Son zamanlar oxuduğum elmi və pedaqoji mənbələrdən birində tez-tez qarşıma çıxan bir anlayış diqqətimi çəkdi – inklüziya. Bu sözü ilk dəfə eşidəndə onun mənası mənim üçün tam aydın deyildi. Amma araşdırdıqca insan anlayır ki, bu sadəcə bir termin deyil, cəmiyyətin və təhsilin ədalət prinsipi deməkdir. Lüğətlərdə bu anlayış belə izah olunur: “İnklüziya termini latın mənşəlidir və includere – “daxil etmək”, “əhatə etmək” sözündən yaranıb. Təhsil kontekstində bu, hər bir uşağın – fiziki, psixoloji və ya sosial fərqlərindən asılı olmayaraq – eyni təhsil imkanlarından istifadə etməsini nəzərdə tutur”.

 

Sadə dillə desək, inklüziya hər bir fərdin fərqli olmasına baxmayaraq eyni imkanlardan yararlanmaq hüququnu təsbit edən anlayışdır. İnklüziv təhsil sistemində heç kim kənarda qalmamalıdır, uşağın dili, etnik mənsubiyyəti, yaşadığı region və ya sosial vəziyyəti onun bilik əldə etməsinə mane olmamalıdır. Ancaq bu anlayış Gürcüstanda çox zaman yalnız qanun və kağız üzərindəki sənədlərdə mövcuddur. Reallıq isə fərqlidir. Əgər bir uşaq öz ana dilində oxuya bilmir, əlifbasını öyrənmək üçün dərslik tapa bilmirsə, bu, artıq inklüzivlik deyil, mədəni və tədris təcrididir. Təəssüf ki, Gürcüstanda yaşayan azərbaycandilli uşaqlar üçün illərdir nə əlifba, nə də hüsnxətt kitabları çap olunur. Məktəblər bu resursları almır, müəllimlər isə ya köhnə (əsasən kənd məktəblərində), ya da Azərbaycandan gətirilmiş materiallardan istifadə etməyə məcbur qalırlar. Kitabların gəlməsi isə günlər çəkir. Təsəvvür edin, birinci sinif şagirdi məktəbə gəlir, çantasını açır, amma əlində öz dilində yazılmış əlifba kitabı yoxdur. Bu mənzərə bu gün Gürcüstanın azərbaycandilli kənd və şəhər məktəblərində reallıqdır. Uşaqlar hərfləri, yazmağı və oxumağı öyrənməli olduqları yaşda sistemli tədris materiallarından məhrumdurlar. Bu boşluğu müəllimlər şəxsi təşəbbüslərlə, qeyri-rəsmi resurslarla doldurmağa çalışırlar. Lakin bu, nə metodoloji baxımdan, nə də pedaqoji cəhətdən düzgün sayılır. Ana dilində tədris uşağın şəxsiyyətini formalaşdıran əsas amillərdəndir. Əgər dövlət və məktəb uşağı öz doğma dilində yazıb-oxumağı öyrənəcəyi kitablarla təmin etməkdə acizdisə o dil tədricən ev içi danışıq vasitəsinə çevrilir. Təhsil sistemindən sıxışdırılan dilin gələcəyi isə yalnız xatirələrdə qalır. Bu, təkcə dilin yox olması deyil, mədəni kimliyin zəifləməsidir.

 

Toxunmaq istədiyim bir digər mövzu Gürcüstan hökumətinin həyata keçirdiyi “Mənim ilk kompüterim” layihəsidir, hansı ki, rəqəmsal təhsil sahəsində mühüm addım kimi təqdim olunur. Layihə çərçivəsində 1-ci sinif şagirdlərinə paylanan kompüterlər tədris prosesini müasirləşdirməyi, interaktivliyi artırmağı hədəfləyir. Lakin bu kompüterlərdə azərbaycandilli uşaqlar üçün nə proqram təminatı, nə dərslik, nə də oyun formatında tədris resursu var. Bu isə o deməkdir ki, “Mənim ilk kompüterim” layihəsi azərbaycandilli uşaqlar üçün əslində “başqasının kompüteridir”. Çünki o, bu texnologiyadan öz dilində istifadə edə bilmir. Uşaqlar bu texnoloji imkandan tam yararlana bilmədiyi üçün təhsil prosesində yenidən kənarda qalırlar. Bu, inklüziyanın rəqəmsal müstəvidə pozulması deməkdir.

 

Bu cür problemlər yalnız 1-ci siniflərlə məhdudlaşmır, formasını dəyişərək yuxarı siniflərdə də yaşanır. Məsələn, 5-ci sinifdən başlayaraq Azərbaycan bölmələri üçün nəzərdə tutulan dərsliklərin çoxu sadəcə gürcü dilindən tərcümə olunur. Amma bu tərcümələr bəzən o qədər keyfiyyətsiz olur ki, müəllimlər belə cümlələrin mənasını uşaqlara izah etməkdə çətinlik çəkirlər. Terminlər səhv çevrilir, məntiq pozulur, dilin strukturu dəyişdirilir, bir çox hallarda cümlələr Azərbaycan dilinin qrammatikasına və ruhuna uyğun gəlmir. Bu isə yalnız dil problemi deyil, uşağın düşüncə sisteminə birbaşa təsir edən məsələdir. Uşaq təbiət, tarix və ya riyaziyyat dərsini anlamadığı bir dildə oxuyursa o, fənni yalnız əzbərləyir, dərk etmir deməkdir. Bu isə sonrakı mərhələdə savadsızlıqla nəticələnir. Kağız üzərində savadlı, amma mahiyyətcə anlamayan bir nəsil formalaşır.

 

Bu vəziyyət bir daha göstərir ki, inklüzivlik təkcə “eyni məktəb binasında olmaq” demək deyil. Həqiqi inklüziv təhsil uşağın öz ana dilində, başa düşdüyü formada öyrənə bilməsini təmin etməlidir. Əks halda o, sadəcə dərsliklə fiziki təmasda olur, amma təhsil prosesinin iştirakçısına çevrilmir. Bu problemləri tez-tez “resurs çatışmazlığı” ilə izah etməyə çalışırlar. Amma əslində məsələ resursda deyil, prioritetdədir. Gürcüstanda çoxdilli təhsil strategiyası mövcud olsa da, onun real icrası zəifdir. Azərbaycandilli müəllimlərin və ekspertlərin dərslik hazırlığına cəlb edilməməsi, məktəblərin ehtiyaclarının öyrənilməməsi və monitorinqlərin aparılmaması dövlət səviyyəsində laqeydliyin göstəricisidir. Əgər dövlət inklüzivliyi yalnız hesabatlarda göstərmək üçün deyil, həqiqətən həyata keçirmək istəyirsə, ilk növbədə ana dilində tədrisə real dəstək verməlidir. Dil hüququ insan hüququdur. Uşağın öz dilində düzgün bir şəkildə, lazımi dərsliklərdən oxumaq imkanı yaradılmırsa  bu, artıq bərabərliyin deyil, ayrıseçkiliyin göstəricisidir. Albert Eynşteynin dediyi kimi: “Hər kəs eyni fürsətlərə sahib deyilsə təhsil bərabərliyi yalnız bir xəyaldır”.

 

Çiyalə OSMANOVA