Əvvəllər elə bilirdim ki, insanlar həyatda ağ kağız kimi doğulur. Həyatın gerçəklikləri ora həqiqətləri yazır. Məhz ona görə də insanlıq xəyanətlərini, haqsızlıqlarını, hörmətsizliklərini görür, amma özümü onları bağışlamağa məcbur edirdim. Həzrət Əlinin məşhur sözü kimi düşünürdüm: “O, pisliyindən qalmırsa, mən niyə yaxşılığımdan qalım”. Beləcə, pislərə baş qoşmadım, başa düşdüyü odur, ondan o yana ola bilməz dedim.
İndi başa düşürəm, nəyə görə böyüyün sözünə qulaq asın deyirlərmiş. Bu nəticənin yaşla yox, təcrübə ilə olmasında imiş. Sən demə, insan yaşadıqca aldığı zərbələrin cəmini təhlil edərək gəldiyi nəticələri paylaşırmış. Buna isə mütləq zaman lazımmış. Bəzən elə adamlar, yox, adamlar yox, dost, qohum, doğma – onları tanımaq üçün “bir pud duz yeməlisən” məsəli bu demək imiş.
Uşaqlıqdan hamıya səmimi yanaşırdım, bəzi məktəb yoldaşlarımdan da “zərbələr” alırdım, anlamağa çalışırdım ki, mən əlaçı şagirdəm, az yaşımla mətbuatda yazım gedir, doqquzdan-on birə kimi məktəb gənclər təşkilatının rəhbəriyəm, rayonun hər aktiv işində öndəyəm, məktəbdə yaratdığım radio-jurnalı nəinki məktəb, kənd camaatı maraqla izləyir və sair, onlar bunu bacarmır, rəqabətlə yanaşırlar. Bu cür təskinliklə kimsəylə münasibəti pozmamağa çalışırdım. Sonra tələbə oldum, yenə fərqli idim, həmin adamlarda o münasibəti görürdüm, amma yenə özünətəqlin nəzəriyyəmlə bilməzlikdən, görməzlikdən gəlirdim.
Ata evində heç bir maddi sıxıntım olmasa da, ailə qurandan heç kimə əl açmayan, rahat, sadə, kasıbyana bir ailə olduq. Axı pulu qazanmaq yox, xərcləmək şərtdir. Mən illərdir o büdcəni elə idarə edirəm ki, kimsəni inandıra bilmərəm ki, bizim ailə büdcəmiz aydan-aya güclə çatır. Mən bahalı paltara, mənasız dəb-dəbəyə xərc çəkmədim, əvəzində uşaqlarımı muzeylərə, teatrlara, tədbirlərə yönəltdim, həmin ürəkli insanlar “bəxtəvərlərin günü gəzməklərdə keçir, biz onu çatdıra bilmərik” dedilər. Halbuki onların oturduğu bahalı restoranlarda, istirahət məkanlarında nə biz olmamışdıq, nə də arzusunda deyildim. Sadəcə o insanları özlərini görmədən başqasını müzakirə etmək xəstəsi kimi qəbul edirdim. Axı bir kitab oxuyub təhlil etməyi, bir yazıçının təqdimatını, bir şəxsiyyətin xatirə gecəsindən alınan mənəvi dəyəri həyatı boyu “sözdüzəldici şəkilçi” kimi yaşayan insanlara necə anladaydım.
Bütün bunlar azmış kimi, artıq o münasibəti uşaqlarıma qarşı da görürəm. Təvazökarlıqdan uzaq, hər ikisi də istedadlıdır, harada çıxış edirlər, mız qoyan şəkilşilər peyda olur. Bu münasibət oğlumu ictimai, bədii aktivlikdən uzaqlaşdırdı, halbuki çox fərqli və yenilikçi media nümayəndəsi və ya rejissor ola bilərdi. “Bunu anlamayan cəmiyyətə niyə xidmət edim” – dedi. Qızı idarə etmək oğlandan bir az asandır deyə ona “Sən sən ol, onlar sən deyil, ola da bilməzlər” deyə ətrafımızda olan barmaqla sayılan adamları nümunə göstərib reallıqlara alışdırmağa çalışıram – hələ ki.
Özüm isə indi anlayıram, gülməli olsa da indi başa düşürəm ki, insan ağ kağız-zad kimi dünyaya gəlmirmiş, əməlli-başlı genetika ilə gəlirmiş. Gen də elə bir zaddır ki, nə silsən silinir, nə yusan yuyulur. Təcrübəli adamlar onu qəşəng gizlədir, obrazlı şəkildə, bəzən kəsdiyin o pudla çörək belə onu sənə tanıda bilmir. Təəssüf ki, zatı qırıqlıq uzun sürmür, nəhayət üzə çıxır. Bilirsiniz niyə təəssüf deyirəm? Onların varlığı, ya yoxluğu mənə təsir etmir, sadəcə, insanlara inamım itir, insanlıq sevgim tükənir. Əslində, xeyirxahlığı sevən biriyəm, mənə əl uzadanın əlindən tutanda içimdə əmələ gələn rahatlığı, sevinci ölçəcək kütlə vahidi yoxdur. Bu mənim mənəvi rahatlığımdır. Zamanımı “xalxın uşaqlarına” həsr edən mən, onlarda gördüyüm qığılcımları alova çevirirəmsə, bu, mənim qələbəmdir düşünürəm.
Son vaxtlar isə ətrafımda tanıdığım dediyim insanların iç üzünü tanıdıqca dəhşətə gəlirəm. Niyə bu qədər fədakarlıq etdiyim biri belə qədirbilməz, paxıl, ikiüzlü ola bilərmiş. Belə adamlar iki-üç olsa yenə keçərsən. Danışdıqları ilə etdikləri arasındakı uçurum məni məcbur edir ki, ondan uzaqlaşım. Axı hər bir şeyin də qədəri var, sonsuz heç nə yoxdur, deməli, dəyişmək lazımdır.
Mən təcrübəli nənələrin sözlərini indi anlayıram: Mərdi güclə namzərd etdilər.
Esmira Ələkbərli