin 37,7 %-i), halbuki 2024-cü ildə bu göstərici 18159 nəfər təşkil edirdi. Müvafiq olaraq, sözügedən xəstəliklər qrupunda ölüm halları 8 % azalıb.

 

Bu sinfə daxil olan xəstəliklər üzrə tendensiya aşağıdakı kimidir:

 

Serebrovaskulyar xəstəliklər: 2025-ci ildə 7411 hal qeydə alınıb ki, bu da 2024-cü ilin göstəricisindən 12,1 % azdır.

 

Ürəyin işemik xəstəliyi: Ölüm halları 4752-dən (2024-cü il) 4357-yə (2025-ci il) düşüb. Onların arasında kəskin miokard infarktı göstəricisi 2195-dən 1937-yə enib.

 

 

Onkoloji xəstəliklərin artımı

 

Xərçəng xəstəliklərindən ölüm halları baxımından diqqətçəkən tendensiya qeydə alınır. 2025-ci ildə bu səbəbdən vəfat edənlərin sayı 6877 nəfər təşkil edib ki, bu da ötən ilin göstəricisini (5720 hal) 20,2 % üstələyir.

 

Xərçəngin növlərinə görə, ən yüksək artım aşağıdakı lokalizasiyalarda müşahidə olunur:

 

Ağciyər, bronx və traxeyanın bədxassəli şişi: Ölüm halları 777-dən 1057-yə yüksəlib (+36 %);

 

Süd vəzisinin bədxassəli şişi: Halların sayı 514-dən 655-ə qədər artıb (+27,4 %);

 

Yoğun bağırsaq və düz bağırsaq (kolorektal) xərçəngi: 2024-cü ildə qeydə alınmış 357 haldan bu göstərici 2025-ci ildə 613-ə yüksəlib (+71,7 %);

 

Prostat vəzisinin xərçəngi: Halların sayı 283-dən 423-ə qədər artıb (+49,4 %).

 

 

Diabet, infeksiyalar və xarici səbəblər

 

Statistik hesabata əsasən, digər mühüm siniflərdə də dəyişikliklər qeydə alınır:

 

Şəkərli diabet: Bu diaqnozla ölənlərin sayı 876-dan (2024-cü il) 983-ə (2025-ci il) yüksəlib.

 

İnfeksion və parazitar xəstəliklər: 514 haldan 719 hala qədər artım qeydə alınır.

 

Həzm sistemi xəstəlikləri: Halların sayı 1307-dən 1521-ə yüksəlib.

 

Travmalar, zəhərlənmələr və xarici səbəblər: Bədbəxt hadisələr və digər xarici amillər səbəbindən 2025-ci ildə 1973 nəfər ölüb (2024-cü ildə – 1826).

 

Tənəffüs sistemi xəstəlikləri: Ölüm sayı cüzi dərəcədə azalıb – 3641-dən 3533-ə düşüb. Onların arasında pnevmoniyadan dünyasını dəyişənlərin sayı 2621-dən 2430-a enib.

 

 

Yaş qruplarına görə demoqrafik mənzərə

 

Yaş qruplarına görə məlumatların paylanması ölkədə əhalinin qocalmasının ümumi demoqrafik tendensiyasını əks etdirir.

 

Dünyasını dəyişənlərin ən böyük hissəsi yaşlı nəslin payına düşür. 85 yaş və daha yuxarı yaş qrupunda ölüm halları 11260-dan (2024-cü il) 11854-ə (2025-ci il) yüksəlib ki, bu da ümumi ölüm hallarının 26,7 %-ni təşkil edir.

 

Uşaq ölümünə gəlincə, 0-dan 4 yaşadək qrupda göstəricilər demək olar ki, dəyişməz qalıb: 2024-cü ildə 340, 2025-ci ildə isə 343 hal qeydə alınıb. Uşaq ölümünün əsas səbəbi olaraq yenə də perinatal dövrdə meydana gələn vəziyyətlər və anadangəlmə anomaliyalar qalmaqdadır.

 

Mənbə: bm.ge